Məhkəmə qərarları › İş №2-1(112)-7709/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7709/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7709/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1947-ci ildə Sabirabad rayonunda doğulmuşdur. xx.xx.1966-cı il tarixli 433896 №-li diplomun surətinə əsasən iddiaçı 1962-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 3 №-li tibb məktəbinə daxil olmuş və 1966-cı ildə həmin məktəbi feldşer ixtisası üzrə bitirmişdir. 2.08.1976-cı il tarixli 005804 №-li diplomun surətinə əsasən İddiaçı 1970-ci ildə Kirov adına X12 ordenli Azərbaycan Dövlət Unuversitetinə daxil olmuş, 1976-cı ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı ilə X2 nikahı xx.xx.1977-ci ildə qeydə alınmış, bu barədə xx.xx.1978-ci il tarixli Şəhadətnamə verilmişdir. İddiaçı ilə Ş.Rəhimovanın birgə nikahından xx.xx.1979-cu il tarixdə X5, xx.xx.1981-ci il tarixdə X3, xx.xx.1984-cü il tarixdə X6, xx.xx.1987-ci il tarixdə X7, 20 aprel 2017-ci il tarixdə X8 adlı övladları doğulmuş, onların doğum haqqında Şəhadətnamələrinin ata qrafasında İddiaçı yazılmışdır. Qeyd edilən bütün hüquqmüəyyənedici sənədlərdə, doğum və nikah haqqında Şədatənamələrdə, o cümlədən iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində iddiaçının ad, soyad və ata adı “İddiaçı” oğlu kimi qeyd edilmişdir. Lakin iddiaçının xx.xx.1947-ci il tarixli, 20 saylı doğum haqqında akt qeydində adı “Qiyas” əvəzinə “Aqaves” kimi yazılmışdır. İddiaçı X1 qeydiyyatında düzəliş edilməsinə dair ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Sabirabad rayonu, Quruzma kənd icra nümayəndəliyində qeydə alınmış xx.xx.1947-ci il tarixli, 20 saylı doğum akt qeydində olan səhvin düzəliş edilərək ad qrafasında “Aqaves” əvəzinə “Qiyas” kimi qeydin doğum akt qeydində yazılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1661/2023 №-li qərardadı ilə ərizəçinin ərizəsi icraata qəbul edilməmiş və ərizəyə əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək doğum akt qeydində adının “Aqaves” adından “Qiyas” adına düzəliş edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Sabirabad rayon Quruzma İ.N. tərəfindən tərtib edilmiş xx.xx.1947-ci il tarixli, 20 saylı doğum haqqında akt qeydində adı “Aqaves”, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı “Qiyas” qeyd olunduğu müəyyən edilmişdir. Bildirilir ki, sənədlər arasında ziddiyyət olduğu üçün və düzəliş üçün kifayət qədər sənəd təqdim edə bilmədiyi üçün tərəflərindən doğum haqqında akt qeydinə düzəliş etmək mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilir. Sabiradab rayon qeydiyyat şöbəsinin rəisi Elnur Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İddiaçı doğum aktında adına düzəliş edilməsindən imtina etmək barədə rəydə qeyd edilmişdir ki, arxiv məlumatları araşdırılarkən aydın oldu ki, İddiaçı xx.xx.1947-ci ildə Sabirabad rayonunda doğulmuşdur. Quruzma KİN tərəfindən xx.xx.1947-ci il tarixdə tərtib edilmiş 20 nömrəli doğum akt qeydində onun adı “Aqaves” yazılıb. Qeydiyyat Şöbəsi tərəfindən X1 reyestri xidmətinə sorğu göndərilmiş və aydın olmuşdur ki, akt qeydinin rayon qeydiyyyat şöbəsinin arxivində saxlanılan birinci nüsxəsində vətəndaşın adı “Aqaves”, X1 reyestri xidmətində saxlanılan ikinci nüsxədə isə “Aqaveys”dir. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Quruzma kənd icra nümayəndəliyində qeydə alınmış xx.xx.1947-ci il tarixli, 20 saylı doğum akt qeydində olan səhvin düzəliş edilərək ad qrafasında “Aqaves” əvəzinə “Qiyas” kimi qeydin doğum akt qeydində yazılması öhdəliyinin Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, doğum haqqında Şəhadətnamə alınarkən Şəhadətnamədə onun adı “Qiyas” kimi qeyd olunmuşdur. Həmin şəhadətnaməni o itirmişdir. Hal-hazırda o yeni doğum haqqında şəhadətnamə almaq istəyir. Bununla əlaqədar o Sabirabad rayon və Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilərək ona təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin ona imtina edilərək bildirilmişdir ki, onun akt qeydində adı “Aqaves” kimi yazılmış, şəxsiyyət vəsiqəsində isə adı “Qiyas” kimi qeyd olunmuşdur. Bununla bağlı ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Ona görə də o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü iltarixli məktubda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən xx.xx.1947-ci ildə Sabirabad rayonunun Quruzma icra nümayəndəliyində tərtib edilmiş 19 nömrəli doğum haqqında akt qeydində şəxsin adı “X4”, doğum tarixi isə “xx.xx.1947-ci il” kimi yazılmışdır. Həmin məktuba əlavə edilmiş 29 №-li doğum akt qeydinin surətindən görünür ki, iddiaçının akt qeydində ad qrafasında “Агавейс” yazılmışdır. Sabirabad Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktuba əlavə edilmiş 20 №-li doğum akt qeydinin surətindən görünür ki, iddiaçının akt qeydində ad qrafasında “Агавес” yazılmışdır. Daxili İşlər nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1947ci il təvəllüdlü İddiaçı doğulduğu yer Sabirabad rayonu göstərilməklə xx.xx.2004-cü ildə ilk dəfə AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Tətbiq edilən hüquq:

1. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. X1 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. X1 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. X1 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: X1 qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bənd. X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bənd. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bənd. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bənd. X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Yuxarıda sadalan qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçının bütün hüquqmüəyyənedici sənədlərində, şəxsiyyət vəsiqəsində, təhsil müssələrindən verilmiş diplomlarda, hərbi biletində, övladlarının doğum haqqında Şəhadətnamələrinin ata qrafasında onun adı “Qiyas” kimi yazılmışdır. Belə olan məhkəmə iddiaçının doğum akt qeydində adının “Агавейс” (“Агавес”) kimi yazılmasını texniki yalnışlıq olaraq qiymətləndirir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və iddiaçının akt qeydindəki yalnışlıq aradan qaldırılaraq onun adı digər sənədlərinə uyğunlaşdırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia təmin edilsin. Sabirabad rayonu, Quruzma kənd icra nümayəndəliyində qeydə alınmış xx.xx.1947ci il tarixli, 20 saylı doğum akt qeydində olan səhvə düzəliş edilərək ad qrafasında “Aqaves” əvəzinə “Qiyas” kimi qeydin doğum akt qeydində yazılması öhdəliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar