Məhkəmə qərarları › İş №2-1(112)-7709/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7709/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7709/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 İdris oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı ″yaşayış sahəsinə etiyacı olan şəxs qismində siyahıya alınması barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinə etiyacı olan şəxs qismində siyahıya alınması barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Ali təhsillidir, 2010-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 2014-cü ildə həmin universiteti bitirmişdir. Universiteti bitirdikdən sonra 2014- 2015-ci illərdə Qusar rayon “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2016-cı ildən Bakı şəhər Binəqədi rayon 1 saylı X1 Məhdud Məsuliyyətli Cəmiyyətində “sahə rəisi” vəzifəsində çalışmışdır. 2-ci Qarabağ müharibəsində könüllü iştirak edəndən sonra səhhətilə əlaqədar olaraq 2024-cü ilin yanvar ayından “aqranom” vəzifəsinə təyin olunmuşdur. 2020-ci ildə İİ Qarabağ döyüşlərində Tərtər-Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı “Kəllə-beyin” travması, sağ qolundan, sinədən və kürəkdən 3 güllə yarası almışdır. Aldığı güllə yaraları nəticəsində sağ qolunda olan bütün sinir hüceyrələri məhv olmuş və kürəyindən aldığı güllə yarasına görə isə boyun fəqərəsi qırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ona İİİ dərəcəli əlillik təyin olunmuşdur və hazırda qazi hesab olunur. Bu halı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komisiyyası tərəfindən verilmiş arayış da təsdiq edir. Qarabağ döyüşlərində iştirakla əlaqədar prezident təqaüdü alır. “Suqovuşanın Uğrunda”, “Cəsur Döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” bu kimi orden və medallar ilə təltif edilmişdir. xx.xx.2016-cı il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Bu nikahdan 16.01,2017-ci il təvəllüdlü oğlu X3 və xx.xx.2017- ci il təvəllüdlü oğlu X6 anadan olmuşdur. Birgə nikaha daxil olduqdan sonra daimi yaşayış yeri olmadığından və iş yerinin Bakı şəhəri Binəqədi rayonunda olduğundan 2016-cı ildən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 28 ünvanında kirayədə qalır. Ailəli və əlil şəxs olaraq bu şəraitdə yaşamaq çox çətin olduğundan mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə növbəyə götürülməsi ilə bağlı inzibati orqana müraciət etsə də, cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan əsassız olaraq imtina etmişdir. İddiaçı 2016-cı ildən Bakı şəhərində həm yaşayır, həm də işləyir. Cavabdeh təşkilatın bu mövqeyini qeyri-qanuni hesab edərək və vətəndaşın hüquqlarının pozulmasına yönələn hərəkət kimi qiymətləndirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Cavabdeh 10 fevral 2025-ci il tarixli, 5-10/2-13-14-068/2025 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-B0191-8/2024 **********33 saylı arayışından iddiaçı adına mülkiyyət hüququ əsasında ümumbirgə əsaslarla Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52, mənzil 35 (yeni qaydalarla: AZ 4508, ünvan 2 ünvanı Mingəçevir şəhəri 1 saylı notariat kontorunun 4Ə-475 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X8 tərəfindən təsdiq edilmiş 4Ə-596 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Qüvvədə olan Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Təqdim edilən sənədlərdən iddiaçının yaşayış yeri üzrə daimi qeydiyyatının Mingəçevir şəhərində olduğu, lakin Bakı şəhəri, Binəqədi rayonunda xx.xx.2024-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilmişdir. Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı 7 (yeddi) ildən az olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müracət əsasında məsələyə yenidən baxıla bilər. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı müharibə əlili kimi (Vətən müharibəsi) mənzil növbəsinə qəbul edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2025-ci il tarixli, 5-10/1-B-14-068/2025 saylı ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin müraciət araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-B0191-8/2024 **********33 saylı arayışına əsasən mülkiyyət hüququ əsasında ümumbirgə əsaslarla Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52, mənzil 35 (yeni qaydalarla: AZ 4508, ünvan 2 ünvanı Mingəçevir şəhəri 1 saylı notariat kontorunun 40-475 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Mingəçevir regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 40- 596 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzil digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Həmçinin təqdim edilmiş sənədlərdən vətəndaş İddiaçı yaşayış yeri üzrə daimi qeydiyyatının əvvəllər Mingəçevir şəhərində olduğu, lakin xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonuna qeydiyyata düşdüyü müəyyən edilmişdir. Sözügedən müraciətə baxılmasının nəticəsi olaraq, Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa təqdim olunan xx.xx.2025-ci il tarixli, 5-10/2-B-14- 068/2025 nömrəli cavab məktubunda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci və 53.1.3-cü maddələrinə, habelə Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989cu il tarixli Qararı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarının 8-ci bəndinə istinad olunaraq, müraciətində qeyd olunmuş məsələnin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. İşin araşdırılan hallarından və istinad olunan qanunvericilik normasından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə uyğun müvafiq cavab məktubu göndərilmişdir. Beləliklə də, hesab edirik ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, iddia ərizəsində əsaslandıra bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh orqan onun müraciətini əsassız hesab edərək müraciətin təmin olunmasından imtina etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarında olan aşadğıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir: Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-10/2-701/2025 nömrəli məktubuna əlavə edilmiş sənədlərin surətindən görünür ki; Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 130 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli Vətən müharibəsi əlili İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, iki oğlu) birlikdə mənzil uçotuna götürülmüşdür. Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2026-cı il tarixli 86 nömrəli Sərəncamına əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 130 nömrəli, 10 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə İİİ dərəcəli Vətən müharibəsi əlili kimi mənzil növbəliyinə alınmış İddiaçı adı mənzil növbəliyi siyahısından çıxarılmışdır. xx.xx.2024-cü il tarixli, 32/13-297 nömrəli arayışın surətindən görünür ki, İddiaçı və X2 Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində torpaq sahəsi ayrılmamışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Göründüyü kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələrinin adlı siyahısının yerli icra hakimiyyəti orqanları tərəfindən tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın 1.2-ci bəndinin özündə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yerli icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi növbəyə alınması isə Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. Qeyd olunmalıdır ki, hazırda qüvvədə olan qanunvericilik şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması şəxsin yaşayış yerindən asılı olmuşdur. Şəxsin yaşayış yeri anlayışı isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun müddəalarında nəzərdə tutulmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun: M a d d ə 2 . Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Belə ki, məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək onun (ailə üzvləri ilə birgə) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməli olmasını onunla əsaslandırmışdır ki, onun hazırki qeydiyyatı Bakı şəhərinin ərazisində yerləşən yaşayış sahəsidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırda qeydiyyatda olduğu ünvanın Bakı şəhərinin ərazisində yerləşməsi, onun daimi olaraq Bakı şəhərində yaşamasını təsdiq etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş etiraz məktubu ilə sabit olunur ki, iddaçı İddiaçı cavabdeh inzibati orqana müraciət etməzdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdən ünvan 6 ünvanına qeydiyyata alınmışdır. Bundan başqa, Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil edilmiş məlumatlardan da aydın olmuşdur ki, ümumiyyətlə iddiaçının uzunmüddətdir ki qeydiyyatı Mingəçevir şəhəri olmuş, yalnız inzibati orqana müraciət etməzdən 1 il öncə yaşayış yeri üzrə qeydiyyatı dəyişdirilmişdir. Lakin qüvvədə olan Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”n 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Belə olduğu halda isə iddiaçının Bakı şəhərində daimi qeydiyyatı 7 ildən az olduğundan onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncam verilməsi istisna olunur. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-917/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Göründüyü kimi yuxarı instansiya məhkəməsinin bu növ mübahisələrdə formalaşmış mövqeyi məhz şəxsin daimi olaraq Bakı şəhərinin ərazisində yaşamasının təsdiq olunması və yalnız bundan sonra onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının mümkün olub-olmaması (daşınmaz əmlakın olub-olmaması və s.) istiqamətindədir. Məhkəmə tərəfindən yuxarı instansiya məhkəməsinin qərarı əsas götürülərək, qərarda əks olunmuş hallar üzrə ətraflı araşdırılma aparılmış və iddiaçının Bakı şəhəri ərazisində yerləşən ünvanda qeydiyyatda olmasına baxmayaraq, həmin yaşayış yerində yaşamadığı müəyyən olunmuşdur. Bununla da onun hazırki mərhələdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbləri əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkün deyildir. Məhkəmə,həmçinin cavabdehin iddiadan imtina ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən Ali Məhkəmənin qərarından da görünür ki, məhkəmə hesab etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat edilməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. Lakin, məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda da analoji mövqedən çıxış edilmiş, məhkəmənin cavabdehin imtina əsaslarından asılı olmaması öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar