Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-771/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işləməsinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək pensiyanın indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğun əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı 28.01.1966-cı ildən Dzerjinski adına Bakı Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamış, 08.08.1975-ci ildən Bakı Yod zavodunda fəhlə kimi fəaliyyətini davam etdirərək 25.05.1994-cü ilədək həmin zavodda müxtəlif ağır işlərdə işləmişdir. Ümumilikdə isə iddiaçı 2003-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının 40 ilə yaxın əmək stajı vardır ki, bunun da 19 ilini əmək şəraiti xüsusilə ağır və zərərli olan Bakı Yod zavodunda işləmişdir. Həmin zavodda onun gördüyü iş əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarının 1 nömrəli Siyahısına daxil edilmişdir. İddiaçı 15.11.1993-cü il tarixdə əmək pensiyasına çıxmış, lakin iddiaçıya ilk dəfə 01.01.1996-cı ildə pensiya (45397 rubl) ödənilmişdir. Bu barədə pensiya vəsiqəsində də qeyd edilmişdir. İddiaçıya edilən güzəşt yalnız 45 yaşında pensiyaya göndərilməsindən ibarətdir. Əmək pensiyasının məbləğində iddiaçıya zərərə görə heç bir məbləğ, eləcə də 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək üç ilin pensiyası ödənilməmişdir. İddiaçı 27.01.2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmiş, ərizəsi baxılması üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə göndərilmiş, lakin 28.01.2020-ci il tarixli **********8 nömrəli məktubla məsələnin həllindən imtina edilmişdir. Məktubda bildirilmişdir ki, 15.11.1993-cü ildən etibarən Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsi üzrə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilib və ödənilir. Təyin edilmiş pensiya həmin dövrdən bu günədək indeksləşdirilib və infilyasiyaya uyğun olaraq pensiyanın məbləği artırılaraq hazırda 216,09 manata çatdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş 28.01.2020-ci il tarixli məktub əsassızdır və bu məktubla iddiaçının hüquqları pozulmuşdur. İddiaçı Nazirliyə sorğu ilə müraciət edərkən 19 ildən artıq əmək şəraiti xüsusilə ağır və zərərli olan işdə işləməsinə görə hansı güzəştlərin edildiyi və ya edilməli olduğu barədə hüquqi cəhətdən əsaslandırılmış cavab verilməsini xahiş etməsinə baxmayaraq, bu barədə ona heç bir məlumat verilməmişdir. Məktubdan belə görünür ki, İddiaçı ümumi əsaslarla əmək pensiyası alır, lakin pensiyaya 5 il əvvəl çıxmaqla iddiaçıya güzəşt edilmiş, onun da 3 ili ödənilməmişdir. İddiaçının 19 ildən çox əmək şəraiti xüsusilə ağır və zərərli olan işdə işləməsi əmək kitabçası ilə öz təsdiqini tapır. Pensiya vəsiqəsindən də məlum olur ki, iddiaçıya pensiya 01.01.1996-cı ildən hesablanmağa başlamışdır. Odur ki, iddiaçının 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək pensiyası da indeksləşdirilib hazırki məbləğə uyğunlaşdırılmaqla verilməlidir. Göstərilənlərə əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğun əmək pensiyasının ödənilməsi və 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək pensiyanın indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirmiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 21.11.2019-cu il və 28.01.2020-ci il tarixli məktublarda 15 noyabr 1993-cü il tarixindən ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilib ödənilməsi qeyd edilmişdir. Həmçinin lazımi qaydada təsdiqlənmiş surəti məhkəməyə təqdim olunan 513153 nömrəli pensiyaçının uçot vərəqində də 15.11.1993-cü il tarixindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi sübut olunur. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğu qeyd edilmişdir. İddiaçının əmək pensiyasının ödənilməsini xahiş etdiyi dövr (1993-1996) müraciət etdiyi vaxtdan əvvəlki üç ilin təsiri altına düşmədiyi üçün ona həmin illər üçün əmək pensiyasının indeksləşdirilərək ödənilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə, habelə Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə ziddir. Buna görə də həmin illər üçün iddiaçıya əmək pensiyası ödənilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 28.01.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 27.01.2020-ci il tarixli məktubunuz baxılmaq üçün DSMF-nun Suraxanı rayon şöbəsinə göndərilmişdir. Məktubda qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildirir ki, 15.11.1993-cü ildən etibarən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsi üzrə Sizə güzəştli şərtlərlə pensiya təyin edilib və ödənilir. Təyin edilmiş pensiya həmin dövrdən bu günədək indeksləşdirilib və infilyasiyaya uyğun olaraq pensiyanızın məbləği artaraq 216.09 manata çatdırılıb. Əgər Sizə işdən nə vaxtsa son haqq hesab edilərsə yenidən müraciət edərək pensiyanız yenidən hasablana bilər. İş materiallarında olan İddiaçı məxsus 513153 saylı vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 15.11.1993-cü ildən əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan 513153 nömrəli pensiyaçının uçot vərəqinin surətindən görünür ki, İddiaçı 15.11.1993-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 23.09.1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 106-cı maddəsinə əsasə hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir müddət məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya 15.11.1993-cü ildən (45 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona 15.11.1993-cü ildən pensiyanın təyin edilməsinə baxmayaraq, ona pensiyanın qanunvericiliyin tələblərinə uyğun ödənilmədiyini, pensiya məbləğinin 01.01.1996-cı ildən ödənildiyini, 15.11.1993-cü ildən 01.01.1996-cı ilədək isə pensiya məbləğinin ödənilmədiyini bildirir və hazırda həmin dövr üçün pensiyanın ona ödənilməsini tələb edir. Lakin qeyd olunanlarla əlaqədar sübutları iddiaçı tərəf məhkəməyə təqdim edə bilmədi. İş materialları ilə müəyyən edildi ki, iddiaçıya 15.11.1993-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin tarixdən bu günə qədər ödənilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-771/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-771/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver