Məhkəmə qərarları › İş №2-1(112)-7710/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7710/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7710/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi, Niyazlı Gülay Rəhim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı müraciətə cavab verilməsi öhdəliyinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə aidiyyət məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinə cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qərarının icra edilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, məhkəmə qərarının icra edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsi tərəfindən ərizəsi xx.xx.2020-ci il tarixli 5/A-105/82-016/71 saylı məktubla baxılması üçün Cavabdehnə göndərilmiş, lakin şikayət ərizəsinə cavab verilməsi təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyanın 57-ci madddəsinin İ bəndinə və “Vətəndaşların müraciətləri haqqında” Qanununa istinad edib, cavabdeh tərəfindən şikayət ərizəsinə cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilərək, iş üzrə məhkəmə hazırlıq icraatına başlanmış, işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AA ******* №li şəxsiyyət vəsiqəsi barədə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatdan müəyyən olunur ki, xx.xx.1979-cu ildə Zəngilan rayonu, Həkəri kəndində doğulmuş Ağazadə X1 rayonu, Hacallı Ərazi Dairəsi, Həkəri qəsəbəsində qeydiyyatdadır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Zəngilan rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı müraciətə cavab verilməsi öhdəliyinin həvalə edilməsi tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar