Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7711/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin sentyabr ayından ləğv edilmiş İİ qrup əlilliyin tanınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini “xx.xx.2021-ci il tarixədən İİİ qrup əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü ildən bəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında işləmişdir. xx.xx.2008-ci il tarixində Nəsimi rayon Polis İdarəsinin PPX-nin bölüyünün polis nəfəri, polis baş serjantı olaraq fəaliyyət göstərərkən iş qrafiki əsasında 29 saylı marşrutda Nəsimi rayon 20 yanvar ərazsinində xidməti vəzifəmi icra edərkən yıxılmış, sağ qol dirsəyindən qəlpəli sınıq olmaqla travma almışdır. Həmin ildə Azərbaycan Resublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinədən keçməyi nəticəsində İİ əlillik qrupuna aid olduğu müəyyən olunmaqla ona bir illik arayış təqdim olunmuş və bunun nəticəsində də həmin ildən İİ qrup əlillik üzrə aylıq müavinət almışdır. DİN Tibb İdarəsi tərəfindən 303 saylı xəstəlik haqqında şəhadətnaməsində qeyd edilmişdir: “Diaqnoz və yaralanmaların (travmanın, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında XHK-nn qərarı - sağ bazu sümüyünün bayır kondilusunun oynaqdaxili yerdəyişmiş sınığına görə açıq repozisiyası əməliyyatından sonrakı vəziyyət. Sağ dirsək oynağının ağrı sindromu ilə təzahür edən açıcı-bükücü kontrakturası. deformasiyaedici artrozu. Travma xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır. Qeyd edilmişdir ki, DİO-da xidmətə yararsızdır”. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 2008-2015-ci illəri əhatə edən (SER TSE-1№: 687989; 954794; 196037; 031206; 068172; 440312; 248503 saylı) arayışlarda göstərilmişdir ki, İddiaçı ikinci qrup əlildir, aldığı travma xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır. Daha sonra AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2016-cı tarixində keçirilmiş müayinə nəticəsində iddiaçının ikinci qrup əlilliyi bir daha müayinə nəticəsində təsdiq edilmiş, növbəti müayinə tarixi 23 sentyabr 2021-ci il təyin edilmişdir. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 2021.2022 və 2023-cü il tarixli məlumat sənədlərindən görünür ki, əlilliyin müəyyən edilməsindən imtina edilmiş, səbəb olaraq guya əlillik əlamətinin təyin edilməməsi göstərilmişdir, (forma 4400003AAG0). Halbuki, nazirlik tərəfindən verilmiş həm 2016, həm də 2021, 2022, 2023cü il tarixli müayinə sənədlərində diaqnoz eynidir (yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiya edici atrozu. Oynağın kontrakturası, ağrı sindromu və funksiyanın mülayim dərəcədə pozulması ilə). Göründüyü kimi, verilmiş diaqnozlar ikinci qrup əlillik meyarı ilə eynilik təşkil edir. Lakin nazirlik əsassız və qanunsuz olaraq eyni diaqnoza müxtəlif illərdə fərqli qiymət vermiş, şəxsin sağlamlıq, sosial təminat hüquqlarını pozmuşdur. Bununla da diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qəbul edilmiş qərar əsasında aylıq müavin ətinin ödənilməsi dayandırılmışdır. Hal hazırda şəxsin barəsində cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq onun əlilliyin aaınası qənaətinə gəlinmişdir. Bu səbəbdən İddiaçı barəsində İİ qrup əlilliyin tanınması öhdəliyini cavabdehin üzərinə qoyulmalıdır.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının xx.xx.2022- ci il tarixli göndərişi əsasında baxılmış Diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri’nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2008-ci il tarixli məktubla bildirilmişdir ki, Nəsimi RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı İddiaçı aldığı zədəsi iş vaxtı baş vermişdir.
6. TSEK-Müayinələr: - 17.09.2008-ci il tarixində sağ bazu sümüyünün kondilusunun oynaq daxili yərdəyişən sınığının açıq reposiyasından s/v, oynağın ağrı sindromu ilə təzahür edən açıcı-bükücü kontrakturası.deformasiyaedici artrozu diaqnozun mətni ilə ikinci dərəcə əlillik (sağ bazu sümüyünün kondilusunun oynaq daxili yerdəyişən sınığı) təyin edilmişdir. - 19.09.2014-cü il tarixində sağ bazu sümüyünün bayır kondilusuna ayaq daxili yerdəyişən sınığına görə açıq repozisiyası əməliyyatdan sonraki vəziyyət, sağ dirsək oynağının artrozu, ağrı sindromu diaqnozun mətni ilə ikinci dərəcə əlillik (sağ bazu sümüyünün bayır kondilusuna ayaq daxili yerdəyişən sınığı) təyin edilmişdir. - 23.09.2015-ci il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiyaedici artrozu, oynağın kontrakturası, ağrı sindromu və funksiyanin mülayim dərəcədə pozulması diaqnozun mətni ilə ikinci dərəcə əlillik (sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiyaedici artrozu, oynağın kontrakturası) təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiyaedici artrozu, oynağın kontrakturası, ağrı sindromu və funksiyanın mülayim dərəcədə pozulması ilə diaqnozun mətni ilə ikinci dərəcə əlillik (sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiyaedici artrozu, oynağın kontrakturası) təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə, sağ əlin tutma funksiyasının zəifləməsi, sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu ilə oynaqların kontrakturası, sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə, sümük sınığının pis bitişməsi, sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, müalicəyə tabe olmayan daimi ağrı, sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu diaqnozun mətni ilə göndərişin natamam doldurulması (ekspertiza üçün əhəmiyyətli olan patofunksional pozğunluqlar dəyişdirilməyib) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə, sağ əlin tutma funksiyasının zəifləməsi, sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün bayır kondilusunun qeyridüzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə, sağ əlin tutma funksiyasının zəifləməsi, sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu ilə (ET Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixdə verdiyi rəy) diaqnozun mətni ilə göndərişin natamam doldurulması (instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, sağ əlin tutma funksiyasının zəifləməsi diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə imtina edilmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3-975/2023 nömrəli xx.xx.2023-cü il tarixində qəbul edilmiş qərarında bildirilmişdir ki, əlillik vəziyyəti TSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********7). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 100060151KRL nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 303 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bazu sümüyünün bayır kondilusunun oynaqdaxili yerdəyişmiş sınığına görə açıq repozisiyası əməliyyatından sonrakı vəziyyət. Sağ dirsək oynağının ağrı sindromu ilə təzahür edən açıcı-bükücü kontrakturası, deformasiyaedici artrozu" diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində TSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın qalıq əlaməti olaraq sağ dirsək oynağı nahiyyəsində çapıqlar izlənilmiş, bükmə tam, açma hərəkətlərində cüzi məhdudluq qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular izlənilməmişdir." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ yuxarı ətrafın hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ dirsəkdə ~10-12 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, yuxarı ətrafda, atrofiya, iflic, parez aşkar edilməmiş, sağ dirsəkdə 160-80 dərəcə arası hərəkətlər qeyd olunmuşdur. X7 xx.xx.2021-xx.xx.2021ci il tarixli 4284/730 nömrəli Xəstəlik tarixindən Çıxarışda diaqnoz “Sağ bazunun buynuz kondilusunun qeyri-düzgün bitişmiş sınığı. Sağ disək oynağının kontrakturası. Sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu ilə" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X8 Travmatologiya və Ortopediya İnstitutu PHŞ xx.xx.2023-ci il tarixli ********** nömrəli Arayışında qeyd edilmiş diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Forma 88 arayışlarına əsasən iddiaçıya qoyulan əsas diaqnoz S42- yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün bayır kondilosunun qeyri-düzgün bitişmiş sınığı. Sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə. Sağ əlin tutma funksiyasının zəifləməsi. Sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu ilə. Ağırlaşması – M24.5. Oynaqların kontrakturası. Sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə. Ağırlaşması – M 84.0 Sümük sınığının pis bitişməsi. Sağ bazu sümüyünün bayır kondilosunun qeyri-düzgün bitişmiş sınığı. Qeyd edilən diaqnoz rentgenoqrafi tək anatomik müayinənin nəticələrinə əsaslanmışdır.
9. Hazırlıq icraatı iclasında iştirak etmiş həkim-mütəxəssis iş materiallarında olan rentgen müayinəsinin nəticəsində dirsək oynağının funksional yararsız vəziyyətdə olmadığı, iddiaçının sümüyündə hərəkətin mövcud olduğunu qeyd etmiş və həmin halın əlilliyin təyinatına əsas vermədiyini qeyd etmişdir.
10. Məhkəmə tərəfindən iddiaçının ixtisaslaşmış müəssisədə əlavə müayinə olunaraq nəticəsinin təqdim edilməsi təklif edilmiş, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsində müayinədən keçmiş və müayinənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlara əsasən iddiaçıda dirsək oynağının fibor ankilozu, kəskin konktraktura, bükmə 135 dərəcə, açma 140 dərəcə və s. diaqnoz qoyulmuşdur (S42.0, M84.0, M13, M24.5, M24.6, R52.0, R26.0).
11. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
12. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
13. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
15. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırki iddia məcburetməyə dair iddiadır.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
21. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, əlilliyin təyinindən imtina edilmiş, əlillik vəziyyətinin sonuncu qiymətləndirilməsi son xx.xx.2023-cü il tarixdə aparılmış və əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
22. Yəni qeyd edilən müddət ərzində iddiaçının mütəmadi olaraq əlilliyin təyin edilməsi ilə bağlı müraciətləri olmuş (münasibətlər davamlı xarakter daşımış), odur ki, iddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.
23. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
25. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2023-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) Xəstə xx.xx.2008-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən sağ yuxarı ətraf travma almış, X9 müayinə edilərək "Sağ bazu sümüyünün bayır kondilusunun yerinidəyişən qəlpəli sınığı" diaqnozu qoyulmuşdur. xx.xx.2008-ci il tarixdə “Açıq repozisiya fraqmentlərinin lavsanla bərkidilməsi" əməliyyatı icra olunmuşdur. Xəstə periodik olaraq stasionar və ambulator müalicələr almışdır. Hal-hazırda sağ dirsək oynağında davamlı ağrıdan, şişkinlik, hərəkət məhdudluğu, sağ əlin tutma funksiyasının zəifləməsindən şiyakət edir.
26. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5- M24.6, M25.6, M67.1, M99.0)) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (X10, C.M.Abdullayev adına X2, A.Heydərov adına DİN-in Respublika Hospitalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs) ambulator müalicələrdə olmasına və xəstəlik dirsək oynağının funksional yararsız vəziyyətdə olmaqla hərəkətin məhdudluğu (bükmə 135 dərəcə, açma 140 dərəcə) diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
27. İddiaçının forma 88 arayışında qeyd edilən xəstəliklərdən əziyyət çəkməsi ixtisaslaşmış səhiyyə müəssisələri tərəfindən verilən arayışlarla və müvafiq müayinənin nəticələri ilə təsdiq olunmuşdur. Məhkəmə bu sahədə ixtisaslaşmış səhiyyə müəssiəsi (“Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs) tərəfindən hətta sonradan da (məhkəmənin təklifinə əsasən) aparılmış diaqnostik müayinənin nəticəsinə əsaslanan diaqnozu şübhə altına almağa hər hansı əsas görmür.
28. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
29. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
30. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
31. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
32. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
33. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
34. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 6.4.1.1. ... dirsək oynağında yüngül bükmə kontrakturası ilə, bilək oynağında bükücüpronator, əl barmaqları oynaqlarında bükücü kontraktura – 40-60 faiz; 6.4.1.2. ... çiyin oynağında mülayim açıcı-bükücü kontraktura, dirsək və bilək oynaqlarında bükücü-rotasion kontraktura, əl barmaqları oynaqlarında bükücü kontraktura – 40-60 faiz;
37. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi kimi təyin edilməlidir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı xx.xx.2023-cü il tarixdən deyil, daha əvvəl, yəni əvvəlki qiymətləndirmənin aparıldığı xx.xx.2021-ci il tarixdən olmaqla üçüncü dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasının) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı İİİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasının) xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva