Məhkəmə qərarları › İş №2-1(112)-7714/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7714/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7714/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin və AR İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri X3 1 saylı Bakı Ərazi İdarəsi üzərinə ona məxsus ünvan 1 ünvanında yerləşən 60 kv metr qeyri yaşayış sahəsinə torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması və qeyri yaşayış sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 60 kv metr qeyri yaşayış sahəsi uzun illərdir onun mülkiyyətindədir. 14 iyun 2023-cü il tarixli 2181 saylı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən o qeyri yaşayış sahəsinə dair çıxarışın verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Bununla əlaqədar müvafiq orqanlar ona məxsus qeyri yaşayış sahəsinə baxış keçirərək bu barədə müvafiq rəylərini daşınmaz əmlakın dövlət reyest xidmətinə təqdim ediblər. O, uzun müddətdir ki, həmin qeyri yaşayış sahəsini tikmişdir və istifadə edir. Həmin qeyri yaşayış sahəsinin ətrafında onlarla çıxarışı olan yaşayış və qeyri yaşayış sahələri vardır. İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastr və Reyestri X3 1 saylı Bakı Ərazi idarəsi həmin ərazinin torpaq sahəsi ilə bağlı Dövlət şəhərsalma və Arxitektura komitəsi tərəfindən bildirişə əsasən icarəyə götürüldükdən sonra və istismara qəbul aktı verildikdən sonra qeydiyyata alınması təmin ediləcəyinə dair imtinası əsassızdır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə ona məxsus ünvan 2 ünvanında yerləşən 60 kv.m qeyri-yaşayış sahəsinə torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7714/2025 nömrəli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3/2-M-0492-8/2025 nömrəli məktubu ilə cavab verilərək, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının icrası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq bildiriş daxil olduqdan sonra icarə müqaviləsinin bağlanılması üçün qanunvericiliklə müəyyən edilmiş zəruri tədbirlər görüləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 1.1.5-ci bəndinin 2-ci hissəsinə əsasən Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür. Həmin Fərmanın 1.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib- yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir. Yuxarıda qeyd olunan Fərmanın tələblərindən göründüyü kimi müvafiq bildiriş aidiyyəti qurum tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ötürülmədiyindən iddiaçı ilə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması mümkün deyildir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş yerquruluşu planında torpaq sahəsinin magistral boru xətlərinin mühafizə zolağında yerləşməsi qeyd olunmuşdur. Habelə Bakı Regional Qaz İstismarı Departamentinin iddiaçıya və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığı məktubunda obyektin daş hasarının 0.5-0.8 metr məsafəsindən “Azəriqaz” İB-nə məxsus dayaqlar üzərində D-219 mm- lik yerüstü orta təzyiqli və 0.10-0.40 metr məsafədən dayaqlar üzərində D-108 mm-lik yerüstü aşağı təzyiqli qaz xətlərinin keçməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 3.2-ci bəndinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. Həmin qaydaların 6 nömrəli əlavəsinə əsasən dayaqlar üzərində çəkilmiş yerüstü qaz kəmərlərindən binalara və tikintilərə qədər olan horizontal üzrə minimum işıq məsafəsi 1 metr olmalıdır. Göründüyü kimi qeyri-yaşayış binası magistral boru xətlərinin mühafizəsində yerləşir. Fərmanın 1.1,5-ci bəndinə əsasən magistral boru xətlərinin mühafizəsində yerləşməyən torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının istismarına icazə sənədi verilir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 1.1.5-ci bəndinin 2-ci hissəsinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq bildirişin Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmaması, habelə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin magistral boru xətlərinin mühafizəsində yerləşməsi səbəbindən iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin hallarından müəyyən olunur ki, iddiaçı ünvan 3 ünvanında tikilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı dövlət torpağının sərəncamvericisi olan Əmlak Məsələləri Dövlət Xidməti ilə torpaq sahəsinin icarə müqaviləsinin bağlanmasını (icarə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi) mübahisələndirir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının müraciəti ilə bağlı ünvanladığı cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının icrası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq bildiriş daxil olduqdan sonra müraciətinizdə qaldırılmış məsələnin həll üçün Xidmət tərəfindən tədbirlər görüləcəkdir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyriyaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.3. Nazirlik:

1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyridövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir; 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:

1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının (infrastruktur obyektinin) istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;

2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;

3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir. 1.4. dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir: 1.4.1. dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (infrastruktur obyektinə) münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; 1.4.2. bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (infrastruktur obyektinə) münasibətdə – onun yerləşdiyi torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq bələdiyyə tərəfindən həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; 1.5. bu Fərmanın 1.4-cü bəndində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə satılması və ya icarəyə verilməsi tələbi qeyri-yaşayış binasının (infrastruktur obyektinin) “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən fiziki şəxslərin qanuni istifadəsində olan və əvəzsiz olaraq onların mülkiyyətinə verilən torpaq sahəsində yerləşdiyi hallara şamil edilmir. Göründüyü kimi istismarına icazə verilməsi üçün müraciət edilmiş qeyri-yaşayış sahəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən obyektin istismara hazırlığı barədə yekun rəy verildikdən sonra məlumatlar Şəhərsalma və Arxitektura Komitəsinə istismara icazə üçün ötürülür. Bundan sonra qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olmadıqda və ya “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən fiziki şəxslərin qanuni istifadəsində olan və əvəzsiz olaraq onların mülkiyyətinə verilən torpaq sahəsi olmadığı halda həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidirsə sahənin mülkiyyətə götürülməsi və ya icraəyə verilməsi barədə sənədin təqdim edilməsi sifarişçidən tələb olunur, eyni zamanda bu barədə məlumat Komitə tərəfində bilavasitə Fərmanın yuxarıda adıçəkilən 2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə elektron qaydada ötürülür. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı sözügüdən qeyri-yaşayış binasının istismarına icazə ilə bağlı Fərmanın tələbinə uyğun Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, Fövqəladə Hallar Nazirliyi qeyd edilən 2181 nömrəli Fərmanın tələbinə uyğun olaraq iddiaçının müraciətini qeydə almış, müraciət əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, Xidmət tərəfindən yerquruluşu planı hazırlanmış, lakin torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı Komitə tərəfindən fərmanın tələbinə uyğun olaraq ƏMDX-nə müraciət daxil olmamışdır. Cavabdehin də iddiaçıya ünvanladığı torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müraciətinə cavabı məhz Fərmanın icrası çərçivəsində Komitə tərəfindən sistem üzərindən torpaq sahəsinə dair bildirişin daxil edilmədiyi ilə bağlıdır. Hətta bununla bağlı Şəhərsalma və Arxitektura Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarilxi məktubda da tikinti obyektinin sahibi tərəfindən sənədlərin FHN-nə təqdim edilməli olduğu, zəruri sənədlərin sonuncu tərəfindən Komitəyə göndərilməli olduğu, lakin qeyd edilən obyektin istismara icazə verilməsi ilə bağlı sənədlərin Komitəyə daxil edilmədiyi vurğulanmışdır. Göründüyü kimi iddia olunan qeyri-yaşayış sahəsinin istismara hazır olması barədə FHN tərəfindən yekun rəy tərtib edilərək portala yerləşdirilməmiş, nəticə etibarı ilə iddia olunan obyektin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə ƏMDX tərəfindən mahiyyəti üzrə cavab verilməmişdir. Dolayısı ilə, iddiaçı ilə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması barədə Fərmanın tələbinə uyğun olaraq ilkin müraciət olmamaqla cavabdeh ƏMDX-nin bununla bağlı öhdəliyi yaranmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Qeyd olunan normanın məzmununa görə inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar