Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7716/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X7, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı Şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs X3 qarşı «sərəncamın qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi RİH-yə və Bakı ŞİH-ə qarşı cavabdeh Bakı şəhəri Nəsimi RİH-in 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamının qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Nəsimi rayonu, H.Hacıyev küçəsində yerləşən ona məxsus ictimai iaşə obyektinə aid sahədə X5 tərəfindən inşa edilmiş pilləkənin onun hesabına sökülməsi tələbini irəli sürmüşdür. Məhkəmə müəyyən etmişdir ki, X5 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni hazırkı iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst-üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aiddir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 sentyabr 2018-ci il tarixli 21011 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, X5 tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsində, İddiaçı mülkiyyətindəki sahəsi 102,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan-sxemində 18,9 kv.m açıq sahə kimi göstərilmişdir. Digər tərəfdən də iş materiallarından müəyyən olunur ki, həmin iş üzrə cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikili (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsi əsasında inşa olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi RİH-in 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının qismən ləğv edilməsi xahiş edilsə də, ərizəyə cavab verilməmişdir. İddiaçı hesab edir ki, ərizəyə cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən baxılmaması və ya əsassız olaraq baxılmasının gecikdirlməsi, qurumun müraciətlə bağlı əsassız imtinasıdır. İddia tələbi qanunidir və əsaslıdır, ona görə də təmin olunmalıdır. Göstərilənlərə və İPM-in 2, 4, 14, 45, 46, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Nəsimi RİH-in 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının tikilinin ayrılmaz hissəsi olan pilləkən qəfəsi hissəsində ləğv edilməsi öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə təqdim olunmuşdur. İPM-in 28-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (maddə 28.1). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə) (maddə 28.2). Məhkəmənin qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin 24 dekabr 2021-ci il tarixli qərardadı ilə hazırkı iddia mümkün sayılmamışdır. Bakı Apeüllyasiya Məhkəməsinin 4 mart 2022-ci il tarixli qərardadı ilə “iddianın mümkün sayılmaması haqqında” 24 dekabr 2021-ci il tarixli məhkəmə qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında məhkəmə kollegiyası aşağıdakıları vurğulamışdır: İşdən görünür ki, iddiaçı iddia ərizəsi ilə birgə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4368/2021 saylı iş üzrə 6 avqust 2021-ci il tarixli qərardadına əsasən mübahisələndirilən sərəncam ilə iddia mümkün sayılmadığından, hazırkı iş üzrə müddətin buraxılmasının üzrlü hesab edilərək, iddia tələbinin mümkün sayılmasını xahiş etmiş, lakin məhkəmə iddianı mümkün saymayarkən həmin vəsatətə münasibət bildirməmişdir. Belə olan halda, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyası prosessual hüquq pozuntusu kimi qiymətləndirir və hesab edir ki, göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. İlk növbədə birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətə münasibət bildirilməli, daha sonra iddianın mümkünlük şərtlərinə qiymət verilməlidir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra iş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər və üçüncü şəxs gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə aşağıdakı məzmunda ərizə təqdim etmişdir: - İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı cavabdehin 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamının qismən ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4368/2021 saylı 6 avqust 2021-ci il tarixli qərardadına əsasən mübahisələndirilən sərəncam üzrə iddia müddəti buraxılmış sayılmış və bununla bağlı müvafiq qərardad çıxarılmışdır. İddiaçı mübahisələndirilən sərəncamdan məhkəmə proseslərində məlumatlı olmuşdur və bu baxımdan həmin sərəncamı vaxtında mübahisələndirə bilməmişdir. Buna görə də hesab olunur ki, prosessual müddətin buraxılmasının səbəbi üzürlüdür və məhkəmə tərəfindən bərpa olunmalıdır, Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) ləğv edilməsi öhdəliyinin Bakı şəhəri Nəsimi RİH-in üzərinə qoyulması tələbi mümkün sayılaraq, icraata götürülməklə baxılmalıdır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddia tələbi üzrə prosessual müddətin buraxılması üzrlü hesab edilməsi və iddianın mümkün sayılaraq icraata götürülməsi xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəyə münasibət bildirilməsini və iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 prosessual müddətin buraxılmasının səbəbləri üzrlü sayılaraq müddətin bərpa edilməsini və iddianın mümkün hesab olunmasını xahiş etdi. O, qeyd etdi ki, 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncam iddiaçıya mülki iş üzrə məhkəmə prosesinin gedişində məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia müddətinin bərpası barədə ərizənin təmin edilməməsini və prosessual müddətin buraxılmasına görə iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddia müddətinin bərpası barədə ərizənin təmin edilməməsini və prosessual müddətin buraxılmasına görə iddianın mümkün sayılmamasını xahiş etdi. O, qeyd etdi ki, iddiaçı tərəf mübahisə predmeti olan sərəncam barədə 2018-ci ildə məlumatlı olmuşdur. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2-ci maddəsinə görə aşağıdaı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 24.5-ci maddəsinə görə ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. İPM-in 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. İPM-in 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsində prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü sayılması üçün tutarlı əsas gətirilməmişdir. Ərizədə göstərilən xüsusat hazırkı iddia qaldılmamışdan əvvəl Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-4368/21 saylı iş üzrə iddianı qaldırmaqla bağlı ötürülmüş prosessual müddətin bərpası istiqamətinə yönəlir, lakin həmin iş üzrə təqdim edilməmiş, habelə sözügedən iş üzrə “iddianın mümkün sayılmaması haqqında” qərardaddan apellyasiya şikayəti də verilməmişdir. Nəzərə alınmalıdır ki, sözügedən qərardadda həmin məhkəmə icraatında aşağıdakı nəticənin əldə olunması vurğulanmışdır: “Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 218 nömrəli sərəncamı onun özünün iddiası üzrə məhkəmə icraatında əldə olunmuş rəy və müvafiq aktla 18 may 2018-ci il tarixədək hazırkı İddiaçı təqdim (elan) olunmuşdur”. Bu isə, o deməkdir ki, iddiaçı hazırkı iddianı və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni müvafiq müddətə əməl olunmasına mane olan halların aradan qalxdığı gündən və iddia qaldırılması üçün müəyyən edilmiş tarixdən 3 ildən artıq vaxt kedikdən sonra qaldırmışdır. Ərizə, İPM-in 24.2 və 24.4-cü maddələrinə riayət edilmədən verilmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğuna gəldikdə isə, bu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi həm də mümkün deyil. İddiaçı iddiasında 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamın məhkəmə qaydasında ləğvini deyil, ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu hal, hətta formal xəta qismində qiymətləndirilsə belə, hazırkı iddia İPM-in istər 2.2.1-ci maddəsi, istərsə də 2.2.2-ci maddələri baxmından qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət buraxılmaqla qaldırılmışdır (iddiaçı özü də bunu inkar etmir). Qeyd olunanlradan əlavə bir xüsusata da diqqət yetirmək lazımdır ki, iddiaçı cavabdeh inzibati orqan Bakı şəhəri Nəsimi RİH-ə qarşı əvvəllər də hazırkı iddia tələbi ilə eynilik təşkil edən tələblə məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4368/2021 saylı iş üzrə 6 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının tikilinin ayrılmaz hissəsi olan pilləkən qəfəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 15.6-cı bəndində göstərilmişdir ki, İPM-in 45.5.1 və 78-ci maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 45.5-ci maddəısinə görə iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: (45.5.1) iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bundan başqa, hazırkı iddia ərizəsində iki cavabdeh inzibati orqan göstərilsə də, mübahisə predmeti olan sərəncam cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən qəbul olunduğundan, tələb ikinci cavabdeh Bakı ŞİH-ə qarşı yönəlməmişdir və həmin cavabdehin işdə prosessual iştrakı fornal qiymətləndirilərək iddia ona aid hissədə mümkün sayılmır. Cavabdeh Bakjı şəhəri Nəsimi RİH-ə münasibətdə isə, eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qiymət verildiyindən, hazırkı iddiaya yenidən baxılması yolverilən hal deyil. Bununla da, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İPM-in 24.7-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7716/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7716/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver