Məhkəmə qərarları › İş №2-1(112)-7719/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7719/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7719/2025 21.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək istəyir. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********16 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim olunmuş sənədlər mənzil-tikinti kooperativi tərəfindən deyil, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2000-ci il tarixli, 19 nömrəli müqavilədən görünür ki, "xxxx" MTK-nin üzvü vətəndaş İddiaçı mübahisə predmetini təşkil edən qaraj satılmışdır. xx.xx.2000-ci il tarixli, 19 nömrəli müqavilədən görünür ki, "xxxx" MTK-nin üzvü vətəndaş İddiaçı mübahisə predmetini təşkil edən mansard satılmışdır. Kassa mədaxil orderindən görünür ki, iddiaçı daşınmaz əmlakların dəyərlərini ödəmişdir. Maliyyə arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi,ev/bina 50 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası kompleksi (zirzəmi,9 mərtəbə+mansard) koopertiv mənzil tikintisi qaydasında "Kənan” MTK tərəfindən 1999- 2002-ci illərdə tikilmişdir. Bina kompleksinin mansard sahəsi binanın tərkib hissəsi kimi Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının Aktı'na daxil edilmişdir. Həmin binanın 6-cı girişinin son mərtəbəsində Qapı 2-də yerləşən 100 kv.m ölçülü mansard hissəsi (qeyri-yaşayış sahəsi) "Kənan” MTK üzvü olmuş hal-hazırda bina 50, Giriş 6,mənzil 108-in mülkiyyətçisi olan sakin İddiaçı məxsusdur. 100 kv.m ölçüdə mansard hissəsinin / qeyri-yaşayış sahəsinin payın verildiyi zamanın kursu ilə 37.400.000 (otuz yeddi milyon dörd yüz min)manat məbləği təşkil edən pay hissəsi dəyəri tam olaraq İddiaçı tərəfindən ödənilmişdir və borcu yoxdur. Maliyyə arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu,İ.Dadaşov küçəsi, ev/bina 50 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası kompleksi (zirzəmi, 9 mərtəbə+mansard) koopertiv mənzil tikintisi qaydasında "Kənan”MTK tərəfindən 1999- 2002-ci illərdə tikilmişdir. Bina kompleksinin zirzəmi sahəsi (zirzəmi mərtəbəsi) binanın tərkib hissəsi kimi "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının Aktı’na daxil edilmişdir.Həmin binanın zirzəmi mərtəbəsində yerləşən 70kv.m. ölçülü 22 nömrəli qaraj hissəsi (qeyri-yaşayış sahəsi) "Kənan” MTK üzvü olmuş,hal-hazırda bina 50, Giriş 6,mənzil 108-in mülkiyyətçisi olan sakin İddiaçı məxsusdur. 70 kv.m. ölçülü 22 nömrəli qaraj hissəsinin/qeyri-yaşayış sahəsinin payın verildiyi zamanın kursu ilə 17.600.000 (on yeddi milyon altı yüz minjmanat məbləği təşkil edən pay hissəsi dəyəri tam olaraq İddiaçı tərəfindən ödənilmişdir və borcu yoxdur. "xxxx" MMMC üzvlərinin ümumi iclasının 8/1 №-li protokolundan çıxarışa əsasən İddiaçı "xxxx"MTK-nın üzvü və payçısı olması təsdiq edilmiş, "xxxx" MTK tərəfindən İddiaçı qeyri-yaşayış sahəsi - ünvan 3 ünvanında yerləşən 100kv.m.-lik mansard qeyriyaşayış sahəsinin ayrılması, həmin mansard sahəsinə görə onun tərəfindən pay haqqının tam ödənilməsi, mansardın onun şəxsi istifadəsinə verilməsi, 24 ilə yaxındır ki, buraya sahiblik etməsi müəyyən və təsdiq edilmişdir. "xxxx" MMMC üzvlərinin ümumi iclasının 5/1 №-li protokolundan çıxarışa əsasən İddiaçı "KənaıV'MTK-nm üzvü və payçısı olması təsdiq edilmiş, "Kənan” MTK tərəfindən payçı İddiaçı qeyri-yaşayış sahəsi -ünvan 4 ünvanında zirzəmi mərtəbəsində (zirzəmi hissəsində yerləşən 70kv.m.-lik qaraj qeyri-yaşayış sahəsinin ayrılması, 22 nömrəli həmin qaraj sahəsinə görə onun tərəfindən pay haqqının tam ödənilməsi, qarajın onun şəxsi istifadəsinə verilməsi, 20 ilə yaxındır ki.buraya sahiblik etməsi təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində X1 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı halda iddiaçı onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahələrinin (mansar və qaraj) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), bağlanmış müqavilələrə əsasən, iddiaçı yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrinin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi qeyri-yaşayış sahələrinə münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının imzaladığı müqavilələr ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Hazırki iş üzrə cavabdehin imtinası ilə əlaqədar bildirilir ki, cavabdeh təqdim olunan sənədlərin mənzili-tikinti kooperativi tərəfindən deyil, mənzil mülkiyyətçilərin müştərək cəmiyyəti tərəfindən verildiyinə istinad etsə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası formallığı yönəlmişdir. Belə ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin hansı şəxsin adına verilməsi, iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının yarandığını təsdiq edən sənəd qismində həm "xxxx" MTK ilə bağlanmış müqavilələri və ödəniş qəbzlərini, həmçinin "xxxx" MTK-nın ləğvindən sonra binanın idarəçiliyi ilə bağlı səlahiyyətli olan "xxxx" MMMC tərəfindən maliyyə arayışları və protokoldan çıxarışları təqdim etmişdir ki, bu sənədlərin hər biri iddiaçının iddia etdiyi qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsasdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdehin hazırki imtina ilə çıxış etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 6 50, giriş (blok) 6, sonuncu mərtəbədə, qapı 2 ünvanında yerləşən mansard və ünvan 6 ünvanında yerləşən 22 nömrəli qaraj (qeyri-yaşayış sahəsi) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatının aparılması, bununla bağlı çıxarışın və texniki pasportun verilməsi (qaraj və mansarda dair ayrıayrılıqda) öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar