Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-772/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Yasamal Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Yasamal Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal Bələdiyyəsinin 30.10.2019-cu il, 88/10 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məlum olmuşdur ki, Yasamal Bələdiyyəsi ondan 1670 manat pul tələb edir. Yasamal Bələdiyyəsi tərəfindən heç bir bildiriş, xəbərdarlıq və qərar rəsmi olaraq ona və yaşadığı ünvana verilməmişdir. Odur ki, barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Cavabdeh iddiaya etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iş üzrə xüsusi mülkiyyətçi İddiaçı məxsus Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 74-də 129,40 kvm. olan 22-ci mənzil və H.ünvan 1 ünvandakı yaşayış və qeyri-yaşayış sahələrinin iddiaçının xüsusi mülkiyyətində olmasını onun adına verilmiş çıxarış təsdiq edir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən ötən 2016-2019-cu illərə İddiaçı sahibliyindəki Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 74, mənzil 22-də yerləşən 129,40 kvm. ibarət yaşayışa və 575,5 kvm. qeyri-yaşayış sahəsinə hesablanmış ümumilikdə 222,86+1246.10=1468.96 manat vergi borcunu ödəməsi üçün ünvanına göndərilmiş tədiyyə bildirişləri, xəbərdarlığa baxmayaraq bügünkü tarixədək əmlaka hesablanmış vergi borcunu ödəməmişdir. Bununla əlaqədar olaraq son dəfə xəbərdarlıq etməklə icra icraatı qaydasında 88/10 saylı Bələdiyyə qərarı icra olunmaq üçün 30.10.2019-cu ildə Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin tarixdə, yəni 30.10.2019-cu ilə iddiaçıya məxsus əmlakların ümumi borcu 1670 manat etdiyindən həmin məbləğ tədiyyə bildirişi şəklində tərtib edilmiş və yerli vergilərə cəlb edilməsi üçün icraata yönləndirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin MA seriyalı ******* №-li 08.12.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən ümumi sahəsi 575,5 kvm. olan zirzəmi və 1-ci mərtəbə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. - 01.08.2017-ci il tarixli, 01.08.2017 №-li icarə müqaviləsindən görünür ki, İddiaçı «İcarəyə verən» qismində ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 440 kv.m qeyri-yaşayış sahəsini X5 2 il müddətinə icarəyə vermişdir. - Bələdiyyə tərəfindən İddiaçı barəsində mübahisəli qeyri-yaşayış sahəsi üzrə əmlak vergisinə dair 30.10.2019-cu il tarixli, **********0 №-li Tədiyyə Bildirişi tərtib olunmuşdur. - Bələdiyyə tərəfindən İddiaçı barəsində mübahisəli qeyri-yaşayış sahəsi üzrə ümumilikdə 1670 manat əmlak vergisinə dair 07.10.2019-cu il tarixli Tələbnamə tərtib olunmuşdur. - Yasamal Bələdiyyəsinin əməkdaşları tərəfindən təsdiq edilmiş və Yasamal Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 25.09.2019-cu il 88/09 saylı inzibati aktdan görünür ki, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 74 və H.Zərdabi küçəsi, ev 74, mənzil 22-də yerləşən qeyri-yaşayış sahəsinin və mənzilin xüsusi mülkiyyətçisi İddiaçıdır. Çıxarış üzrə tam mülkiyyət hüququ əldə etmiş sahibkar həmin qeyri-yaşayışa dair 08.12.2007-ci il tarixdə xüsusi mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 200.1-ci maddələrinə əsasən yerli əmlak vergisinə cəlb edilməsi ilə bağlı 575,5 kvm. qeyri-yaşayış və 129,4 kvm. mənzil (yaşayış) əmlak üçün ümumilikdə 1433+225,83= 1670 manat məbləğində hesablanmış 30.10.2019-cu il tarixli **********1 və 30.10.2019-cu il tarixli **********0 saylı tədiyyə bildirişləri verilməsinə baxmayaraq və ötən illərə olan əmlak borcunu Bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayınır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 (beş) gün müddətində fiziki şəxs əmlak vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiyi təüdirdə Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiqlənmiş “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.11-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq sanksiya tədbirləri tətbiq edilsin. - «Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün «İnzibati icraat haqqında» Qanunun 2,7,81.1, 81.5, 82.1, 82.2, 83 və 87-ci maddələrinə əsasən İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə» Yasamal Bələdiyyəsinin sədri tərəfindən qəbul edilmiş 30.10.2019-cu il tarixli, 88/10 №-li Qərardan görünür ki, vergi ödəyicisi Vergi və Ödənişlər şöbəsinin vergi agenti tərəfindən dəfələrlə xəbərdarlıq və tədiyyə bildirişi verilsə də könüllü əmlak vergisini ödəmək istəmədiyindən qeyri-yaşayış sahəsinə və mənizlə (yaşayış) görə cəmi 1670 manatın İddiaçı məcburi tutularaq Yasamal Bələdiyyəsinin bank hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Yasamal Bələdiyyəsinin ərazisində mülkiyyətçi kimi yaşayış və qeyri-yaşayış sahəsinə malikdir. Yasamal Bələdiyyəsi tərəfindən mülkiyyətçi vergi ödəyicisi kimi qeydiyyata alınmış və 20016, 2017, 2018-ci illər üzrə 30.10.2019-cu ilə cəmi 1670 manat vergi borcunun olması müəyyən edilmişdir. Yasamal Bələdiyyəsi tərəfindən vergi borcunun ödənilməsi ilə bağlı tələbnamə, tədiyyə bildirişi, inzibati akt tərtib edilsə də həmin sənədlərin İddiaçı qanunvericiliklə müəyyən edilmiş rəsmi qaydada tədiqm edilməsini və sonuncunun həmin sənədləri almasını təsdiq edən hallar müəyyən edilməmiş və cavabdeh tərəfindən bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. -197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yenidən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və nəqliyyat vasitələri vergitutma obyekti sayılır. -200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13.05.2015-ci il tarixli **********655900 №-li Əmri ilə təsdiq edilmiş «Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti suybektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait»in bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1.2-ci bəndinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli büdcənin gəlirlərinə aid edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. - 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. - 81.5. İnzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. - 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. - 87-ci maddəsinə əsasən Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, Bələdiyyə tərəfindən iddiaçı barəsində inzibati icraat aparılan zaman yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, iddiaçı inzibati icraat mərhələsindən xəbərdar edilmədiyindən, inzibati icraatın yekununa dair qəbul edilmiş inzibati akt iddiaçıya rəsmi qaydada təqdim edilmədiyindən, mübahisə predmeti olan qərar inzibati icraat haqqında qanunvericiliyin normalarına riayət edilməklə qəbul edilmədiyindən mübahisələndirilən qərar qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Yasamal Bələdiyyəsinin 30.10.2019-cu il tarixli, 88/10 saylı qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Yasamal Bələdiyyəsinin 30.10.2019-cu il tarixli, 88/10 saylı qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-772/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-772/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver