Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-772/2023 13.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “269s” saylı bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan və ölçüsünün çəkilməklə çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 21 yanvar 1992-ci il tarixli 120 saylı qərarı əsasında Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 194 saylı kooperativi tərəfindən 69 saylı orderlə iddiaçıya sahəsi 0,12 ha olan 269 s nömrəli bağ ayrılmışdır. Həmin vaxtdan etibarən həmin bağ onun istifadəsində və sahibliyində olmaqla torpağın abadlaşdırılması və münbitləşdirilməsi üzrə işlər aparılmaqla daş hasara alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “269s” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 yanvar 2021-ci il tarixli, **********39 №-li cavab məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsinin qonşu bağları Novxanı bağ massivinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 yanvar 2022-ci il tarixli, **********39 №-li cavab məktubunu rəsmi qaydada poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə almışam. İmtina əsassızdır. Belə ki, imtina məktubunda qeyd olunur ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən bağ sahəsinin qonşu bağları Novxanı bağ massivinə aiddir. Halbuki, mübahisəli olan bağ iddiaçının sahibliyindədir və istifadəsindədir, həmin bağın qonşu Novxanı bağları ilə heç bir əlaqəsi yoxdur. Çünki bağ Novxanı ərazisində yerləşmir. Həmin bağ sahəsinin məhz Goradildə yerləşməsini Bakı şəhər icraiyyə Komitəsinin 21 yanvar 1992-ci il tarixli 120 saylı qərarı əsasında Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 194 saylı kooperativi tərəfindən verilmiş 69 saylı order, həmçinin AR Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının verdiyi 21 oktyabr 2020-ci il tarixli, N-196-112 saylı cavab məktubu təsdiq edir. Həmin bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 21 yanvar 1992-ci il tarixli 120 saylı qərarı əsasında Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 194 saylı kooperativi tərəfindən 69 saylı orderlə onun adına rəsmiləşdirilmişdir. Ona təqdim edilən sənədlərdən də göründüyü kimi 1992-ci il üzrə ərazi koordinatlarına və sxematik xəritəyə uyğun olaraq “269s” saylı bağ sahəsi Goradil qəsəbəsinin ərazisinə daxil olmuşdur. Əgər belə olmasaydı, 69 saylı orderdə bağ sahəsinin Goradil bağ massivinə aid olması qeyd edilməzdi. Bundan başqa, imtina məktubunda bağ sahəsinin Novxanı bağ massivinə aid olduğunu qeyd edir. Lakin, aid olmanın hansı sənədlər və hansı səbəblər əsasında olmasını qeyd etmir. Ona “269s” saylı bağ sahəsi ayrılarkən tarix olaraq 1992-ci il idi, hal-hazırda isə 2022-ci ildir. Arada olan 30 illik zaman kəsimində bir sıra dəyişiklər mövcud olmuşdur. Həmin bu dəyişikliklər ərazi koordinatlarına və sxematik xəritəyədə şamil edilir. Ola bilər ki, həmin dövr üçün iddiaçıya verilmiş bağ sahəsi Goradil bağ massivinə daxil edilmiş, sonradan ərazi koordinatlarına və sxematik xəritəyə dəyişiklik edildikdən sonra qeyd olunan bağ massivi Novxanı bağ massivinin ərazisinə daxil edilmişdir. Əgər belədirsə, burda tək günahkar var o da aidiyyati dövlət orqanıdır. Bundan başqa, iddiaçıya təqdim edilmiş imtina məktubu qanunvericiliyin tələbləri göstərilməklə standart cavabdan başqa bir şey deyildir. Səbəb odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçıya məxsus bağ sahəsinə çıxarış verməkdə maraqlı olsaydı, eləcə də özlərinin bildirdikləri kimi qeyd olunan uyğunsuzluğu aradan qaldırmaq niyyətində olsaydı həmin bağın yerləşdiyi əraziyə baxış keçirə və bağın konkret olaraq koordinatlar üzrə hansı bağ massivinə aid olduğunu müəyyənləşdirə bilərdi. Lakin, görünən odur ki, 1 saylı Bakı Ərazi idarəsi standart cavab verməklə kifayətlənmişdir. Göründüyü kimi bağ sahəsi iddiaçıya qanuni əsaslarla 21 yanvar 1992-ci il tarixdə verilmişdir, bu hal mübahisəsizdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki göstərilən bağ sahəsinin qonşu bağları Novxanı bağ massivinə aiddir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********39 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 269 s saylı 1200 kv.m bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan ölçünün çəkilməklə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X4 bağlar sahəsindəki 194 nömrəli kooperativin 69 nömrəli orderinə əsasən İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 21 yanvar 1992-ci il tarixli 120 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 194 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi, 269 s nömrəli bağ ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 7-1285/17 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 21 yanvar 1992-ci il tarixli 120 nömrəli sərəncamından çıxarışa əsasən: Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli xx.xx.1988-ci il tarixli qərarı və Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 6/333 nömrəli xx.xx.1988-ci il tarixdə: Bağ tikinti kooperativlərinin siyahısı təsdiq edilsin: 68. İddiaçı-DSK 194, Goradil massivi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 1272kv.m, göstərilən bağ sahəsi hasar daxilindədir. Darvazası yoxdur, tikili yoxdur. Bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********78 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: -Göstərilən torpaq sahəsi hasar daxili faktiki olarıq 1272,0 kv.m təşkil edir. -Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrələri göstərilməyib. -Göstərilən torpaq sahəsinin qonşu özəl sahələri Novxanı bağ massivi 1079g, 1107H, 1085E nömrəli sahələridir. -Faktiki olaraq 269 s saylı bağ sahəsi kimi göstərilən 1272,0 kv.m sahənin döngə nöqtələrinin koordinatları əlavə olunur. -Ümumi ərazidə bağ sahələri paylanarkən koordinatlarla verilmədiyindən və ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritədə göstərilən ardıcılığa uyğun aparılmadığından 269 s saylı bağın sxematik xəritəyə uyğun ərazinin 269 s saylı bağın naturada göstərilən ərazisindən hansı məsafədə yerləşməsini tam dəqiqləşdirmək mümkün olmadı. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi X2 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsinin qonşu bağları Novxanı bağ massivinə aiddir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəıi icra hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 194 saylı kooperativi tərəfindən 69 saylı orderlə verilmiş sahəsi 0,12 ha olan 269 s nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı halda iddiaya etirazın əsasları cavabdehin imtina əsasları ilə eynidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 21 yanvar 1992ci il tarixli 120 nömrəli qərarına əsasən İddiaçı Goradil massivi 194 nömrəli BTK tərkibinin üzvləri siyahısında təsdiq edilmiş, həmin qərar əsasında iddiaçıya 69 nömrəli orderlə Göradil bağlar sahəsində 194 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 269 s nömrəli bağ ayrılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin 21 yanvar 1992-ci il tarixli 120 nömrəli qərarı dövlət arxivində mövcuddur, iddiaçı tərəfindən 69 nömrəli orderin notarial təsdiqli surəti təqdim edilmişdir. Məhkəmə sorğusu ilə Dövlət Arxivinin Bakı Filialından xx.xx.2022-ci il tarixli məktubu ilə daxil olan xx.xx.1990-cı il tarixli 4/143 nörməli qərarı ilə təsdiq edilmiş 194 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adının olmaması mümkündür. Belə ki, təqdim edilən BTK siyahısı kooperativin ilkin siyahısı olub xx.xx.1990-cı il tarixdə təsdiq edilmişdir. İddiaçı isə kooperativ üzvlüyünə 2 il sonra, yəni 21 yanvar 1992-ci il tarixli qərarla daxil edilmiş və ona həmin tarixli qərarla bağ sahəsinin ayrılmasına dair order verilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən Göradil kəndi 269s saylı bağ sahəsinə dair qeydiyyat sənədləri məhkəmə sorğusu ilə təqdim edilsə də, həmin hüquqmüəyyənedici sənədlər Göradil bağ massivində başqa bir BTK tərkibində-89 nömrəli BTK tərkibində 269 s saylı bağ sahəsi ilə bağlıdır. Hazırkı iş üzrə 269 s nömrəsi altında bağ sahəsi qeydiyyata alınmış olsa da bu hal iddiaçının sahib olduğu hüquqmüəyyənedici sənədlərin mötəbərliyini şübhə altına alınmasına əsas vermir. Belə ki, iddiaçıya bağ sahəsi 194 nömrəli BTK tərkibində və 69 nömrəli orderlə ayrılmışdır. Başqa sözlə, qeyd edilən bağ sahələri eyni nömrə altında olsalar da iki müxtəlif Bağ Tikinti Kooperativləri daxilində müxtəlif orderlərlə ayrılmış və iki müxtəlif torpaq sahələrinə aiddir. Beləliklə, iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Əvvəla, cavabdeh orqanın məhkəmə sorğusuna əsasən xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim etdiyi Göradil bağ massivində bağların sxematik xəritəsində 269 s saylı bağ sahəsinin olduğu müəyyən olunur. Cavabdehin imtinasının əsasında bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, göstərilən bağ sahəsinin qonşu bağlarının Novxanı bağ massivinə aid olduğu qeyd etmişdir. Qeyd edilən uyğunsuzluqla bağlı məhkəmə mütəxəssis qarşısında iddiaçının naturada göstərdiyi torpaq sahəsinin faktiki yerləşdiyi yerin sxematik xəritədə hansı nömrəli bağ sahəsinə uyğun gəlməsi barədə məlumat verməsi tələb olunsa da cavabdeh həmin hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrələrinin göstərilmədiyini bildirmişdir. Həmçinin, məhkəmə tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 269s saylı bağ sahəsi naturada göstərilən bağ sahəsinə uyğun deyilsə 269s saylı bağ sahəsinin naturada göstərilən bağ sahəsindən hansı məsafədə yerləşməsi barədə məlumat verilməsi tələb olunsa da cavabdehin mütəxəssisi ümumi ərazidə bağ sahələri paylanarkən koordinatlarla verilmədiyindən və ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritədə göstərilən ardıcılığa uyğun aparılmadığından 269 s saylı bağın sxematik xəritəyə uyğun ərazinin 269s saylı bağın naturada göstərilən ərazisindən hansı məsafədə yerləşməsini tam dəqiqləşdirmək mümkün olmadığı qeyd edilmişdir. Beləliklə, cavabdeh iddiaçının 269 s saylı bağ sahəsi kimi iddia etdiyi faktiki naturada göstərdiyi bağ torpaq sahəsinin konkret olaraq sxematik xəritədəki 269 s saylı bağ sahəsi olmadığını sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmənin mütəxəssis qarşısında qoyduğu naturada göstərilən torpaq sahəsinin ən yaxın qonşu bağ sahələrinin nömrələri barədə məlumatın verilməsinə cavab olaraq göstərilən torpaq sahəsinin qonşu özəl sahələrinin Novxanı bağ massivi 1079g, 1107H, 1085E nömrəli sahələri olduğunu qeyd etməklə, dolayısı ilə naturadakı torpaq sahəsinin Göradil bağ massivi deyil, Novxanı bağ massivinə aid olduğunu, bununla da naturadakı torpaqla sxematik xəritədəki torpağın eyni olmadığını iddia etmişdir. Halbuki, cavabdehin özü tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Göradil və Novxanı bağ massivlərində yerləşən qonşu bağ sahələrinin nömrələri göstərilməklə ortofoto görüntüsündən Novxanı kəndi və Göradil kəndində bağ sahələrinin nömrələri ardıcıllıq ilə yerləşmədiyi, hər iki bağ massivinə aid bağların qarışıq şəkildə yerləşdiyi müəyyən olunur. Təqdim olunan ortofoto görüntüdə iddiaçı tərəfindən naturada göstərilən bağ sahəsinin qonşuluğunda Novxanı kəndi 1079g, 1107H, 1085E nömrəli sahələri ilə yanaşı digər ən yaxın bağ nömrəsi Göradil kəndi 269p nömrəli bağ sahəsinin olduğu müşahidə olunur. Başqa sözlə, cavabdeh bir tərəfdən iddiaçının naturada göstərdiyi bağ sahəsinin Novxanı bağ massivinə aid olduğunu bildirsə də elə Novxanı bağ massivinə aid bağ sahələrinin qonşuluğunda (eləcə də iddiaçının iddia etdiyi 269 s saylı bağ sahəsinin yaxınlığında) Göradil bağ massivinə aid bağları, o cümlədən Göradil kəndi 269p saylı bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Göradil sahəsində 0.12 ha ölçüdə 269 s saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə uyğun gəldiyi barədə məhkəmənin sorğusuna cavabdeh orqan tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Bundan əlavə hazırda iddiaçının faktiki istifadəsində olan və 269 s nömrəli bağ sahəsi kimi iddia etdiyi bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 269 s saylı 0,12 ha ölçüdə bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 269 s saylı 0,12 ha ölçüdə bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-772/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-772/2023
13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver