Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-772/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində yerləşən 85.0 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qldıraraq «Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində yerləşən 85.0 kv.m sahəsi olan qeyriyaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 04 mart 2014-cü il tarixli 175 saylı Sərəncamı ilə ona Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında 85,0 kv.m ticarət obyektinin tikintisinə icazə verilmişdir. Qeyri-yaşayış binası "xxxx" MMC tərəfindən tərtib və təsdiq olunmuş layihə əsasında tikilmiş və Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş 18 aprel 2016-cı il tarixli “Tikinti- quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktına əsasən istismara qəbul edilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı da Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. 24 avqust 2022-ci il tarixdə İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə onun arasında “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 3456 №-li müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İcarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 81,2 kv.m torpaq sahəsi onun tərəfindən illik icarə haqqı 366,0 manat, aylıq icarə 30,50 manat məbləğində olmaqla və müqavilədə göstərilən icarə şərtləri əsasında müvəqqəti istifadəsinə qəbul edilmişdir. Bundan sonra iddiaçı, qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və qeyri-yaşayış binasına dair hüquq müəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. Lakin cavabdeh 15 noyabr 2022-ci il tarixli məktubu ilə ərizənin müsbət həllindən imtina etmiş, bunu isə onunla izah etmişdir ki, qeyri-yaşayış binasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid formasına uyğun istismara icazə sənədi təqdim edilməmiş, obyektin tikintisinə icazə sərəncamı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə edilmiş imtina tam əsassızdır. Belə ki, qeyriyaşayış binasının tikintisinə səlahiyyətli orqan olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmçinin istismara qəbul aktı qəbul edilmişdir. Qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşməsi barədə ona məlumat verilməmişdir və bu halı təsdiq edən hər hansı bir sübut və ya dəlil də mövcud deyildir. Həmçinin, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi səlahiyyətli orqan tərəfindən iddiaçıya icarəyə verilmişdir. Qeyd etdiyi halları təsdiq edən bütün sənədləri cavabdeh orqana təqdim etmiş və hesab edirəm ki, həmin sənədlər hazırkı vəziyyətdə və o cümlədən Mülki Məcəllənin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında'’ Qanunun mövcud tələblərinə əsasən mənim qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarımın dövlət reyestrində qeydiyyata alınmasına hüquq verir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçının müraciəti zaman təqdim edilmiş sənədlər surətdir və təqdim edilmiş yerləşmə cizgisi faktiki vəziyyətə uyğun gəlmir. Qeyri-yaşayış binasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması”na uyğun istismara icazə sənədi təqdim edilməmişdir. Bundan əlavə obyektin tikintisinə icazə sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşir. Sözügedən qeyri yaşayış binasının daxildə rekonstruksiya işləri aparılmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının ümumi sahəsi 101.7 kv.m təşkil edir. Bundan başqa, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsinə dair reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi”nə dair iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(82)- 3136/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Daha sonra iddiaçı müvafiq qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-3167/2018 saylı inzibati işi ilə bağlı bildirişi İdarəyə daxil olmuş, lakin yekun məhkəmə aktı daxil olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərardadı ilə, “- Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ərazisində, Qala- Pirallahı yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə həmin obyektin ölçüsünün (sahəsinin) müəyyən edilməsi; - sahənin Qala-Pirallahı yolunun mühafizə zonasına tam və ya qismən düşübdüşməməsinin müəyyən edilməsi; - sahənin yerləşmə cizgisinin faktiki vıziyyətə uyğunluğunun müəyyən edilməsi” sullar göstərilməklə məhkəmə ekspertizası təyin edilmişdir.
5. Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6267 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: sual 1 - Tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan tikilinin qapısının bağlı olması səbəbindən tədqiq olunan tikiliyə daxil olmaq və müvafiq ölçü işlərinin aparılması mümkün olmadığından tədqiq olunan tikilinin sahəsinin müəyyən edilməsi mümkün olmamışdır. Sual 2 –məhkəmə ekspertiza mərkəzində həmçinin, mülki iş materiallarında yerli və respublika əhəmiyyətli yolların siyahısına dair məlumat olmadığından, Qala-Pirallahı yolunun yerli və ya respublika əhəmiyyətli yol olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda mübahisəli predmeti olan tikilidən Qala-Pirallahı yolunun hərəkət hissəsinin mərkəzinə qədər olan məsafənin 14.80 metr təşkil etdiyini nəzərə alaraq Qala-Pirallahı yolu yerli əhəmiyyətli yol olduğu təqdirdə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarına əsasən həmin yolun mühafizə zolağının hüdudları daxilində yerləşmədiyi, Qala-Pirallahı yolu respublika əhəmiyyətinin yol olduğu təqdirdə isə həmin yolun mühafizə zolağının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Sual 3 – mülki iş materiallarında olan (səh 10) mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinin cizgisində həmin torpaq sahəsi ilə hər hansı bir istinad nöqtəsi və ya Qala-Pirallahı yolu arasında məsafə, miqyas, döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmin torpaq sahəsinin faktiki vəziyyətinin qeyd olunan cizgi ilə uyğunluq təşkil edib-etməməsinin müəyyən edilməsi mümkün olmamışdır
Tərəflərin iştirakı və izahatları:
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı, cavabdeh məhkəmə iclasına gəlməmişr və məhkəmə iclasında öz nümаyəndəsinin iştirakını təmin etməmişdir. Bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya ünvanladığı 9 sentyabr 2022-ci il tarixli, BA-05736-2022 saylı məktubu ilə Xəzər RİH-nin arxiv fondu üzrə xx.xx.2014-cü il tarixli, 175 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 175 nömrəli, 04 mart 2014-cü il tarixli “Vətəndaş İddiaçı Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında ticarət obyektinin tikintisinə icazə verilməsi barədə” Sərəncamına əsasən, vətəndaş İddiaçı Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozunda ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında 85,0 kv.m-lik ticarət obyektinin tikintisinə icazə verilmişdir. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 3456 nömrəli, 24 avqust 2022-ci il tarixli müqaviləyə əsasən, icarəyəverənin (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsi müavini E.Yusubov) icarəyə verdiyi ünvan ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 81.2 kv.m torpaq sahəsi icarəçi (İddiaçı) tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2016-ci il tarixli aktından görünür ki, ticarət obyektinin tikinti quraşdırma, mühəndis-kommunikasiya xətləri, xarici və daxili bəzək, abadlaşdırma işləri tam başa çatdığından ticarət obyekti istismara qəbul olunmuşdur. Qala qəsəbəsində, 3 saylı Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sağ tərəfində, RİHB-nın 75 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə vətəndaş İddiaçı tikintisinə icazə verilmiş ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı Xəzər RİHB-nın Qala qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il təvəllüdlü **********04 nömrəli məktubuna əsasən bildirilmişdir ki, qeyri-yaşayış binasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması”na uyğun istismara icazə sənədi təqdim edilməmiş, bundan əlavə obyektin tikintisinə icazə sərəncamı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmiş, həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşir. Bundan başqa, qeyri-yaşayış binasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-3167/2018 saylı inzibati iş mövcuddur, lakin yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə mütəxəssis rəyi təqdim edilmiş və göstərilmişdir : sual 1 – göstərilən qeyri-yaşayış sahəsinin binasının (1 mərtəbəli+zirzəmili) ümumi sahəsi faktiki olaraq 101.7 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi keçmiş Qala 3-nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sual -2 vahid elektron kadastr baza məlumatlarına əsasən sahə yolkənarı ümumi istifadədə olan sahədə yerləşir (Qala-Pirallahı yolundan 11.4 metr aralıda yerləşir). Mühafizə ilə bağlı aidiyyəti qurumun rəyi alınmalıdır. Sual 3- qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair sənəd təqdim edilməyib.
Məhkəmənin mövqeyi.
9. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.(152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi : Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 47. Tikinti obyektinin sifarişçisi 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir; Maddə 57. Tikinti obyektinə dair tələblər 57.1. Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.2. tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
13. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
16. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməsinə (mart 2014cü il tarixə qüvvədə olmuş redaksiyasına) əsasən yerli icra hakimiyyəti başçılarının aşağıdakı ümumi səlahiyyətləri müəyyən edilmişdir. 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; 4.18.2. Bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.
17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı»nın təsdiq edilməsi haqqında 16 sentyabr 2008-ci il tarixli, 214 №li Qərarına əsasən, istismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur: İ yüksək məsuliyyət səviyyəli; İİ normal məsuliyyət səviyyəli; İİİ aşağı məsuliyyət səviyyəli. İİ normal məsuliyyət səviyyəli bina və qurğular. 1. İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular; 2. Yaşayış evləri (12 metr hündürlüyədək* yaşayış evləri istisna olmaqla); 3. Təhsil və səhiyyə obyektləri; 4. Mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər; 5. İstehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular.
18. İş materialları ilə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi tikilinin Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilən təsnifata uyğun olaraq ikinci məsuliyyət dərəcəli qurğulara aid olması müəyyən edilir. İşin faktiki hallarına əsasən, iddiaçının istifadəsində olan qeyri-yaşayış obyekti tikinti işləri başlanılmamışdan öncə yuxarı icra hakimiyyəti orqanından (Bakı şəhər İH) müvafiq icazələr (rəy və s) alınmalı, bundan sonra tikinti işləri başlanılmalı idi. Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin 175 nömrəli, 04 mart 2014-cü il tarixli Sərəncamı ilə iddiaçıya mübahisəli ünvanda tikintiyə icazə verilsə də, bu sərəncam və Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2016-ci il tarixli aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tələblərinə zidd olduğu ücün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ücün əsas hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7-1-ci bəndinə əsasən, həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü ,76.1-ci (birinci halda), 76.2-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin 175 nömrəli, 04 mart 2014-cü il tarixli Sərəncamı ilə tikintiyə icazə verilsə də, həmin zaman (mart 2014-cü il) bu səlahiyyəti yuxarıda istinad edilən Əsasnamə ilə şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməmişdir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquqlarının mövcud vəziyyətdə və mövcud sənədlər əsasında dövlət qeydiyyatının cavabdeh tərəfindən aparılması qanun tələblərinə ziddir. Beləliklə iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunun tələblərinə uyğun olmuşdur.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
21. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir. Cavabdeh haqlı olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sol tərəfində yerləşən 85.0 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
24. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ :
İddia tələbi təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X1, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova