Məhkəmə qərarları › İş №2-1(112)-7720/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7720/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7720/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 27 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli bələdiyyəsinin inzibati ərazisində Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi (20 saylı evin yaxınlığına), döngə 1 (Yeni qaydada: AZ 1032, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsi 49) ünvanda istifadəsində olmuş 850.0 kv.m. torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixində çıxarış almışdır. Çıxarış ilk dəfə iddiaçının adına verilmişdir. Çıxarışdan da göründüyü kimi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla fərdi yaşayış evi məqsədilə verilmişdir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmış boş sahədir və hər hansi bir tikili tikilməmişdir. Lakin Əhmədli bələdiyyəsi iddiaçıya həmin torpaq sahəsinə görə hesablanmış 2141.48 manat torpaq vergisi və vaxtında ödəmədiyi üçün 900.0 manat maliyyə sanksiyası, ümumilikdə 3041.48 manat vergi bildirişi göndərmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində həmin məbləği əks etdirən 27 nömrəli Qərar qəbul edərək Xətai icra şöbəsinə məcburi qaydada icra olunması məqsədilə göndərmişdir. Xətai İcra şöbəsinin icraçıları tərəfindən isə bu barədə bildiriş iddiaçıya təqdim edilmişdir. İddiaçı qeyd edir ki, Əhmədli bələdiyyəsi onun mülkiyyətində olan bu torpaq sahasi ilə bağlı məlumatı 2024-cü ilin əvvəlində DƏKDRX-ən əldə etdikdən sonra özlərinin tərtib etdikləri torpaq vergisi hesablama qaydasında 2141.48 manat vergi hesablamış, akt tərtib edərək həmin torpaq sahəsinə göndərmiş, Qərar qəbul edərək Xətai İcra şöbəsinə göndərmişlər. İddiaçı çox hesablama aparsa da, belə hesablama qaydasının qanuni əsasını tapa bilməmışdir. Mülkiyyət sənədindən göründüyü kimi torpaq sahəsi cəmisi 850.0 kv. metrdir və həyətyanı torpaq sahəsidir. Torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu nəzərə alsaq, Məcəllənin 85.4-cü maddəsinə əsasən maliyyə ili qurtardıqdan sonra 3 il ərzində hesablana və 5 il ərzində ödəyicidən tutula bilər. 850.0 kv.m. x (Məcəllənin 206.3-cü maddəsinə əsasən) 0,6 qəpik = 5.10 manat 2021-ci il üçün 5.10 manat 2022-ci il üçün 5.10 manat 2023-cü il üçün 5.10 manat 2024-cü il üçün 5.10 manat 4 il üçün 5.10 x 4 ilə = 20.40 manat + əvvəlki 3 ilin faiz məbləği 5.59 manat = cəmi 2024cü il də daxil olmaqla 25.99 manat hesablanmalıdır.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, “X1 Sistemi” ilə “Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti” arasında yaradılmış inteqrasiya nəticəsində Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən əldə olunan Əmlak Məsələləri Dövlət Xidmətində qeydiyyatda olan bələdiyyənin ərazisi üzrə əmlaka dair reyestr məlumatlarında İddiaçı mülkiyyətində olan əmlakın və torpağın sahəsi 0,085 olaraq qeyd olunmuşdur. Buna əsaslanaraq Əhmədli Bələdiyyəsi tərəfindən İddiaçı vergi ödəyicisi kimi BAMS (X1 Sistemi) proqramında qeydiyyatı aparılmış və vergi borcu hesablanmışdır. Vətəndaşa hesablanmış vergi borcu ilə bağlı xəbərdarlıq, akt, tədiyyə bildirişinin rəsmi qaydada poçt vasitəsilə ünvanına göndərilməsinə, aktda vətəndaşın 25.01,2024-cü il tarixində Bələdiyyəyə dəvət olunmasına baxmayaraq vergi borcu öhdəliyini yerinə yetirməkdən yayınmış və bələdiyyəyə gəlməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82, 87—ci maddələrinin tələbi nəzərə alınaraq borclu İddiaçı barəsində xx.xx.2024-cü il tarixli, 27 saylı Qərar qəbul olunmuş və İddiaçı adına hesablanmış vergi borcunun Xətai rayonu Əhmədli Bələdiyyəsinin yerli büdcəsinin hesabına məcburi ödənilməsi haqqında qərar icra olunması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

4. Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 27 nömrəli Qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı (FİN 2BH2RD mülkiyyətində olan yaşayış sahəsinə görə vergi borcunun ödənilməsi üçün tədiyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində ünvan 1 ünvanında yerləşən 0,085 ha yaşayış sahəsinə görə 278,8 manat (iki yüz yetmiş səkkiz manat, səksən qəpik), torpaq vergisi 5,1 manat (beş manat, on qəpik) ötən dövrdən qalan borc 1399,1 manat (min üç yüz doxsan doqquz manat, on qəpik), o cümlədən faiz üzrə 458,48 manat (dörd yüz əlli səkkiz manat, qırx səkkiz qəpik), ümumilikdə isə 2141,48 manat (iki min yüz qırx bir manat, qırx səkkiz qəpik) borcunu ödəməmişdir. Ümumilikdə hesablanmış 2141,48 manat (iki min yüz qırx bir manat, qırx səkkiz qəpik), maliyyə sanksiyası üzrə 900,00 mant (doqquz yüz manat, sıfır qəpik), ümumilikdə 3041,48 manat (üç min qırx bir manat, qırx səkkiz qəpik) borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Əhmədli Bələdiyyəsi nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 13 may 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait” in 4 saylı əlavəsinə uyğun olaraq mülkiyyətinizdə (istifadənizdə) olan əmlak Əhmədli Bələdiyyəsində qeydiyyatdadır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin vergi anlayışı haqqında 11-ci maddəsi ilə, vergi-dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə, vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli (bələdiyyə) büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 8-ci maddəsinə əsasən fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlak (mənzil) və onların hissələri, torpaq sahələri, su və hava nəqliyyatı vasitələrinə görə hesablanmış vergilər yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 198.1.1-ci maddəsinə əsasən Əhmədli Bələdiyyəsi ərazisində yerləşən yaşayış sahələri üzrə illik əmlak vergisi aşağıdakı düsturla hesablanır. xx.xx.2023-cü il tarixdə sizə sonuncu tədiyə bildirişi göndərilmişdir. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış evinin 0,085 ha əmlak sahəsinin 2024-cü ilin 15 avqust tarixinə qədər 1 (bir) illik əmlak vergisi 278.8 manat (iki yüz yetmiş səkkiz manat, səksən qəpik), torpaq vergisi borcu 5,1 manat (beş manat, on qəpik) təşkil edir. 2020-ci ildən qalan əmlak və torpaq vergisi borcu 1399,1 manat (bir min üç yüz doxsan doqquz manat, on qəpik), Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən gecikdiriimiş hər bir gün üçün 0.1% (sıfır tam onda bir) faiz məbləği 439,46 manat (dörd yüz otuz doqquz manat, qırx altı qəpik) təşkil edir. Ümumilikdə 1838,56 manat (bir min səkkiz yüz otuz səkkiz manat, əlli altı qəpik) borcu vardır. Əmlak vergisini vaxtında ödəmədiyi üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsr’nə əsasən yerli (bələdiyyə) vergiləri müəyyən olunmuş müddətdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0,1% həcmində faiz hesablanmışdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən bələdiyyə hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri, maliyyə sanksiyasını hesablamaq hüququna malikdir. “Bələdiyyənin Vergi Xidməti Orqanı" haqqında Əsasnamənin 5-ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən bələdiyyənin vergi xidməti orqanı tərəfindən xəbərdarlıq və tədiyə bildirişi Sizə təqdim olunan gündən 10 (on) gün sonra (könüllü ödəniş istisna olmaqla) yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün Məhkəmə İcra şöbəsinə müraciət edilməsi barədə qərar qəbul edilir. Bu halda əlavə olaraq 900.00 AZN (doqquz yüz manat, sıfır qəpik) maliyyə sanksiyası və ümumi məbləğin 7% (yeddi) məbləğində məhkəmə icraçılarının vəsaiti əlavə edilir.

6. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tədiyyə bildirişinə əsasən İddiaçı münasibətdə 2023-cü il üçün əmlak vergisi 278.8 manat, torpaq vergisi 5.1 manat hesablanmışdır. Verginin ödənilmə müddəti: - xx.xx.2023-cü il tarixinədək 141.95 manat - xx.xx.2023-cü il tarixinədək 141.95 manat Ötən dövrlər üzrə vergi borcu: 1399.1 manat Faiz məbləği: 439.46 manat Ödəniləcək məbləğ: 1838.56 manat

7. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli tədiyyə bildirişinə əsasən İddiaçı münasibətdə 2024-cü il üçün əmlak vergisi 278.8 manat, torpaq vergisi 5.1 manat hesablanmışdır. Verginin ödənilmə müddəti: - xx.xx.2024-cü il tarixinədək 141.95 manat - xx.xx.2024-cü il tarixinədək 141.95 manat Ötən dövrlər üzrə vergi borcu: 1399.1 manat Faiz məbləği: 458.48 manat Maliyyə sanksiyası: 900 manat Ödəniləcək məbləğ: 3041.48 manat

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin SƏmədov küçəsi (20 saylı evin yaxınlığında, döngə 1 (Yeni qaydalarla: AZ1032, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bələdiyyə ünvanlanan məlumatlara əsasən: Əmlakın ünvanı - ünvan 5nlığında, döngə 1 Əmlakın sahəsi – 0.085 Torpaq sahəsi – 0.085 Torpağın kateqoriyası – Yaşayış məntəqələrinin torpaqları Əmlakın üzərində hüququn növü – Mülkiyyət Əmlakın yeni qaydada ünvanı - AZ1032, ünvan 6kiyyət növü – Xüsusi Qeydiyyat tarixi – xx.xx.2023 Hüququ rəsmiləşdirən şəxs – İddiaçı Hüququ rəsmiləşdirən şəxsin FİN məlumatı – xxxxxxx Hüququ rəsmiləşdirən şəxsin telefon nömrəsi – 502006690 Əmlakın ümumi sahəsi – 0.085 Əmlakın növü – torpaq sahəsi Qeydiyyat nömrəsi – ********** Reyestr nömrəsi – **********3

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü mübahisələndirməyə dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

14. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

16. Odur ki, Əhmədli bələdiyyəsinin mübahisələndirilən qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.

17. Həmin qərarın iddiaçıya cavabdeh qurum tərəfindən nə vaxt təqdim edildiyi, ümumiyyətlə iddiaçının inzibati icraata cəlb edildiyi müəyyən edilmir.

18. İddia mümkündür.

III.Tətbiq edilən hüquq

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. … Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. ... Maddə 81. İnzibati aktların icra edilməsi qaydası ... 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. ... Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. ... Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. ... Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. ... Maddə 204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

21. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: ... 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;

22. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;

23. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; ... 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; ... 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək;

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı: “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.”

25. İnzibati orqan kimi bələdiyyələr tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədləri sayılırlar. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeydən görünür ki, vergi orqanı (hazırkı halda cavabdeh) tərəfindən vergi öhdəliyi ilə bağlı o zaman məhkəmədə iddia qaldırılmalıdır ki, bu, vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması ilə əlaqədar olmuş olsun. Beləliklə, qanunvericiliyin tələblərindən aydın olur ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar həll olunur.

IV.Məhkəmənin mövqeyi

26. X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

27. Məhkəmə ilk olaraq qeyd edir ki, mübahisələndirilən qərar iddiaçının mülkiyyət hüququna müdaxilədir və həmin müdaxilə mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyır.

28. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

29. Məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən İddiaçı münasibətdə 278,8 manat məbləğində əmlak vergisi və 5,1 manat məbləğində torpaq vergisi, ötən dövrdən qalan borc 1399,1 manat, fazi üzrə 458,8 manat məbləğində borc hesablanmışdır.

30. Vergi Məcəlləsindən: 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 206.3-cü maddəyə əsasən torpaq sahəsinin hər 100 kvadratmetrinə görə həmin maddədəki cədvəldə göstərilin göstəricilərə müvafiq olaraq yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə 10000 m²dək olduqda 0,6 manat ödənilir. 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində olan Yaşayış məntəqələri yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 5nlığında, döngə 1 (Yeni qaydalarla: AZ1032, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə təqdim olunan məlumata əsasən İddiaçı mülkiyyətində 0,0850 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

32. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən torpaq vergisi hesablandığı zaman daşınmaz əmlakın (torpaq sahəsinin) iddiaçıya məxsusluğu, eləcə də ölçüləri (sahəsi – 0,0850 ha) X1 Sisteminə daxil edilmiş uçot məlumatları və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında müəyyən olunmuşdur. Odur ki, Bələdiyyə qərarının torpaq vergisinin hesablanması hissəsində qanunsuzluğu təsdiqləyən hər hansı dəlil yoxdur.

33. Digər tərəfdən məhkəmə müəyyən edir ki, İddiaçı adına qeydiyyata alınmış hər hansı fərdi yaşayış evi (bina, mənzil) mövcud deyildir. Cavabdeh tərəfindən əmlak vergisinin hesablandığı daşınmaz əmlakın iddiaçıya məxsusluğunu, eləcə də ölçülərinin (sahəsinin) müəyyən edilməsi üçün əsas götürülmüş hər hansı digər sənəd məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırki vəziyyətdə iddiaçıya münasibətdə əmlak vergisinin hesablanması mümkün deyildir və əmlak vergisinin hesablanması iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Hüququn qeydiyyatı 2023-cü ildə həyata keçirildiyindən ötən dövr üzrə ödənilməmiş hər hansı borc məbləği də mövcud ola bilmız

34. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları əmlak vergisinin, onun əsasında müəyyən edilmiş maliyyə sanksiyası və faizin hesablanması hissəsində pozulmuşdur.

35. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 27 nömrəli qərarı qismən (278,8 manat məbləğində əmlak vergisinin, 1399,1 manat məbləğində ötən dövrdən qalan borcun və 458,58 manat məbləğində faizin hesablanması hissəsində) ləğv olunmalıdır.

36. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar iclasın sədri və katibi tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən imzalanmışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 56.2-ci maddəsinə əsasən kollegial inzibati orqanın iclasının protokolu məhz iclasın sədri və katibi tərəfindən imzalanır. Qeyd edilən hal özlüyündə qərarın ləğvi üçün əsas olmasa da, sözügedən iclas protokolunun bələdiyyənin sədri tərəfindən imzalanmış olması qanunvericiliyin tələblərindən irəli gəlir və həmin hal müvafiq bələdiyyə qərarının bələdiyyə sədri tərəfindən təkbaşına qəbul edilmiş olması və bunun əsasında bələdiyyə qərarının qanunsuz olması qənaətinə gəlməyə əsas vermir.

37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 27 nömrəli qərarı qismən, 278,8 manat məbləğində əmlak vergisinin, 1399,1 manat məbləğində ötən dövrdən qalan borcun və 458,58 manat məbləğində faizin hesablanması hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar