Məhkəmə qərarları › İş №2-1(112)-7720/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7720/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7720/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 591/t nömrəli bağ sahəsi üzərində hüquqların xx.xx.2006-cı il tarixində dünyadan köçmüş miras qoyan X3 (bəzi sənədlərdə ata adı “Əmir bəy” ayrı yazılır) məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 591/t saylı, 0,12 hektar ölçülü bağ-torpaq sahəsi 1991-ci ildən iddiaçının mərhum atası X3 məxsus olmuşdur. Həmin tarixdən bağ onun qanuni və faktiki istifadəsində olmuşdur. Belə ki, iddiaçının atası ilə keçmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 16 aprel 1991-ci il tarixli, 20938 nömrəli müqaviləyə əsasən 0,12 hektar ölçülü, 591/t saylı bağ torpaq sahəsi iddiaçının atasının icarəsinə verilmişdir. Atasının xx.xx.2006-ci il tarixində vəfatından sonra bağ sahəsi miras əmlak olaraq iddiaçı tərəfindən, eləcə də qardaşı X7 tərəfindən qəbul edilmiş və onlar vərəsə kimi tanınmışlar. Bağ sahəsi halhazırda iddiaçı və onun qardaşının qanuni sahibliyində və istifadəsindədir. İddiaçı həmin bağ sahəsinin onun atasına məxsus olması barədə arayışın verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavadehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və **********06 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağın nömrəsi sxematik xəritədə əks olunmadığı və qonşu özəl bağ nömrələrinin ardıcıllığına uyğun gəlmədiyi məlum olmuşdur. Həmçinin, ümumi ərazidə hasarlanma işləri arxiv cizgisinə uyğun aparılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X1 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış bağın icarəyə verilməsi haqqında xx.xx.1991-ci il tarixli, 20938 nömrəli müqavilədən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarına əsasən X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 0,12 ha ərazisi olan 591/T nömrəli bağ sahəsi ayrılmışdır. AZ-İ seriyalı, 199107 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2006cı il tarixdə ölmüşdür. ünvan 1 ünvanlanmış 12 iyun 2024-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.1950-ci il tarixində doğulmuş və xx.xx.2006-cı il tarixində vəfat etmiş X2 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,12 hektar olan torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə qızı İddiaçı və oğlu X4 müraciəti daxil olmuşdur. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edilmiş, qızı İddiaçı və oğlu X7 vərəsə kimi tanınmışdır. Daşınmaz əmlakın təsvirinə bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüququqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair təlimatın 7-ci hissəsinə uyğun hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə arayış verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəmə sorğusuna 08 aprel 2025-ci il tarixli cavab məktbunda göstərilmişdir ki, aparılmış araşdırma zamanı X9 (Əmir bəy) oğluna məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən 591/T nömrəli bağ sahəsinə dair məlumat aşkar edilməmişdir. Cavabdehin 11 aprel 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən 591/T nömrəli bağ sahəsi dövlət torpaqları olub, yaşayış məntəqələri torpaqlarıdır. Qeyd edilən ərazi Ləhiş və Pirşağı bağ massivlərinin aralıq mövqeyində yerləşir və sxematik xəritədə bağ nömrəsi əks olunmayıb. Sorğunun icrası ilə əlaqədar olaraq Pirşağı qəsəbəsi, 591/t saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin, müayinə aktının, koordinat cədvəlinin, yaxın qonşuluqda qeydiyyata alınmış **********24(593/t saylı), **********20 (592/t saylı bağın bölünəni) reyestr nömrəli torpaq sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri və ortofoto məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı atası X3 X1 və İstismarı Birliyi ilə bağlanmış müqaviləyə əsasən ayrılmış torpaq sahəsinin atasına məxsus olması barədə arayış verilməsini istəyir. İdddiaçı öz tələbinin əsası kimi xx.xx.1991-ci il tarixli müqaviləyə əsaslanmışdır ki, həmin müqavilənin həqiqiliyi mübahisə mövzusu deyildir. Belə ki, həmin müqavilə cavabdehin arxiv sənədləri arasında da mövcuddur. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağın nömrəsi sxematik xəritədə əks olunmamış və qonşu özəl bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Həmçinin, ümumi ərazidə hasarlanma işləri arxiv cizgisinə uyğun aparılmamışdır. Qeyd edilməlidir ki, cavabdehin imtina məktubunda göstərilənlər idddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Ərazidə hasarlamanın sxematik xəritəyə uyğun aparılmaması isə iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, bu torpaqayırmanı həyata keçirən orqanların səlahiyyətlərinə aid olan bir məsələdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının istifadəsində olan ünvan 2nin mərhum X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2nin mərhum X3 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar