Məhkəmə qərarları › İş №2-1(112)-7725/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7725/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7725/2023 20.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi; əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1. maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ilin noyabr ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışdır. İstefada olan polkovnik-leytenantdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən “Güzəştli şərtlərlə əmək pensiyası” alanlar kateqoriyasına aiddir. 2009-cu ilin mayından müxtəlif dövlət təşkilatlarında çalışmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müntəzəm olaraq əmək haqqından ödənişlər həyata keçirmişdir. 2023-cü ilin 01 yanvar tarixinə şəxsi sığorta hesabında 41 min 559,06 manat vəsait yığılmışdır. 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqinda” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci bəndinə əsasən: “yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göstərilənlərlə əlaqədar olaraq birinci dəfə 2022-ci ilin fevral ayında, ikinci dəfə isə bu ilin yanvar ayında cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqinda” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı nəzərə alınaraq pensiyanın yenidən hesablanaraq ödənilməsi xahişi ilə müraciət etmişdir. Hər iki müraciətinə cavab olaraq 26.04..2022 il tarixli **********4 və xx.xx.2023-cü il tarixli 3-17-İ/2-Q- 37084/2023 nömrəli məktublarda əmək pensiyasının 1581,60 manat məbləğində olmaqla aşağıdakı tərkibdən ibarət olduğu göstərilmişdir: - əmək pensiyasının sığorta hissəsi - 291,16 manat; - qulluq stajına görə əmək pensiyanıza əlavəniz - 1290,44 manat. Bunu “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 02 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsi” ilə əsaslandırırlar və əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində yığılan 41,559.06 manat (2022-ci ildə müraciət tarixinə 24065,94 manat) pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiyanın yenidən hesablanması müvafiq olaraq belə qeyd edilmişdir: Qeyd olunanları nəzərə alaraq, 24065,94 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 112 (24065,94:112 (65 il-61 il 8 ay=40 ay+(144 ay-72 ay)=214,87 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (291,16 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 506,03 (291,16+214,87) manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, qulluq stajına görə əlavənin məbləği (1290,44 manat) həmin artım qədər (214,87 manat) azaldılmışdır. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 506,03 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1075,57 (1290,44- 214,87) manat təşkil edir. Cavabdehin onun 24065,94 manat pensiya sığorta kapitalı olmağına baxmayaraq, pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablandıqdan sonra heç bir artım olmur. Cavabdehin hesablamaları əsassız və qanunsuzdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin pensiyanın yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli **********4 və xx.xx.2023cü il tarixli, 3-17-İ/2-Q-37084/2023 nömrəli qərarlarının ləğv edilməsi; əmək pensiyası təyin edildikdən sonra pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin pensiyanın yenidən hesablanması barədə xx.xx.2022 il tarixli **********6 nömrəli qərarının ləğv edilməsi; əmək pensiyası təyin edildikdən sonra pensiyaçı əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatina imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı xx.xx.2008-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1581,60 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib:

1. Əmək pensiyasının sığorta hissəsi - 291,16 manat;

2. Qulluq stajına görə əmək pensiyasına əlavə - 1290,44 manat. E.X4 Filialına əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 24065,94 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin 24065,94 manat nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 37.3.1 -ci, 29.2-ci və 45-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə, Azərbaycan Resbublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli müvafiq Qərarına “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci, 65.3.3-cü və 65.3.4-cü maddələrinin tələblərinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 1 mart 2022-ci il tarixdən İddiaçı

1. Əmək pensiyasının sığorta hissəsi - 506,03 manat;

2. Qulluq stajına görə əmək pensiyasına əlavəsi - 1075,57 manat təşkil edib. Göründüyü kimi, əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra İddiaçı topladığı pensiya sığorta kapitalına və həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb, yəni sözügedən pensiya sığorta kapitalı iddiaçının müraciətinə əsasən istifadə olunub. Qeyd edilən səbəbdən, iddiaçının xx.xx.2022-ci il tarixdə sonuncu dəfə işdən azad olunduğu tarixdə topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X2 mövcud olan məlumatlara əsasən İddiaçı əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən, onun əmək pensiyası xx.xx.2022-ci il tarixdən sonra topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən və ya işləyən əmək pensiyaçısı kimi (xx.xx.2022-ci il tarixdən) 6 il keçdikdən sonra baxıla bilər. “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçıya təyin edilmiş əmək pensiyası həmin tarixdən etibarən 1739,76 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı təyin edilmiş əmək pensiyası xx.xx.2023-cü il tarixdən 1995,50 manat məbləğində hesablanmaqla müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının (yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Qanunun 29.2-ci maddəsinin ləğvi Azərbaycan Respublikasının 149-cu maddəsində nəzərdə tutulan hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olmayıb. Bu dəyişikliklər sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir. Sözügedən dəyişiklik sadəcə hesablanma qaydasındadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair" 2014-cü il 28 yanvar tarixli Qərarına əsasən vəziyyət (status)" kateqoriyası qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. Hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar" dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Qeyd edilən səbəbdən, pensiya kapitalına əsasən pensiyanın sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Göstərilənlərə əsasən müəyyən olunur ki, Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, lazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Göstərilənlərə əsasən İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin Mərkəzi Filiala müraciət etdiyi tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği sığorta hissəsindəki artımlar qədər azaldılmaqla yenidən hesablanmışdır. Göstərilənlərə əsasən İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin Mərkəzi Filiala müraciət etdiyi tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği sığorta hissəsindəki artımlar qədər azaldılmaqla yenidən hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-Q-37084/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 21 noyabr 2008-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1581,60 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: - əmək pensiyasının sığorta hissəsi - 291,16 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə - 1290,44 manat. Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı 28 fevral 2022-ci il tarixdə müraciət edilmişdir. Belə ki, əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 24065,94 manat pensiya sığorta kapitalı qeydə alınıb. Həmin 24065,94 manat nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli müvafiq Qərarına və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci, 65.3.3-cü və 65.3.4-cü maddələrinin tələblərinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 01 mart 2022-ci il tarixindən: - əmək pensiyasının sığorta hissəsi - 506,03 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə - 1075,57 manat təşkil edib. Göründüyü kimi, əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına və həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb, yəni sözügedən pensiya sığorta kapitalı müraciətə əsasən istifadə olunub. Buna görə də 01 mart 2022-ci il tarixinə sonuncu dəfə işdən azad olunduğu tarixə topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X2 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının 1 mart 2022-ci il tarixindən sonra topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əmək pensiyasının yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən və ya işləyən əmək pensiyaçısı kimi (1 mart 2022ci il tarixdən) 6 il keçdikdən sonra baxıla bilər. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 1739,76 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən hesablanmaqla 1995,50 manat məbləğində müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 21 noyabr 2008-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1581,60 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: - əmək pensiyasının sığorta hissəsi - 291,16 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə - 1290,44 manat. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. "Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən “gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 -ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 24065,94 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 24065,94 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 112 (24065,94:112 (65 il-61 il 8 ay=40 ay+(144 ay-72 ay)=214,87 manat) aya bölünərək əmək pensiyanın sığorta hissəsinin (291,16 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 506,03 (291,16+214,87) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (1290,44 manat) həmin artım qədər (214,87 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 506,03 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1075,57 (1290,44-214,87) manat təşkil edir. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 158,16 manat maddi yardım ödənilir. İddiaçı məxsus 047419 saylı əmək kitabçasından görünür ki,xx.xx.1978-ci il tarixdən xx.xx.2008-ci il tarixədək hərbi xidmətdə qulluq etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2008-ci il tarixli 0347 nömrəli əmri (156-cı maddəsinin “b” bəndinə (yaşa görə) tərxis olunmuşdur. Nərimanov rayon hərbi komissarlığında qeydiyyatdadır. xx.xx.2009-cu il tarixdə texniki şöbəyə rayon mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2013-cü il tarixdə (AHMR № 45; xx.xx.2013-cü il) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin tədris şöbəsinin ümumqoşun və atəş hazırlığı kafedrasında müəlim vəzifəsinə işə qəbul edilmişdir (№ 36; xx.xx.2013-cü il). xx.xx.2014cü il tarixdə (AHMR № 232; xx.xx.2013-cü il) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin tədris şöbəsinin ümumqoşun və atəş hazırlığı kafedrasında müəlim vəzifəsindən öz xahişi ilə işdən azad edilmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə xx.xx.2014-cü il tarixdə 242 saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən hərbi mühəndis kafedrasının döyüşün mühəndis təminatı silsiləsində baş müəllim vəzifəsinə (kadr zabit heyəti ilə komplektləşdirilənədək) işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə 55 saylı xx.xx.2016-cı il tarixli əmrə əsasən təşkilati ştat struktur dəyişikliyi ilə əlaqədar hərbi mühəndis kafedrasının texniki hazırlıq silsiləsinə baş müəllim vəzifəsinə (kadr zabit heyəti ilə komopleksləşdirilənədək) təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə həmin kafedranın döyüşün təminatı silsiləsinə xx.xx.2019-cu ilə kimi (kadr zabit heyəti ilə komplektləşdirilənədək) keçirilmişdir. xx.xx.2019-cu il tarixdə 42 saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən həmin kafedranın texniki hazırlıq silsiləsində baş müəllim vəzifəsinə xx.xx.2019-cu il tarixədək təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə 230 saylı xx.xx.2019-cu il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə 102/51k saylı xx.xx.2019-cu il tarixli Qərbi Kaspi Universitetində “Pedaqogika, psixologiya və hüquq kafedrası”nın müəllimi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdə 65/k saylı xx.xx.2010-cu il tarixli əmrə əsasən Universitetin “Pedaqogika, psixologiya və hüquq kafedrası”nın müəllimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə xx.xx.2021-ci il tarixdə 1/322 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən sosial-siyasi elmlər kafedrasına 1,0 ştat vahidi müəllim vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda müəllim vəzifəsində işləyir. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan xx.xx.2009-cu il tarixli, 59713 saylı məlumat vərəqinə əsasən İddiaçı hərbi rütbəsi polkovnik-leytenant, vəzifəsi AAHM kafedra rəisinin müavini, təqvimi xidmət illəri 30 il 1 ay 10 gün, iş stajı yoxdur, güzəştli xidmət illəri 7 il 6 gün, cəmi iş stajı və xidmət illəri 37 il 1 ay 16 gün, tərxis olduğu tarix xx.xx.2008-ci ildir (tərxis olunduğu maddə 156V. Yaşa görə). Cəmi pul təminatı 747,59 (yeddi yüz qırx yeddi manat 59 qəpikdir). Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 09/444 saylı xx.xx.2009-cu il tarixli İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaşa görə ailə üzvünə xx.xx.2008-ci il tarixdən ömürlük tarixə kimi 758,60 manat pensiya təyin edilmişdir (və ya pensiya payı ayrılmışdır). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********6 nömrəli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 1581,60 manat, hesablamadan sonra xx.xx.2022-ci il tarixli **********6 saylı qərar ilə 1581,60 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, həmin qərara əsasən, pensiyanın hesablanması iddiaçının hüquqi marağına uyğun olmayan fərqli qaydada, yəni pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla (sığorta kapitalı sıfırlanmaqla) hesablandığından pensiya məbləği azalmış və iddaçıya münasibətdə hüquqi nəticə yaranmışdır. İddiaçının əmək pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğində dəyişiklik baş verməsə də, həmin qərarla pensiyanın hesablaması qaydası iddiaçının marağına uyğun olmadığından iddiaçı üçün hüquqi nəticə yaradır. İddianın növü qərarın ləğvi hissəsində mübahisələndirmə, pensiyanın yenidən hesablanması hissəsində öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); İddia tələbi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarından: - hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə: - 29.2-ci maddə ləğv edilmiş; - 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra“, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilmiş; - 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun keçid müddəalarına əsasən müəyyən edilmişdir ki: 2.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir. 2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 29.2-ci maddəsinin redaksiyasına əsasən Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (hazırda qüvvədən düşmüş) 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimidir: - 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. - xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 37.3.1-ci maddə aşağıdakı yeni redaksiyada verilmişdir. 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Əvvəlki redaksiyada deyilirdi: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; Məhkəmə qeyd edir ki, cavabdehin imtina və etirazda qeyd etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır” maddəsi “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Bu səbəbdən iddiaçının əmək pensiyası 29.2-ci maddəsinin şərtləri nəzərə alınmadan yenidən hesablanmalıdır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. xx.xx.2008-ci il tarixdən ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdən hal-hazıradək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, iddiaçı 6 il və daha çox işləyərək hazırda işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 24065,94 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Cavabdehin qurumun etirazı onunla əsaslandırılmışdır ki, sonrakı artımlar nəzərə alınmaqla iddiaçıya əmək pensiyası 1581,60 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: - əmək pensiyasının sığorta hissəsi - 291,16 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə - 1290,44 manat. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 29.2-ci maddə ləğv edilmişdir. İddiaçının pensiya hüququ xx.xx.2008-ci il tarixdə yaranmışdır və müraciət etdiyi tarixədək 6 il və daha çox işlədiyi müəyyən edildiyindən həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş Qanunun keçid müddəalarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilsə də, keçid müddəalarında (2.3-cü maddə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiqini (yəni qanunun retroaktiv olaraq tətbiqini) istisna etmişdir. Lakin iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixədək yarandığı üçün əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********6 saylı qərarı ləğv edilsin. İddiaçı əmək pensiyasının pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar