Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7725/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və AR Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “avtomobilin geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) və AR Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qanunsuz saxlanılan avtomobilinin geri qaytarılması öhdəliyinin Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması və ona dəymiş zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslanıdırılmışdır ki, iddiaçının istifadə etdiyi “Mercedes Benz” markalı, HH612FF Gürcüstan nömrəli avtomobil Kürdəmir postunda DYP əməkdaşları tərəfindən 10 mart 2024-cü il tarixdə saxlanılaraq cərimə meydançasına aparılmışdır. Bunu isə xarici dövlət nömrəli avtomobillərin çıxarılması ilə bağlı rəhbərlik tərəfindən əmr verilməsi ilə əsaslandırmışdır. xx.xx.2024-cü il tarixdə qeyd edilən avtomobil DGK-nə təhvil verilmiş,o vaxtdan bu günə kimi isə hər hansı məlumat verilməmişdir. İddiaçıya qeyri-rəsmi olaraq avtomobili quru sərhədlərinin bağlı olması səbəbilə evakuasiya avtomobili ilə çıxarılmalı olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, bu tipli hərəkətlərin heç bir normativhüquqi əsası yoxdur və o, 1 ildir ki, əmlakından istifadə edə bilmir. Yeganə qazanc mənbəyi isə həmin avtomobilin idarə edilməsindən gəlirdi. Qeyd edilənlərlə bağlı bir neçə dəfə DYP və DGK-yə müraciət etsə də, nəqliyyat vasitəsinin iddiaçıya qaytarılmasından imtina edilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə müvafiq olaraq, iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına iştirak etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq iddianın ərazi adiyyəti məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı işin ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli, 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd olunan Qanunun 2.2-ci maddəsinə əsasən, bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı onun əsasən yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. İş materiallarında olan sənədlərdən və iddiaçının şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda, hazırkı iş üzrə ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı kimi göstərilmiş yaşadığı yer üzrə müəyyən edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Qazax rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir (16.12.). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İş materiallarında olan sənədlər və iddiaçının məhkəmə iclasında verdiyi izahatla müəyyən edilmişdir ki, iddiaçının əsas məqsədi istifadəsində olmuş və hazırda yol patrul xidməti tərəfindən duracaqda saxlanıldığını bildirdiyi nəqliyyat vasitəsinin qaytarılması və həmin nəqliyyat vasitəsinin saxlanılması nəticəsində cavabdeh inzibati orqanlar tərəfindən ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir. Məhkəmə iddianın mümkünlüyünə toxunmadan hesab edir ki, iddia tələbi ilk baxışdan mahiyyətcə öhdəliyin icrası növünə uyğun gəlir. Belə olan halda, cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan, iddiaçının yaşayış yeri Qazax rayonu olduğundan işin aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin sonuncu cümləsinə uyğun həll edilməli və hazırkı inzibati iş baxılması üçün iddiaçının yaşadığı yerə görə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə hazırkı mübahisə üzrə müvafiq prosessual hərəkətlərin ərazi aidiyyəti üzrə göndərildiyi məhkəmədə edilməsinin səmərəliliyini nəzərə alaraq iddianın mümkünlüyünə (yaxud iddianın dəyişdirilməsinə) münasibət bildirməyə və iddiaçıya müvafiq hüquqi təkliflərin verilməsinə zərurət görmür. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.2.3, 8.1.2, 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və AR Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “avtomobilin geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7725/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7725/2025
18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver