Məhkəmə qərarları › İş №2-1(112)-773/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-773/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-773/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə hüquqların qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, AK.H.Əliyev küçəsi ev 33, mənzil 10-a dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciəq etdərək Bakı şəhəri, AK.H.Əliyev küçəsi ev 33, mənzil 10-a dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 03.03.2021-ci il tarixli **********96 saylı cavab məktubu ilə bildirilmişdir ki, iddiaçının müraciətin göstərdiyi məsələyə dair imtina verilir. İddiaçı hesab edir ki, inzibati orqanın verdiyi imtina əsassızdır. Belə ki, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında 4 otaqlı mənzil iddiaçı tərəfindən müvafiq qaydada ödəniş edilərək əldə edilmişdir. Yaşayış binası 15 ildən artıqdır ki, istifadəyə verilib, tam yaşayışlıdır və bir çox sakinlərin hüquqları qeydiyyata alınaraq çıxarışlar verilmişdir.

3. İddiaçının hüquqlarının qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı qeyd olunan daşınmaz əmlak yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikintilayihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.

4. Məhkəmənin hazırki iş üzrə 29.03.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə hesab edir ki, üçüncü şəxsin hazırki inzibati işdə iştirakı adi cəlbetmə qaydasında nəzərə alınmalıdır.

5. Cavabdeh qurum tərəfindən imtinanın məzmununa uyğun iddiaya verilən etirazda bildirilir ki, Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən çöxmənzilli yaşayış binasının istismarına icazə sənədləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Bundan əlavə, çöxmənzilli yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim olunmamışdır. Həmçinin, təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014 -cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əlavə olunmalıdır. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X7 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş" Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” barəsində icazə tələb olunan, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri orqanları tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Həmin Qaydanın 5.5,-ci maddəsinə əsasən tikinti obyektində tikintiquraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir; 6-cı maddəsinə əsasən tikintisi başa çatmış obyektin istismarına icazə verilməsi: 6.1.tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən .

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünküyü

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

9. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

14. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar

19. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, sözügedən ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının istismara qəbul edilməsinə dair məlumat Komitədə yoxdur. Eyni zamanda bildirilmişdir ki, müvafiq yaşayış binasının istismara hazır olması barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən müsbət rəy Komitəyə təqdim edilmədiyindən sözügedən yaşayış binası “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanın icrası çərçivəsində istismara qəbul edilməmişdir.

20. ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının tikintisinə və istismarına dair sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazi tikinti-planlaşdırma mərkəzi tərəfindən "xxxx" MTK-ya məxsus yaşayış binasının tikintisinə dair Mərkəzin arxivində olan sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Qeyd edilən sənədlərə əsasən müəyyən olunur ki: Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərinə dair 15.04.2015-ci il tarixli № 088 xüsusi nişan verilmişdir. Həmin sənəddən görünür ki: -Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 945 saylı məhəllədə yaşayış binasının /18 mərtəbəli (+texmərtəbə) 2 girişli (1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirəmi mərtəbəsi yeraltı avtodayanacaq və texniki sahə) tikintisinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 sentyabr 2003-cü il tarixli, 466 saylı sərəncam (bənd 5), 13 fevral 2015-ci il tarixli, 51 saylı və 14 yanvar 2015-ci il tarixli 13 saylı sərəncamlar verilmişdir; -Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Memarlı və Şəhərsalma Baş İdarəsinin 20 oktyabr 2014-cü il tarixli 18/04-427 saylı məktubu ilə razılaşdırılmışdır. -Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza İdarəsinin 09 dekabr 2014-cü il tarixli, 25/240-03054 saylı məktubu və 8 dekabr 2014-cü il tarixli, 19273 saylı rəyi ilə tikinti layihəsi üzrə müsbət rəy verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 945 saylı məhəllədə yaşayış binasının layihə sənədləri təsdiq olunmuşdur.

21. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən vətəndaş İddiaçı adına verilmiş 14.06.2002-ci il tarixli, 000795 nömrəli orderin təsdiqlənmiş kserosurəti təqdim edilmişdir. Qeyd edilən orderə əsasən, Bakı şəhəri, İnqilab küçəsi ev 33, mənzil 10-da (giriş 1; mərtəbə 6; otağın sayı 4; 61,41 kv.m.) İddiaçı 4 nəfər ailə tərkibi ilə birlikdə yaşamaq hüququ var. Orderin verilməsi üçün əsas BŞİH-nin 07.06.2002-ci il tarixli №372 sərəncamı. Əsas: Fond -503, siyahı - 2, saxlama vahidi -40.

22. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, Nərimanov rayonu X11 küçəsi, 945-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 466 nömrəli 18 sentyabr 2003-cü il tarixli Sərəncamı ilə “X9” MMC-yə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icarə əsasında torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində “X10” MMC tərəfindən 3 girişli 8 mərtəbəli binalar Fövqəladə Hallar Nazirliyi yaranmamışdan əvvəl inşa edilmiş və bu səbəbdən onların tikintisinə dövlət nəzarəti tərəfimizdən həyata keçirilməmişdir. Qeyd olunan binalar istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunur.

23. Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 33 ünvanında yerləşən binada hər hansı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məhkəmə sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 33, 4 saylı mənzil 15.08.2002-ci il tarixində X3 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri, 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 09.08.2007-ci il tarixli mənzil bağışlanması müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2290/2020 saylı 08.06.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 33. 4 saylı mənzilə dair X3 adına verilmiş 15.08.2002-ci il tarixli, ÖM seriyalı 15.08.2002-ci il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2157/2021 saylı, 15.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən sözügedən ünvana dair X4 adına verilmiş, MH seriyalı, ******* nömrəli, 15.08.2007-ci il tarixli çıxarış ləğv edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi,33 saylı binada başqa mənzillərin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

24. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2290/2020 saylı 08.06.2020-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas olmuş order etibarsız hesab edildiyindən mülkiyyətçinin (X5) adına həmin mənzilə dair aparılmış qeydiyyat qüvvəsini itirmişdir və bunun əsasında verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilməlidir. IV. Məhkəmənin mövqeyi

25. Cavabdeh qurumun imtinası tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməməsi ilə bağlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna qeyd edilən yeni məzmunda 8.0.9-cu, 8.0.10-cu, 8.0.11-ci maddələr 24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir.

27. X14 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

28. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

29. Məhkəmə hazırki iş üzrə araşdırmanı X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

30. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

31. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi isə Azərbaycan Respublikasının 16 dekabr 2005-ci il tarixli sərəncamı əsasında yaradılmışdır. Qeyd edilən mənzilə dair iddiaçıya müvafiq order Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən 2002-ci ildə verilmiş, həmin order hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir. Mənzil 20 ildir ki, iddiaçının qanuni sahibliyindədir.

32. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, qeyd edilən bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaranmamışdan əvvəl inşa edilmiş və bu səbəbdən onun tikintisinə dövlət nəzarəti həmin qurum tərəfindən həyata keçirilməmiş, həmin bina istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunur (qeyd edilən hallar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəmə sorğusuna verilmiş cavaba əsasən müəyyən olunur). Bina özbaşına inşa edilməmiş, səlahiyyətli qurum tərəfindən müvafiq topraqayırma qərarı, tikintiyə icazə sənədi və layihə sənədləri təsdiq olunmuşdurİddiaçı binanın sifarişçisi olmamış, odur ki, istismara icazə sənədlərinin təqdim edilməsi iddiaçı tərəfindən təmin oluna bilməz. Məhkəmə eyni zamanda nəzərə alır ki, hazırda binanın müvafiq tikinti norma və qaydalarına əsasən inşa olunmaması və ya istismara icazə sənədi mövcud olmadığına görə sökülməsi ilə bağlı hər hansı inzibati icraat aparılmır və ya aidiyyəti dövlət orqanı tərəfindən qaldırılmış iddia yoxdur.

33. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X14 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

34. Məhkəmə daşınmaz əmlakın inventarlaşdırmasının və qeydiyyata alınmasının sənədləşdirilməsinin lazımi qaydada aparılmalı olduğu qənaətindədir. Lakin qeyd edilən hərəkətlərin aparılması hüquq sahiblərinin üzərinə ona aid olmayan və həddən artıq yük qoyulması ilə nəticələnməməlidir.

35. Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etinarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, AK.H.Əliyev küçəsi ev 33, mənzil 10 üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar