Məhkəmə qərarları › İş №2-1(112)-7733/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7733/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7733/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin yarandığı tarixdən yəni 2021-ci ildən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barəfə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X7 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən təyin olunmuş əlilliyin təyin olunması tarixinin dəyişdirilərək xx.xx.2021-ci ildən müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xəstəliyi ilə əlaqədar uzun müddətdir ki, ikinci qrup əlillik təyin edilmişdir. Ona 2006-ci ildən əlillik dərəcəsi təyin edilmiş və hər ay müavinət ödənilmişdir. 2021-ci ilin may ayında əlilliyə görə aylıq müavinəti dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun yenidən həkim müayinəsindən keçirilməsi tələb edilmişdir. Həkim müayinələrindən keçirilərək xəstəliyinin bərpa olunması mümkün olmadığından əlilliyinin bərpası olunması mümkün olmamışdır. Bu barədə müxtəlif xəstəxanalardan müayinələr keçirilmişdir. Onun xəstəliyinin bərpa olunmaması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həkim epiqrizləri təqdim olunsa da süründürməçiliyə məruz qaldığından əlilliyə görə aylıq müavinəti bərpa edilməyərək ödənilməmişdir. Bu barədə, dəfələrlə müraciət etməsinə baxmayaraq 2022-ci ilin aprel ayından bərpa edilmiş lakin, dayandırıldığı vaxtdan yəni 2021-ci ilin may ayından bərpa edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının ilk dəfə əlillik vəziyyətinə 8 saylı Şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99-Sinir sisteminin digər pozğunluqları =>G99*-Sinir sisteminin digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə digər pozğunluqları => G99.8*- Digər...; Diaqnozun mətni: Diskogen (C4-D2) radikulopatiya davamlı kökcük sindromu ilə vertebro bazilyar çatmamazlıq tez tez baş verən krizlərlə..; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti illərdə müddətli əlillik təyinatı verilmişdir. Sonuncu dəfə Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamış başqa pozğunluğu; Diaqnozun mətni: Dissirkulyator ensefalopatiya vertebro bazilyar hövzədə xr qan dövranı çatmamazlığı və tez tez baş verən vegetativ damar krizləri ilə. Diskogen radikulopatiya davamlı kökcük ağrı sindromu ilə. Hipertoniya xyi İİ mərhələ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra Bakı X8 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G45 - Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və oxşar sindromlar => G45.0 - Vertebrobazilyar a...; Diaqnozun mətni: Əsas diaqnoz G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebra bazilyar hövzədə qan dövranının xroniki pozğunluğu. Hipertenzion ensefalopatiya. Koordinator-statik pozulmalar Ağırlaşma G11.2 Gecikmiş beyincik ataksiyası, Koordinator-statik pozulmalar Ağırlaşma İ67.4 Hipertenziv ensefalopatiya, Hipertenzion ensefalopatiya Ağırlaşma F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Yerişin çətinləşməsi; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var.” səbəbi ilə imtina verilmişdir. Bakı X8 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G45 - Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və oxşar sindromlar => G45.0 - Vertebrobazilyar a...; Diaqnozun mətni: G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebra bazilyar hövzədə qan dövranı xroniki pozğunluğu Ağırlaşma 167.4 Hipertenziv ensefalopatiya,. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları,. Ağırlaşma G45 Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, Vertebra bazilyar hövzədə xroniki pozğunluğu. Ağırlaşma G11.2 Gecikmiş beyincik ataksiyası, Koordinator statik pozulmalar Ağırlaşma F48.0 Nevrasteniya, Astenonevrotik sindrom Ağırlaşma 167.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Xroniki beyin qan dövranı pozğunluğu Ağırlaşma G54.2 Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, Kökcük ağrı sindrom Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen boyun radikulopatiya Yanaşı xəstəliklər M05 Seropozitiv revmatoid artrit, İİ mərhələ Yanaşı xəstəliklər M17 Qonartroz [diz oynağının artrozu],. Yanaşı xəstəliklər Z40 Profilaktik cərrahi müdaxilə, Düyünlü ura görə cərrahi əməliyyat Yanaşı xəstəliklər N 85.0 Endometrinin vəzili hiperplaziyası, Uşaqlığın fibromioma əməliyyatından sonrakı vəziyyət Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi 2-ci mərhələ; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Daha sonra X8 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında vətəndaşın Agentlik tərəfindən əyani müayinəsi həyata keçirilmiş və müayinə aktına əsasən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci bəndinə uyğun olaraq ümumi xəstəlik səbəbilə 2-ci dərəcə müddətsiz əlillik dərəcəsi müəyyən olunmuşdur. Əyani müayinənin nəticəsi Əlillik altsisteminə işlənərək Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G10-G13 - Əsasən mərkəzi sinir sistemini zədələyən sistemli atrofiyalar => G11 - İrsi ataksiya => G11.2 - Gec beyincik ataksiyası; Diaqnozun mətni: Gecikmiş beyincik ataksiyası, Koordinator statik pozulmalar. Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, Kökcük ağrı sindrom. Qonartroz [diz oynağının artrozu], Hər iki diz oynağının artrozu.Nevrasteniya, Asteno-nevrotik sindrom.Hərəkətin və yerişin pozulmaları, hərəkət məhdudluğu.Vertebrobazilyar arterial sistem sindromu, Vertebra bazilyar hövzədə xroniki pozğunluğu. Hipertenziv ensefalopatiya.; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi İddiaçı Bakı X8 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin əlavə ixtisaslaşmiş stasionar müayinə və müalicəyə ehtiyaci var” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirmə əyani müayinə aktı ilə aparılaraq göstərilən səbəb aradan qalxdıqdan sonra isə ona X8 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci ildən müddətsiz əlillik dərəcəsi verilmişdir. Bu səbəbdən də də, iddiaçının əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən qeyd olunması tələbi əsassız və qanunsuzdur. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim - məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Həmçinin İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatı barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o xx.xx.2023-cü ildə, yəni təxminən 1 il sonra əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. PM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. İddianın mümkün sayılmaması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndəsi X6 məhkəmə iclasında məhkəməyə təqdim edilmiş etiraza uyğun verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; İPM: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki tələblə əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, daha sonra isə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0004 №-li, xx.xx.2016-cı il tarixli müayinə məlumatının surətindən müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə ümumi xəstəliklə ikinci dərəcə əlillik təyin olunmuşdur. TSEK-in diaqnozu: Dissirkulyator enesfalopatiya vertebro bazilyar xr qan dövranı çatmamazlığı və tez-tez baş verən vegetativ damar kirizləri ilə. Diskogen radikulopatiya davamlı kökcük ağrı sindirimo ilə. Hiporteniya xyi İİ mərhələ Əlilliyin müəyyən olunması meyarı; 2.2 ikinci dərəcə əlillik=>2.2.12 Sinir sisteminin müxtəlif (travma, infeksiya, xronikiintoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları.. Əmək zəmanəti barədə: Əsəb gərginlikli iş əks göstərişdir. Tibbisosial yardım və reabilitasiya vasitələri təyin edilmir. Növbəti müayinə tarixi xx.xx.2021-ci il. 8 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 27009003AACZ3 saylı göndərişinə əsasən Tibbi Sosial Ekspert Komissiyasının cavabında qeyd olunmuşdur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı əlillik və sağlamlıq imkanının məhdudluğu təyin olunmamışdır. TSEK-in cavabı- Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması Xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var. Bakı X8 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış göndərişin natamam doldurulması – “Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xxxxxxx0009 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə müddətsiz, ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik dərəcəsinin təyin edilməsi üçün diaqnoz: Gecikmiş beyincik ataksiyası, kordinator statik pozulmalar. Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, kökcük ağrı sindrom. Qonartroz (diz oynağının artrozu), hər iki dizoynağının artozu. Nevrasteniya, Asteno-nevrotik sindrom. Hərəkətin və yerişin pozulmaları, hərəkət məhdudluğu. Vertebrobazilyor arterial sistem sindromu, Vertebro bazilyar hövzədə xroniki pozğunluğu. Hipertenziv ensefalopatiya. Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcə əlillik = >2.2.9.qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyasının pozuntuları ilə müşayiət olunan baş beyinin və sinir sisteminin müxtəlif mənşəli xəstəliklər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı **********4 №-li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2022-ci il tarixində daxil olmuş müraciətinə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Araşdırma məlumatına əsasən bildirilmişdir ki, onun əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən dayandırılıb. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir. Əlillik vəziyyəti qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixindən əlillik müəyyən edilmişdir. Ona pensiya ödənişi xx.xx.2022-ci il tarixindən bərpa edilmişdir. Müraciətində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 3-17-7/2-M-21327/2023 saylı xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 2-ci dərəcə əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə 327.21 (Üç yüz iyirmi yeddi manat iyirmi bir qəpik) manat əmək pensiyası alır. DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 3-17-1/2- M-117059/2023 saylı, xx.xx.2023-cü il tarixli məlumatdan müəyyən olunur ki, İddiaçı 2021ci ilin yanvar ayı 233,20 manat, fevral ayı 286.36 manat, mart ayı 259,78 manat, aprel ayı 259.78 manat, may ayı 259.78 manat, iyun ayı 259.78 manat; 2022-ci ilin avqust ayı 489.42 manat, sentyabr ayı 489.42 manat, oktyabr ayı 539.42 manat, noyabr 268.61 manat, dekabr 268,61 manat ödəniş olmuşdur. Tətbiq ediən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X9 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

Məhkəmənin mövqeyi. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçıya elektron təyinatla xx.xx.2015-ci il tarixli göndəriş əsasında beş il müddətinə əlillik dərəcəsi təyin olunmuş, həmin müddətin bitməsi ilə əlaqədar 8 nömrəli Şəhər Poliklinikası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri X8 1 nömrəli Şəhər Poliklinikası tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli göndərişlər əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmiş, daha sonra X8 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və 18 aprel 2022-ci il tarixdən ona müddətsiz İİ dərəcə əlillik təyin olunmuşdur. Halbuki qanunvericiliyin tələbinə görə şəxsin (hazırki halda iddiaçının) əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən (hazırki halda xx.xx.2021-ci) 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilməli idi. Qanunvericiliyin tələbindən də göründüyü kimi, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq, iddiaçıya beş il müddətinə təyin olunmuş əlillik müddətinin bitməsi ilə əlaqədar (əlillik müddəti bitdikdən sonra 6 ay ərzində) göndərilmiş göndərişlər əsasında müxtəlif səbəblərlə əlilliyin təyin olunmasından imtina edilmiş, daha sonra isə xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılaraq eyni diaqnozla 18 aprel 2022-ci il tarixdən İİ dərəcə əlillik dərəcəsi təyin olunmuş və bununla da iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sosial təminat almaq hüququ pozulmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Qanunvericiliyin tələbinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. xx.xx.1966-cı ildə doğulmuş İddiaçı xx.xx.2022-ci il tarixdən təyin olunmuş ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlilliyin tarixinin dəyişdirilərək xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar