Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7737/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X7) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə qarşı X3 və X4 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 52 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Y/M “AB” massivi, ev 16, mənzil 52 DƏDRX tərəfindən verilmiş 16 avqust 2018-ci il tarixli RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən iddiaçının (İddiaçı) mülkiyyətindədir. X1 onun keçmiş arvadı olmuş, iddiaçı onunla 10 noyabr 2018-ci il tarixdə rəsmi nikahla ailə münasibətlərinə daxil olmuş, birgə nikahdan onların övladı olmamışdır. 7 iyun 2019-cu il tarixində rəsmi olaraq nikaha xitam verilmişdir. Digər vətəndaş X2 mülkiyyətçinin qohumlarından biri olmuşdur və hal hazırda hər ikisi iddiaçıya məxsus olan mənzildə qeydiyyatdadır. Halbuki, X1 1 ildən artıqdır ki, qeydiyyatda olduğu ünvanda yaşamır və faktiki olaraq qeydiyyatı formal xarakter daşıyır. Digər vətəndaş X9 isə bir neçə ildir ki, həmin mənzildə yaşamır və faktiki olaraq onun qeydiyyatı da formal xarakterlidir. Adıçəkilən şəxslər ona məxsus evdə yaşamamasına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günədək çıxmamışlar. Bu da mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasma, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Onların iddiaçının mülkiyyətində olan mənzilə pasport qeydiyyatından çıxarılması üçün cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə müraciət edilsə də, cavabdeh 2 iyun 2021-ci il tarixdə müraciətdə qaldırılan məsələnin həllindən imtina etmiş və məhkəməyə müraciət olunmasını izah etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 157.4-cü maddələrinə, İPM-in 2.2.3-cü maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 4, 149, 150-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Y/M “AB” massivi, ev 16, mənzil 52-dən X3 və X4 qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X6 və X7 inzibati məhkəmə icraatına üşüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 18 avqust 2018-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 16, mənzil 52 İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış nikah 7 iyun 2019cu il tarixdə ləğv edilmiş, bu barədə həmin tarixdə 78 nömrəıi akt qeydi aparılmaqla 2 may 2020-ci il tarixdə AZ-İ 345398 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Nikahdan sonra qadına “Qurbanlı” soyadı verilmişdir. İş materiallarında olan AR DİN tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X6 və X7 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 16, mənzil 52-də qeydiyyatdadırlar. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RPİ tərəfindən İddiaçı ünvanlanmış məktubda aşağıdakılar bildirilmişdir: - Müraciətinizə RPİ-də baxılmışdır. Vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğundan, müraciətin müsbət həlli mümkün deyil. Odur ki, məhkəmə orqanına müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Lakin hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxslərdən biri X6 iddiaçının keçmiş ailə üzvü, digər üçüncü şəxs X7 isə keçmiş mülkiyyətçinin qohumu qismində iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Mövcud qanunvericilik normalarının tələblərinə görə onların iddiaçıya məxsus mənzildə hər hansı hüququ saxlanılmır və bunu təkzib edən xüsusatlar da hazırkı məhkəmə icraatında müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı RPİ tərəfindən aparılan inzibati icraatda İddiaçı müvafiq yaşayış sahəsinin mülkiyyətçisi kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, o cümlədən “yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi”nin tələb olunması formal xarakret daşıyır və «İnzibati icraat haqqında» AR Qanununun 15, 17-ci maddələri ilə ziddiyyət təşkil edir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 16, mənzil 52-də üçüncü şəxslər X6 və X7 hazırda yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 16 saylı evin 52 saylı mənzilindən üçüncü şəxslər X3 və X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 16 saylı evin 52 saylı mənzilindən üçüncü şəxslər X3 və X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7737/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7737/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver