Məhkəmə qərarları › İş №2-1(112)-7738/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7738/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7738/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ödənilməsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ödənilməsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya və uşaqları 15 avqust 2005-ci il təvəllüdlü X4, 07 iyul 2007-ci il təvəllüdlü X8, 29 sentyabr 2009-cu il təvəllüdlü X6, 20 oktyabr 2020-ci il təvəllüdlü X3 verilən ünvanlı dövlət sosial yardımın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı və uşaqları 15 avqust 2005-ci il təvəllüdlü X4, 07 iyul 2007ci il təvəllüdlü X8, 29 sentyabr 2009-cu il təvəllüdlü X6, 20 oktyabr 2020-ci il təvəllüdlü X3 verilən ünvanlı dövlət sosial yardımın dayandırıldıgı vaxtdan bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-679/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10005/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Birinci instansiya məhkəməsi tərəfindən isə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsində müvafiq yardım göstərməmiş, ünvanlı sosial yardımın ödənilməsinin bərpa edilməsində Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialının səlahiyyətli-olub- olmadığı yoxlanılmamış, işə mahiyyəti üzrə baxılaraq müvafiq öhdəliyi mövcud olmadığı halda cavabdehin üzərinə üzərinə iddiaçının ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyini qoymuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maddi-Məişət Müayinəsi üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əri, 07 noyabr 1984-cü il təvəllüdlü X15 6 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Onun əvəzinə etibarnamə vasitəsi ilə atası X2 işlərində iştirak edib. Yaşayışları ağır vəziyyətdə olduğu üçün ünvanlı dövlət sosial yardım alırdılar. İddiaçı, 14 mart 1983-cü il təvəllüdlü İddiaçı və uşaqları 15 avqust 2005-ci il təvəllüdlü X9, 07 iyul 2007-ci il təvəllüdlü X12, 29 sentyabr 2009-cu il təvəllüdlü X10, 20 oktyabr 2020-ci il təvəllüdlü X1 rayonu, M.Hadi küçəsi, ev 88, mənzil 15 ünvanda qeydiyyatdadırlar və həmin ünvandada yaşayırlar. İddiaçı işləmir və evdar qadındır. Bəzi vaxtlarda qaynatası və qaynanası ilə ünsiyyətdə olmaları üçün onların evinə qonaq gedib orada qalırlar, yoxlama günü həmin günə təsadüf etdiyindən, öz ünvanlarında yaşamamaqları səbəbilə onlara verilən ünvanlı dövlət sosial yardımın verilməsi və ödənilmiş 2466,75 manat məbləğində vəsaitin geri qaytarılması barədə yazılı imtina verilmişdir. Həmin imtina məktubu qaynatasının qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmişdir. İddiaçı qeyd edir ki, onun kiminsə evində qonaq qalmağı ona və uşaqlarına verilən ünvanlı dövlət sosial yardım dayandırılmasına və ona ödənilmiş 2466,75 manat məbləğində vəsaitin geri qaytarılsına əsas vermir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə **********49102 nömrəli ərizəylə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, xx.xx.2022-ci il tarixdən iddiaçıya ünvanlı dövlət sosial vardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində xx.xx.2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. Bunun səbəbi kimi iddiaçının “Ərizə-bəyannamə”də qeyd olunan ünvan 3 ünvanında yaşamaması və sözügedən ünvanda başqa şəxslərin aşkar olunması olmuşdur. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi- məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimatda qeyd olunur ki, bu fakt maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş video görüntü əsasında təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində bu məzmunda müavinə aktı tərtib edilmişdir: “Monitorinq ünvanına gedildi. Təmsilçi evdə yox idi. Qapını təmsilçinin anası Sürəyya xanım açdı. Bildirdi ki, qızı övladını həkimə aparıb, ev boş qalmasın deyə Nəzərova Sürəyya gəlini ilə birgə bura qəlib. Bildirdi ki, axşam oğlu gəlib onları aparacaq. Sovxoz Ramanıda, döngə 3-də yaşadıqlarını bildirdilər.” Növbəti dəfə xx.xx.2022-ci il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində bu məzmunda müavinə aktı tərtib edilmişdir: “Monitorinq üçün qeyd olunan ünvana gedildi. Qapını açan xanım təmsilçinin anası Sürəyya xanım olduğunu bildirdi. Təmsilçinin 2 qızı və 1 oğlu ilə cəzaçəkmə müəssisəsində olan həyat yoldaşının yanına görüşə getdiklərini və 3 gün qalacaqlarını bildirdi.” Qeyd edilir ki, iddiaçının anası iki dəfə monitorinq araşdırması zamanı ünvan 5 ünvanında aşkar olunmuşdur. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə də maddiməişət şəraitinin müayinəsi aparılmış və müavinə aktı tərtib edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.2-ci bəndində qeyd olunur ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. İş üzrə təqdim olunan video görüntülərdən də aydın olur ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli monitorinq araşdırmaları zamanı iddiaçının iddia ərizəsində qonaqlarım dediyi şəxslər bilərəkdən əməkdaşlardan qaçaraq gizlənmişdirlər. Sözügedən görüntülər deməyə əsas verir ki, həmin şəxslər iddiaçının qeyd etdiyi kimi qonaq deyillər. Eyni zamanda necə olur ki, hər müayinə zamanı iddiaçının qonağıdı dediyi və gizləndiyi verdən çıxıb evi tez bir zamanda tərk etməyə çalışan qardaşı arvadı hər dəfə əməkdaşlar evə gedəndə evdə olur, orda yaşadığını iddia edən iddiaçı isə əməkdaşlar əlaqə saxladıqdan sonra ünvana yaxınlaşır. Bundan əlavə, xx.xx.2023-cü il tarixli monitorinq araşdırması zamanı evdə olan özünü iddiaçının qardaşı arvadı kimi təqdim edən xanım, iddiaçının uşaqları ilə məktəbə getdiyini bildirmiş, əməkdaşlar 3 yaşlı uşağı niyə onun yanında qoymadığını soruşduqda isə xanım əsaslı bir cavab verə bilməmişdir. Belə ki, hər dəfə evdə olan şəxslər necə olur ki, bomboş evdə qala bilir, amma iddiaçı uşaqlarından heç birini, ən azı 3 yaşlı uşağını da hər cür hava şəraitində özü ilə aparır. Həmçinin video görüntüdən görünür ki, evdəki xanım “məni çəkməyin” deyərək əməkdaşların suallarından yayınmağa çalışır. İnzibati orqan müəyyən təlimat qaydalarına riayət edərək 4 dəfə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə monitorinq araşdırması aparmış, akt tərtib etmiş və çəkilmiş video görüntülərlə qeyd olunan faktları təsdiq etmişdir. Bu səbəbdən də inzibati orqan ünvanlı dövlət sosial yardımın dayandırılmasında haqlıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin hallarından görünür ki, xx.xx.2022-ci il tarixdən iddiaçıya ünvanlı dövlət sosial vardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində xx.xx.2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. Bunun səbəbi iddiaçının “Ərizə-bəyannamə”də qeyd olunan ünvan 3 ünvanında yaşamaması və sözügedən ünvanda başqa şəxslərin aşkar olunması olmuşdur. Qeyd edilən halın məhkəmə araşdırması zamanı, maddi məişət şəraitinin müayinəsi zamanı çəkilmiş videogörüntülərə (yaddaş kartında iş materiallarına əlavə edilmişdir.) baxış keçirilmiş və həmin xüsusatlar (cavabdehin nümayəndələri tərəfindən maddi-məişət şəraitinin yoxlanılması zamanı mənzildə iddiaçı və uşaqları deyil, başqa şəxslər olmuşdur) təsdiqini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir; Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları: 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) X7 Sistemi və ya Nazirliyin “e-sosial” internet portalında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq VEMTAS-a altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 2.6. Elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X7 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur.

4. Sosial yardımın verilməsi və verilməsinin dayandırılması 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.5. Təmsilçi vəfat etdikdə, habelə sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna ailənin müraciəti əsasında yenidən baxılır. 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. 4.7. Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. 4.8. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddətdə məhdudlaşdırılır. 4.8-1. Aşağıdakı hallar istisna olmaqla, ailənin tərkibində dəyişikliklər baş verdikdə sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır: 4.8-1.1. ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə; 4.8-1.2. ailə üzvü (üzvləri) vəfat etdikdə (Təmsilçi istisna olmaqla); 4.8-1.3. ailə üzvü müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda; 4.8-1.4. bu Qaydaların 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərində qeyd olunan müddətlər başa çatdıqda. 4.9. Sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. 4.10. Sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı xx.xx.2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Göründüyü kimi, ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur, ehtiyac meyarı dedikdə isə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. İşin hallarından görünür ki, xx.xx.2022-ci il tarixdən iddiaçıya ünvanlı dövlət sosial vardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində xx.xx.2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. Bunun səbəbi iddiaçının “Ərizə-bəyannamə”də qeyd olunan ünvan 3 ünvanında yaşamaması və sözügedən ünvanda başqa şəxslərin aşkar olunması olmuşdur. Qeyd edilən halın məhkəmə araşdırması zamanı, maddi məişət şəraitinin müayinəsi zamanı çəkilmiş videogörüntülərə (yaddaş kartında iş materialalrına əlavə edilmişdir.) baxış keçirilmiş və həmin xüsusatlar (cavabdehin nümayəndələri tərəfindən maddi-məişət şəraitinin yoxlanılması zamanı mənzildə iddiaçı və uşaqları deyil, başqa şəxslər olmuşdur) təsdiqini tapmışdır. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda Müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” (bundan sonra - Qaydalar) ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsistemi (bundan sonra - VEMTAS) tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya Mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə- bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir. Təlimatın 3.12.5-ci bəndinə əsasən, müayinə zamanı evdə “Ərizə-bəyannamə”də qeyd olunmayan əlavə şəxs aşkar olunarsa və ya başqa şəxsin yaşadığı müəyyən edilərsə, həmin şəxsin ailə ilə birgə yaşamadığı israr edilərsə, bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilmir və ailə risk kateqoriyasına daxil edilir. Bundan sonra aidiyyəti Bölmə və ya Mərkəz tərəfindən rübdə 3 dəfə audio-video-foto qeydiyyat aparılmaqla Monitorinqlər aparılır və həmin şəxs ailədə müəyyən edilərsə bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilir. Təlimata əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olunduğu üçün sosial müavinətin ödənilməsi dayandırılmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ödənilməsinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ödənilməsinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar