Məhkəmə qərarları › İş №2-1(112)-7739/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7739/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7739/2022 06.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının İddiaçıının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «cavabdehin məcburi qaydada ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının İddiaçıı cavabdeh "xxxx" MMC-yə qarşı «cavabdehin məcburi qaydada ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC 2021-ci ilin 2-ci rübü üzrə müəyyən olunmuş formada və müddətdə hesabat təqdim etmədiyi üçün Azərbaycan Respublikası İddiaçıı tərəfindən MMC-yə 30 iyun 2021-ci il tarixdə yazılı göstəriş – təqdimat verilmişdir. Təqdimat icra edilmədiyinə görə MMC-yə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya İddiaçıın 2021-ci il 29 sentyabr tarixli qərarı ilə dayandırılmışdır. MMC tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə uyğun olaraq İddiaçıın İdarə Heyətinin 1 aprel 2022-ci il tarixli 11 nömrəli qərarı ilə sığorta agenti fəaliyyətinin həyata keçirilməsi üçün quruma Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilən 23 iyul 2013-cü il tarixli 000969 nömrəli lisenziya ləğv edilmişdir. MMC-nin lisenziyası ləğv edilərkən həmin Qanunun 102, 103, 106 və 107-ci maddələrinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21, 22 və 24-cü maddələrinin tələbləri yerinə yetirilmişdir. «Sığorta fəaliyyəti haqqında» Qanunun 108.8-ci maddəsinə görə müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1,2-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edildikdə, maliyyə bazarlarına nəzarət orqanı lisenziyanın ləğv edilməsi barədə qərarın qəbul edildiyi gündən 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Yuxarıda qeyd olunanları və “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərinin hazırda İddiaçı tərəfindən həyata keçirildiyini nəzərə alaraq, məhkəmədən müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin məcburi qaydada ləğv edilməsi barədə qərar çıxarıması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdegin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümlünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdi və bildir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə görə lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, maliyyə bazarlarına nəzarət orqanı bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edir. Həmin Qanunun 108.8-ci maddəsinə əsasən sığortaçının, hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2 – 107.1.7-1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edildikdə maliyyə bazarlarına nəzarət orqanı lisenziyanın ləğv edilməsi barədə qərarından 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Ləğv edilən lisenziya sahibi, yaxud onun səhmdarları (payçıları, iştirakçıları) maliyyə bazarlarına nəzarət orqanının lisenziyanın ləğv edilməsi haqqında qərarından həmin məhkəmədə qarşılıqlı iddia qaldıra bilər. Maliyyə bazarlarına nəzarət orqanının bu maddədə göstərilən iddiası məhkəmə tərəfindən təmin edilmədikdə müvafiq lisenziya ləğv edilməmiş hesab olunur, lisenziyanın ləğv edilməsi ilə bağlı bütün tədbirlər dayandırılır və bu barədə maliyyə bazarlarına nəzarət orqanı bu Qanunu 108.1 və 108.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumatlar verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: - (59.2.3) lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, «Banklar haqqında», «Sığorta fəaliyyəti haqqında» və «İnvestisiya fondları haqqında» Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə. Həmin Məcəllənin 61.6-cı maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); (2.2.6) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (2.2.8) bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; (2.2.9) «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 53.3-cü maddəsinə görə mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə haqqında iddialara münasibətdə qarşılıqlı iddia qaldırıla bilməz. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə hazırkı iddianın mümkünlüyünə qiymət verilməsi istiqamətində işlə bağlı aşağıdakı xüsusatları diqqətə çəkir: - İPM-in 2.2-ci maddəsi inzibati məhkəmə icraatı qaydasında baxılmalı iddiaların dairəsini konkret müəyyən etmişdir və maliyyə bazarlarına nəzarət orqanının müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin həmin fəaliyyəti həyata keçirmək üçün lisenziyası qanunda müəyyən edilmiş müvafiq hallarda ləğv edildikdən sonra qurumun özünün məcburi qaydada ləğvi barədə iddiası həmin maddədə sadalanan iddia növlərinin heç birinə uyğun deyil; - İPM-in 2.2.9-cu maddəsində maliyyə bazarlarına nəzarət orqanının ərizəsi əsasında bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verilmiş bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, onun iflas proseduruna başlanması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraaatı qaydasında baxılması nəzərdə tutulsa da, hazırkı iddiaçı kimi mübahisə üzrə maliyyə bazarlarına nəzarət orqanı “sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olmuş (sığortaçı)” hüquqi şəxsin məcburi ləğvi barədə ərizə ilə müraciət erməmiş, qanunda müəyyən edildiyi kimi iddia qaldırmışdır. Bundan başqa, İPM-in 2.2-ci maddəsinə münasibətdə analogiya tətbiq olunması Məcəllənin prinsipləri baxımından yolverilən sayıla bilməz. - Məlum olduğu kimi, «Sığorta fəaliyyəti haqqında» Qanunun 108.8-ci maddəsi bu qəbildən olan (lisenziyası ləğv edilmiş hüquqi şəxsin məcburi ləğvi barədə) iddialar üzrə lisenziyanın ləğvi barədə qərarın ləğv olunması barədə qarşılıqlı iddianın da qaldırılmasını mümkün sayır. Lakin nəzərə alınmalıdır ki, həmin qarşılıqlı iddia “mübahisələndirmə haqqında” iddiaya aid olur və bu iddialar ilkin iddia qismində verildikdə İPM-in tələblərinə görə ona münasibətdə qarşılıqlı iddiaya yol verilmir. Həmçinin qeyd olunmalıdır ki, inzibati mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları başqa sahəvi qanunvericiliklə deyil, İPM-lə müəyyən edilir; - «Sığorta fəaliyyəti haqqında» Qanunun 108.8-ci maddəsi müvafiq halda maliyyə bazarlarına nəzarət orqanının lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmasını nəzərdə tutsa da, həmin iddiaya konkret olaraq hansı məhkəmədə (inzibati məhkəmə, yaxud ümumi məhkəmə) baxılmasına toxunmur; - Hazırkı iddia tələbi mahiyyət etibarilə “hüquqi şəxsin ləğv edilməsi” prosedurunu ehtiva edir, hüquqi şəxsi ləğv edilməsi qaydası isə mülki qanunvericiliyin normaları ilə tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 61.6-cı maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq sonda belə qənaətə gəlir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkünsürdür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar