Məhkəmə qərarları › İş №2-1(112)-7740/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7740/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7740/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 712 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 3 nömrəli YTİ-nin, cənub-qərb hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 712 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi İddiaçı Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 3 nömrəli YTİ-nin cənub-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə sənədlərin Dövlət Arxivinin Bakı Filialına təhvil verilməsi və bu barədə Suraxanı rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığı səbəbindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Belə ki, sözügedən qaraj fasiləsiz olaraq istifadələrindədir və həmin torpaq sahəsi ayrılarkən plan-cizginin tərtibi və müvafiq səndlərin saxlanması inzibati orqanın vəzifəsidir. Bundan əlavə sənədlər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən lazımi olun sənədlər Dövlət Arxivinin Bakı Filialından tələb edilməli idi. Lakin, inzibait orqan bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsinin 3-cü Mədən küçəsi, 3 saylı YTİ-nin cənub-qərb hissəsində 500 kv.m torpaq sahəsinə dair cizgi (plan-sxem) həmin dövrdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci iltarixli 712 saylı sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Eyni zamanda, rayon İcra Hakimiyyətinin ötən illərə dair sənədləri, o cümlədən 1997-ci il də, daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər-hansı bir məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış A- 41-091 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının nümayəndəsi Bülbülə qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsi haqqında ərizəsinə Suraxanı rayon İcra Hakimiyyətində baxılmışdır. RİH-nin sənədlərinin 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 24 fevral 2022-ci il tarixli, BA-01056-2022 nömrəli məktubla verilmiş arxiv arayışından görünür ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 712 nömrəli, 30 may 1997-ci il tarixli sərəncamına əsasən şəhid ailəsi X1 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 3-cü Mədən, 3 nömrəli YTİ-nin, Cənub-Qərb hissəsidnə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi əlavə edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 712 nömrəli, 30 may 1997-ci il tarixli sərəncamına əsasən X1 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 3-cü Mədən, 3 nömrəli YTİ-nin, Cənub-Qərb hissəsində, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi əlavə edilməmişdir. İddiaçı sözügedən sərəncam əsasında ona yerləşmə cizgisinin verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən RİH-nin sənədlərinin 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməsi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmamasına istinad edilərək imtina edilmişdir. Lakin, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı işin hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir, bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 30 may 1997-ci il tarixli, 712 saylı sərəncamına əsasən Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 3 nömrəli YTİ-nin cənub-qərb hissəsində yerləşən sahədə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar