Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7740/2023 07.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra- İddiaçı) Cavabdehnə (bundan sonra-Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə doğulmuş X3 doğum haqqında akt qeydində dəyişiklik edilərək, X3 ata adının “Mirzə”, ata qrafasında isə “X7” yazılması və qeyd edilən dəyişikliklər edilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi bununla əsaslandırmışdır ki, onun xx.xx.2021-ci il tarixdə X8 adlı qız övladı doğulmuşdur. Qızı qeyri-rəsmi nikah münasibətindən doğulduğuna görə ona doğum haqqında şəhadətnamə alan zaman ata adını formal olaraq “X9” kimi yazdırmış, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 804 nömrə ilə qeyd aparılmışdır. Bioloji atasının adını yazdırmamağına səbəb isə həmin ərəfələrdə ondan incik olması olmuşdur. İndi anlayır ki, səhvə yol vermişdir. Çünki qızının atası Azərbaycan vətəndaşı olan X6r. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hesab edir ki, qızına onun soyadının verilməsi mümkün olmasa da, ata adı düzgün qeyd edilməlidir. Gələcəkdə atasının kimliyini bilmək, onun adını daşımaq qızının hüququdur. Bu məqsədlə o, ərizə ilə Cavabdehnə müraciət edərək, xx.xx.2021-ci il tarixdə doğulmuş X3 doğum haqqında akt qeydlərində dəyişiklik edərək, X3 ata adının “Mirzə”, ata qrafasında isə “X7” yazılmasını və qeyd edilən dəyişikliklər edilməklə doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda ona bildirilmişdir ki, doğum haqqında akt qeydində ata barədə məlumatların dəyişdirilməsi imkanları xaricindədir və aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdilər və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixində Füzuli rayonu Alxanlı İ.N-də xx.xx.1987-ci il təvəllüdlü X11 ilə nikaha daxil olmuş, xx.xx.2019-cu il tarixində 3 saylı Bakı “Asan xidmət” mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən həmin nikah pozulmuşdur. X1 doğumu 3 saylı Bakı “Asan xidmət” mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 804 saylı aktla xx.xx.2021-ci il tarixində qeydə alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli 804 saylı doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ata adı kimi X9, ana adı kimi İddiaçı göstərilmişdir. Akt qeydindən görünür ki, ata haqqında qeydlər tək ananın ərizəsinə əsasən yazılmışdır. Belə ki, həmin məlumatın yazılmasına əsas olan iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 3 saylı Bakı “Asan xidmət” mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü və 168.2-ci maddələrinin tələbinə müvafiq olaraq qızının doğumu haqqında akt qeydində ataya dair məlumat qrafasında uşağın atasının adının Hakan, babasının adının Engin, atasının milliyyətinin türk kimi göstərilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı qızı X3 atasının X4 olduğunu iddia edərək onun barəsində tərtib edilmiş doğum haqqında akt qeydinə dəyişiklik edilməsi və qeyd edilən dəyişikliklər edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli məktubu ilə ona imtina cavabı verərək göstərmişdir ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 804 saylı doğum akt qeydi tərtib edilərkən ata bəndində məlumatlar ananın sözlərinə əsasən yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Göstərilənlərə əsasən doğum haqqında akt qeydində ata barədə məlumatların dəyişdirilməsinin imkanları xaricində olduğu bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçı hazırda bu imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. - 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. - maddə 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. - maddə 188. Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən: - 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; - 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: - 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; - 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; - 2.9. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. - 2.12. Atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. - 6.1. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır. - 6.2. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. - 6.6. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. - 6.7. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. - 6.14. Doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. Uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. - 6.16. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. - 6.19. Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»a əsasən: - 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir. atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Beləliklə, istinad olunan normalardan müəyyən olunur ki, uşaq nikahı olmayan anadan olduqda uşağın atası haqqında qeyd aşağıdakı sənədlərdən biri əsasında aparılır: 1.uşağın atasının və anasının birgə ərizəsi;
2. atanın ərizəsi;
3. məhkəmənin qərarı. Bu sənədlərdən heç biri olmadıqda isə, uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İşdən görünür ki, Nilay Hümbətli barəsində doğum haqqında akt qeydi tərtib edilərkən yuxarıda istinad olunan sənədlərdən heç biri olmamış, buna görə də atanın və babanın adı iddiaçının ərizəsində göstərdiyi məlumatlar əsasında yazılmışdır. İddiaçı hazırda N.Hümbətlinin ata adının Mirzə, baba adının Mehdi oğlunu bildirsə də, bu dəyişikliyin edilməsi üçün həmin şəxsin ərizəsi və ya məhkəmə qərarını təqdim etməmişdir. İddia ərizəsindən və məhkəmə iclasında iddiaçının verdiyi izahatdan məlum olur ki, M.Mirzəyev özünün N.Hümbətlinin atası olmasını bilmiş, bu halı qəbul etmiş, lakin 2022-ci ildə öldüyündən cavabdehə müraciət edə bilməmişdir. Belə olan halda aydındır ki, M.X2 atası kimi yazılması üçün məhkəmə qərarı təqdim edilməlidir, hansı ki, bu məhkəmə qərarı inzibati mühakimə icraatı qaydasında qəbul edilən qərar deyil, Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq atalığın tanınması faktı barədə mülki məhkəmənin qərarıdır. Deməli, iddiaçı hazırda çatmaq istədiyi məqsədə nail olmaq üçün xüsusi icraat qaydasında atalığın tanınması faktının müəyyən olunması barədə ərizə ilə müvafiq ümumi məhkəməyə müraciət etməli, yalnız həmin məhkəmə icraatı çərçivəsində qərar qəbul edildikən sonra qeydiyyat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, göstərilənlərə əsasən akt qeydlərinin ləğvinin mülki mühakimə icraatı qaydasında qəbul edilən məhkəmə qətnaməsi əsasında mümkün olması, atalıq müəyyən edilmədən X5 Nilay Hümbətlinin atası olması barədə doğum haqqında akt qeydinə düzəliş edilməsi və yeni şəhadətnamə verilməsinin mümkünsüz olması, bu məsələlərin isə mülki mühakimə icraatının predmeti olması səbəbindən məhkəmə hesab edir ki, hazırkı iddia mümkünsüz iddiadır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova