Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7741/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona mühraibə veteranı statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Hava Yolları Knssernin Zabrat Xüsusi Avasiya Birliyində “AZALAXTİ-də pilot kimi 1989-cu ildən xidmət edir. Birinci Qarabağ münaqişəsi başlanandan bəri 1989-cu ildə 100 saat, 1990-cı ildə 100 saat 1991ci ildə 100 saat dağlıq Qarabağa Kəlbəcəri, Laçına, Qubadlıya, Şuşaya, Ağdam, Zəngilana, Füzuliyə uçuşlar həyata keçirmişdir. Bu uçuşları haqqında bütün rəsmi sənədlər ərizəyə əlavə edilib. Onunla xidmət edən bir çox pilotlar veteran vəsiqəsi almasına baxmayaraq müraciət etdiyi halda ona cavabdehin aidiyyatı orqanları veteran vəsiqəsi verməkdən imtina edirlər. Səbəb kimi onun mülki aviasiyada xidmətini göstərirlər. Axı 1989-1990-1991-1992-ci ildə Azərbaycanda hərbi Hava Qüvvələri mövcud deyildi. Onun döyüşdə iştirakına və döyüş zonasında uçuşlar həyata keçirilməsinə baxmayaraq ona veteran statusu verilməkdən imtina edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteran” adı verilir. Həmin Əsasnaməyə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.” “Müharibə veteranı” adı və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının siyahısında Müdafiə Nazirliyindən savayı digər qurumlar da göstərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir: “onunla xidmət etmiş bir çox pilotlar Veteran vəsiqələrinin almalarına baxmayaraq ona Müdafiə Nazirliyi imtina edir." Bununla bağlı qeyd emtək lazımdır ki, həmin vəsiqələr Müdafiə Nazirliyinin aparatında fəaliyyət göstərən Komissiya tərəfindən deyil, keçmiş Hərbi Komissarlıqların veteran komissiyaları tərəfindən verilmişdir. Məhkəmə iclasında iddiaçı ilə iddianın mümkünlüyü məsələsi müzakirə edildi (Müdafiə Nazirliyin iddia tələbinə cavab verməli olan qurum olub-olmaması) İddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Nazirliyin tələbi ilə döyüş bölgəsinə getdiyindən ona vəsiqə də Nazirlik tərəfindən verilməlidir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəlmişdir. İddia tələbinin predmeti iddiaçıya müharibə statusunun verilməsi təşkil edir. Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, məhkəmə iddiaçının 1989-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı barədə Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sorğu verilmişdir. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktub və ona qoşma edilmiş xx.xx.2025-ci il tarixli, 216 nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçı həqiqətən 1989-1991-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Mİ-8 tipli mülki aviasiya helikopterinin pilotu kimi iştirak etmişdir. Ümumiyyətlə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 1989-1991-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi qulluqçu kimi deyil, mülki aviasiyanın pilotu kimi iştirak etmişdir. İddiaçı hesab edir ki, o, döyüş bölgəsinə Müdafiə Nazirliyin tələbi ilə getdiyindən ona vəsiqə də, Azərbaycan Respbulikası Müdafiə Nazirliyi tərəfindən verilməlidir. Müharibə veteranı statusu verilməsi, qaydası, şərtləri və proseduru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə (bundan sonra – Əsasnamə) ilə tənzimlənir. Həmin Əsasnamədə müxtəlif dövrlərdə döyüşlərdə iştirak etmiş müxtəlif kateqoriyadan olan şəxslərə bu statusun hansı qurumlar tərəfindən verilməli olması sadalanmışdır. Əsasnamənin 1-8-ci hissələri ikinci dünya müharibəsi və keçmiş SSRİ dövrünü, 9-cü hissəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək olan dövrü, 10-11-ci hissələri isə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək oln dövləri əhatə edir. İddiaçının döyüşlərdə iştirak etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək olan dövr, Əsasnamənin 9-cu bəndinə düşür. Əsasnamənin 9-cu bəndinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd edilən bənddə 3 kateqoriyadan olan şəxslər qeyd edilmişdir: 1) döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; 2) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 3) döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs və hərbi qulluqçu olmaması işin mübahisələndirilməyən halıdır. İddiaçı döyüş bölgəsinə mülki aviasiyanın pilotu kimi getmişdir. Qeyd edilən şəxslərə müharibə veteranı statusunun hansı qurum tərəfindən və hansı qaydada verilməsi isə Əsasnamənin qeyd hissəsində təsbit edilmişdir. Əsasnamənin qeyd hissələrinə görə, Əsasnamənin 1-8-ci bəndlərindən göstərilən şəxslərə, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə bu status Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Qeyd edilən şəxslərə bu statusun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməsi ilə bağlı qanunvericiliyin məntiqi ondan ibarətdir ki, həmin şəxslər hərbi qulluqçu və ya hərbi xidmət keçmiş şəxs statusu olmadığından onlara bu status Xidmət tərəfindən verilir. Digər hallarda isə, Əsasnamənin tələbinə əsasən bu statusun verilməsinin qaydası aşağıdakı kimi müəyyən edilmişdir: Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin bəndin tələbinə əsasən; 1) əgər şəxs hazırda həmin bəndə qeyd edilən qurumların hər hansı birində xidmət keçirsə - həmin qurum tərəfindən (misal üçün şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət keçirsə - şəxsəstatus da həmin Xidmət tərəfindən veriləcək); 2) əgər şəxs həmin bəndə qeyd edilən qurumların hər hansı birindən əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmişdirsə, sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) həmin qurum tərəfindən (misal üçün əgər şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mülki işçisi və ya hərbi qulluqçusudursa şəxsə status həmin Xidmət tərəfindən veriləcək); 3) hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq - həmin bənddə göstərilən qurumlar tərəfindən (misal üçün əgər şəxs həkim kimi Müdafiə Nazirliyinin hərbi hissəsinə ezam olunursa ona vəsiqə Müdafiə Nazirliyi tərəfindən və ya digər hərbi hissə və ya orqanlara (misal üçün sürücü olan mülki şəxs Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsinə ezam olunursa həmin qurum tərəfindən veriləcək). Baxılan işdə iddiaçının hərbi qulluqçu və ya hərbi xidmət keçən şəxs olmaması işin mübahisələndirilməyən halıdır. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun Müdafiə Nazirliyinin hərbi hissə və ya bölmələrinə ezam olunması da işdən müəyyən edilmir. Əsasnamənin tələblərinə əsasən iddiaçıya müharibə veteranı statusunun Müdafiə Nazirliyi tərəfindən verilməsi üçün, o ya Müdafiə Nazirliyinin hərbi qulluqççusu olmalı, ya döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs olmalı və ya Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrə) və ya orqanlarına ezam olunmuş mülki şəxs olmalıdır. İddiaçı isə göstərilən kateqoriyadan olan şəxslərin heç birinə aid deyildir. Belə olan halda, iddia tələbinə cavab verməli olan qurum da Müdafiə Nazirliyi ola bilməz. Məhkəmə qeyd edir ki, əgər iddiaçının döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi sübuta yetirirlərsə, o halda ona bu status Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilə bilər. İddiaçının isə həmin quruma müraciəti və həmin qurumun imtinası mövcud olmadığından məhkəmə iclasında əsl olmayan tərəfin əvəz edilməsi məsələsi müzakirə edilməsi. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçı könüllü özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etdiyini iddia edirsə, o zaman hazırkı tələblə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilər. Əgər İdarə tərəfindən müaricətinin təmin olunmasından imtina olundğu təqdirdə həmin İdarəyə qarşı müvafiq tələblə iddia verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7741/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7741/2025
07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver