Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7745/2023 20.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar İddiaçı1, X8 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1, X8 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X8 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 2 ünvanında inzibati binada qeydiyyata alınmışdılar. Belə ki, yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata alınmaları həmin vaxt ünvanın olmaması səbəbi ilə mümkün olmamışdır. Halhazırda iddiaçılara məlum olmuşdur ki, onları ünvan 2 ünvanında inzibati binadan qeydiyyatdan çıxarmışlar və bu barədə məlumat verməmişlər. Faktiki olaraq iddiaçılar heç bir ünvanda qeydiyyatda deyildirlər. Onları Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata almaları, əgər həmin ünvana qeydiyyata alınma mümkün deyilsə , inzibati binaya qeydiyyata almalarına dair Sabunçu Rayon Polis İdarəsinə xahişləri təmin olunmamışdır. Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmələri tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçılar verdikləri izahatlarda yaşadıqları Bakı şəhəri, ünvan 4 ünvanına qeydiyyata alınmalarını istədiklərini bildirdilər və qeyd etdilər ki, evin inşa edildiyi torpaq sahəsi mərhum X1 Balaxanı bələdiyyəsi tərəfindən ayrılmışdır. Göstərilənlərə əsasən tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşadıqları ünvana qeydiyyata alınmaları üçün müraciəti təmin edilməmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan şəxs aşkar edilməmişdir. -Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1986cı il təvəllüdlü X8 və İddiaçı2 Bakı şəhəri. ünvan 1 ünvanında yerləşən sənədsiz evdə 2003-cü il tarixdən qeydiyyatsız yaşayırlar. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. -Lenin rayon X9 İcraiyyə Komitəsinin Balaxanı qəsəbəsinin sakinləri üçün bostançılıq fəliyyəti üçün torpaq sahələri ayrılması barədə xx.xx.1989-cu il tarixli, 6/77 №-li qərarının arxiv çıxarışından görünür ki, X3 da daxil olmaqla, Balaxanı qəsəbəsi ərazisində 30 ailənin hər birinə bağçılıq fəaliyyəti ilə məşğul olmaq üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. Qərarın 1-ci bəndindən görünür ki, torpaq sahəsi kartof və digər tərəvəz məhsullarının (güllər və parnik istisna olmaqla) becərilməsi üçün ayrılmışdır. Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, sahədə yaşayış evlərinin və təsərrüfat ərazilərinin tikintisi, sahələr arası arakəsmələrin, ağac əkilməsi və digər çoxillik bitkilərin əkilməsi qadağandır. - Sabunçu rayonu Balaxanı bələdiyyəsi ilə X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Balaxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 23 saylı protokolu əsasında icarəyəverən (Balaxanı bələdiyyəsi) tərəfindən bələdiyyə ərazisində 600 kvm. torpaq sahəsi təsərrüfatla məşğul olmaq üçün X2 15 illik icarəyə verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda- icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda- bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci bənddə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini vermək hüququ olan şəxsin iradə ifadəsi olduqda. Məhkəmə yuxarıda göstərilənləri işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıların qeydiyyata alınmaq istədikləri fərdi yaşayış evi müvafiq reyestrdə qeydiyyata alınmamış, həmin ünvan üzrə yaşayış yeri üzrə qeydiyyat aşkar edilməmişdir. Həmçinin iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün yuxarıda istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişlər. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçıların əsaslandığı Lenin Rayon X9nin İcraiyyə Komitəsinin X2 torpaq sahəsinin ayrılması barədə xx.xx.1989-cu il tarixli 6/77 №-li qərarı onların həmin torpaq sahəsində inşa etdikləri tikiliyə hazırkı halda qeydiyyata alınmaları üçün hüquq vermir. Belə ki, qərardan göründüyü kimi, istinad edilən qərar torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün deyil, bostançılıq məqsədilə istifadəsini nəzərdə tutur, torpaq üzərində tikinti və digər işlərin aparılmasını qadağan edir. Balaxanı bələdiyyəsinin “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə də eyni qaydada, yəni fərdi yaşayış evinin tikintisi üçün deyil, təsərrüfatla məşğul olmaq üçün ayrılmışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göstərilənlərə əsasən, məhkəmənin qənaəti belədir ki, iddiaçılar Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri sənədləri təqdim etmədiyindən cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz. Odur ki, iddia təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7745/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7745/2023
20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver