Məhkəmə qərarları › İş №2-1(112)-775/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-775/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-775/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı və yaşı kifayət etdiyinə görə iddiaçıya pensiya təyin olunması cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını iddiaçıya 52 yaşından (06.03.2020-ci) başlayaraq pensiya təyin olunmasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12.09.1989-cu ildən indiyədək Heydər Əliyev adına X5 işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1 saylı siyahısının X bölməsində müəyyən edilmiş qaydalara əsasən xüsusilə zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Heydər Əliyev adına X7 tərəfindən tərtib edilmiş təqdimata görə iddiaçının 33 il 3 ay 12 gün ümumi iş stajı, ondan 16 il 3 ay 17 gün xüsusilə zərərli şəraitində iş staji təşkil edir. Bundan başqa, iddiaçı 79 nömrəli Texniki Peşə məktəbində 01.09.1983-04.07.1986-ci illər ərzində təhsil almış, 1986-1988-ci illər ərzində hərbi xidmətdə olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün aidiyyatı orqanlara müraciət etmişdir. Cavabdehin 19.01.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “kükürdlü neft və neft məhsullarının emalı 31.12.1995-ci il tarixində dayandırılmışdır.” Cavabdeh iddiaçının əmək stajının hesablanmasında yalnışlığa yol vermiş və nəticədə iddiaçı qanunla müəyyən edilmiş vaxtda pensiya ala bilməmişdir. İddiaçı hesab edir ki, onun qanuna uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ var. Cavabdeh tərəfindən verilmiş imtina tamamilə əsassız və qeyri-qanunidir və cavabdeh bu hərəkəti ilə iddiaçının hüquqlarını kobud şəkildə pozur. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçıya görə, 01 yanvar 2006-cı il tarixinədək 20 ildən artıq ümumi, 10 ildən çox güzəştli iş stajı toplamışdır. Ona görə də, iddiaçıya 52 yaşının tamam olduğu 06.03.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi Filialının 19.01.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli iş stajı 10 ildən az (3 il 20 gün) təşkil edir. İddiaçıya məxsus əmək kitabçasından aydın olur ki, o, 12 sentyabr 1989-cu ildən Heydər Əliyev adma X5 çalışır. Belə ki, iddiaçı 12.09.1989-01.10.1992-ci illərdə koks istehsalı üzrə 4 nömrəli texnoloji sexin 41 saylı texnoloji qurğusunda texnoloji qurğuların operatoru, 01.10.1992-01.01.2006-cı illərdə koks istehsalı üzrə 4 nömrəli sexin istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 10-cu bölməsi “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı" (kod: ********) adlanır. İddiaçı iddia edir ki, onun çalışdığı peşə “11000000-18547” (1 nömrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan texnoloji qurğuların təmiri üzrə çilingərlər) və “11000000-16081” (texnoloji qurğuların operatorları) kodu altında nəzərdə tutulmuşdur. Mərkəzi Filial və Heydər Əliyev adma X6 əməkdaşları tərəfindən müvafiq araşdırma aparılmış və 22 dekabr 2020-ci il tarixli, **********9 saylı Akt tərtib edilmişdir. Həmin aktla təsdiq edilmişdir ki, iddiaçının 12.09.1989-01.10.1992-ci illərdə (3 il 20 gün) çalışdığı peşə koks istehsalı üzrə 4 nömrəli texnoloji sexin 41 saylı texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsi ona 1 nömrəli Siyahıya əsasən pensiyaya çıxmaq hüququ verən peşədir. İddiaçının 01.10.1992- 01.01.2006-cı illərdə çalışdğı koks istehsalı üzrə 4 nömrəli sexin istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi isə, 1 nömrəli Siyahı ilə pensiyaya çıxmaq imkanı vermir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 10 il güzəştli iş stajına malik olması tələb edilirdi. İddiaçının çalışdığı müəssisə isə, onun 10 il güzəştli iş stajına malik olmadığını qeyd edir. Bu səbəbdən də, Filialın imtinası qanuni və əsaslı olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx xxxx 1968-cı il təvəllüdlüdür. İşdə olan НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 24.10.1986-cı il tarixdən 24.11.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Bakı Kompüter Peşə Liseyi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli 06 saylı arxiv arayışından görünür ki, İddiaçı 01.09.1983-cü ildə 79 saylı texniki peşə məktəbinə daxil olmuş və 04.07.1986-cı ildə “Elektrik maşın və avadanlıqları üzrə çilingər” ixtisası üzrə məktəbi bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1983cü ildən 15.07.1986-cı ilədək DPTM-də təhsil almış, 23.07.1986-cı ildə “BİTMAŞ” Bakı X4tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 20.10.1986-cı ildə Sovet Ordusu sıralarına qəbul ilə bağlı azad edilmiş, 28.10.1986-cı ildən 27.11.1988-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 01.02.1989-cu ildə “BİTMAŞ” Bakı X4tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 13.05.1989-cu ildə işdən azad edilmiş, 12.09.1989-cu ildə Yeni Bakı Neftayırma Zavodunun 4 saylı Texnologiya sexinin 41 saylı Qurğusuna 4-cü dərəcəli qurğu operatoru vəzifəsinə qəbul edilmiş, 01.10.1992-ci ildə 41 saylı Qurğunun konservasiyası ilə əlaqədar həmin sexin RMB 4-cü dərəcəli texniki qurğuların təmiri üzrə çilingər vəzifəsinə keçirilmiş, 01.03.1994cü ildə orada 5-ci dərəcəli texniki qurğular üzrə çilingər dərəcəsi verilmiş, 01.04.1994-cü ildə yeni ştat bölgüsünə görə 4 saylı İstehsalatın 5-ci dərəcəli texniki qurğuların təmiri üzrə çilingər dərəcəsi verilmiş, 01.04.2003-cü ildə “Azərneftyanacaq” İstehsalat Birliyi “Azərneftyanacaq” X7 adlandırılmış, 10.06.2003-cü ildə təzə ştat cədvəlinə əsasən koks istehsalı üzrə 4 saylı sexin mexaniki təmir sahəsinin 5-ci dərəcəli texnoloji qurğu təmiri üzrə çilingəri adlandırılmış, 22.04.2004-cü ildə “Azərneftyanacaq” X7 “Heydər Əliyev adına Bakı X7” adlandırılmış, 08.05.2006-cı ildə 4 saylı sexin mexaniki təmir sahəsinin adı dəyişdirilərək, texnoloji avadanlıqların təmiri və xidməti sahəsi adlandırılmış, 16.02.2009cu ildə koks istehsalı üzrə 4 saylı istehsalatın texnoloji avadanlığın təmiri və xidməti sahəsinin 5-ci dərəcəli texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində sayılmış, 01.07.2009-cu ildə mərkəzi tarif ixtisas komissiyasının protokoluna əsasən həmin peşə üzrə 6-cı dərəcə verilmiş, 18.04.2014-cü ildə təzə ştat cədvəlinə əsasən koks istehsalı üzrə 4 saylı istehsalatın texnoloji avadanlığın təmiri üzrə xidmət sahəsinin 6-cı dərəcəli texnoloji qurğuların təmiri üzrə çilingəri peşəsində sayılmış, 02.04.2015-ci ildə “Heydər Əliyev adına Bakı X7” “Heydər Əliyev adına X7” adlandırılmışdır. 14.02.2020-ci ildən halhazıra kimi əmək fəaliyyətini davam etdirir. İşdə olan SOCAR Heydər Əliyev adına X7 tərəfindən verilmiş 08 may 2020-ci il tarixli SOCAR**********81200601A00011 saylı arayışdan görünür ki, İddiaçı 12.09.1989-cu ildən indiyədək Heydər Əliyev adına X5 işləyir. 12.09.1989-cu ildən (işə qəbul barədə 8- 12/120 saylı 11.09.1989-cu il tarixli əmr) 01.10.1992-ci il tarixinədək koks, istehsalı üzrə 4 saylı texnoloji sexin 41 saylı texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində işləyib. 01.10.1992-ci ildən (köçürülmə barədə 8-3/131 saylı 30.09.1992-ci il tarixli əmr) 01.01.2006-cı il tarixinədək koks istehsalı üzrə 4 saylı sexin, istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. 01.01.2006-cı ildən indiyədək koks istehsalı üzrə 4 saylı sexin, istehsalatın mexaniki təmir, texnoloji avadanlıqların təmiri və xidməti, texnoloji avadanlıqların təmiri üzrə xidmət sahələrində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. Qeyd: Arayışın 1, 2-ci bəndlərində uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 1 saylı siyahısının X bölməsinin 11000000-18547, 11000000-16081 saylı kodlarla müəyyən edilmiş qaydalara əsasən xüsusilə zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Arayışın 3-cü bəndində uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərar “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 yanvar 2021-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, X2 29 iyul 1986-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında və “Heydər Əliyev adına X7”nun ona dair 8 may 2020-ci il tarixli SOCAR**********81200601A00011 nömrəli arayışında onun adıçəkilən müəssisədə 12.09.1989-01.10.1992-ci il tarixləri arasındakı dövr ərzində koks istehsalı üzrə texnoloji qurğuların operatoru, 01.10.1992-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə texnoloji qurğuların təmiri üzrə çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən zavodda Vasiliy Timofeyevin iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı İddiaçı vaxtilə işlədiyi 41 nömrəli qurğu 01.10 1992-ci il tarixində bağlandığı üçün onun mexaniki təmir sahəsinə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsinə keçirildiyi müəyyən edilmişdir. Eyni zamanda SSSRİ Nazirlər Kabinetinin 01.11.1977-ci il tarixli 369/11-16 nömrəli Qərarına əsasən estakadalarda neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələri ağır və zərərli peşə hesab edilirdi. Sözügedən zavodda olan sənədlərə əsasən məlum olmuşdur ki, kükürdlü neft və neft məhsullarının emalı 31.12.1995-ci il tarixində dayandırılmışdır. Buna görə də Vasiliy Timofeyevin əmək fəaliyyəti ilə məşğul olduğu zaman işlədiyi neft məhsullarının tərkibi etil və kükürdlü olmamışdır. Bu səbəblərdən də 01.01.2006-cı il tarixinədək onun güzəştli iş stajı 10 ildən az (3 il 20 gün) təşkil edir. Qeyd olunan faktlar “Heydər Əliyev adına X7” tərəfindən 22.12.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq Vasiliy Timofeyevə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. 22.12.2020-ci il tarixli **********9 nömrəli aktın surətindən görünür ki, İddiaçı 12.09.1989-cu ildən 01.10.1992-ci ilədək 4 saylı texnoloji sexin 41 saylı texnoloji qurğuların operatoru, 01.10.1992-ci ildən 41 saylı qurğunun bağlanması səbəbindən 4 saylı istehsalatın mexaniki təmir sahəsinə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsinə keçməsi və hal-hazıradək həmin sahədə işləməsi müəyyən olundu. İşlədiyi 41 saylı qurğu bağlandığından 01.10.1992-ci ildən sonrakı dövrdə işlədiyi peşə xüsusilə ağır və zərərli peşə hesab edilməyir. Məhkəmə araşdırması dövründə İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı və 2 saylı Siyahılarda nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas olan əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuş hansı peşələr üzrə nə qədər işləməsi və ümumi güzəştli iş stajı barədə arayışın verilməsi SOCARın Baş ofisinin Mərkəzi Arxivindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq SOCAR Heydər Əliyev adına X7 tərəfindən verilmiş 26.11.2021-ci il tarixli, SOCAR**********30560046X00096 saylı arayışından görünür ki, İddiaçı 12.09.1989-cu il tarixdən 01.10.1992-ci il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, 41 N-li texnoloji qurğu, texnoloji qurğuların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 1100000-16081, X bölmənin 3-cü yarımbölməsi), 01.10.1992-ci il tarixdən 01.04.1994-cü il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər və 01.04.1994-cü il tarixdən 10.06.2003-cü il tarixədək 4 Nli istehsalat, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 1100000-18547, X bölmənin 3-cü yarımbölməsi), 10.06.2003-cü il tarixdən 08.05.2006-cı il tarixədək 4 N-İi sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 1100000-18547, X bölmənin 3-cü yarımbölməsi), 08.05.2006-cı il tarixdən 16.02.2009-cu il tarixədək 4 N-li sex, texnoloji avadanlıqların təmiri və xidməti sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-18547, Xİİ bölmənin 3-cü yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçinlərindən başqa) kömürün və şistin emalı) bölməsi), 16.02.2009-cu il tarixdən 18.04.2014-cü il tarixədək 4 N-li istehsalat, texnoloji avadanlıqların təmiri və xidməti sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər və 18.04.2014-cü il tarixdən hal-hazıradək 4 N-li istehsalat, texnoloji avadanlıqların təmiri üzrə xidməti sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçinlərindən başqa) kömürün və şistin emalı) bölməsi) peşələrində işləmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "a" yarımbəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda pensiyaçı deyildir. Onun 52 yaşı 06 mart 2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçıya pensiya təyin edilməsindən onun güzəştli iş stajının 10 ildən az təşkil etməsi əsası ilə imtina edilmişdir. Məhkəmə araşdırması dövründə həmçinin müəyyən edildi ki, iddiaçının 01.01.2006-ci il tarixədək güzəştli iş stajı üzrə onun 01.10.1992-01.01.2006-cı illərdə işlədiyi dövr mübahisələndirilmiş, buna görə də onun 01.01.2006-ci il tarixədək güzəştli iş stajı 3 il 20 gün olaraq hesablanmışdır. İddiaçının qeyd olunan dövr üzrə “Heydər Əliyev adına X7”nda Koks istehsalı üzrə 4 N-li sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər, 4 N-li istehsalat, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər və 4 N-İi sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər peşələrində işləməsi və həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 1100000-18547, X bölmənin 3-cü yarımbölməsi üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması məhkəmə sorğusuna əsasən cavab olaraq SOCAR Heydər Əliyev adına X7 tərəfindən verilmiş 26.11.2021-ci il tarixli, SOCAR**********30560046X00096 saylı arayışı əsasında öz təsdiqini tapır. Hazırki mübahisə üzrə iddiaçının 01.01.2006-cı il tarixədək olan dövr üzrə 3 il 20 gün müddətinə güzəştli sosial sığorta stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və iş materiallarında olan əmək kitabçasına əsasən öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, həmin iş stajının üzərinə iddiaçının 01.10.1992-01.01.2006-cı illərdə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işlədiyi müddət də nəzərə alındıqda onun 01.01.2006-cı il tarixədək 10 ildən artıq müddətə güzəştli iş stajına malik olması öz təsdiqini tapır. Cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etiraz əsasında iddiaçının 01.10.1992-01.01.2006-cı illərdə işlədiyi koks istehsalı üzrə 4 nömrəli sexin istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsisinin 1 nömrəli Siyahı ilə pensiyaya çıxmaq imkanı vermədiyi göstərilmişdir. Lakin məhkəmə sorğusu əsasında SOCAR Heydər Əliyev adına X7 tərəfindən verilmiş 26.11.2021-ci il tarixli, SOCAR**********30560046X00096 saylı arayış ilə cavabdeh tərəfindən mübahisələndirilən müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edilmişdir. Hazırki iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 01.09.1983-cü ildən 15.07.1986-cı ilədək DPTM-də təhsil almış, 23.07.1986-cı ildə “BİTMAŞ” Bakı X4tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 20.10.1986-cı ildə Sovet Ordusu sıralarına qəbul ilə bağlı azad edilmiş, 28.10.1986-cı ildən 27.11.1988-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 01.02.1989-cu ildə “BİTMAŞ” Bakı X4tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 13.05.1989-cu ildə işdən azad edilmiş, 12.09.1989-cu il tarixdən 01.10.1992-ci il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, 41 N-li texnoloji qurğu, texnoloji qurğuların operatoru, 01.10.1992-ci il tarixdən 01.04.1994-cü il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər, 01.04.1994-cü il tarixdən 10.06.2003-cü il tarixədək 4 N-li istehsalat, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər, 10.06.2003-cü il tarixdən 08.05.2006-cı il tarixədək 4 N-İi sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər peşələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın X. bölməsinin 3-cü yarımbölməsinin 1100000-16081 kodlu texnoloji qurğuların operatorları və1100000-18547 kodlu 1 nömrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan texnoloji qurğuların təmiri üzrə çilingərlər peşələrinə uyğundur və həmin peşələr üzrə iddiaçının güzəştli iş stajı 01.01.2006-cı il tarixədək 10 ildən artıq müddəti təşkil edir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 52 yaşı tamam olduğu 06 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 52 yaşı tamam olduğu 06 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar