Məhkəmə qərarları › İş №2-1(112)-775/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-775/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-775/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixindən. xx.xx.2020-ci il tarixinə kimi Sabunçu rayon Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinə cəlb olunmaqla hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunmağı ilə əlaqədar olaraq, cavabdeh orqana müraciət edərək ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan bundan imtina edərək, ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd etmişdir ki, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəsinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Barənizdə təqdim olunmuş arayış-məlumatda yerinə yetirdiyiniz fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən meyarlara uyğun olmadığına görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.Hazırda cavabdehin imtinası ilə razı deyildir. Belə ki. iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissə komandiri Faiq Əliyevin verdiyi arayışdada qeyd olunur ki, İddiaçı vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə madditexniki təminat bölmələrində sürücü kimi xx.xx.2020-ci il tarixdən. xx.xx.2021-ci il tarixədək iştirak edib və N nömrəli hərbi hissədə ezamiyyətdə olub. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının 18.N,2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş arayış-məlumatda yerinə yetirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən meyarlarla uyğun olmadığına görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.” AR İPM-nin 35.1.-Cİ maddəsinə əsasən: “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün İddiaçı adının daxil edildiyi siyahının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda onun müharibə veteranı statusu ilə bağlı sənədlərə baxılaraq barəsində müsbət qərar qəbul edildyi və razılaşdırılması üçün Nazirlər Kabinetinə göndəriləcəyi bildirilsə də lakin keçən 6 aya yaxın müddət ərzində barəsində hər hansı tədbir görülmədiyini, buna görə də iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsi, ev 8, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Azərbaycan DNŞ Nəqliyyat İdarəsinin 4 nömrəli TND-dan N nömrəli hərbi hissəyə ezam olunmuşdur. xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə maddi texniki bölmələrində gedən döyüşlərdə sürücü vəzifəsində iştirak edib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DNŞ Nəqliyyat İdarəsinin 4 saylı TND-dan xx.xx.2021-ci il tarixdə verilən HV-1N88 nömrəli arayışda göstərilmişdir ki, hərbi əməliyyatların başlanması ilə əlaqədar olaraq N oktyabr 2020-ci il tarixindən 31 oktyabr 2020-ci il tarixinədək Sabunçu rayon səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə cəlb olunmaqla hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunmuşdur. (Əmr № 423-e N 10 2020-cı il). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 267 nömrəli arayışdan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı Fizuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə maddi-texniki təminat bölmələrində sürücü kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iştirak edib və N nömrəli hərbi hissədə ezamiyyətdə olub. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Fəxri Fərmanda göstərilmişdir ki, İddiaçı “Fizuli, Cəbrayıl, Xocavənd” istiqamətində gedən döyüşlərdə maddi texniki təminat bölmələrində sürücü kimi fəal iştirak etdiyinə görə N saylı hərbi hissə komandiri tərəfindən təltif olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 3-43-0/2-692/2024 nömrəli məktubu ilə təqdim edilmiş N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 267 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı vətən müharibəsi anı Fizuli, Cabrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə maddi-texniki təminat lələrində sürücü kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iştirak edib və nömrəli hərbi hissədə ezamiyyətdə olub. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-3032/2024 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərin sorətindən görünür ki: -N saylı hərbi hissə tərəfindən verilmiş “Döyüş əməliyyatlarında bilavasitə iştirak etmək üçün ezam olunmuş hərbi qulluqçular barədə” arayışa əsasən İddiaçı xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə mülki rütbəli sürücü vəzifəsində xidmət etmişdir. -xx.xx.2020-ci il tarixli 265 nömrəli əmrdən çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət neft şirkəti nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Depardamentinin aşağıda adları qeyd olunan sürücü işçiləri Bakı şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə Şöbə və Bölmələri Xüsusi döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə N nömrəli hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilsinlər: 1.Mülki işçi-İddiaçı -xx.xx.2021-ci il tarixli 1 nömrəli əmrdən çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət neft şirkəti nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Depardamentinin aşağıda adları qeyd olunan sürücü işçiləri Bakı şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə Şöbə və Bölmələri Xüsusi döyüş əməliyyatlarında iştirak edən aşağıda adı qeyd olunan işçisi N nömrəli hərbi hissədən ezamiyyətdən getmiş hesab edilsinlər: 1.Mülki işçi-İddiaçı Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin xx.xx.2024cü il tarixli 14-2-18/2-311/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2020-ci il tarixli 423-1 nömrəli “Ezamiyyət haqqında” əmrdə göstərilmişdir ki, Nəqliyyat İdarəsinin 29 09.2020-cı il tarixli SOCAR**********30290068X00004 nömrəli məktubuna əsasən Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə əmr edirəm: 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK. Sabunçu RHK, Nizami RHK və Xəzər RHK-na cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunsunlar: 112. İddiaçı-Ford Cargo 1835T-yəhərli dartıcı-N-xx.xx.2020 -xx.xx.2020-ci il tarixli 493-1 nömrəli “Ezamiyyət haqqında” əmrdə göstərilmişdir ki, Nəqliyyat idarəsinin xx.xx.2020-ci il tarixli SOCAR**********30290068X00004 nömrəli məktubuna əsasən Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə əmr edirəm: 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK, Sabunçu RHK, Nizami RHK və Xəzər RHK- na cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunsunlar: 30.İddiaçı-Ford Cargo 1835T-yəhərli dartıcı-N-xx.xx.2020 -xx.xx.2020-ci il tarixli 554-1 nömrəli “Ezamiyyət haqqında” əmrdə göstərilmişdir ki, Nəqliyyat İdarəsinin xx.xx.2020-ci il tarixli SOCAR**********30290068X00004 nömrəli məktubuna əsasan “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-cı il tarixli və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə əmr edirəm: 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK, Sabunçu RHK, Gəncə RHK, Nizamı RHK və Xəzər RHK na cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunsunlar. 69. İddiaçı-Ford Cargo 1835T-yəhərli dartıcı-N-xx.xx.2020 -Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü ill tarixli 29 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o həqiqətən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında xx.xx.2024-cü il tarixli, Akt № 1643 dƏo 1643 qeydiyyatında olan N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədəkk sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetriməklə Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqları üzrə tapşırıqları yerinə yetirilməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə hərbi hissədən tərxis olunaraq ehtiyata buraxılmışdır. -Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin möhür, imzası və komissiya üzvlərinin imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 1643 nömrəli Aktda qeyd edilmişdir ki, Biz aşağıda imza edənlər komissiyanın sədri: N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin texniki təminat xidməti rəisi kapitan X9, hərbi hissənin qərargah rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi vəzifəsini icra edən kapitan X7, hərbi hissənin maddi-texniki təminat bölməsinin rəisi vəzifəsini icra edən kapitan X5, hərbi hissənin nəzarət hissə rəisi baş leytenant X11, qərargah taborunun, rabitə maşınının manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X2, bu aktı tərtib etdik ondən ötrü ki, həqiqətən vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli rayonu, Xocavənd rayonu və Kəlbəcər rayonları istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, hərbi hissəyə ezamiyyətdə gəlməsi xx.xx.2020-ci il tarixdə qeydə olunmasına baxmayaraq hərbi hissə komandirinin nizami hissə üzrə əmrində isə xx.xx.2020-ci il tarixdə düşmüşdür. Lakin vətəndaş İddiaçı “Azərbaycan Respublikası Dövlət neft şirkəti Xocavənd İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən 2276 nömrəli ezamiyyət vəsiqəsində N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdə gəlməsi və xx.xx.2020-ci il tarixdə hərbi hissədən getməsi barədə hərbi hissənin möhürü ilə təsdiq olunmuşdur.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 2/2-614 nömrəli məktubunda bildirilmişdir ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Barənizdə təqdim olunmuş arayış-məlumatda yerinə yetirdiyiniz fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən meyarlara uyğun olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinzin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin istinad edilən halları ilə müəyyən edilir ki, İddiaçı Ford Cargo ** JS *** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə xx.xx.2020-ci il tarixdən Sabunçu rayon hərbi komissarlığının sərəncamına verilmiş, N nömrəli hərbi hissəxx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissədən sürücü qismində Fizuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə maddi-texniki təminat bölmələrində iştirak etmiş, N nömrəli hərbi hissə tərəfindən Fizuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə maddi-texniki təminat bölmələrində sürücü kimi faəl iştirak etdiyinə görə təltif edilmiş, xx.xx.2020-ci il tarixdə hərbi hissədən tərxis olunaraq ehtiyata buraxılmışdır. İddiaçı hazırda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların maddi texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;

2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyuş əməliyyatları zamanı mülki sürücü kimi müvafiq tapşırıqları yerinə yetirməsi işin mübahisəsiz halıdır, belə ki, bu faktlar iş materiallarında olan hərbi hissənin arayışı, əmrdən çıxarış, ezamiyyət vəsiqələri və hərbi biletdə aparılan qeydlərlə təsdiq olunur. İddiaçının yerinə yetirdiyi tapşırığın mahiyyətinə gəldikdə, onun sürücü kimi fəaliyyət göstərməsi döyüş əməliyyatlarının maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirməsini ehtiva edir. Belə ki, maddi texniki təminat, əməliyyat zamanı şəxsi heyətin geyim forması, silah və sursat, xüsusi müdafiə vasitələri, kriminalistik texnika, xüsusi rabitə avadanlığı, nəqliyyat vasitələri, onların təmiri, onların yanacaq və sürtkü materialları ilə təmin edilməsi və digər bu kimi təsərrüfat-təchizat məsələlərini nəzərdə tutur, hansı ki, iddiaçı da məhz hərbi hissə tərəfindən sürücü kimi cəlb edilmiş, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarına nəqliyyat vasitələrini idarə edərək fasiləsiz döyüş sursatlarının daşınmasını həyata keçirmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməmiş, bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarxli 420 nömrəli Qərarının 1.1ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyini əsaslandırmamışdır. Müdafiə Nazirliyi iddianın məhkəməyə təqdim edildiyi 2xx.xx.2024-cü il tarixdən məhkəmə icraatı gedişində iddiaçının tələbini təmin etdiyi və iddiaçının adının siyahıya əlavə edilərək razılaşdırması üçün Nazirlər Kabinetinə göndərilməsini təsdiq edən sənədi bununla da mübahisənin məhkəmədənkənar həll edilməsi ilə bağlı vəsatəti təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar