Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7750/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Bakı şəhəri, A.Novruzov küçəsi 30 saylı evin, 5 saylı mənzilinin yaxınlığında yerləşən 248,3 kv.metr torpaq sahəsində tikilmiş 166,5 kv. metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, yerli özünüidarə orqanları-bələdiyyələr yaranmamışdan əvvəl Bakı şəhəri Xətai rayonu Araz Novruzov küçəsi 30 saylı evin 5 saylı mənzilinin yaxınlığında istifadəsində 248,3 kvadrat metr torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli köhnə yaşayış evi mövcud olmuşdur. 2007-ci ildə həmin yaşayış evini söküb, yenidən inşa etdirmək üçün Xətai rayon İcra Hakimiyyyətinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakmiyvətinin layihə smeta bürosu tərəfindən qeyd edilən 248,3 kvadrat metr torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Bununla yanaşı həmin sənəd səlahiyyətli şəxsin imzası və büronun möhürü ilə təsdiq edilmişdir. Layihə smeta bürosu tərəfindən tərtib olunmuş bu sənəddə həmin (248,3 kvadrat metrlik) torpaq sahəsindən yeraltı qaz, kabel (işıq), həmçinin su və kanalizasiya xəttlərinin keçmədiyi də təsdiq olunmuşdur. Torpaq sahəsi ilə bağlı tərtib olunmuş bu cizgi sənədi Xətai rayon Xətai bələdiyyəsinin ərazi idarəetmə və torpaq şöbəsinin müdirinin imzası və bələdiyyənin möhürü ilə təsdiq edilməklə, həmçinin Xətai rayon İcra Hakimiyyətinin memarının imzası və icra hakimiyyətinin möhürü ilə təsdiq edilməklə razılaşdırılmışdır. 19 mart 2008-ci il tarixdə 248,3 kvadrat metr torpaq sahəsinin satış dəyəri olaraq müəyyən edilmiş 4.966 (dörd min doqquz yüz altmış altı) manat məbləğində pul tərəfindən AAE 247110 nömrəli qəbz əsasında Xətai rayon bələdiyyəsinə ödənilmişdir. Bundan sonra Xətai rayon Xətai bələdiyyəsinin 01.04.2008-ci il tarixli 05/29 nömrəli qərarına əsasən Bakı şəhəri Xətai rayonu, Araz Novruzov küçəsi 30 saylı evin 5 saylı mənzilinin yaxınlığında yerləşən istifadəsində olan 248,3 kvadrat metr torpaq sahəsi ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Torpaq sahəsinin ayrılma qərarında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının Xətai rayon Xətai bələdiyyəsinə ünvanladığı 221 nömrəli 14.03.2008-ci il tarixli məktubuna da istinad edilmişdir. Həmin qərardan sonra Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin layihə smeta bürosu tərəfindən ona satılmış 248,3 kvadrat metr torpaq sahəsində tikəcəyi bir mərtəbəli fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir. Xətai rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış həmin layihə Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinin memarının imzası və möhürü ilə də təsdiq olunmuşdur. Bununla da Xətai rayon İcra hakimiyyəti tərəfindən ona 166,5 kvadratmetrlik fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra uzun illərdən bəri istifadəsində olan, həmçinin Xətai rayon İcra Hakimiyyətinin razılığı ilə Xətai rayon bələdiyyəsindən satın aldığı torpaq sahəsində köhnə yaşayış evini söküb əvəzində bir mərtəbəli yeni fərdi yaşayış evi inşa etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ekspertiza Mərkəzinin 26.10.2010-cu il tarixli 150- E/10 saylı rəyindən görünür ki, ona məxsus Bakı şəhəri Xətai rayonu Araz Novruzov küçəsi 30, 5 saylı mənzilin yaxınlığında yerləşən torpaq sahəsində 1 mərtəbəli (166,5 kv. metr) fərdi yaşayış evinin layihəsi ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırılır və tikinti istismara yararlı hesab edilir. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının 07.04.2011-ci il tarixli 100 nömrəli sərəncamında göstərilmişdir ki, “Bakı şəhəri, A.Novruzov küçəsi 30 saylı evin, 5 saylı mənzilinin yaxınlığında vət. İddiaçı tərəfindən tikilmiş ümumi torpaq sahəsi 248,3 kv. metr, yaşayış yaşayış sahəsi 83,5 kv. metr, köməkçi sahəsi 83,0 kv. m-dən ibarət olan fərdi yaşayış evi istismara qəbul edilsin və hüquqi qeydiyyatdan keçirilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən vət. İddiaçı göstərilən yaşayış evinə qeydiyyat vərəqəsi və texniki pasportun verilməsi xahiş edilsin”. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 1 iyun 2021-ci il tarixli **********72 nömrəli ona ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, “qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat yoxdur. Həmçinin təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Xətai rayon Xətai bələdiyyəsinin 05/29 nömrəli 01.04.2008-ci il tarixli qərarı qanunverciliyə uyğun verilməmişdir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 05 iyul 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 08.09.2021-ci il tarixdə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Etirazda göstərilmişdir ki, qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat yoxdur. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. 05/29 nömrəli, 01.04.2008-ci il tarixli, Xətai rayon, Xətai bələdiyyəsinin qərarı qanunvericiliyə uyğun verilməmişdir. Belə ki, “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 23.10.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bununla bağlı idarə tərəfindən İddiaçı **********72 qeydiyyat nömrəli 01.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə zidd olduğunun nəzərə alınmaqla, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 etiraza uyğun izahat verərək və iddianı qəbul etmədiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin və AZ-T seriyalı 089518 №li doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuşdur; atası Nümayəndə, anası X6r; ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 5 saylı mənzil X5 (iddiaçının anası) adına xüsusi mülkiyyət hüququ ilə 19.02.2010-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1102 nömrəli reyestr kitabının 99783 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən Xətai rayon Xətai Bələdiyyəsinə ünvanlanmış 14.03.2008-ci il tarixli 221 nömrəli məktubda qeyd olunmuşdur ki, 01/177 saylı, 26.02.2008-ci il tarixli vət. İddiaçı müraciəti ilə bağlı məktuba Xətai rayon İcra Hakimiyyətində baxılmışdır. Məktubda vət. İddiaçı A.Novruzov küçəsi 30, 5 saylı mənzilin yaxınlığında, cizgidə göstərilən ərazidə fərdi yaşayış evi tikintisi üçün uzun müddət bağ sahəsi kimi istifadə etdiyi 248,3 kv. metr torpaq sahəsi ayrılmasına münasibət bildirilməsi xahiş edilmişdir. Xətai rayon İcra Hakimiyyəti yuxarıda qeyd edilən məsələyə mövcud torpaq qanunvericiliyinə uyğun baxılmasına etiraz etmir və Bələdiyyənin müzakirəsinə təqdim edir. Xətai rayon Bələdiyyəsinin 19 mart 2008-ci il tarixli AAE seriyalı 247110 №-li kassa mədaxil qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı torpaq alqı-satqısı üçün 4.966 (dörd min doqquz yüz altmış altı) manat ödəniş etmişdir. Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli 05/29 saylı qərarının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iclas Xətai rayon İcra Hakimiyyətinin 221 saylı 14.03.2008-ci il tarixli razılıq məktubuna və təsdiq olunmuş cizgi planına, “X7” AR Qanununun 19-cu maddəsinə, Xətai bələdiyyəsinin X9 məsələləri daimi komissiyasının 18 mart 2008-ci il tarixli iclasının qərar layihəsinə, Bələdiyyənin 19 mart 2008-ci il tarixli iclasının qərarına əsaslanaraq qərara almışdır: 1.Təsdiq edilmiş cizgi planına uyğun olaraq Xətai rayonu A.Novruzov küçəsi 30, 5 saylı binanın yaxınlığında cizgidə göstərilən ərazidə vətəndaş İddiaçı adına fərdi yaşayış evinin tikintisi məqsədilə 248,3 kv. metr ölçüdə torpaq sahəsi ayrılsın.
2. İddiaçı tapşırılsın ki, təsdiq edilmiş cizgi planından kənarlaşma hallarına yol verməsin, sanitariya - gigiyena qaydalarına riayət etsin və tikinti işlərini bir il müddətinə başa çatdırsın.
3. Bələdiyyənin “Vergi şöbəsi”nə tapşırılsın ki, vətəndaşa ayrılmış torpaq sahəsini uçota alsın və torpaq vergisinə cəlb etsin.
4. Tikinti aparılan ərazidə kommunikasiya xətləri aşkar edilərsə, dərhal iş dayandıraraq aidiyyəti orqanlara xəbər vermək vətəndaş İddiaçı tapşırılsın.
5. Qərarın surəti rayon polis idarəsinə, GEM-nin rayon şöbəsinə, MKTB-yə, rayon X3 Xidmətinə və vətəndaş İddiaçı göndərilsin.
6. Vətəndaş İddiaçı tapşırılsın ki, əlaqədar təşkilatlardan hüquq sənədlər və razılaşdırmalar alındıqdan sonra tikinti işlərinə başlasın.
7. Qərarın icrasına nəzarət Bələdiyyənin Ərazi İdarəetmə və Torpaq şöbəsinə həvalə edilsin. Bakı şəhəri, Araz Novruzov küçəsi 30, 5 saylı mənzilin yaxınlığında yaşayış evi tikintisi üçün ayrılmış sahəsinin yerləşmə cizgisindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış evinin cizgisi Xətai rayon İcra Hakimiyyəti Təsərrüfat Hesablı Layihə Smeta Bürosu, Xətai Bələdiyyəsi Ərazi İdarə etmə və Torpaq şöbəsinin müdiri tərəfindən Xətai rayon İcra Hakimiyyətinin 221 saylı 14.03.2008-ci il tarixli rəy məktubu, Xətai rayon Bələdiyyəsinin 05/29 saylı 01.04.2008-ci il tarixli sərəncamı əsasında təsdiq edilmişdir. Bakı şəhəri Xətai rayon Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 10.04.2009-ci il tarixli 01/132 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanındə fərdi yaşayış evinin yaxınlığında yerləşən, təsdiq edilmiş cizgidə göstərilən torpaq sahəsi Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi E.Qasımzadə tərəfindən 03.10.2000-ci il tarixində təsdiq edilmiş və Xətai bələdiyyəsinə təqdim edilmiş xəritəyə əsasən Xətai bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinə aiddir. Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ekspertiza Mərkəzinin 01.11.2010-cu il tarixli D-1/1-155 saylı məktubu ilə İddiaçı təqdim olunmuş “Bakı şəhəri Xətai rayonu, Araz Novruzov küçəsi 30, 5 saylı mənzilin yaxınlığında yerləşən torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi” layihəsinə baxılıb qəbul olunmuş 26.10.2010-cu il tarixli 150-E/10 saylı rəydən müəyyən olunur ki, İddiaçı sifarişi ilə (Layihə (sifariş № 150)) hazırlanmış layihəyə dair irad və təklif olaraq aşağıdakılar qeyd olunmuşdur:
1. Layihədə divar və arakəsmələrin materialı (mişarlanmış əhəng daşı və boşluqlu kərpic), hörgünün kateqoriyası (İİ) göstərilməli idi.
2. Layihədə konstruktiv cizgilər verilməyib.
3. Binanın mövcud bünövrəsinin ana qrunta oturdulması tikinti zamanı təmin olunmalı idi.
4. Hər hansı bir konstruksiyada qüsur aşkar edilərsə, həmin konstruksiyalarda gücləndirmə işlərinin aparılması tövsiyə edilir. Rəyin qeyd hissəsində isə tikinti və abadlaşdırma işləri mühafizə zolağında və ya tikinti normalarına görə uyğun olmayan ərazilərdə aparılmamaq şərti ilə rəydə qeyd olunan rəsmi sənədlərə əsasən sifarişçiyə məxsus torpaq sahəsinin sərhədləri daxilində və təsdiq edilmiş layihədən kənara çıxmamaqla aparılmalıdır. Nəticə olaraq isə qeyd olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu, Araz Novruzov küçəsi 30, 5 saylı mənzilin yaxınlığında yerləşən torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi layihəsi ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırılır və tikinti istismara yararlı hesab edilir. İddiaçı sifarişi əsasında hazırlanmış Bakı şəhəri Xətai rayonu, Araz Novruzov küçəsi 30, 5 saylı mənzilin yaxınlığında yerləşən torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi layihəsindən müəyyən olunur ki, layihədə evin ümumi sahəsi 166,5 kv. metr, yaşayış sahəsi 83,5 kv. metr, köməkçi sahə isə 83.0 kv. metr göstərilmişdir. Layihə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 07.04.2011-ci il tarixli 100 saylı Sərəncamından çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Xətai rayon İcra Hakimiyyətinin 221 saylı, 14.03.2008-ci il tarixli rəy məktubuna əsasən Xətai rayon Bələdiyyəsinin 05/29 saylı, 01.04.2008-ci il tarixli sərəncamı ilə vət. İddiaçı 248,3 kv. metr fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək təsdiq edilmiş layihə əsasında tikib başa çatdırdıqları fərdi yaşayış evinin istismara qəbul edilib, hüquqi qeydiyyatdan keçirilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ekspertiza Mərkəzi D-l/1-155 saylı, 01.11.2010-cu il tarixli məktubu ilə 150-E/10 saylı, 26.10.2010-ci il tarixli rəy vermişdir. Qeyd olunanlara və həmçinin “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” rəhbər tutularaq qərara alınmışdır:
1. Bakı şəhəri, A.Novruzov küçəsi 30 saylı evin, 5 saylı mənzilinin yaxınlığında vət. İddiaçı tərəfindən tikilmiş ümumi torpaq sahəsi 248,3 kv. metr, уaşayış sahəsi 83,5 kv. metr, köməkçi sahəsi 83,0 kv. metrdən ibarət olan fərdi yaşayış evi istismara qəbul edilsin və hüquqi qeydiyyatdan keçirilsin.
2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən vət. İddiaçı göstərilən yaşayış evinə qeydiyyat vərəqəsi və texniki pasportun verilməsi xahiş edilsin.
3. Sərəncamın surəti vət. İddiaçı və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilsin. İddiaçı (etibarnamə üzrə nümayəndəsi vasitəsilə) hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********72 №li 01.06.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat yoxdur. Həmçinin, təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. 05/29 nömrəli, 01.04.2008-ci il tarixli, Xətai rayon, Xətai bələdiyyəsinin qərarı qanunvericiliyə uyğun verilməmişdir. Belə ki, “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 23.10.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq "hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. “X7” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı uzun müddət faktiki istifadəsində olmuş və sonradan qanuni əsaslarla ona ayrılmış torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yeni inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək və inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi 30 saylı evin, 5 saylı mənzilinin yaxınlığında yerləşən 248,3 kv. metr torpaq sahəsində tikilmiş 166,5 kv. metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev