Məhkəmə qərarları › İş №2-1(112)-7750/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7750/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7750/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı “avtonəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə qarşı “avtomobilin dövlət qeydiyyatına alınması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşğıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə (bundan sonra BDYPİ-nin Qİİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6 Yük” markalı, 2009-cu il buraxılışlı, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı MMCnin mülkiyyətində olması və BDYPİ-nin Qİİ-nin üzərinə qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı MMC-yə məxsus ** JF *** qeydiyyat nişanlı “X6” yük” markalı, 2009-cu il buraxılışlı ağ rəngli, furqon tipli, ban nömrəsi WFOUXXTTPU9E47262 olan avtonəqliyyat vasitəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatı şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi öhdəliyinin BDYPİ-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC olaraq havalandırma, kondinsionerlərin təmiri, quraşdırılması və. s xidmətlər üzrə fəaliyyət göstərirlər. İşlərinin fasiləsiz və dəqiq təmini üçün şirkətin özünə məxsus avtomobillərlə öz fəaliyyətini qurur. Belə ki, şirkətə məxsus **-JF-*** dövlət qeydiyyat nişanlı “X7 Yük” markalı nəqliyyat vasitəsinin dəyişdirilmiş mühərrik hissənin qeydiyata alınması və rəsmləşdirilməsinə dair BDYPİ-yə müraciətinə adı çəkilən idarədən xx.xx.2024-cü il tarixli 2-17384/2024 nömrəli məktuba əsasən, qeyd olunan “X6 Yük” markalı, 2009-cu il buraxışlı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğradığından oxunmaz halda olması səbəbindən, BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılmasının yalnız məhkəmə tərəfindən nəqliyyat vasitəsinə mülkiyyət hüquqlarının tanınması və qeydiyyat hərəkətlərinin aparılması təmin edilməsi ilə müvafiq qərarının olması təqdirdə mümkün olacağı barədə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsi əsl cavabdeh BDYPİ ilə əvəz edilmiş, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” № ********** şəhadətnamənin surətindən müəyyən olunur ki, hüquqi ünvanı AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27, M2, m1 olan İddiaçı MMC xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinin surətindən müəyyən olunur ki, X3 “X6” yük markalı, 2009-cu il buraxılışlı ağ rəngli, furqon tipli, № WFOUXXTTPU9E47262 ban nömrəli nəqliyyat vasitəsini İddiaçı MMC-yə satmışdır. AC seriyalı 850382 № “Nəqliyyat vasitəsinin qeydiyyat” şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-JF-*** qeydiyyat nişanlı “X6” yük markalı, 2009-cu il buraxılışlı ağ rəngli, furqon tipli, № WFOUXXTTPU9E47262 ban nömrəli nəqliyyat vasitəsi üzərində alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə BDYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-173840/2024 cavab məktubunda bildirilmişdir ki, qeyd olunan “X6 YÜK” markalı, 2009-cu il buraxılışlı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğradığından oxunmaz halda olması səbəbindən xahişlərinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair BDYPİ-nin Qİİ-də qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Məhkəmənin müvafiq sorğularına əsasən: BDYPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-63782/2024 saylı cavab məktubunda göstərilmişdir ki, BDYPİ-nin Qİİ-nin kompüter uçot bazasının məlumatlarına əsasən “X6 YUK” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-nin adında qeydiyyatdadır. Həmçinin məhkəmə orqanları tərəfindən “X6 YÜK” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Eyni zamanda “X6 YÜK” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-5/2-6537/2024 №-li cavab məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən BDYPİ-nin Qİİ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-5/2-16523/2023 saylı məktubunda göstərilmişdir ki, “X6” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı. avtomobilin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi avtomobil 2009-cu il buraxılışlı olmaqla 14 ildir ki, istismar olunur. X2 izahatında göstərmişdir ki, “X6” yük markalı, **-JF- *** dövlət qeydiyyat nişanlı, furqon tipli, WF0UXXTTPU9E47262 ban nömrəli, ağ rəngli, 2009-cu il buraxılışlı avtomobil etibarnamə əsasında təmsil etdiyi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı MMC-yə məxsusdur. Avtomobil 2017-ci il tarixdə şirkətin adına qeydiyyata alınmaqla balansa daxil edilmişdir. Avtomobil şirkətin işləri ilə bağlı olaraq idarə olunur. Avtomobilin mühərrikində nasazlıq yarandığı üçün mühərrik dəyişdirilməklə təmir olunmuşdur. Təmirdən sonra 01 sentyabr 2023-cü il tarixdə avtomobili müvafiq qeydiyyat işləri aparılması məqsədi ilə BDYPİ-nə təqdim edilmişdir. Orada avtomobilə baxış keçirilən zamanı avtomobilin ban nömrəsinin korroziyaya uğraması və oxunmaz olması müəyyən edildi. Bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X6” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi korroziyaya uğraması nəticəsində yoxdur. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması, təkrar qeydiyyat hərəkətlərinin aparılması BDYPİ tərəfindən həyata keçirilir. Göründüyü kimi “X6” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı, 2009cu il buraxılışlı avtomobilin ban nömrəsi yoxdur. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. Tətbiq edilən hüquq. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. ... V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. … V-İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”: 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində; ... 1.3…. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. … 1.5. Nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texnikiuçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra “qeydiyyat hərəkətləri” adlanır. 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. … 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnunu: … 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. … 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. … 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. … 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. … 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. … 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. … 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. … 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğradığından oxunmaz halda olması göstərilmişdir. Normaların məzmunundan da göründüyü kimi, nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi mexanizmi və bu mexanizmin tətbiqi müvafiq olaraq zəruri sənədlərin təqdim olunması, nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması və qanunvericilikdə səciyyələnmiş digər əsaslara görə həyata keçirilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması “qeydiyyat hərəkətləri” anlayışını ehtiva edir. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtonəqliyyat vasitəsini qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulmasını əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar avtonəqliyyat vasitəsinin qeydiyyata alınmasının imtina əsası kimi çıxış edə bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı adıçəkilən nəqliyyat vasitəsini dəyərini ödəməklə almış, kompüter uçot bazasının məlumatlarına əsasən “X6 YUK” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-nin adında qeydiyyata alınmışdır. Məhkəmə orqanları tərəfindən “X6 YÜK” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Məhkəmə hesab edir ki, həmin hallar iddiaçının vicdanlı alıcı xüsusiyyətlərinə uyğun olmaqla, avtonəqliyyat vasitəsinin oğurluq və digər xarakterli olmasını istisna edir və məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğraması əsası ilə hüququn qeydiyyatından imtina üçün əsas ola bilməz. Aidiyyəti sənədləşmənin aparılması həmin avtonəqliyyat vasitəsinin faktiki olaraq dəyərini ödəməklə alınmasını və dövriyyəyə buraxılması üçün əsas olmasını təsdiq edir. Eyni zamanda müvafiq orqanlar tərəfindən qeyd olunan hal ilə bağlı iddiaçı cəmiyyət barəsində cinayət işi də başlanmamışdır. Həmin məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində, həmçinin o da müəyyən olunmuşdur ki, avtomobil 2017-ci il tarixdə şirkətin adına qeydiyyata alınmaqla balansa daxil edilmişdir. Avtomobil şirkətin işləri ilə bağlı olaraq idarə olunur. Avtomobilin mühərrikində nasazlıq yarandığı üçün mühərrik dəyişdirilməklə təmir olunmuşdur. “X6” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi korroziyaya uğraması nəticəsində yoxdur. Göründüyü kimi Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət əməlinin olması, avtomobilin özü və quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən hallar müəyyən edilməmişdir. Bu mövqeydən çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avtomobilin hazırda iddiaçının qanuni olaraq istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmamasını iddiaçının mülkiyyət hüququnu reallaşdırmasına maneə kimi qiymətləndirir. Həmçinin məhkəmə icraatı zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində nəqliyyat vasitəsinin ban, şassi və mühərrik nömrələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan ban və şassi nömrələrinə uyğun; nəqliyyat vasitəsinin ban nömrəsində kənar müdaxilə nəticəsində pozulub-pozulmama halının mövcud olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə trasoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3/1459 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, təqdim edilmiş “X6” yük” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin: - qabaq sağ oturacağın ayaqaltı sahəsində olan metal lövhəyə həkk edilmiş ban nömrəsi üzərində kənar predmetin təsiri nəticəsində dəyişdirilmə əlaməti aşkar edilmədi. Lakin həmin ban nömrəsi həkk edilmiş metal lövhənin karroziyaya uğraması nəticəsində oxunmaz hala düşmüşdür. Bu da həmin avtomobilin ban nömrəsinin dəyişdirilməsinə dəlalət etmir; - alın şüşəsi altında və qabaq sağ qapı dirəyində olan ban nömrəsi yazılmış birkalar zavod üsulu ilə yapışdırılmışdır; - mühərrik nömrəsini bildirən “7D 43227” hərf və rəqəmlər zavod üsulu ilə həkk edilmişdir. - Avtomobilə məxsus qeydiyyat şəhadətnaməsində olan ban nömrəsi onun üzərində olan ban nömrə ilə eynilik təşkil edir, mühərrik nömrəsi isə fərqlilik təşkil edir. Məhkəmə rəyi vermiş ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və ekspertin rəy üzrə gəldiyi nəticəni işin hallarına uyğun hesab edir. Nəzərə alınmalıdır ki, qanunvericilik inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçilərin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı MMC-yə məxsus ** JF *** qeydiyyat nişanlı “X6” yük” markalı, 2009cu il buraxılışlı ağ rəngli, furqon tipli, ban nömrəsi WFOUXXTTPU9E47262 olan avtonəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi BDYPİ-yə həvalə edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh BDYPİ-dən 110 (bir yüz on) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçınə məxsus ** JF *** qeydiyyat nişanlı “X6” yük” markalı, 2009-cu il buraxılışlı ağ rəngli, furqon tipli, ban nömrəsi WFOUXXTTPU9E47262 olan avtonəqliyyat vasitəsinin İddiaçı adına dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatı şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən 110 (bir yüz on) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar