Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7751/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" kiçik müəssisəsində işlədiyi müddətin (9 il 2 ay 25 gün) sosial sığorta stajına daxil edilməklə pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixindən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1991-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" kiçik müəssisəsində işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin xx.xx.2021-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1956-cı il tarixində anadan olmuşdur. Ona xx.xx.2021-ci il tarixindən 264,61 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, onun xx.xx.1991-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" kiçik müəssisəsində olan əmək fəaliyyəti pensiya təyin olunan zaman sığorta stajı kimi nəzərə alınmamış və bu səbəbdən də təyin olunan pensiyanın məbləği az hesablanmışdır. Qeyd olunan məsələ ilə bağlı o, xx.xx.2022-ci il tarixində cavabdehə müraciət edərək, əmək kitabçasında da öz əksini tapan xx.xx.1991-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" kiçik müəssisəsində olan əmək fəaliyyətinin də sığorta stajı kimi nəzərə alınmasını və ona təyin olunan pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2022ci il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Həm mübahisələndirilən dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, əmək kitabçasında qeyd olunmuş iş stajının yoxlanılmasının mümkün olmaması və digər səbəblərdən aydınlaşdırılmaması həmin illərin sığorta stajına daxil olunmamasına əsas verə bilməz. Həmçinin "xxxx" kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmamasında onun təqsiri olmadığından bu hallar onun hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Hazırki halda onun xx.xx.1991-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" kiçik müəssisəsində olan əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. Cavabdeh orqanda əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı bir sübut yoxdur. Belə olan halda xx.xx.1991-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövr sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 264,61 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 19700,26 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində dəyişiklik olmamışdır. İddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci ildən xx.xx.2000-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı "xxxx" kiçik müəssisəsinin xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığı müəyyən edilmişdir. Əmək kitabçasında qeyd edilən dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunvericiliyin tələbinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar olaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 273,61 manata çatdırılmışdır. Bununla da, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən onun yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyi tələblərinə uyğun hesablanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq Sizə xx.xx.2021-ci il tarixindən 264,61 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2,1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2022-ci il tarixli müraciətinizlə əlaqədar olaraq bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 19700,26 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində dəyişiklik olmamışdır (təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil illəriniz nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajınız 22 il 6 ay olduğu halda, Sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır). Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz xx.xx.1982-ci il tarixində adınıza tərtib olunmuş İT-İ № ******* saylı əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.2000ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının monitorinqinin nəticəsinə əsasən "xxxx" kiçik müəssisəsinin xx.xx.1991-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, həmin dövrlərin sığorta stajınıza əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 273,61 manata çatdırılmışdır. xx.xx.2022-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1990-cı il tarixdə 22/3054 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Müəssisə xx.xx.1997-ci il tarixdən VÖEN verilməklə vergi uçotuna dayanmışdır. Vergi uçotu sənədlərinə əsasən müəssisənin rəhbəri İddiaçı olmuşdur. Vergi orqanına təqdim etdiyi vergi bəyannamələrinə əsasən müəssisə 1997-ci ildən 2003-cü ilədək olan dövrdə fəaliyyət göstərmişdir. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1990-cı il tarixdə 22/3054 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “X3” adlı hüquqi şəxs xx.xx.1990-cı il tarixdə, 22/3054 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan hüquqi şəxs hal-hazırda vergi uçotunda deyildir. Həmçinin bildiririk ki, İddiaçı (FİN: xxxxxxx) “X3”ndə əmək fəaliyyətinin olub-olmaması barədə məlumatın əldə edilməsi mümkün olmamışdır. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçıya xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1991-xx.xx.2000-ci illərdə "xxxx" Kiçik Müəssisəsində direktor işləmişdir. Lakin cavabdeh inzibati orqan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin yoxlanılmasının mümkün olmadığını qeyd etməklə bu dövrləri sosial sığorta stajınıza əlavə etməmiş, iddiaçının həmin qurumlarda işlədiyi dövrlər ona pensiya hesablanarkən nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlər iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktublardan görünür ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1990-cı il tarixdə 22/3054 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur, müəssisə 2003-cü ilədək fəaliyyət göstərmişdir və vergi uçotu sənədlərinə əsasən müəssisənin rəhbəri İddiaçı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" kiçik müəssisəsində işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin xx.xx.2021-ci ildən hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7751/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7751/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver