Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7755/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Qarabağ müharibəsinin iştirakçısı kimi və 1992-1993-cü illərdə Fizuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşən bir tağım komandiri kimi ona “Müharibə Veteram” adı və vəsiqəsi verilsin. Adıçəkilən komissiyaya müraciət etdikdə ona bildirilmişdir ki, “N nömrəli hərbi hissəyə daxil olması (23.05.1992-ci il) barədə qeydlər arxiv sənədlərində öz təsdiqini tapmadığından, toplanışa çağırılması və qanuni əsaslarla ehtiyata buraxılmağının tarixləri (may 1992 - fevral 1993cü il) N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmə (01.12.1993 - 10.05.1994-cü il) müddətinə təsadüf etmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2546/2020 saylı, 22.10.2020-ci il tarixli Qərarı ilə “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Qərarın icrası ilə əlaqədar məhkəməyə müraciət edildikdə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.12.2020-ci il tarixli, 1/S-16858 nömrəli məktubu ilə ona “müharibə veteranı” adı və vəsiqənin verilməsindən imtina olunub. Daha sonra o, Azərbaycan Respublikasının Vitse-Prezidentinə müraciət edərək ona yuxarıda qeyd olunan məsələdə köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”dan aldığı son məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vitse- Prezidentinin Katibliyinin rəisinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq qeyd olunan komissiyanın 16.12.2020-ci il tarixli iclasında onun məsələsinə baxılmış, 736 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Bildirmək istəyir ki, hərbi biletində N nömrəli hərbi hissənin tərkibində Fizuli və Qubadlı bölgələrində gedən döyüşlərin iştirakçısı olduğu, həmçinin N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışda onun Qarabağda gedən döyüşlərdə iştirakı qeyd edilsə də, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” işi aşardırmayaraq təkcə onunla əsaslanmışdır ki, onun N nömrəli hərbi hissəyə daxil olması barədə qeydlər arxiv sənədlərində öz təsdiqini tapmamış, toplanışa çağırılması və qanuni əsaslarla ehtiyata buraxılmasının tarixləri N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmə (01.12.1993 - 10.05.1994-cü il) müddətinə təsadüf etmir. Ədalətli araşdırılma keçirilsəydi təhlil olunardı ki, onun şəxsi işində hansı məlumatlar vardır və onun təqdim etdiyi sənədlər ilə müqayisə olunardı. Şəxsi işində olan sənədlərdə və onlara təqdim etdiyi sənədlər hamısı ona aiddir, bunun təsdiqini tapmaq olduqca asandır. Onunla qulluq edən şəxslər də, şahid qismində dindirilə bilər, şahidlərin məhkəməyə gəlməsini təmin edə bilər. Təqdim etdiyi sənədlər notarial qaydada təsdiq olunmuşdur. Göründüyü kimi, əlində olan bütün sübutlara baxmayaraq və şəxsi işində olan sənədlərlə müqayisə etməyərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya düzgün qərara gəlməmişdir və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 1994-cü il tarixdə imzaladığı “Veteranlar haqqında” 841 nömrəli Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar” və döyüş əməliyyatlarında iştirakı barədə qeydlər hərbi biletində öz təsdiqini tapmışdır, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərdiyi sənədlərə əlavə olunmuş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışda onun Qarabağda gedən döyüşlərdə iştirakı təsdiq olunmuşdur, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının üzərinə qoyulmasının məhkəmədən tələb edilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Qarabağ müharibəsinin iştirakçısı kimi öz hüquqlarından istifadə edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının üzərinə qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində 1992-1993-cü illərdə Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşən bir tağım komandiri kimi göstərərək, məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasa gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, ona “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da, daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 23.07.2021-ci il tarixli 9/2-5143 nömrəli arxiv arayışına əsasən 22.05.1992-ci il tarixdən 18.02.1993-cü il tarixədək N nömrəli hərbi hissədə leytenant rütbəsində xidmət edmişdir. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Bas Qərərgah rəisi tərəfindən 29.08.1997-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən 01.12.1993-cü il tarixdən, 10.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib. Bu kimi, halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də, iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsa idi, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1 (102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27.05.2021-ci il tarixli, 1/S-12314 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraicətinə cavab olaraq bildirilmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 16.12.2020-ci il tarixli iclasında baxılmış, 736 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İşdə olan N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli, 11.04.1989-ci il tarixli arayışın surətindən görünür ki, X4 23.05.1992-ci ildən 18.02.1993-cü ilədək N saylı hərbi hissədə Fizuli, Qubadl rayonları uğrunda gedən döyüşlərdə, tağım komandiri kimi iştirak etmişdir. İşdə olan ГР seriyalı, 042103 nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin 5-ci səhifəsindəki qeydlərdə İddiaçı 23.05.1992-ci ildən 18.02.1993-cü ilədək N saylı hərbi hissədə xidməti barədə qeydlər mövcuddur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə verilmiş məlumatdan görünür ki, N saylı hərbi hissə 01.12.1993-cü il tarixdən 10.05.1994-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilib. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli, 9/2-5143 nömrəli arayışdan görünür ki, N №-li hərbi hissənin 22.05.1992-31.12.1992-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 12, sıra 3, məlumatda soyadı Səlimov yazılmış, adı və atasının adı tam yazılmamışdır) tağım komandiri leytenant E.S.Səlimovun iyun 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-İi hərbi hissənin 22.05.1992-31.12.1992-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 23, sıra 5, məlumatda soyadı Səlimov yazılmış, atasının adı yazılmamışdır) leytenant Elşad Səlimovun iyun 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin 01.07.1992-28.12.1992-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 52, sıra 24, məlumatda soyadı Səlimov yazılmış, atasının adı yazılmamışdır) tağım komandiri leytenant Elşad Səlimovun iyul 1992-ci İİ tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin 01.07.1992-28.12.1992-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas səh 116, sıra 18, məlumatda soyadı Səlimov yazılmış, adı tam, atasının adı yazılmamışdır) tağım komandiri leytenant E.Səlimovun avqust 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 30.10.1992-ci il tarixli 159 №-li əmrilə (əsas: səh 20. § 10. əmrdə soyadı Səlimov yazılmış, qazan təminatından çıxarılma səbəbi qeyd edilməmişdir) leytenant X4 01.09.1992-ci il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissənin 01.07.1992-28.12.1992-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 204, sıra 29, məlumatda soyadı Səlimov yazılmış, adı və atasının adı tam yazılmamışdır) tağım komandiri leytenant E.S.Səlimovun oktyabr 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. 5-ci batalyonun tağım komandiri leytenant X4 xəstəliyi ilə əlaqədar olaraq Müdafiə nazirinin 10.02.1993-cü il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün N №-li hərbi hissə komandirinin 18.02.1993-cü il tarixli 41 №-li əmrilə (əsas: səh 19. § 1, sıra 2. əmrdə soyadı Səlimov yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir. Qeyd edirlər ki, N №-li hərbi hissə komandirinin may-sentyabr, noyabr-dekabr 1992-ci il, yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və ezamiyyəti, sentyabr, noyabr, dekabr 1992-ci il, yanvar 1993-cü il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəllərində pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən Səlimli (Səlimov) Elşad Səlim oğlu barəsində 21.05.2020-ci il tarixli, 9/2-5768 nömrəli məktubla cavab məktubu göndərilmişdir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün döyüş aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçməsini sübut edən hərbi bileti arxiv arayışları ilə birgə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) təqdim etməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi barədə onun hərbi biletində qeyd və Müdafiə Nazirliyinin Mərkəzi arxivində məlumatlar olsa da, N nömrəli hərbi hissənin iddiaçının xidmət etdiyi dövrdə, yəni 23.05.1992-ci ildən, 18.02.1993-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, N nömrəli hərbi hissə 01.12.1993-cü ildən 10.05.1994-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının xidmət etdiyi dövrdə N nömrəli hərbi hissəninin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7755/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7755/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver