Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7755/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə bağ massivi, 493 saylı bağ sahəsinin mülkiyyətçisidir. Bakı şəhəri İcra hakimiyyətinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyanın xx.xx.1967-ci il tarixli 21 saylı qərarı ilə 0.2 ha torpaq sahəsi iddiaçının atasına verilmişdir və torpağın mülkiyyətə verilməsinə dair JN- 27681D saylı şəhadətnamə təqdim edilmişdir. Eyni zamanda, torpaq sahəsinin yerləşmə sxemi iddiaçının atasına təqdim edilmişdir. Torpaq sahəsi xx.xx.2006-cı ildə iddiaçının atası tərəfindən ona bağışlanılmışdır. İddiaçı xx.xx.2006-cı ildə 10629613 qeydiyyat nömrəli nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Məqsədli istifadə növü olaraq fərdi yaşayış evi qeyd edilmişdir. İddiaçı məlumatlandırma icraatı qaydasına riayət edərək həmin torpaqda fərdi yaşayış evi inşa etmişdir və fərdi yaşayış evinə dair çıxarış əldə etmək məqsədilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 01.2.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmamışdır. Eyni zamanda. JN 27681D saylı şəhadətnamənin elektron baza məlumatlarında aşkar edilmədiyi qeyd edilir. Şəhadətnamə ilə fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkünsüz hesab edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır. Çünki torpağa dair şəhadətnamə əsasında artıq torpağa çıxarış əldə edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ərizə ilə Xəzər rayon İcra hakimiyyətinə məlumatlandırma ərizəsi və layihə təqdim edilmişdir. Xəzər rayon İcra hakimiyyəti tərəfindən heç bir imtina məktubu təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə xx.xx.2023-cü il tarixldə İdarəyə müraciət etmiş və **********48 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmadığından sənəd üzrə sahənin yerləşməsini təyin etmək mümkün olmamışdır. Həmçinin, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmədiyindən qeydiyyata alınmış torpaq sahəsinin iddia olunan sahə olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-27681D saylı şəhadətnamənin elektron baza məlumatı aşkar edilməmişdir. Eləcə də, şəhadətnamə də qeyd olunan konfiqurasiya ilə fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflər izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1967-ci il tarixli, 21 saylı qərı ilə iddiaçıya 0,2 ha torpaq sahəsi ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (0,2 ha) üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, o, istifadəsində olan ünvan 1 ünvanında yerləşən sahəsi 72,62 kv.m, hündürlüyü 5,2 m, mərtəbəliliyi 2 olan fərdi yaşayış evini inşa etməsi barədə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. "xxxx" MMC tərəfindən ünvan 1nə dair eskiz layihəsi tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmadığından sənəd üzrə sahənin yerləşməsin təyin etmək mümkün olmamışdır. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN- 27681D saylı şəhadətnamənin elektron baza məlumatı aşkar edilməmişdir. Eləcə də, şəhadətnamə ilə fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədinin üç tərəfi mişar daş hasar, bir tərəfi isə metal tordur. Həmçinin torpaq sahəsi mişar daş hasar ilə iki hissəyə bölünmüşdür. Faktiki sahəsi 2106.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarında ümumi ərazidə hasarlama sxematik xəritəyə əsasən aparılmamışdır, uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zolağına düşür. Sahənin dəqiqləşməsini müəyyənləşdirmək mümkün olmadı. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırkı inzibati mübahisə, iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması ilə bağlıdır. İş materiallarından göründüyü kimi, iddiaçı ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmiş, bu proses qanunvericiliyə uyğun aparılmış və müvafiq qaydada eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyətinə müraciət edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən aydın olur ki, o, Qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulan tələb olunan hüquqmüəyyənedici sənədlərə malikdir. Buna baxmayaraq, cavabdeh iddiaçının həmin sənədlərə sahib olduğunu nəzərə almamış, torpaq sahəsi ilə bağlı mübahisə açmış, eyni zamanda elektron kadastr məlumatlarında çıxarışın aşkar olunmaması və torpaq sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi kimi əsaslarla iddiaçının müraciətinə imtina cavabı vermişdir. Lakin iş materialları göstərir ki, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqları artıq dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasından imtina edilməsi hüquqi əsaslardan məhrumdur. Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı mülkiyyətçi olaraq torpaq sahəsi üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ, yalnız texniki uyğunsuzluq və ya formal səbəblərlə məhdudlaşdırıla bilməz. Bundan əlavə, cavabdehin mövqeyi ziddiyyətlidir. Belə ki, cavabdeh, iddiaçıya torpaq sahəsinə dair mülkiyyət hüququnu tanıyıb və qeydiyyata alıbsa, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına da eyni hüquqi yanaşma tətbiq olunmalıdır. Cavabdehin iddiaçının mülkiyyət hüquqlarını şübhə altına alması hüquqi baxımdan əsassızdır və qəbul edilə bilməz. Göründüyü kimi iddiaçının əmlakına mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina cavabdehin əvvəl aparmış olduğu qeydiyyatla uyğunluq təşkil etməməkdədir. Adıçəkilən torpaq sahəsinin dövlət qeydiyyatı zamanı imtinanın göstərilən dəlilləri mövcud olmadığı halda, həmin torpaq sahəsində inşa olunan tikiliyə münasibətdə imtina verilməsini məhkəmə mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirir. Odur ki, cavabdehin tikilinin yerləşdiyi torpaq sahəsinə dair imtina dəlilləri qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydiyyatına maneə təşkil edilməməyə dair həmin hal tikiliyə münasibətdə də fərqli qiymətləndirməyə səbəb olmur. Odur ki, torpaq sahəsində formalaşmış mövqedə olduğu kimi cavabdehin istinad etdiyi əsaslar fərdi yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına əsas yaratmaqdadır. Göründüyü kimi istər, cavabdehin həmin torpaq sahəsinə əvvəllər qeydiyyatın aparılması baxımından, istərsə də, cavabdehin imtina dəlillərinin qanunsuzluğu təsdiq edən işin faktiki və hüquqi hallarının qiymətləndirilməsi baxımından iddianın təmini əsaslı hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7755/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7755/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver