Məhkəmə qərarları › İş №2-1(112)-7758/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7758/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7758/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxs X5 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü şəxs X3 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o ünvan 2 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10-05101- 093002 reyestr nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Mənzil mülkiyyətinə keçdikdən sonra üçüncü şəxs CəfərovaValidə Atamovnanın iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olduğunu bilmişdir. Onun iddiaçıya məxsus mənzildə olan qeydiyyatı yalnız formal xarakter daşıyır və qeydiyyatda qalmağı iddiaçının mənzilə olan mülkiyyət hüquqlarımı məhdudlaşdırır. Həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri, Səbail Rayon Polis İdarəsi ərizə ilə müraciət etmiş, lakin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3210İ-3222 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan adı çəkilən şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. İddiaçı əlavə olaraq bildirir ki, üçüncü şəxs X4 tanımır, onunla hər-hansı qohumluq əlaqəsi yoxdur. Onun hansı şəkildə və nə zaman qeydiyyata düşdüyü barədə məlumatı yoxdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 23 aprel 2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 065ıoİ-3222 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, 3-cü şəxsin ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları ilə əlaqədar olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X5 ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21, ünvanında yerləşən 7 saylı mənzilin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlər, həmçinin İddiaçı adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriylı, ******* saylı Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 06 aprel 2015-ci il tarixli, AN-İ№ ******* müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21, ünvanında yerləşən yaşayış sahəsi 14 kv.metrdən ibarət olan mənzili X1 almışdır. Müqavilənin 13-cü bəndinə əsasən müqavilə notarial qaydada təsdiq olunduğu zaman qeydiyyatda heç kəsin olmadığı qeyd edilmişdir. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21, ünvanında yerləşən 7 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı qeyd olunan mənzili X2 alqı-satqı yolu ilə satın almışdır. İddiaçı iş üzrə üçüncü şəxs X4 tanımır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X5 iddiaçıya məxsus ünvan 2 ünvanında yaşamadığı halda onun həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 2ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 3-cü şəxs X3 ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar