Məhkəmə qərarları › İş №2-1(112)-7758/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7758/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7758/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. İddiaçı iddiaya mahiyyəti üzrə baxılmasını və iddia tələbinin iddia tələbində olduğu kimi təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi cavabdeh tərəfindən tərtib edilmiş şəhadətnamə “travmadır, hərbi xidmət dövründə alınmışdır” sözlərinin “travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” sözlər ilə əvəz edilməsi ilə bağlıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının şəhadətləndirilməsi ilə bağlı 1027 nömrəli 30 oktyabr 2020-ci il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia həmin şəhadətnamənin ləğv və ya onda dəyişdirilmə sözünün yazılmasından asılı olmayaraq mahiyyət etibarı ilə mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının tələbinin mahiyyəti inzibati aktın dəyişdirilməsinə, yəni onun şəhadətnəmədə xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; Qanunvericiliyin tələbindən də aydın olduğu kimi xəstəlik haqqında şəhadətnamə inzibati orqan tərəfindən qəbul edilən inzibati aktdır. Bu səbəbdən də mübahisələndirmə növündə iddia ilə bağlı xüsusi mümkünlük şərtinin, yəni iddia müddətinin ötürülübötürülməməsinin yoxlanılması zəruridir. İş materiallarında olan: Şəhadətnamədən görünür ki, iddiaçı barəsində qəbul edilmiş inzibati akt 30 oktyabr 2020-ci il tarixlidir. Hərbi Prokurorluq tərəfindən iddiaçıya ünvanlanmış 12 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hərbi biletin surətindən görünür ki, 30 oktyabr 2020-ci il tarixli qərarla xəstəliklər cəvdəlinin müvafiq maddəsinə uyğun olaraq hərbi xidmətə yararsız hesab edilmişdir. Əlilliyin qiymətləndirilməsi barədə məlumat vərəqindən görünür ki, 15 iyul 2021-ci il tarixdən səbəbli əlaqəsi ümumi xəstəlik olan 2-ci qrup əlillik təyin edilmiş, daha sonra isə qərarla tam reabilitasiya səbəbindən əlilliyin növbəti dəfə təyinindən imtina etmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş şəhadətnamələrinin təhvil kitabından çıxarışdan da görünür ki, 04 noyabr 2020-ci il tarixdə iddiaçı özü və qardaşı Məmmədli Elvin həmin şəhadətnaməni imza etməklə götürmüşdür. Şahid qismində dindirilən Məmmədli Elvin şəhadətnamənin hansı tarixdə götürülməsini xatırlamasa da ifadəsində təhvil kitabından çıxarışda göstərilən imzanın ona məxsus olduğunu qeyd etmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı da iddiaçının ən azından 2021-ci il tarixdən şəhadətnamədən məlumatlı olması öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati akt 04 noyabr 2020-ci il tarixdə ona təqdim edilmiş, iddiaçı ümumi xəstəlik əsasında 15 iyul 2021-ci il tarixdə əlilliyi müəyyən edilmiş şəxs statusunda olmuşdur ki, iddiaçı ona rəsmi qaydada təqdim edilmiş, həmçinin də mahiyyətindən də məlumatlı olmuş həmin inzibati aktdan 2023-cü il mart ayında ilk dəfə məhkəməyə müraciət etmişdir. Halbuki, AR İPM-nin 38.1-ci maddəsinin tələbi konkretdir. Həmin maddəyə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Prosessual qanunvericiliyin tələbindən də müəyyən edildiyi iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilib - edilməməsi yoxlanılmalıdır. Məhkəmə də xüsusi mümkünlük şərti kimi müddətlə bağlı yoxlama aparmış və müəyyən etmişdir ki, iddiaçı 04 noyabr 2020-ci il tarixdə təhvil götürdüyü şəhadətnamədən 2023-cü ilin mart ayında məhkəməyə müraciət etmişdir, Beləliklə, iddiaçının mübahisələndirilən qərarın dəyişdirilməsi (ləğv edilməsi) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmədiyi, hazırkı iddianı irəli sürmək üçün iddia müddətini ötürməsi müəyyən edilmişdir. Ötürülmüş müddətin bir ildən çox olması nəzərə alınmaqla da müddətin bərpası istiqamətində hər hansı araşdırmanın aparılması zərurəti də müəyyən edilməmişdir. Belə ki, AR İPM-nin 24.4-cü maddəsinin tələbindən də müəyyən edilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş üzrə isə həmin halların mövcudluğu müəyyən edilməmiş, müddətin buraxılmasından bir il keçdikdən sonra müraciət etdiyi müdəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Birbaşa hazırkı tələblə eyni olmasa da oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-232/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarından da görünür ki, cavabdeh Tibbi Sosial Ekspert Komissiyasına qarşı əlilliyin 2013-cü il tarixdən nəzərə alınmaqla həmin tarixdən İİ-ci qrup əlil kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddiaya dair məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ona təyin edilmiş İİİ qrup əlilliyi mübahisələndirərək ona İİ dərəcəli əlillik təyin edilməsini arzu etdiyindən hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı isə ona İİİ qrup əlillik təyin edilməsi barədə TSEK-in 30 sentyabr 2013-cü il tarixli qərarından İnzibati Prosessual Məcəllədə nəzərdə tutulan 30 gün müddətində məhkəməyə şikayət (iddia ərizəsi) təqdim etməmişdir. 2-1(102)-1923/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi analoji mövqedən çıxış etmiş və ikinci qrup əlilliyin təyin edilməsi barədə qərarın inzibati akt olduğunu, həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddianın mübahisələndirmə haqqında iddia olduğu, bu iddialarda müddət ilə bağlı mümkünlük məsələsinə dair hüquqi mövqe nümayiş etdirmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı 2-1(102)-1649/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, İş materiallarından görünür ki, iddiaçının hazırkı iddiası mübahsiələndirmə haqqında iddia olmaqla, hərbi həkim komissiyasının xx xxxxxx 2017-ci il tarixli, 2166 nömrəli qərarının “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” xəstəliyin səbəbli əlaqəsinin, “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” səbəbli əlaqəyə dəyişdirilməsi ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hərbi həkim komissiyasının xx xxxxxx 2017-ci il tarixli, 2166 nömrəli qərarını mübahisələndirməsi ilə bağlı iddianı xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə təqdim etmiş, bununla da mübahisələndirmə haqqında iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən yardım göstərməklə iddiaçıya prosessual müddətin bərpasına dair ərizə vermək hüququnun olması ilə bağlı müvafiq izahı verməli olduğu, bundan sonra isə iddiaçının müvafiq hərəkətlərinə uyğun olaraq prosessual müddətin bərpasına və ya ümumilikdə bununla əlaqədar olaraq iddianın mümkünlüyünə baxmalı olduğu halda, inzibati prosessual qanunvericiliyin tələbini pozaraq, yardım etmə vəzifəsini yerinə yetirməmişdir. Doğrudur, həmin iş üzrə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərardadını qüvvədə saxlayarkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin ötürülməsinə münasibətdə görülməli olan tədbirlər, yəni hüquqi yardım göstərilməsinə istinad etmişdir. Lakin, həmin qərarla da müəyyən edilir ki, hazırkı növ iddialar üzrə mümkünlük şərti kimi müddətin tətbiq edilməli, müddət ötürülmüşdürsə bununla bağlı hüquqi yardım göstərilməlidir. Göründüyü kimi hazırkı növ işlər üzrə iddia müddətinin ötürülüb-ötürülməməsinin yoxlanılması mütləqdir. Məhkəmə də həmin istiqamət üzrə araşdırma aparmış və müəyyən etmişdir ki, müddət ötürülüb. Müddətin ötürülməsindən sonra müddətin bərpa edilməsinə münasibətdə də tərəfin iştirakı ilə araşdırma aparılmış və müəyyən edilmişdir ki, ötürülmüş müddətin üzərindən 1 ildən artıq müddət keçmiş, gec müraciət etmə müddətlə bağlı şərtin mövcudluğundan iddiaçının məlumatsız olması ilə əlaqədar olmuş, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar isə mövcud olmamışdır. Qanunvericiliyin tələblərinin bilinməməsi isə ümumiyyətlə müddətin ötürülməsinə münasibətdə üzrlü hesab edilə bilən hal deyildir ki, hazırkı iş üzrə üzrlü hal hesab edilsə, müddət bərpa barədə ərizə verilsə belə, prosessual qanunvericiliyin tələbi konkretdir. Müddət üzrlü hesab edilsə 1 ildən artıq müddət ötürülmüşdürsə bərpanın prosessual baxımından edilməsi mümkün deyildir. Beləliklə, AR İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, qüvvədə olmuş qanunvericilik inzibati aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə səbəbli əlaqə barədə şəhadətnamən formasında inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hazırki mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə müraciət etmək hüququnun olmadığını göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar