Məhkəmə qərarları › İş №2-1(112)-776/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-776/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-776/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 (ünvan 1 mənzil 41 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (hüquq şöbəsinin baş mütəxəssisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (üçüncü şəxs Müasir İnnovasiyalar Liseyinə) qarşı müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyinin həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı üçüncü şəxs Müasir İnnovasiyalar Liseyi cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hamiləliyə və doğuma görə müavinətin yenidən hesablanması və arada olan fərqin maaş kartına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona, yəni İddiaçı hamiləliyə və doğuma görə hesablanmış müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qasımova (qızlıq soyadı Səbzəliyeva) Gülnar Faiq qızı xx.xx.2019-cu il tarixdən ingilis dili müəllimi kimi işlədiyi Müasir İnnovasiyalar Liseyindən xx.xx.2019-cu il tarixdən hamiləliyə və doğuma görə ödənişli 126 təqvim günü məzuniyyətə çıxmışdır. Lakin müavinətin məbləği hesablanarkən qanunvericiliyin tələbləri pozulmuş və cari ilin avqust ayında maaş kartına 794 manat 77 qəpik vəsait köçürülmüşdür. İlk iş yeri Müasir İnnovasiyalar Liseyi olduğundan sosial məzuniyyətə çıxanda cəmi 6 ay iş stajı olmasına baxmayaraq, müavinətin məbləği hesablanarkən 6 aylıq əmək haqqının toplanması nəticəsində alınmış vəsait 12 aydakı iş günlərinin sayına bölünmüşdür. Buna görə də orta gündəlik qazancı 2 dəfədən çox azalmış və 1700-1800 manat müavinət almalı olduğu halda 794 manat pul almışdır. Qeyd olunan qanunvericilik aktlarına əsasən 6 aylıq əməkhaqqı toplanaraq həmin aylardakı iş günlərinin sayına bölünməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarının 28-ci hissəsinin 6-cı abzasına əsasən orta gündəlik qazancın hesablanması zamanı məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər çıxılmalıdır. Yəni o, hamiləliyə və doğuma görə məzuniyyətə çıxdığı aydan əvvəlki 12 ayın 6-da ümumiyyətlə işləmədiyi üçün həmin müddət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövr kimi orta gündəlik qazanc hesablanarkən çıxılmalı və həmin aylardakı iş günlərinin sayı nəzərə alınmamalı idi. Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə (əmək, təhsil, sosial) çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.Həmçinin hamilələrə bütün qanunvericilik aktlarında maksimum güzəştlər nəzərdə tutulduğu halda, 189 nömrəli qərarda ümumi əsaslarla 12 ay qeyd olunduğuna görə həmin qərarın 28-ci hissəsinin 6-cı abzasını nəzərə almadan ağırlaşdırıcı hal olaraq 6 aylıq əməkhaqqının toplanması nəticəsində alınmış vəsaitin 12 aydakı iş günlərinin sayına bölünməsi qeyri-qanunidir. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlə əlaqədar xx.xx.2019-cu il tarixli **********4 nömrəli cavab məktubunu xx.xx.2019-cu il tarixində qəbul etmişdir. Sözügedən məktubda qeyd olunur ki, sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Burada söhbət şəxsin əvvəlki son 12 tam təqvim ayında ümumiyyətlə əmək fəaliyyətinin olmamasından, yəni hamiləliyə və doğuma görə məzuniyyətə çıxmış şəxsin işə qayıtmadan yenidən analıq məzuniyyətinə çıxmasından gedir.Cavab məktubunda pozuntuya görə müəssisənin müdiriyyətinin və baş mühasibinin məsuliyyət daşıdığı qeyd olunmuşdur. Lakin məsələ ilə bağlı müəssisənin müavinətin hesablanmasına məsul olan əməkdaşı ilə işçi qaydada keçirilmiş görüş zamanı aydın oldu ki, o, sadəcə 6 aylıq gəlirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalına daxil etmiş və yekun məbləği portal hesablamışdır. Buradan belə nəticəyə gəlmək olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün yaradılmış müvafiq portalı müavinətin məbləğini düzgün hesablamamışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır: - əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; - hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; - uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü; - məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər. Haqq-hesab cədvəlləri X1 Sisteminin “Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı” alt-sisteminə daxil edilərkən sığortaolunanlar haqqında məlumatların daxil edilməsi bölməsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər xanasından istifadə etmək hüququ həmin dövrdə əmək fəaliyyəti olan sığoratolunanlara aiddir. İddiaçı iddia tələbini əsaslandırdığı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsində 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanması qeyd olunur. Göstərilən bu hesablama əmək məzuniyyətinə aid olduğundan iddia tələbinin əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 nömrəli Qərarının 3-cü hissəsində hamiləliyə və doğuma görə müavinət verilməsinə dair aşağıdakı bəndlər nəzərdə tutulmuşdur: 65. Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. 67. Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. 68. Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir. Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir. 70. Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. 72. Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. Göründüyü kimi hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 nömrəli Qərarının 28-ci bəndinə əsasən hesablanır. Əlavə olaraq İddiaçı müavinətinin yenidən hesablanmasına dair müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmış və xx xxxxxxx 2019-cu il tarixli **********4 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamədə göstərilən qaydada həyata keçirilir. Həmin əsasnamənin 119-cu bəndinə əsasən «müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır». Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli **********1 nömrəli müraciəti xx xxxxxxx 2019-cu il tarixdə **********7 nömrəli məktubla Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə ünvanlanmışdır. Müraciətlə əlaqədar bildirilmişdir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamədə göstərilən qaydada həyata keçirilir. Müraciətdə qeyd etdiyi məsələ (müavinətin hesablanması) ilə əlaqədar bildiririk ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 28-ci bəndinə əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Həmin əsasnamənin 119-cu bəndinə əsasən «müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır». Məhkəmə tərəflərinizahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı ona hamiləliyə və doğuma görə müavinətin yenidən hesablanmasını və arada olan fərqin ödənilməsi öhdəliyinin həvalə edilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci bəndinin a yarımbəndi üzrə işçilərin məzuniyyət hüququ təmin edildiyi məzuniyyət növlərinin siyahısında sosial məzuniyyətlərin də olması göstərilmişdir. Əmək Məcəlləsinin 19-cu fəsili üzrə hamiləliyə və doğuşa görə məzuniyyətlər sosial məzuniyyətlər siyahısına aid edilmişdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Həmin Məcəllənin 131.4-cü maddəsinin a) yarımbəndinə əsasən qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmin Məcəllənin 140.2-ci maddəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən Müasir İnnovasiyalar Liseyində işə başlamış və xx.xx.2019-cu il tarixdən hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmışdır. Ona məzuniyyətə görə müavinət hesablanarkən, işlədiyi 06 aylıq müddət üzrə əmək haqqının toplanması nəticəsində alınmış vəsait 12 aydakı iş günlərinin sayına bölünmüşdür. Halbuki əmək qanunvericiliyinin tələblərinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Belə olan halda iddiaçıya məzuniyyət hesablanarkən ağırlaşdırıcı hal olaraq 6 aylıq əməkhaqqı toplanması nəticəsində alınmış vəsaitin 12 aydakı iş günlərinin sayına bölünməsi əsassız olmuşdur. Cavabdeh etirazının əsası kimi hamiləliyə və doğuşa görə müavinətin müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablandığını göstərmişdir. Lakin məhkəmə hesab edir ki, Əsasnamənin göstərilən bəndi Əmək Məcəlləsinin 140.2ci maddəsi ilə ziddiyyət təşkil etdiyindən, daha yüksək hüquqi qüvvəyə malik olan Məcəllə əsas götürülməklə hesablanma aparılmalıdır. Həmin Əsasnamənin 1-ci bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra – sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 2-ci bəndinə məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclər sadalanmış və həmin ödənclərin arasına əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) və hamiləliyə və doğuma görə müavinət ayrı-ayrılıqda müəyyən edilmişdir. Həmin Əsasnamənin 28-ci bəndinin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əsasnamənin 72-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. Əsasnamənin 72-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilməsi müəyyən edilsə də, lakin Əmək Məcəlləsi ilə 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.6-cı maddəsinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Həmin Qanunun 2.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Belə olan halda iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamədə göstərilən tələblər deyil, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmalıdır. Beləliklə qanunvericiliyin tələblərinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanmalı olduğundan, iddiaçı hamiləliyə və doğuma görə müavinətin yenidən hesablanması və arada olan fərqin ona ödənilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya hamiləliyə və doğuma görə müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı hamiləliyə və doğuma görə hesablanmış müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar