Məhkəmə qərarları › İş №2-1(112)-776/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-776/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-776/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X14, üçüncü şəxs X11 nümayəndəsi Nümayəndə1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Səbail rayon İcra Hakimiyyətinin 844 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamı ilə Badamdar qəsəbəsində yerləşən torpaq sahədə fərdi ev tikmək üçün ayrılmış 600 kv.m torpaq sahəsinin X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyyətinin 844 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi X7 ayrılmışdır. xx.xx.2015-ci il tarixdə X9 vəfat etmişdir. Vəfat etmiş X4 adına Sumqayıt Şəhər 1 saylı notariat ofisində vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. Sumqayıt Şəhər 1 saylı notariat ofisinin 1227 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinə dair X5 adına çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti 41 nömrəli 1 8.03.2004-cü il tarixli məktubu ilə iddiaçının müraciəti təmin edərək ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək göndərilmişdir. Həmin torpaq sahəsinin cizgisindən və xəritədən çıxarışdan görünür ki, torpaq sahəsi hər hansı əraziyə düşmür. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə X18, X24, X21 və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 844 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında göstərilən sahədən 2500 m kənarda X4 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-17898D saylı şəhadətnamə verilmiş və sonradan digər şəxsin (X18) adına özgəninkiləşdirilmişdir. Daha sonra həmin torpaq sahəsinin 0,03 ha hissəsi üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi bütövlükdə neft kəmərinin mühafizə zonasında yerləşməklə yanaşı təqdim edilən yerləşmə cizgilərində istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçülərdə ciddi uyğunsuzluq olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasının müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda yerləşmə cizgisi xx.xx.2004-cü il tarixində verilmişdir. Belə ki, 1991-1999-cu illərdə qüvvədə olan Torpaq Məcəlləsinin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin ölçüsünün sənəd üzrə 600 kv.m göstərilsə də, faktiki 519 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi mübahisələndirilən ərazi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin "Bibiheybətneft” NQÇİ-nin daimi isitifadəsində olan, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin quyuların elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin yaxınlığında 2967 saylı ləğv edilmiş neft-qaz quyusu yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi "Neft Kəmərləri" İdarəsinin istismarında olan magistral neft kəmərinin 11 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki: -Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 844 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair digər şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “torpaq sahəsinin mülkiyyətinə verilməsi dair şəhadətnamə” tərtib edilmiş və həmin torpaq sahəsi qeyd edilmiş şəhadətnamə əsasında özgəninkiləşdirilmişdir. -Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün torpaq sahəsi X7 ayrılmışdır. -xx.xx.2004-cü il tarixdə tərtib olunmuş yerləşmə cizgisindən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, İ yaşayış massivi 11 döngə 10 №-li 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. -xx.xx.2005-ci il tarixdə tərtib olunmuş yerləşmə cizgisindən görünür ki, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, İ yaşayış massivi 11 döngə 16 №-li 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. -Ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. -Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş məktuba əsasən X12 müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2015-ci ildə vəfat etmiş nənəsi-X8 adına vərəsəlik işi açılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki: -xx.xx.2004-cü il tarixdə tərtib olunmuş yerləşmə cizgisinə əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693 A saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. -Bakı ŞİH Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, X9 12 nəfər ailə üzvü ilə bərabər ünvan 1 ünvanında yaşayır. -JN17898D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693A saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi X4 (digər 12 şəxsin adı göstərilmişdir) mülkiyyətinə verilmişdir. -AN-İ ******* №-li, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693A saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini Rüstəmov Hicran İmran oğluna satmışdır. -AN-İ ******* №-li, xx.xx.2012-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Rüstəmov Hicran İmran oğlu Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693A saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini X1. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693A saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi üzərində X10 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. -AN-İ ******* №-li, xx.xx.2012-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X18 Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693A saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsindən 0,03 ha sahəni X3. -AN-İ ******* №-li, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X18 Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693A saylı sahədə yerləşən 0,03 ha torpaq sahəni X2. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693A saylı sahədə yerləşən 0,03 ha torpaq sahəsi üzərində X19 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693A saylı sahədə yerləşən 0,03 ha torpaq sahəsi üzərində X11 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktub ilə təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 519.0 kv.m təşkil edir (81.0 kv.m azdır). Torpaq sahəsinin üzərində üçmərtəbəli yaşayış evi mövcuddur. Sahənin yol tərəf hasarından 11.0 m aralı məsafədən diametri d=330.0 mm-lik boru xətti, həmin tərəf hasardan 10.0-12.0 m aralı məsafədən isə yüksək gərginlikli elektrik hava xətti keçir. Bundan əlavə təqdim olunan cizgi surətində sahənin ünvanı Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11 döngə, 10 nömrəli göstərilib. Lakin şəhadətnamənin surətində isə torpaq sahəsinin ünvanı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 693A saylı sahə kimi qeyd olunmuşdur. Göstərilən faktiki sahə Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşir. Araşdırma zamanı məlum olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 844 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı istifadə edilməklə faktiki göstərilən sahədən 2500 m kənarda X4 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-17898D saylı şəhadətnamə verilmiş və sonradan digər şəxsin (X18) adına özgəninkiləşdirilmişdir. Daha sonra həmin torpaq sahəsinin 0,03 ha hissəsi üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixli notarial alqısatqı müqaviləsinə əsasən X19 aoma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən vahid elektron kadastr baza məlumatına əsasən faktiki iddia olunan torpaq sahəsi isə bütövlükdə neft kəmərinin mühafizə zonasında yerləşməklə Dövlət mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş cizgilərdə dəqiq istinad məlumatları, ölçüləri qeyd olunmamaqla yanaşı qeyri-müəyyəndir. Beləliklə, işin faktiki hallarından görünür ki, Səbail RİH Başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün torpaq sahəsi X7 ayrılmış, daha sonra həmin torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib edilmiş və müvafiq olaraq torpaqın mülkiyyətinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Torpaq sahəsinin mülkiyyətçisi X4 etibarnamə üzrə nümayəndəsi X23 tərəfindən torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ilk öncə Rüstəmov Hicran İmran oğluna satılmış, daha sonra alqı-satqı müqavilələri əsasında torpaq sahəsinin mülkiyyətçiləri dəyişmiş və son olaraq torpaq sahəsinin 0,03 ha hissəsində X19, digər 0,03 ha hissədə isə X11 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı hazırda Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamına və Səbail RİH Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib olunmuş yerləşmə cizgisinə əsasən faktiki olaraq yaşadığı və sərəncam üzrə ayrıldığı bildirilən Bakı şəhəri, Badamdar qəsəbəsi, İ yaşayış massivi 11 döngə 10 №-li sahəsi 600 kv.m olan torpaq sahəsinin mərhum X7 məxsus olması barədə arayışın verilməsinə nail olmaq istəyir. Bununla bağlı cavabdehə müraciət olunmuş, lakin sonuncu müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. İddiaçının tələbinin əsası kimi təqdim etdiyi yerli icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması barədə sərəncam Qanunun 8.0.1-ci maddəsindəki sənədlərdə göstərilən sənədlərə uyğun gəlsə də, bu sənəd əsasında hazırda torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi mümkün deyil. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamına istinad edərək Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin mərhum X6 məxsus olması barədə arayış verilməsini tələb edir. Lakin iş materiallarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, qeyd edilən sərəncam əsasında torpaq sahəsi mərhumun sağlığında ona ayrılmış, həmin dövrdə mülkiyyət hüququ qeydiyyata alınmış, hətta həmin torpaq sahəsi onun tərəfindən özgəninkiləşdirilmişdir. Bu hal mərhumun sərəncam əsasında öz mülkiyyət hüququnu həyata keçirdiyini və torpaq sahəsini əldə etməklə yanaşı sərəncam vermək səlahiyyətdən istifadə etdiyinə dəlalət edir. İndiki halda isə, iddiaçı eyni sərəncam əsasında sadəcə fərqli yerləşmə cizgisinə əsaslanmaqla başqa torpaq sahəsi üzərində hüquqlara nail olmaq istəyir. Bununla bağlı qeyd olunur ki, iddiaçının təqdim etdiyi yerləşmə cizgilərinin təhlili zamanı ciddi ziddiyyətlər ortaya çıxmışdır. Belə ki, hər iki cizgidə eyni xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncama istinad edilsə də, təqdim edilən xx.xx.2004-cü il tarixli yerləşmə cizgisində torpaq sahəsinin ünvanı “Badamdar qəsəbəsi, İ yaşayış massivi, 11 döngə, 10 nömrəli 600 kv.m” kimi, xx.xx.2005-ci il tarixli yerləşmə cizgisində isə “Badamdar qəsəbəsi, İ yaşayış massivi, 11 döngə, 16 nömrəli 600 kv.m” kimi göstərilmişdir. Halbuki, mərhuma verilmiş torpaq sahəsi üzrə ilkin yerləşmə cizgisində isə “Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 693A saylı sahədə yerləşən 0,06 ha” kimi qeyd edilmişdir. Bu hal ünvan rekvizitləri ilə bağlı uyğunsuzluğun olmasına dəlalət edir ki, bu halda təqdim edilən yerləşmə cizgilərinin mötəbərliyi şübhə altına alınır. Hüquqi baxımdan vurğulanmalıdır ki, torpaq sahəsinin ayrılması prosesi qanunvericiliyə uyğun olaraq inzibati akt – sərəncam, əmr, qərar kimi hüquqmüəyyənedici sənədin qəbul edilməsi ilə başlanır, daha sonra həmin sərəncama əsasən sahənin sərhədlərinin naturada ayrılması, texniki parametrlərinin müəyyən edilməsi və yerləşmə cizgisinin hazırlanması mərhələsi həyata keçirilir. Nəzərə alınmalıdır ki, “yerləşmə cizgisi” və ya “yerləşmə sxemi” adlanan sənəd texniki sənəddir. Həmin sənəd özü-özlüyündə səlahiyyətli orqanın torpaq sahəsinin ayrılması barədə inzibati aktın daşıdığı hüquqi qüvvəyə malik deyil. Başqa sözlə desək, torpaq sahəsinin şəxsə ayrılmasını təsdiq edən əsas sənəd sərəncamdır, yerləşmə cizgisi isə yalnız həmin sərəncamın icrası üçün texniki vasitədir. Bununla yanaşı qeyd olunur ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. 3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir: 3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları; 3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları; 3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları; 3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları; 3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar. Burada xüsusi olaraq qeyd olunmalıdır ki, yerli icra hakimiyyəti başçılarının sərəncamları hüquqi təbiətinə görə qeyri-normativ hüquqi aktlar sırasına daxildir. Çünki belə sərəncamlar fərdi xarakter daşıyır, konkret şəxsə və ya konkret hadisəyə ünvanlanır, birbaşa hüquqi nəticələr yaradır və yalnız bir dəfə tətbiq edilə bilər. Məhz bu səbəbdən belə sərəncamlar qeyri-məhdud sayda şəxslərə aid edilə bilən hüquqi nəticələr doğurmur. Bu baxımdan, hazırkı məhkəmə araşdırmasında da Səbail Rayon İcra Hakimiyyəti başçısının 13 mart 1995-ci il tarixli, 844 nömrəli sərəncamının hüquqi təbiəti nəzərə alınmalıdır. Həmin sərəncam konkret şəxsə və konkret mülkiyyət münasibətinə yönəlmiş, bir dəfəlik tətbiq edilmiş, nəticədə torpaq sahəsi mərhum X6 ayrılmış və dövlət qeydiyyatı aparılaraq hüquqi nəticələr doğurmuşdur. Hazırda həmin sərəncamın hüquqi nəticələri qüvvədə qalır və alqı-satqı müqavilələri üzrə qeydiyyat hərəkətləri hüquqi qüvvəsini itirməmişdir. İddiaçının həmin sərəncamdan təkrar olaraq istifadə edərək yeni hüquqi vəziyyət yaratmaq istəyi isə yolverilməzdir. Belə ki, bir daha qeyd olunur ki, qeyri-normativ hüquqi akt hüquqi təbiətinə görə yalnız bir dəfə tətbiq olunur və artıq tətbiq edildikdən sonra təkrar hüquqi nəticələr doğurmaq imkanına malik deyil. Bu baxımdan, eyni sərəncam əsasında sadəcə fərqli yerləşmə cizgisinə istinad etməklə digər sahəyə münasibətdə qeydiyyat hərəkətlərinin aparılması imkansızdır. Mövcud halda həmin qeydiyyat qüvvədədir, sərəncamın hüquqi nəticələri pozulmamışdır və buna görə də eyni sərəncam əsasında yeni qeydiyyat hərəkətlərinin aparılmasına dair iddia təmin oluna bilməz. Məhkəmə bu mövqedən çıxış edərək bildirir ki, iddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamı əsasında tərtib edilmiş yerləşmə cizgisi əsasında Badamdar qəsəbində yerləşən 0,06 ha torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsinə nail olmaq istəsə də, təqdim olunmuş yerləşmə cizgisinin mötəbərliyi şübhə altına almış, ən əsas isə iddiaçının mərhum nənəsi X5 artıq həmin sərəncam və onun əsasında verilmiş xx.xx.2004-cü il tarixli yerləşmə cizgisi əsasında torpaq sahəsinə dair hüquqlarından istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, iddia predmetini təşkil edən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcud olmaması ilə yanaşı, həmin sahənin faktiki olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsində olan, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudlarında yerləşməsi də iddianın təmin edilməsini istisna edir. Belə ki, aparılmış araşdırma nəticəsində təqdim olunmuş mütəxəssis rəyindən müəyyən olunur ki, faktiki iddia olunan torpaq sahəsi bütövlükdə neft kəmərinin mühafizə zonasında yerləşməklə dövlət mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparılması vəzifələrini daşıyır (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.19-cu bəndi). Odur ki, məhkəmə qeyd olunan məlumatı mötəbər sübut kimi qiymətləndirir. Bundan başqa Məhkəmə bildirir ki, iddia olunan torpaq sahəsinin yaxınlığında (2967 saylı) ləğv olunmuş neft quyusunun yerləşməsi barədə cavabdeh inzibati orqanın dəlilləri neft şirkətinin təqdim etdiyi məlumatlarla təsdiq olunduğundan təhlükə potensiallı ərazi baxımından iddiaçının tələbinin təmin edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinə görə, fontan, qaz-lift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, yanacaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının və ailə üzvlərinin təhlükəsizliyi baxımından həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını məhkəmə qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Son olaraq nəzərə alınmalıdır ki, iş materiallarının araşdırılması zamanı mübahisələndirilən torpaq sahəsinin hüquqmüəyyənedici sənədinin mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin digər müdafiə arqumentlərinin (torpaq sahəsinin faktiki ölçülərinin, sərhədlərinin və yerləşmə cizgisində məsafələrin qeyd olunmaması) əsaslı olub-olmamasının hüquqi baxımdan əhəmiyyət daşımadığı nəzərə alınmalıdır. Beləliklə, torpaq sahəsinin ayrılması barədə hüquqi əsasın olmaması, sahənin sənaye təyinatlı torpaqlar üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi, ən əsası isə Səbail RİH Başçısının xx.xx.1995-ci il tarixli, 844 nömrəli sərəncamı əsasında mərhum X5 öz hüquqlarından istifadə etməsi, caavabdehin imtinasının əsaslı olduğuna dəlalət edir. Göründüyü kimi iş üzrə toplanmış sübutlar onu deməyə əsas verir ki, iddiaçının faktiki istifadəsində olan (naturada göstərdiyi) torpaq sahəsinə dair qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı tərəfindən bu qənaətin əksini sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair qanunda göstərilmiş sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilmədiyindən cavabdehin imtinası qanunazidd hesab edilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar