Məhkəmə qərarları › İş №2-1(112)-7760/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7760/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7760/2022 10.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (3-cü şəxs: X3) “dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (3-cü şəxs: X3) “dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metalların və X2 Dövlət Xidmətinin 1 saylı regional sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş; -xx.xx.2011-ci il tarixdə ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; -xx.xx.2014-cü il tarixdə 3-cü dəcərəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; -xx.xx.2014-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş; -xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metalların və X2 Dövlət Xidmətinin 1 saylı regional sektorunun müdiri vəzifəsinə təyin olunmuş; -xx.xx.2016-cı il tarixdə ona ikinci dərəcəli dövlət qulluçusu ixtisas dərəcəsi verilmiş; -xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metalların və X2 Dövlət Xidmətinin ləğv edilməsi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş; -xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ləğv edilmiş Qiymətli Metallara və X2 Dövlət Xidmətinin ləğvetmə Komissiyasında mütəxəssis vəzifəsinə təyin edilmiş; -xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı şəxsi iş materiallarına onun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təyinatı, ona məzuniyyətin, ixtisas dərəcəsinin, mükafatın verilməsi, qulluq stajına görə əlavə haqqın ödənilməsi, dövlət qulluğuna xitam verilməsi barədə əmrlər, o cümlədən əmək müqaviləsi əlavə olunmuşdur. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyində əmək fəaliyyətini icra etməsi işin mübahisəsiz hallarına aiddir. Tərəflər arasında mübahisəni açan hal odur ki, dövlət qulluğu sahəsində fəaliyyəti həyata keçirən X1 məlumatına əsasən iddiaçının dövlət qulluğu vəzifəsinə təyin olunması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bu səbəbdən də iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsində əsas məqsədi: -xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyində işlədiyi illərin etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun təsdiq edilməsi; -Onun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ehtiyat kadr siyahısına daxil edilməsi ilə bağlı olmuşdur. Məhkəmə, iddia tələbinin mahiyyəti üzrə əsaslı olması qənaətinə gələrkən şağıdaki qanunvericiliyin müddəalarını rəhbər tutmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır; 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.11-ci maddəsinə əsasən, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır; 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı 2009-cu ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətinə 23 sentyabr 2009-cu il tarixli, 26 “k” nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar barədə işdə hər hansı sübut yoxdur və bu hallarla bağlı mübahisə açılmamışdır.. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı barəsində qəbul edilən Xidmətin 3 sentyabr 2009-cu il tarixli, 26 “k” nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddiaçının mübahisəli illərdə işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınmalı olmasına münasibətdə isə bildirir ki, doğrudur ki, dövlət qulluğuna qəbul bilavasitə müsabiqə əsasında aparılır (“Dövlət qulluğu haqqında” Qanunun 28.1-ci maddəsi) Lakin, nəzərə alınmalıdır ki, hətta iddiaçının dövlət qulluğuna qəbul edilməsi işə qəbul anında müsabiqə əsasında aparılmasa da, bu hal iddiaçının ziyanına şərh olunmamalıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1.Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 15-1.2.Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. 16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir; 17.1.İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir; 17.3-cü maddəsinin 3-cü cümləsinə əsasən, ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. 21.1.6.Dövlət qulluqçuları üçün dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük təminatı verilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X3 tərəfindən aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2009-cu ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, oxşar iş üzrə birinci instansiya məhkəməsinin qərarından məlum olmuşdur ki, Azərbaycan Respublikası X3 məhkəməyə xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.7-ci yarımbəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin aparatında aparıcı məsləhətçi vəzifəsi inzibati vəzifələrin altıncı təsnifatına daxil olduğunu, Cavabdeh Qiymətli Metallara və X2 Dövlət Xidməti mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan dövlət xidməti statusunda olduğu üçün həmin Xidmətdə aparıcı məsləhətçi vəzifəsi inzibati dövlət qulluğu vəzifəsi olduğunu öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğu vəzifələrində 13 ildən artıq çalışmışdır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi uzun illərdir ki, işçisi olan İddiaçı dövlət qulluqçusu qismində tanıyaraq, ona dövlət qulluqçusu kimi ixtisas dərəcələri vermiş, həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlar ilə təmin etmişdir ki, inzibati orqan nəticə etibarı ilə şəxsin dövlət qulluqçusu olduğuna etimad göstərmişdir. Bu səbəbdən iddiaçının dövlət qulluğuna müsabiqə yolu ilə keçib-keçməməsindən asılı olmayaraq, onun xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi müddət - dövlət qulluğunda işlədiyi müddət kimi nəzərə alınmalıdır. Məhkəmə iddiaçının ehtiyat kadr siyahısına daxil edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmək istəyir ki, “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi” Qaydalarının 8-ci hissəsindən görünür ki, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. İddiaçının Azərbaycan Respublikası Maliyyə Nazirliyində işlədiyi müddət dövlət qulluqçusu vəzifəsində işlədiyi müddət kimi qəbul edildiyindən, onun ehtiyat kadr siyahısına daxil edilməsinə hər hansı maneə qalmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilsin və İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilsin və İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar