Məhkəmə qərarları › İş №2-1(112)-7760/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7760/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7760/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: X10 ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, övladı İddiaçı məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 01/1086 saylı məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçın X2 məcburi köçkün statusuna malik olmadığından övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Bundan sonra İddiaçı (bundan sonra –İddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01/1086 nömrəli xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi, ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının anası X10 1992-ci ilin fevral ayının 11-də Şuşa rayonunun Malıbəyli kəndindən məcburi köçkün düşmüş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak düşərgəsində məskunlaşmışdır, məcburi köçkün kimi Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatdadır. 1997-ci il tarixdə anası X10 X2 ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.1998-ci il tarixdə iddiaçı anadan olmuşdur. 26 oktyabr 2020-ci il tarixdə X2 ilə anası X3 nikahları Şuşa Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Hazırda Bakı şəhəri, Ramana qəsəbəsi, Qadir Murtuzayev küçəsi, ev 14-də qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış məntəqəsində məskunlaşmışlar. Anasına “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilmişdir. İddiaçı anasının himayəsindədir. Şuşa rayonun Malıbəyli kəndində daimi qeydiyyatdadır. Ona görə də cavabdehin heç bir əsas olmadan “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilməsindən imtina etməsi qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir və yaşayış yeri üzrə ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçı anası X10 isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Anam ailə həyatı qurmuş və onun 3 övladı dünyaya gəlmişdir. Biz hamımız anamızın himayəsindəyik. Şuşa rayonunun Malıbəyli kəndində daim qeydiyyatdayıq. Ona görə də cavabdehin heç bir əsas olmadan “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilməsindən imtina etməsi başa düşülən deyil və heç bir zaman qanuni və əsaslı hesab edilə bilməz”. Bildirilir ki, İddiaçı X2 və anası X10 arasında nikahın pozulması halı iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndinin tətbiqini aradan qaldırmır. Belə ki, qeyd olunan xüsusat Qaydaların 4.1.6-cı bəndinin tətbiqini istisna edən hal kimi qanunvericilikdə müəyyən olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1977-ci il tarixdə doğulmuşdur və yaşayış yeri üzrə Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatdadır. AA seriyalı 060879 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonunu 1992-ci ildə tərk etmişdir, cavabdehin xx.xx.2002-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. AA0068345 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X11 xx.xx.1969-cu ildə doğulmuşdur, yaşayış yeri üzrə Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatdadır. İşdə olan Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-259/20 nömrəli qətnamədən görünür ki, X10 ilə X11 arasında Şuşa rayon VVADQ Şöbəsində 26 oktyabr 2001-ci il tarixində 83 saylı qeydə alınmış nikah ləğv edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2005-ci il təvəllüdlü X7 anası X3 himayəsində saxlanılması qət edilmişdir. AZ-İ №075185 nömrəli, xx.xx.2001-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Şuşa rayonu, Malıbəyli kəndində doğulmuşdur. X2, anası X4r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki: - X11 xx.xx.2006-cı il tarixdən ünvan 2 ünvanında, xx.xx.2011-ci il tarixdən Şuşa şəhəri, Malıbəyli kəndində; - X10 xx.xx.2001-ci il tarixdən Şuşa şəhəri, Malıbəyli kəndində; - İddiaçı xx.xx.2014-cü il tarixdən Şuşa şəhəri, Malıbəyli kəndində, xx.xx.2017-ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.2017-ci il tarixdən Şuşa şəhəri, Malıbəyli kəndində qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5, X8, X7, X9 və X3 adlarına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında xx.xx.1969-cu il təvəllüdlü X11 və onun övladları xx.xx.1998-ci il təvəllüdlü İddiaçı, xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2005-ci İİ təvəllüdlü X9 məcburi köçkün statusunun olması barədə qeyd aşkar edilməmişdir. xx.xx.1977-ci il təvəllüdlü X6 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi və ya verilmiş vəsiqənin ləğv edilməsi barəsində də Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. İddiaçı hazırda anasının məcburi köçkün statusuna malik olmasına istinad edərək ona da məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qeyd olunan normadan aydın olur ki, o uşaqlara məcburi köçkün statusu verilir ki:

1. Onun atası “məcburi köçkün” statusuna malik olsun;

2. hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olsun. Məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən iddiaçının atasının deyil, anasının məcburi köçkün statusuna malik olması, özünün, atasının, anasının daimi yaşayış yeri üzrə işğal olunmuş rayonda (şəhər) qeydiyyatda olması, atasının isə məcburi köçkün statusunun olmaması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, Qaydalarda valideynlərdən atasının “məcburi köçkün” statusuna malik olması tələb olunsa da, burada yalnız “ata”nın nəzərdə tutulması ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidddir və yalnız bu əsasla iddianın təminindən imtina oluna bilməz. Belə ki, həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının anasının “məcburi köçkün” statusuna malik olması, habelə hər iki valideyninin işğal olunmuş rayon üzrə qeydiyyatda olması, onun Qaydanın 4.1.6-cı bəndində nəzərdə tutulan tələbləri yerinə yetirmısi qənaətinə gəlmək üçün kifayətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:

İddia təmin olunsun. xx.xx.1998-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar