Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7763/2021 03.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə qarşı, Azərbaycan Respublikası X8 üçüncü şəxs qismində göstərilməklə “dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - Komitə) qarşı, Azərbaycan Respublikası X8 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Komitədə müvafiq olaraq məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi vəzifələrində 01.06.2012-ci il tarixdən indiyədək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajının nəzərə alınaraq Komitə ilə həmin tarixlər üzrə etirbarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 31.05.2012-ci il tarixdən Komitədə stajçı kimi məsləhətçi vəzifəsinə təyin edilmiş, 29.06.2012-ci il tarixdə Komitədə struktur dəyişiklikləri ilə əlaqədar digər şöbəyə, 28.09.2012-ci il tarixdə isə yenidən digər şöbəyə təyin edilmişdir. 31.05.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə uyğun olaraq 6 ay sınaq müddətinə Komitəyə qəbul edilmiş və eyni şöbənin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 02.12.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq daimi dövlət qulluğuna qəbul edilmiş və 5-ci təsnifat üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi almışdır. 29.03.2015-ci il tarixdə eyni şöbənin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş, 01.09.2016-cı il tarixdə dövlət qulluğunda yüksəliş yolu ilə şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilmiş, 01.12.2016-cı il tarixində 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi almışdır. Aprel 2019-mart 2021-ci illər ərzində analıq məzuniyyətində olumuşdur. Hazırda da həmin vəzifədə dövlət qulluqçusu statusunda qulluq keçir. 02.12.2013-cü il tarixdən indiyədək iddiaçının tutduğu vəzifə daimi dövlət qulluğu sayılmaqla, dövlət qulluqçuları üçün qanunvericiliklə nəzərdə tutulan bütün hüquq və vəzifələr ona da aid olunmuşdur. Lakin X8nin 2021-ci il 16 iyun tarixli elektron məktubu ilə müsahibədə iştirak etmək üçün iddia etdiyi vakant üzrə müraciətinə cavab olaraq, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğunda daha yuxarı vəzifəyə yüksəlmək üçün müsahibədə iştirakına imtina verilmişdir ki, bu da iddiaçının hüquqlarını pozur. Bu cür yanaşma, 10 il ərzində mübahisəsiz qaydada dövlət qulluğu münasibətlərindən iddiaçını kənarda saxlayır və dövlət qulluqçusu kimi onun hüquqlarının pozulması ilə nəticələnir. Əslində 10 il ərzində dövlət qulluğunda olmağı, iddiaçının mübahisəsiz qaydada hüquq münasibətimdə olmağının göstəricisidir və bu hüquq münasibətləri müəyyən edilməli və ya tanınmalıdır. Digər tərəfdən inzibati orqanın iddiaçının onunla işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan inzibati aktlar mövcuddur. Eyni zamanda işçi ilə işəgötürən arasında 10 il ərzində qəbul edilmiş işçilərin həvəsləndirilməsi, məzuniyyət və ezamiyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqqından tutulmalar, habelə sosial sığorta haqqı ilə bağlı ödənişlər və s.) barədə çoxsaylı inzibati aktlar da qəbul edilmişdir. Həmin inzibati aktların heç biri 10 il ərzində istər inzibati orqanın özü, istərsə də X8 və ya bundan əvvəl dövlət qulluğuna qəbulla bağlı prosedurları yerinə yetirən orqanlar, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmiş və həmin inzibati aktlar ləğv edilməmişdir. Göründüyü kimi iddiaçının işçi kimi inzibati orqanla arasında publik hüquq münasibətləri mövcud olmuşdur. Belə olan halda, iddiaçı ilə inzibati orqan arasında mövcud olan publik hüquq münasibətləri tanınmalıdır (müəyyən edilməlidir). Yəni, iddiaçının inzibati vəzifə üzrə dövlət quluğunda çalışmağı nəzərə alınmalı və onun Komitədə işlədiyi bütün dövr (01.06.2012-ci ildən indiyədək) üzrə dövlət qulluqçusu kimi statusu və stajı nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası X8 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı 2012-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Komitədə inzibati vəzifələrin 5-ci təsnifatına aid olan məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının X8 tərəfindən aparılan məlumat bazalarında iddiaçının hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmiş, 2015-ci və 2016-cı illərdə isə əlavə olaraq müvafiq qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqə və ya müsahibədə (daxili və ya ümumi müsahibə) iştirak etmədən vəzifədə irəli çəkilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, dövlət qulluğu vəzifəsinə təyin olunmuş İddiaçı barəsində məlumatlar işəgötürən tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş və mütəmadi olaraq əlavələr edilmiş və yenilənmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş müəyyən etmə və ya tanınma haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab verir. Eyni zamanda, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi arasında yaranan mübahisənin əsasını inzibati qanunvericilikdə nəzərdə tutulan müddəalar təşkil etdiyindən, İddiaçı ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi arasında yaranan münasibət də publik-hüquqi münasibətdir. İddiaçının hazırkı iddia ilə etibarlı dövlət qulluğu münasibətlərinin qısa müddət ərzində mövcud olmasının müəyyən edilməsində marağı hüquqi və iqtisadi xarakterlidir. Belə ki, iddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin mövcud olmasını müəyyən etməklə dövlət qulluqçusu kimi işlə təmin edilmə hüququnun yaranmasını müəyyən etmiş olur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; 0537100 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində “Dövlət qulluğu haqqında” AR Qanununun 28.6-cı maddəsinə uyğun olaraq 1 il müddətinə stajçı kimi Xarici əlaqələr və protokol xidməti şöbəsinin İnformasiya təminatı sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir; 02.07.2012-ci il tarixdə Komitədə struktur dəyişiklikləri edilməsi ilə əlaqədar olaraq İddiaçı ilə bağlanan müqaviləsinə verilmiş və İnformasiya və analitik araşdırmalar şöbəsinə təyin edilmişdir; 01.10.2012-ci il tarixdə X5 problemləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir; 01.06.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununun 28,6 maddəsinə uyğun olaraq altı ay sınaq müddətilə Komitəyə qəbul edilmiş və Ailə problemləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir; 02.12.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq daimi dövlət qulluğuna qəbul edilmiş və inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir; 01.04.2015-ci il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununun 32-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda yüksəliş yolu ilə Ailə problemləri şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir; 01.09.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununun 32-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda yüksəliş yolu ilə Ailə problemləri şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir; 02.12.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir; Komitənin 31 may 2012-ci il tarixli, 90 “k” nömrəli əmrinə əsasən, İddiaçı 01 iyun 2012-ci il tarixdən 1 il müddətinə stajçı kimi Xarici əlaqələr və protokol xidməti şöbəsinin İnformasiya-təminatı sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir; Komitənin 29 iyun 2012-ci il tarixli, 139 “a” nömrəli əmrinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə əsasən Xarici əlaqələr və protokol xidməti şöbəsinin İnformasiya-təminatı sektorunun məsləhətçisi stajçı İddiaçı ilə bağlanan əmək müqaviləsinə 02 iyul 2012-ci il tarixdən xitam verilmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən İddiaçı İnformasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş, İddiaçı əvvəlki vəzifəsində staj dövrü ümumi staj müddətinə daxil edilmiş və 01 iyun 2012ci il tarixdən etibarən hesablanmışdır; Komitənin 28 sentyabr 2012-ci il tarixli, 224 nömrəli əmrinə əsasən, İddiaçı 01 oktyabr 2012-ci il tarixdən vəzifə maaşı ştat cədvəlinə uyğun ödənilməklə İnformasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi stajçı İddiaçı Ailə problemləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir; Komitənin 31 may 2013-cü il tarixli, 117 “a” nömrəli əmrinə əsasən, İddiaçı 2013-cü il 01 iyun tarixindən altı ay sınaq müddəti ilə Komitəyə dövlət qulluğuna qəbul edilmiş və X5 problemləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir; Komitənin 02 dekabr 2013-cü il tarixli, 282 nömrəli əmrinə əsasən, İddiaçı 02 dekabr 2013-cü il tarixdən daimi dövlət qulluğuna qəbul edilmiş və inzibati vəzifələrin beşinci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir; Komitənin 29 mart 2015-ci il tarixli, 53 nömrəli əmrinə əsasən, X5 problemləri şöbəsinin məsləhətçisi İddiaçı dövlət qulluğunda yüksəliş yolu ilə 01 aprel 2015-ci il tarixdən həmin şöbənin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir; Komitənin 01 sentyabr 2016-cı il tarixli, 211 nömrəli əmrinə əsasən, X5 problemləri şöbəsinin məsləhətçisi İddiaçı dövlət qulluğunda yüksəliş yolu ilə 01 sentyabr 2016-cı il tarixdən həmin şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir; Komitənin 01 dekabr 2016-cı il tarixli, 312 nömrəli əmrinə əsasən, İddiaçı 02 dekabr 2016-cı il tarixdən inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İddiaçının Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunması barədə məlumatların 2012-ci ildən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi və həmin dövrdən mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalan”nın 14-cü bəndinə və Azərbaycan Respublikasının Prezidenti yanında keçmiş X6 üzrə Komissiyasının 2011-ci il 11 mart tarixli 01/08/262-DQ- ST nömrəli məktubuna uyğun olaraq əlavələr edilməsi və yenilənməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X8 tərəfindən aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır; 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.11-ci maddəsinə əsasən, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır; 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı 2012-ci ildə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Komitənin 31 may 2012-ci il tarixli, 90 “k” nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar barədə işdə hər hansı sübut yoxdur və bu hallarla bağlı mübahisə açılmamışdır.. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı barəsində qəbul edilən Komitənin 31 may 2012-ci il tarixli, 90 “k” nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Komitədə dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2012-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı Komitədə dövlət qulluğu vəzifələrində 9 ildən artıq çalışmışdır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 16.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir; 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir; 17.3-cü maddəsinin 3-cü cümləsinə əsasən, ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 01.06.2012-ci il tarixdən işlədiyi məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi vəzifələrində iş stajı nəzərə alınmaqla, həmin tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 01.06.2012-ci il tarixdən işlədiyi məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi vəzifələrində iş stajı nəzərə alınmaqla, həmin tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7763/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7763/2021
03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver