Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7763/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Miqrasiya Xidmətinə qarşı “inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Miqrasiya Xidmətinə qarşı ““İnzibati tənbeh vermə haqqında” MN seriyalı ******* saylı xx.xx.2023-ci il tarixli Qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən, onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi əsasında “İnzibati tənbeh vermə haqqında” MN seriyalı ******* saylı xx.xx.2023-ci il tarixli qərar qəbul edilmişdir. Qərar Türkiyə Respublikası vətəndaşı Adnan Kubatın işə götürən kimi onun tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan işə götürülməsi faktı olmuşdur. Faktı sübut edən hal kimi X1 Miqrasiya Xidmətində verdiyi izahatı əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli protokol əsas götürülmüşdür. Barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır və ona görə də qərar ləğv edilməlidir. Belə ki, Qərarda adı qeyd olunan Adnan Kubat ona məxsus “İstanbul kebab” kafesində nəinki 2 ay, ümumiyyətlə 1 saat da olsun hər-hansı bir vəzifədə işləməmişdir. Onu heç zaman işlə təmin etməmiş, hər-hansı bir formada ona əmək haqqı verməmiş və ümumiyyətlə bu şəxs heç zaman kafeyə giriş belə etməmişdir. İnzibati orqanın qərarı yalnız hansı tarixdə və hansı şəraitdə alınması bəlli olmayan izahata əsaslanmışdır. İnzibati orqan tərəfindən izahatda qeyd olunanların həqiqiliyinin müəyyən olunması istiqamətində heç bir araşdırma aparılmamış və sübutlar əldə olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu”nun 36.1.2-ci maddəsinə əsasən inzibati icraatın iştirakçısı olduğu halda Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən sözügedən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməmiş, habelə inzibati icraat barədə maraqlı şəxs kimi ona məlumat verilmədiyi kimi, iştirakı da təmin edilməmişdir. Yalnız xx.xx.2023- cü il tarixdə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə dəvət olunaraq sözügedən qərar ona təqdim edildikdə qərardan məlumatı olmuşdur. Məhz həmin zaman izahat verməyi təklif olunmuşdur. Lakin artıq qərar qəbul edildiyi və izahatının formal xarakter daşıdığını bildiyi üçün buna etiraz edərək izahat verməkdən imtina etmiş və yalnız qərarı götürmüşdür. xx.xx.2023-cü il tarixli ******* nömrəli protokolla tanış edilməmiş və mövcudluğundan qərarı alan zaman məlumatı olmuşdur. ******* nömrəli protokolun, MN seriyalı ******* saylı qərarın qəbul edildiyi və qərarın ona təqdim edildiyi tarixlərin üçünün də xx.xx.2023-cü il tarixi olduğundan, göründüyü kimi, inzibati orqan tərəfindən inzibati icraatda iştirakının təmini istiqamətində heç bir addım atılmamışdır. Adnan Kubatın izahatı ilə, və ya əgər varsa, barəsindəki şikayəti ilə tanış edilməmiş, işin hallarını təkzib və ys təsdiq etməyi, təqdim edilməli olan sübutlara münasibət bildirməyi və ya öz mövqeyini təsdiq edən sübutlar təqdim etməyinə şərait yaradılmamışdır. Barəsində hər-hansı bir inzibati icraatın aparıldığına şübhə ilə yanaşır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Eyni Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbi şəxsin işə cəlb edilməsi nəticəsində İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilmişdir. İş üzrə məhkəmənin mümkünlük iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edərək qeyd olunan tələblə bağlı şikayət ərizəsi ilə səlahiyyətli ümumi (rayon, şəhər) məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı faktiki olaraq inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirir, bu səbəbdən də, iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1, 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd). Məhkəmə hesab edir ki, iddianın məzmunundan göründüyü kimi, tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilir. Odur ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İddiaçının müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7763/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7763/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver