Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7764/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxslər X2, X3 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-X10 Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxslər: X7, X8, X9 və X5) qarşı “şəhadətnamədə düzəlişin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-X10 Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı Şəhadətnamədə İmanov soyadlarını İmamov soyadlarına, Vəzufə adının Vəzurə və Malik adının Mais kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 iyul 2021-ci il tarixli, 2-1(112)-7764/2021 saylı qərardadı ilə X7, X8, X9 və X5 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, DT və XK-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN -351A KOD 30218018 saylı Şəhadətnamə ilə Xaçmaz rayonu ərazisində 0,24 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamədə ailə üzvlərinin adları da göstərilmişdir. Lakin yanlışlıqla özünün və ailə üzvlərinin soyadları İmamov yerinə İmanov kimi qeyd olunmuş, həyat yoldaşının adı Vəzurə əvəzinə Vəzufə, oğlu Maisin adı isə Malik kimi göstərilmişdir. Şəhadətnamə veriləndə həmin yanlışlıqlara fikir verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və üçüncü şəxslər iddia ərizəsinə uyğun çıxış edərək, tələbin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Tağıyev keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də hər-hansı düzəliş aparılmasının Cavabdeh səlahiyyətlərinə aid olmadığını bildirərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hazırkı iddianı mümkün hesab etmir və bu zaman iki məsələnin qeyd edilməsini zəruri sayır: birincisi, iddiaçı hazırkı tələbi üzrə cavab verməli orqanı düzgün müəyyən etməmişdir; ikincisi, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir, hazırkı iddia onun çatmaq istədiyi məqsədə uyğun deyildir. Birinci məsələ üzrə: İşdən müəyyən olunur ki, İddiaçı 06 fevral 2002-ci il tarixdə DT və XK-nın Xaçmaz rayon şöbəsi tərəfindən Xaçmaz rayonu, Niyazoba kəndində 0,24 ha həyətyanı torpaq sahəsinə aid JN-351A kod 30218018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" verilmişdir. İddiaçı həmin Şəhadətnamədə yanlışlığa yol verilərək iddiaçının və onun ailə üzvlərinin soyadlarının İmamov əvəzinə İmanov kimi, həyat yoldaşının adının Vəzurə əvəzinə Vəzufə, oğlu Maisin adının isə Malik kimi göstərildiyini qeyd edərək bu şəhadətnaməyə düzəliş edilməsi tələbi üzrə cavabdeh qismində Cavabdeh göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 31.05.2006-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilirdi. Belə ki, torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqqında səlahiyyətli dövlət orqanı və ya bələdiyyə tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş ayrılan sahənin planı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu onun cizgisini torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə formasında əks etdirirdi və bu sənədlər qeydiyyatdan keçirilərək torpaq mülkiyyətçisinə və istifadəçisinə verilmək üçün müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinə təqdim olunurdu. Şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayırdı. 10.08.2004-cü il tarixdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra yuxarıda istinad olunan Əsasnamə ləğv olundu və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsaslara aid edildi və həmin sənədlər əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması dövlət rüsumu tutulmayan hərəkətlərə aid edildi. İstinad olunan Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları (burada "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur) bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməsi müəyyən olundu. Göründüyü kimi, hazırda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmir, həmçinin iddiaçıya verilmiş şəhadətnamədə düzəliş edilməsi hazırkı iş üzrə cavabdeh qismində göstərilən Cavabdeh MMC-nin səlahiyyətinə aid deyildir. Çünki hazırda daşınmaz əmlak, o cümlədən torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd qismində daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış çıxış edir. Hüquqların qeydə alınması və həmin çıxarışın verilməsi isə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən həyata keçirilir. İkinci məsələ üzrə: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndinə əsasən qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Beləliklə, sadalalan normalardan görünür ki, şəxsin hər hansı bir hüququmüəyyənedici sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda, şəxs həmin sənədi vermiş orqana müraciət etməli, orqan düzəliş aparmaqdan imtina etdikdə isə MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan qaydada hüquqi faktın müəyyən edilməsi məqsədilə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir (MPM-in 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir). İşdən aydın olur ki, iddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"də onun və ailə üzvlərinin adının yalnış göstərildiyini iddia edir. “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" hüquqmüəyyənedici sənəd olmaqla şəxsin torpaq sahəsinə dair mülkiyyət hüququnun olmasını təsbit edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14.10.2020-ci il tarixli məktubundan görünür ki, İdarə DT və XK tərəfindən verilmiş JN-351A kod 30218018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluğu aradan qaldırmaqdan imtina etmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə sadalananlara əsasən hesab edir ki, iddiaçı hazırda çatmaq istədiyi məqsədə, yəni ad və soyadlarının yanlış yazıldığını iddia etdiyi hüququmüəyyənedici sənədlərin ona və ailə üzvlərinə məxsus olmasının təsbit olunmasına hazırkı iddia ilə deyil, yuxarıda qeyd edilən qaydada hüquqi faktın müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməklə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7764/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7764/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver