Məhkəmə qərarları › İş №2-1(112)-7764/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7764/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7764/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı "DOST” Mərkəzinə müraciət etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) iddiaçının tələbini təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanlanmış **********0 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının xx.xx.1974-cü il tarixli əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr) 21 il 1 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 10 ay sığorta stajına uyğun olaraq 15114,38 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 834,20 manat olmaqla, ümumilikdə 15948,58 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.1974-cü il tarixində iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində sözügedən qurumda keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" MMC-də 2001-ci il tarixində 2 ay, 2002-ci il tarixində 3 ay adına əmək haqqı hesablanmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən, 65 yaşından ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdən yaşa görə 130 manat məbləğində sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci ildən isə 180 manata çatdırılmışdır. O, bununla razı deyil, çünki 65 yaşı tamam olduğu üçün o, cavabdehə ərizə ilə müraciət edərək 30 ildən yuxarı iş stajını nəzərə alıb ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla bağlı o, cavabdehə əmək kitabçasını, hərbi biletini təqdim etmişdir. Əmək kiabçasında 30 ildən çox əmək stajı vardır. Lakin cavabdeh onun əmək kitabçasında xx.xx.1996-cı ildən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli malyar vəzifəsində işlədiyi iş illərini nəzərə almamışdır. Həmin iş illərini və hərbi xidmətdə olduğu illəri də nəzərə alanda onun 30 ildən çox iş stajı olduğu müəyyən olunur və belə olan halda onun yaşa görə pensiya almaq hüququ yaranır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı etirazında imtina məktubunda qeyd edilənlərə istinad edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 ildir. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş, 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı tələb olunan ilkin şərti – yaş tələbini ödəyir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.1974-cü il tarixdə tərtib olunmuş əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixindək, xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixindək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixindək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixindək, xx.xx.1987-ci il tarixindən xx.xx.1989cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, “D.M.F İnşaat-Servis" MMC-də 2001-ci il tarixində 2 ay, 2002-ci il tarixində 3 ay əmək haqqı aldığı dövrlər və xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 19 il 10 ay və ona uyğun olaraq pensiya sığorta kapitalı pensiya yaşına çatdığı tarixədək indeksləşdirilməklə 15114,38 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 834,20 manat pensiya kapitalı (1 il 3 ay sığorta stajı) qeydə alınmışdır. İddiaçının mübahisələndirilməyən sığorta stajı cəmi 21 il 1 ay və sığorta stajına müvafiq olaraq pensiya sığorta kapitalı 15948,58 manat təşkil edir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixindən 01,07.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək stajının pensiya kapitalına çevrilməsi və sonradan topladığı pensiya kapitalı nəzərə alındıqda toplanan məbləğ 15948,58 manat olmuşdur, hansı ki bu məbləğ əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən pensiya təyin edilməsi üçün onun həmin tarixə azı 25 il sığorta stajı olmalıdır. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1974-cü ildə Şamaxı istehsalat kombinatının nəzdində boya briqadasına boyaqçı vəzifəsinə qəbul olunmuş, xx.xx.1975-ci il tarixdə Sovet ordusu sıralarına çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə boyaq sahəsinə 2-ci dərəcəli boyaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə boya briqadasına 2-ci dərəcəli boyaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə Nərimanov RDİŞ yanında İMŞ nəzarətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə “Barpaçı” idarəsi yanında xüsusi elmi-bərpa istehsalat emalatxanasına 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdə y/m Bİİ “Yaşıllaşdırma tikinti” 1 nömrəli Tİ Nərimanov rayon 4 nömrəli briqadaya işə muzd əmək haqqı ilə 2-ci dərəcəli bağ işçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1987-xx.xx.1989-cu illərdə “Azərrabitəinşaat” trestinin Tİİ 4-cü dərəcəli suvaqçırəngsaz vəzifəsində, xx.xx.1989-xx.xx.1992-ci illərdə “Azərelektroterm” EİB-də suvaqçı, rəngsaz vəzifələrində, xx.xx.1992-xx.xx.1993-cü illərdə Azərbaycan Dəmir Yolları Keşlə stansiyasında suvaqçı vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1993-cü il tarixdə 10 nömrəli EBİ və “Bərpaçı” İdarəsi 6-cı dərəcəli suvaqçı-rəngsaz vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1996-cı il tarixdə 6-cı dərəcəli rəngsaz vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1977-ci illərdə hərbi xidmət keçmişdir. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 25 ildən çox, 28 il 6 ay 16 gün iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının xx.xx.1996-xx.xx.2005-ci illərdəki işlədiyi dövrü qəbul etməmiş, iddiaçının cəmi 21 il 1 ay iş stajının olduğunu bildirmişdir. Məhkəmə cavabdehin bu qənaəti ilə razılaşmır və qeyd edir ki, işdə olan cavabdehin əməkdaşları və "xxxx" MMC-nin direktoru X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin arxiv sənədlərinə baxış keçirən zaman xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək olan dövrün əmək haqqı hesablanması cədvəllərinin saxlanılması müəyyən olunmuşdur. Qeyd olunan əmək haqqı cədvəllərində İddiaçı 2001-ci ilin oktyabr, noyabr ayları, 2002-ci ilin fevral, mart, aprel ayları üzrə əmək haqqı almaları öz əksini tapmışdır. Digər aylarda isə sözügedən şəxsin adına rast gəlinməmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 0109/22 nömrəli məktubundan görünür ki, idddiaçı 1996-cı ilin təxminən oktyabr ayından 3 saylı Təmir-Tikinti İdarəsinə 6-cı dərəcəli rəngsaz kimi işə qəbul edilmişdir. 3 saylı Təmir-Tikinti İdarəsi xx.xx.2004-cü il tarixdə avadanlıqların özəlləşdirilməsi nəticəsində hüquqi varisi olan "xxxx" MMC yaradılmışdır və hazırda mövcuddur. Müəssisə 2002-ci tarixdən Daxili İşlər Nazirlinin İstehsalat Kombinatının binasında icarəyə götürülmüş sahədə yerləşmiş, xx.xx.2014-cü il tarixdən sifarişlərin olmaması səbəbindən 5 il müddətinə MMC-nin fəaliyyətini dayandırmışdır. İddiaçı 2005-ci ilin təxminən sonuna qədər müəssisədə işləmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, xx.xx.1995-ci il tarixdə D-541 nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış İnşaat İstehsalat və Təsərrüfat İdarəsinin 1 saylı Təmir Tikinti Trestinin 3 saylı Təmir-Tikinti İdarəsinin özəlləşdirilməsi nəticəsində xx.xx.2004-cü il tarixdə "xxxx" MMC yaradılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadəsinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının hüququnun yarandığı və məhkəməyə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İşdə olan aktdan da görünür ki, cavabdeh əmək kitabçasındakı qeydləri araşdırmış və iddiaçının işləməsi yerində yoxlama ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh bununla kifayətlənməmiş, iddiaçının işlədiyi dövrlərə dair əmək haqqı cədvəllərinin olmasını da tələb etmiş, bu zaman həmin sənədləri hansı əsasla tələb etməsini əsaslandırmamışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən və yerində araşdırma ilə öz təsdiqini tapdığından, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar