Məhkəmə qərarları › İş №2-1(112)-7765/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7765/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7765/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi 2 saylı Bakı şəhəri “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyət vəsiqəsi verilməsi və doğum haqqında şəhadətnamədə göstərilən faktların həqiqiliyi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1959-cu ildə Ermənistan SSR İncevan rayonu Ağkilsə kəndində anadan olmuş və doğumun Ermənistan SSR İncevan rayonu Polad Sovetliyində qeydə alınmışdır. İddiaçının bu halı təsdiq edən doğum haqqında şəhadətnaməsi vardır. İddiaçı məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycan Respublikasına gəlmiş və 1996-cı ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Lakİn həmin mənzil satıldığından və qeydiyyada düşməyə yer olmadığından iddiaçı hazırkı vaxtadək şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Hazırda iddiaçı Qaradağ rayonunda Sahil qəsəbəsində yaşayır. 2019-cu ildə iddiaçı Qaradağ rayon Polis İdarəsinə qeydiyyata düşməklə əlaqədar müraciət etsə də, müraciətindən imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı şəhəri “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə müraciət etmiş, lakin doğum faktı Ermənistan Respublikası İncevan rayonunda qeydə alındığından qeydiyyat şöbəsi tərəfindən imtina məktubu almışdır. İddiaçının milliyyəti azərbaycanlıdır, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 28 noyabr 2019-cu ildə ******* saylı qərar çıxarılmışdır və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçı Azərbaycan Respublikası ərazisində şəxsiyyət vəsiqəsi olmadan yaşayır. İddiaçının Azərbaycan Respublikası vətəndaşı kimi hüquqları kobud şəkildə pozulur.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7765/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi 2 saylı Bakı şəhəri “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia tələbinin “doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməsi qərara alınmışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. Ədliyyə Nazirliyi 2 saylı Bakı şəhəri “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydaları”nı müəyyən edən əsas müddəaların 14-cü bəndə uyğun olaraq VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Bildiririk ki, Sizin doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilərsiniz. Sizin şəxsiyyətinizi təsdiq edən sənəd olmadığından doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməyini tövsiyə edirik.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. Əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Ermənistan SSRİ-nin İncevan rayonu Ağkilsə kəndində anadan olmuş, onun atasının X2, anasının X1, milliyyətinin azərbaycanlı olması barədə xx.xx.1959-cu ildə 245341 nömrə ilə qeydiyyat aparılmış, buna dair Ermənistan SSRİ-nin qeydiyyat idarəsi tərəfindən iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir.

12. Azərbaycan Respublikası Nizami rayon icraiyyə komitəsinin daxili işlər şöbəsi tərəfindən xx.xx.1959-cu ildə Ermənistan SSRİ-nin İncevan rayonu Ağkilsə kəndində anadan olmuş İddiaçı sovet vətəndaşının pasportu verilmişdir. Pasportun əsli məhkəmə iclasında tədqiq edilmişdir.

13. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1959-cu ildə doğulmuş İddiaçı ilə Azərbaycan SSRİ, Qazax rayonunda xx.xx.1959-cu ildə doğlulmuş X3 arasında bağlanmış nikah xx.xx.1987-ci il tarixdə qeydə alınmışdır. Nikahdan sonra arvada “Abdulova” soyadı verilmişdir.

14. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli Qərarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır.

IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi

15. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.

16. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

17. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlıdır.

18. İddia mümkündür.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”dan: - 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

21. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında akt qeydinin bərpası üçün kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının xx.xx.1959-cu ildə Ermənistan SSRİ, İncevan rayonunun Ağkilsə kəndində doğulması, ata adı X2, milliyyəti-azərbaycanlı, ana adı X1, milliyyəti-azərbaycanlı olması barədə Ermənistan SSRİ, İncevan rayon qeydiyyat idarəsində qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx xxxxxxx 1959-cu ildə Ermənistan SSRİ, İncevan rayonunun Ağkilsə kəndində doğulması, ata adı X2, milliyyəti-azərbaycanlı, ana adı X1, milliyyətiazərbaycanlı olması barədə Ermənistan SSRİ, İncevan rayon qeydiyyat idarəsində qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi 2 saylı Bakı şəhəri “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar