Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7768/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X4 adına rəsmləşdirdiyi xx.xx.2019-cu il tarixli, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvandakı 0,06 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə X6 Bakı şəhəri, Səbaii rayonu, Badamdar qəsəbəsi, Salyan şossesi 32 ünvanda 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Sonradan Z.H.Zülfiyev cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı əsasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvandakı 0,06 ha torpaq sahəsinə dair çıxarış, eskiz layihə almışdır. Belə ki, Səbail Rayon İcra Hakimiyyətinin 1971 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün vətəndaş X5 ayrılmışdır. Bundan sonra həmin torpaq sahəsini iddiaçı alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsi hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair X5 xx.xx.2017-ci ildə **********82 saylı çıxarış verilmişdir. X8 həmin torpaq sahəsini İddiaçı qeyd etdyi kimi alqısatqı müqaviləsi ilə satmışdır. Hal-hazırda mübahisəli torpaq sahəsi onun mülkiyyətindədir. Bakı səhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda X6 da həmin yerdə 600 kv.m. torpaq sahəsi saxta qərarla verilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə Səbail Bələdiyyəsinin sözügedən qərarı ləğv olunmuşdur. Eyni zamanda Səbail Bələdiyyəsi bir günlük fərqlə həmin yerə hazırkı iş üzrə tərəf olmayan X2, yəni 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarla iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsini satmış, səhəri gün isə (xx.xx.2005-ci il tarixində) hazırkı iş üzrə üçüncü şəxsə 142 saylı qərarla satmışdır. Bu faktlar sübut edir ki, Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı qanunsuz və əsassızdır. Qanunla 2018-ci ilə kimi Bakı şəhərində yerləşən rayonların Bələdiyyələrinə Dövlət tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bakı şəhərinin digər rayonları kimi Səbail Bələdiyyəsinin də mülkiyyətinə torpaq sahəsi ayrılmamış və torpaq sahələrinə dair Səbail Bələdiyyəsinə çıxarış verilməmişdir. Bu səbəbdən də Səbail Bələdiyyəsi vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayıra bilməzdi. Mübahisəli torpaq sahəsinə dair iddiaçıya dövlət tərəfindən verilmiş ******* saylı çıxarış var. Həmin çıxarışa əsasən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilımişdir. Torpaq sahəsi mülkiyyətinə verilərkən DƏDRX-nin mütəxəsisləri tərəfindən yerində mübahisəli torpaq sahəsinin plan-ölçü kordinatları müəyyən olunmuş, bundan sonra ona qeyd olunan torpaq sahəsinə dair çıxarış verilmişdir. Digər tərəfdən torpaq sahəsi torpağı aldığı şəxs X3 mülkiyyətinə verilərkən də cavabdeh DƏDRX-nin mütəxəsisləri tərəfindən yerində plan-ölçü kordinatları müəyyən olunmuş, bundan sonra ona mübahisəli torpaq sahəsinə dair çıxarış verilmişdir. Torpaq sahəsinin kordinatları GPS aparatı vasitəsi ilə “GOOGLE YER” proqramına uyğun dəfələrlə dəqiqləşdirilmişdir. Qanunvericiliyin tələbinə əsasən 2005-ci ildə Bələdiyyə torpaqları hərrac yolu ilə satılmırdı ki, üçüncü şəxs həracdan həmin torpağı əldə etsin. Göründüyü kimi üçüncü şəxsin adına Bələdiyyə torpağının alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Üçüncü şəxs Z.Zülfiyevə ayrılmış torpaq sahəsinə dair alqı-satqı aktının surətindən görünür ki, akt Ə.Hüseynov və Z.Zülfiyev tərəfində tərtib olunsa da bir nəfər tərəfindən imzalanmışdır. Aktın tərtib olunma tarixi yoxdur. Akt qeydiyyata alınmamışdır. Torpağın alqı-satqı aktında kassa mədaxil orderində və mübahisələndirilən 142 saylı qərarda imzalar fərqlidir, başqa-başqa şəxslər tərəfindən imzalanmışdır və həmin sənədlər bələdiyyə kitabında qeydə alınmamışdır sair. Qeyd etdiyi kimi Səbail Bələdiyyəsi xx.xx.2005-ci il tarixində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair, Zülfiyev Zəfərdən başqa (Zülfiyev Zəfərə həmin mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2005-ci ildə 142 saylı qərar vermişdir) vətəndaş X2 da bir gün fərqlə 131 saylı qərar vermişdir. Sonradan həmin şəxslər Səbail Bələdiyyəsinin 131 saylı və 142 saylı qərarlarından istifadə edərək iddiaçıya qarşı məhkəmələrdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə əsasız iddialar qaldırmışlar. Qeyd olunan iddia tələbləri üzrə keçrilən (DƏDRX cəlb olunmaqla) məhkəmə ekpertizalarının rəyində göstərilir ki, mübahisəli torpaq sahəsinin kordinatları iddiaçıya ayrılmış torpaq sahəsinin kordinatları ilə eynidir. Səbail Bələdiyyəsinin üçüncü şəxs Zülfiyev Zəfərə 142 saylı qərarla ayırdığı torpaq sahəsinin kordinatları yoxdur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sözügedən çıxarışı qanunsuz və əsasız olduğundan, iddiaçının iddia tələbi üzrə (Səbail Bələdiyyəsinin üçüncü şəxs Zülfiyev Zəfərin adına verilmiş 142 saylı qərarın ləğvinə dair) Bakı İnzibati Məhkəməsində işə baxılarkən həmin çıxarışı üçüncü şəxs məhkəmədən və iddiaçıdan gizlətmiş, sübut kimi məhkəməyə təqdim etməmişdir. Səbail Bələdiyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı qanunsuz və əsassız olduğundan üçüncü şəxsin adına cavabdeh DƏDRX-nin 1 saylı bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış qanunsuz və əsassızdır, həmin çıxarış iddiaçının hüquqlarına toxunur, çıxarışın ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7768/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********66 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Üçüncü şəxsin iddiaya yazılı vəsatəti məhkəməyə təqdim edilmiş və vəsatətdə bildirilmişdir ki, AR İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Vətəndaşın iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi hər bir halda onun iddiasının mümkün sayılması kimi qiymətləndirilə bilməz. Belə ki, İPM-in qeyd olunan normasının mənasından görünür ki, inzibati məhkəmə icraatı qaydasında istənilən növ inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. Ona görə də işə baxan məhkəmə prosessual qanunvericiliyin qeyd edilən tələblərini nəzərə almaqla birinci növbədə iddianın mümkünlüyü şərtlərini araşdırmağa borcludur. X6 AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarına əsasən xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən elektron çıxarış (“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR Qanununun 12-ci maddəsinə əsasən) verilmişdir. Torpaq sahəsinin plan sxemi də hazırlanaraq Zəfər Zülfiyevə təqdim edilmişdir. Həmin plan və ölçünün verilməsinə isə Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı əsas kimi götürülmüş və bu plan ölçüdə qeyd olunmuşdur. X6 verilmiş torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan kadastr göstəricilərindən də göründüyü kimi İddiaçı verilmiş torpaq sahəsinin plan və ölçüsündəki kadastr göstriciləri fərqlidir. Belə olan halda İddiaçı X6 xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia qaldıra bilməz. Çünki iş materiallarında olan sübutlardan da göründüyü kimi X4 mülkiyyətində olan və onun adına verilmiş çıxarış və plan-ölçü sənədinin İddiaçı verilmiş çıxarış və plan-ölçü sənədinin koordinatlarına əsasən bu torpaq sahələri üst-üstə düşmür yəni biri digərindən aralıda yerləşir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-827/2022 saylı qərarına əsasən (X10 Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə və üçüncü şəxs X6 qarşı “qərarın və ondan irəli gələn nəticələrin ləğvi” tələbinə dair) kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə X6 verilmiş çıxarışdakı koordinatlarla İddiaçı verilmiş çıxarışdakı koordinatlar fərqlidir, biri digərindən aralıda yerləşir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüququ üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayət izrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qeyd olunanlardan da göründüyü kimi iddiaçının işin bu cür vəziyyətində və bu halında məhkəmədə hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Göstərilənlərə əsdasən İddiaçı iddiası mümkünsüz hesab edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İPM-in 35.1-ci, 35.3-cü və 38.2-ci maddəsini rəhbər tutaraq İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvandakı 600 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın mümüknü sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İnzibati Prosessual Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İşin hallarından görünür ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 1971 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün X5 Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi ayrılmışdır. Səbail Bələdiyyəsinin 142 nömrəli, 16 yanvar 2005-ci il tarixli qərarına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X4 adına sənədləşdirilməsi qərara alınmışdır. “Torpaqların alqı-satqısı”na dair akta və Bİİ seriyalı 026960 nömrəli, 21 yanvar 2006-cı il tarixli kassa mədaxil orderinə əsasən X9 tərəfindən Səbail bələdiyyəsinə 2496 manat ödənilmişdir. AN-İ ******* nömrəli, 28 iyul 2017 “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Əfəndiyev Abbas Vaqif oğlu ünvan 2 ünvanda yerləşən ümumi sahəsi, 0,06 ha olan torpaq sahəsini iddiaçıya satmış, müqavilədən göründüyü kimi alqı-satqı predmeti olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Əfəndiyev Abbas Vaqif oğlunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə Ağayev Elşən Əziz oğlunun mülkiyyəti kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı tərtib edilərək torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zülfiyev Zəfər Həsən oğlunun Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 23 iyul 2019cu ildə Zülfiyev Zəfər Həsən oğlunun adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı plan-ölçü sənədi tərtib edilərək torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçı Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə qarşı 2 iyul 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail Bələdiyyəsinin vətəndaş X6 600 kv metr torpaq sahəsinin ayrılmasına dair 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarının və ondan irəli gələn nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-147/2020 nömrəli 13 mart 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinin üçüncü şəxs Zülfiyev Zəfər Həsən oğluna 600 kv metr torpaq sahəsinin ayrılmasına dair 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ləğv edilmişdir. Qərardan üçüncü şəxs X9 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-38/2022 nömrəli 19 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-147/2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis və xx.xx.2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, (....) İddiaçı mülkiyyətində olan və onun adına verilmiş çıxarış və plan-ölçü sənədinin X4 adına verilmiş mülkiyyətində olan çıxarış və plan-ölçü sənədinin koordinatlarına əsasən bu torpaq sahələri üst-üstə düşmür və əlavə edilmiş sxemdən görünür ki, biri o birindən kənarda yerləşir. (...) Belə olan halda iddiaçının istinad etdiyi dəlil, yəni ona məxsus topraq sahəsinin 3-cü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi öz təsdiqini tapmadığından bu hal iş materialları və ekspert rəyi ilə sübuta yetirilmədiyindən iddiaçının mübahisələndirdiyi Səbail Bələdiyyəsinin 142 saylı xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil və buna görə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-147/2020 nömrəli 13 mart 2020-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 827/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli 2-1(103)-38/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi hazırkı iş üzrə İddiaçı X4 adına xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvandakı 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququ barədə qeydlərin ləğv edilməsini mübahisələndirir. Halbuki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi, 0,06 ha olan torpaq sahəsi Zülfiyev Zəfər Həsən oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 600 kv metr torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının digər inzibati məhkəmə icraatında mübahisələndirdiyi Səbail Bələdiyyəsinin 142 saylı xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbinə baxılarkən torpaq sahələrinin dövlət reyestrindən verilmiş çıxarış və plan-ölçü sənədləri üzrə araşdırma aparılaraq yekunda bələdiyyə qərarının ləğvi üçün hər hansı əsasın mövcud olmadığı və buna görə də iddia tələbinin təmin olunmadığı nəticəsinə gəlinməklə dolayısı ilə hazırkı iddianın predmeti olan daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydlərin ləğv edilməsinin tələb etmə əsasları da öz əhəmiyyətini itirmişdir. Belə ki, qeyd edilən məhkəmə icraatında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair onun adına verilmiş çıxarış və plan-ölçü sənədi ilə X4 adına verilmiş torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin koordinatlarına əsasən bu torpaq sahələri üst-üstə düşmür və biri o birindən kənarda yerləşir. Belə olan halda hesab edilir ki, artıq məhkəmə tərəfindən yoxlanılmış və qanuni qüvvəsini almış qərar ilə hüquqi həllini tapmış dəlillərin yenidən hazırkı məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir. Beləliklə, hazırkı iş üzrə üçüncü şəxs Z.Zülfiyevin torpaq sahəsi yerləşmə vəziyyəti, koordinatlarına görə İddiaçı aid torpaq sahəsi ilə üst-üstə düşmədiyi halda İddiaçı ona aid olmayan, hüquqlarına bilavasitə təsir etməyən üçüncü şəxsə aid torpaq sahəsinə dair qeydləri mübahisələndirməyə də subyektiv hüququnun olduğu müəyyən olunmur. Odur ki, hazırkı iddia iddiaçının iddianı qaldırmaqda subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7768/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7768/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver