Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7768/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə 23 aprel 2025-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1993-cü il tarixli, 629/814 №-li Sərəncamı ilə Zirə qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 15 №-li evdə yaşayan, Tikinti quraşdırma idarəsində işləyən, ailə tərkibi 5 nəfərdən ibarət X3 Zirə qəsəbəsinin cənub hissəsində 19 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən torpağın yerləşməsini müəyyən etməyə imkan verən cizgi tərtib edilməmişdir. X6 xx.xx.2009-cu ildə vəfat etmişdir. Bakı şəhəri 33 saylı dövlət notariat pfisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan ofisinə, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 19 nömrəli sahədə olan 1200 kv.m.olan torpaq sahəsinə dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhum X2 adına çıxarış verilməsinə etiraz edilməmişdir. İddiaçı X4 ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “... fərdi yaşayış evi tikmək üçün mərhum X4 ayrılmış 19 saylı torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması barədə Rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəniz tapşırığa əsasən RİHB-nin Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Nümayəndəlikdən verilən məlumatda bildirilir ki, göstərdiyiniz torpaq sahəsi 2008-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış keçmiş Abşeron rayonu, Südçülük, Tərəvəzçilik Sovxozuna təhkim olunmuş ərazilərdə yerləşdiyi üçün sözügedən sahəyə yerləşmə sxeminin verilməsi məqsədəuyğun sayılmır”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyəti başçısının 629/814 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə ailə tərkibi 5 nəfərdən ibarət X4 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənub hissəsində 19 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətləinə aid edilmişdir. Lakin cavabdeh cizgi sxemi verməməkdə davam edir və süründürməçiliyinə yol verir. Halbuki iddiaçıya məxsus torpaq sahəsinə özəlləşdirilməsinə dair bütün sənədlər qaydasındadır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı Cavabdehnə müraciətinə cavab olaraq Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata görə torpaq sahəsi 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış keçmiş Abşeron rayonu, Zirə Südçülük-Tərəvəzçilik sovxozuna təhkim olunmuş ərazidə yerləşdiyindən cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun hesab olunmamışdır. İddiaçının mərhum atası X5 torpaq sahəsi Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 13 sentyabr 1993- cü il tarixli 629/814 nömrəli sərəncamına əsasən ayrılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmçinin həmin Məcəllənin 13-cü maddəsinin 2-ci bəndinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘’Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’’də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Məhkəmənin nəzərinə çatdırırıq ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi ‘’Torpaq sahəsinin yerquruluşu planı’’ adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. ’’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. ‘’Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında’’ Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır.Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. ‘’Torpaq islahatı haqqında’’ Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1993-cü il tarixli, 629/814 №-li Sərəncamı ilə Zirə qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 15 №-li evdə yaşayan, Tikinti quraşdırma idarəsində işləyən, ailə tərkibi 5 nəfərdən ibarət X3 Zirə qəsəbəsinin cənub hissəsində 19 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən X4 torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgi verilməmişdir. X6 xx.xx.2009-cu ildə vəfat etmişdir. Hazırda iddiaçının tələbi X4 ayrılmış torpaq sahəsinə cizginin tərtib edilərək verilməsidir. Cavabdeh imtina məktubunda torpaq sahəsi 2008-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış keçmiş Abşeron rayonu, Südçülük, Tərəvəzçilik Sovxozuna təhkim olunmuş ərazilərdə yerləşdiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkədn imtina etmişdir. Cavabdeh iddia tələbinə verdiyi etirazında isə torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi səlahiyyətinin Cavabdeh səlahiyyətlərinə aid olmamasını əsas gətirərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası və etirazın əsası kimi istinad etdiyi hal əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinin 5-ci abzasına görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü madəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Göründüyü kimi, mübahisənin yarandığı zaman (iddiaçıya torpaq sahəsi ayrılan zaman) qüvvədə olan Torpaq Məcəlləsinin istinad edilən normalarına görə, vətəndaşlara torpaq sahəsinin verilməsi Xalq Deputatları Sovetlərinin (Yerli İcra Hakimiyyətlərinin) qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmçinin torpaq kadastrının aparılmasını və yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyətinə aid məsələ olmuşdur. İddiaçıya torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) həmin qərara əlavə edilməmişdir. İddiaçı isə, öz tələbinin – öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin Qərarı ilə ona verilmiş hüquqdan və Qərarın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən mahiyyəti üzrə imtina vermiş, lakin iddia tələbinə etiraz məktubundan bu imtinaya zidd yanaşma göstərərək cavabdehin torpaq sahəsinə yerləşmə cizgisinin vermə səlahiyyətinin olmamasını göstərmişdir. Həmçinin məhkəmə icraatında olan işlərdən (daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasına dair tələblər) Cavabdeh vətəndaşın müraciətinə əsasən vaxtı ilə ayrılmış torpaq sahələrinə dair yerləşmə cizgisi (xəritədən çıxarış) hazırlayaraq vətəndaşlara vermişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın oxşar mübahisə üzrə torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi ilə bağlı praktikası mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş Əzizbəyov XDS İK-nın 15/586 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Mərdəkan qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov XDS İK-nın 21 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə Binə qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov XDS İK-nın 14/551 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov XDS İK-nın 12 saylı, xx.xx.1990-ci il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov RİHB 2474 saylı, xx.xx.2000-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Qeyd edilən cizgilər məhkəmə qərarı əsasında deyil, vətəndaşların müraciətlərinə əsasən cavabdeh inzibati orqanın öz praktikasına əsasən hazırlanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı tələb üzrə inzibati orqanın imtinası cavabdehə münasibətdə bərabərlik və etimad hüququnun pozulması kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1880/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (V.S.Quliyevin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)-2246/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli; R.N.Nəcəfovun Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- 1755/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli; R.N.İsmayılovun Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- 1595/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli; S.H.Abdulovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- 1(102)-1396/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli; S.T.Rəhimovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- 1(102)-1601/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli; N.R.Əliyevin Cavabdehnə qarşı iş üzrə 2-1(102)-1359/2023 nömrəli, 05 iyul 2023cü il tarixli; N.M.Eyvazovun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- 1(102)- 2092/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir”. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2131/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair inzibati iş üzrə 2-1(102)-1417/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli nömrəli qərardadla da cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş və şikayət mümkün sayılmamışdır. Məhkəmə kollegiyası həmin şikayəti mümkün saymayarkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğuna istinad etmiş, eyni zamanda cavabdeh tərəfindən öz mövqeyinin əsaslı olması ilə bağlı yeni dəlillər və məlumatlar təqdim etmədiyini əsas götürmüşdür. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyəti başçısının 629/814 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə ailə tərkibi 5 nəfərdən ibarət X4 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənub hissəsində 19 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinə dair cizginin İddiaçı verilməsi öhdəliyi Bakı şəhər Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7768/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7768/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver