Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-777/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndələri X1 və X3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MTK) cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MTK barədə 22.08.2019-cu il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********318500 saylı və Vergilər Nazirliyinin 04.12.2019-cu il tarixli İddiaçı MTK-nın verdiyi şikayətə aid **********359800 saylı qərarlarının əsassız və qərəzli olması səbəblərindən ləğv edilməsi, həmin qərarların İddiaçı MTK-nın üzərinə qoyulmuş 33.047,99 manat kameral hesablanmış vergi borcunun və ona hesablanmış faiz borcunun etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2-ci (ikinci) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdehlər sırasından çıxarılması və həmin cavabdehə qarşı iddia ərizəsində irəli sürülmüş tələbi çıxarmaqla iddianın həcmini azaltmaq barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3880/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bundan sonra, iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək,cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra mətndə Bakı şəhəri LGBİ) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 22.08.2019-cu il tarixli, **********318500 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK-nın Bakı şəhəri, Yasamal rayonunda inşa etdiyi çoxmərtəbəli yaşayış binasını 2012-ci ildə istismara qəbul məqsədi ilə dövlət komissiyasına təhvil verildikdən və sakinlər sahibi olduqları əmlaka mülkiyyət hüququ barədə Çıxarış aldıqdan sonra, dövriyyəsinin azalması əsası ilə ƏDV qeydiyyatından çıxmaq üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra Baş İdarə) dəfələrlə müraciət etmişdir. Yalnız 6 il fasiləsiz (2013-2018-ci illər) yazışmalardan sonra ƏDV qeydiyyatı 2018-ci ilin oktyabr ayından ləğv edilmiş, lakin bu haqda vergi ödəyicisinə 2018-ci ilin 28 dekabrında rəsmi olaraq bildirilmişdir. Bundan sonra Baş İdarə ƏDV ləğv bəyannaməsini tələb etmiş və müəssisə tərəfindən müvafiq bəyannamə vaxtında təqdim edilmişdir. ƏDV ləğvindən dərhal sonra Vergi orqanı ƏDV qeydiyyatı dövrünə, 2007-2018-ci illərə aid vergi hesabatlarında uyğunsuzluq tapıldığını bildirərək və həmin hesabatlar üçün dəqiqləşdirmə məqsədilə İddiaçı MTK-dan yük -ğömrük bəyənnaməsinin, mal qalığının olub-olmamamsı barədə məlumat tələb etmişdri. MTK tərəfimindən dəfələrlə mal qalığının olmaması, yük-gömrük bəyannaməsi üzrə malmaterial alınmadığı barədə əsaslandırılmış cavabı 09.01.2019-cu il tarixdə Vergi orqanına göndərilmişdir. Bundan sonra Vergilər İdarəsindən yoxlama vaxtının başa çatması səbəbilə təkrar “2018-ci ilin oktyabr ayı üzrə ƏDV-nin ləğvinin dəqiqləşdirilmiş bəyannaməsinin” göndərilməsi barədə telefon vasitəsilə dəfələrlə tələb edilmişdir. Sonra yenə Vergilər İdarəsindən müəsisiənin elekton poçt qutusuna “Online Kargüzarlıq” vasitəsilə təkrar həmin məzmunlu məktub göndərilərək, “xxxx“olduğu bildirilmişdri. Yenə də MTK tərəfindən məktub lazımı qaydada cavablandırılmışdır. Müəssisənin şəxsi hesab vərəqindən də görünür ki, heç bir bəyannamə məlumatı dəyişdirilmədən, əvvəl təqdim olunmuş bəyannaməyə aid hər hansı qeydlər göstərmədən MTK-dan həmin bəyannaməni 6 dəfə, müxtəlif vaxtlarda yenidən verilməsi tələb edilmişdir. Hansı ki, ƏDV bəyannaməsi üzrə kameral yoxlama müddəti cari hesabat ayıdır. Buradan da görünür ki, vergi ödəyicisinə elan edilməmiş hansısa məqsədlə yoxlamanın müddətinin qərəzli uzadılması üçün tələb edilmişdir. Müəssisəyə göndərilmiş uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, “qeydiyyatında olduğunuz dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrində 308-ci sətr üzrə, yəni əldə edilmiş elektron vergi hesab-fakturalarına əvəzləsdirilən dövriyyə məbləğlərinin (ƏDV-siz) cəmi 1.088.366,03 manat təşkil etməsinə baxmayaraq, bəyannamələrin 305-ci sətirlərində dövriyyə məbləği (ƏDV-siz) cəmi 359.878,45 manat əks etdirilmişdir ki, nəticədə də ƏDV hesablanmalı dövriyyədə 728.487,58 manat məbləğində fərq müəyyən edilmişdir”. Yuxarıda göstərilən 22.08.2019-cu il tarixli qərarla hesablanmış 33.047,99 manat məbləğin və ona hesablanmış 12.000,0 (on iki min) manat yuvarlaq faizin - 22.08.2019-cu il tarixli qərarda göstərilən “ƏDV hesablanmalı dövriyyədə olan 72.8487,58 manat məbləğində fərqə" heç bir aidiyyatı yoxdur. Yəni qərardakı uyğunsuzluğun cavabda göstərilən 187.544,94 manat məbləğində mal qalığına heç bir aidiyyatı yoxdur. Həmçinin,vergi orqanının cavab məktubunda “15.05.2019-cu il tarixdə təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin digər aktivlər sətri üzrə hesabat dövrünün sonuna 187.544,94 manat məbləğinə istinad edilir. Yəni burada yoxlama predmeti 2018-ci ilin oktyabr ayının ləgv ƏDV bəyannaməsi olduğu (2019-cu ilin yanvar ayında kameral yoxlaması başa çatmalı olan) halda heç bir əsas göstərilmədən 8 aydan sonra 15 may 2019-cu il tarixli təqdim edilmiş illik mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsində göstərilən zərər məbləğinə istinad edilmisdir. Bundan sonra Vergilər İdarəsinin acıqlama məktubunda göstərilən 187.544,94 manat məbləğinin isə həqiqətdə mal qalığı olmadığını, həmin məbləğin isə müəssisənin təsisçiyə olan borcu olduğu, İddiaçı MTK-nın 2012-ci ildən bütün tikinti işlərini yekunlaşdıraraq, Bakı şəhər İHnin müvafiq Sərəncamı ilə Dövlət Komissiyası tərəfindən müəssisə tərəfindən görülmüş işin (bina tikintisinin) 2012-ci ilin dekabr ayında İstismara Qəbul olunduğunu, bütün tikinti işlərinin başa çatdırdıldığını və yalnız kommunal xidmətləri göstərməsini,mal qalığının olması haqda iddia edən vergi orqanları tərəfindən müəssisənin ƏDV ödəyicisi olduğu bütün dövr üzrə anbarında mal qalığı aşkar edilməməsini Vergilər İdarəsinə bildirmiş və bu əsaslarla düzgün çıxarılmamış Qərarla hesablanmış vergi məbləğinin ləğv olunmasını xahiş etmişdir. Dəfələrlə yazaraq bildirilmişdir ki, müəssisədə binanın təhvil-təslimindən, 2013-cü ilin 1 yanvarından heç bir vaxt mal qalığı olmamışdır, müəssiənin anbarı olmamışdır və hazırda da yoxdur. Bu fakt iddiaçı tərəfindən 2012-ci ildən bu günədək təqdim edilmiş rəsmi hesabatlarda da təkrar-təkrar öz əksini tapmışdır. Həmin məbləğ əvvəlki illərdə vergi orqanına təqdim olunmuş balanslarda keçmiş illərə aid zərərlərin cəmi məbləğidir və həmin balanslarda “mallar qrafası” isə “0” göstərilmişdir. Həmin zərər məbləği (187.544,94 manat) isə təsisiçinin o illərdə müəssisəyə qoyduğu şəxsi vəsaiti hesabına işçilərə ödənilmiş əmək haqqı, işıq pulu, su pulu, və.s xərclərdən yaranmışdır və bu haqda dəfələrlə Vergilər İdarəsinə rəsmi qaydada bildirilmişdir.Vergi orqanı yenə də bu rəsmi məlumatlara da heç bir münasibət bildirməmiş, 2019-cu ilin 01 sentyabrından müəssisənin bütün bank hesablarına sərəncamla həbs qoymuşdur. Lokal Gəlirlər Baş İdarəsinə müəssisəyə qarşı tutmuş olduğu əsassız, faktlarla təsdiqini tapmayan və bu səbəblərdən qərəzli mövqe ilə bağlı 31.08.2019-cu il tarixdə Pretenziya məktubu göndərilmişdir . Bundan sonra İddiaçı MTK tərəfindən Vergilər Nazirliyinə 31.08.2019-cu il, 05.09.2019-cu il, 20.09.2019-cu il və 23.09.2019-cu il tarixlərdə şikayətlər verilmiş, Həmin şikayət araşdırılmaq üçün AR Vergilər Nazirliyinin sənədlərlə iş və müraciət Baş İdarəsi tərəfindən araşdırılmış və MTK tərəfindən 2011-2018-ci illər üzrə təqdim edilmiş, yoxlama instansiyasına X2 əlavəsində (balansında) mal qalığı “sətirinin “0” olduğu və həmin məbləğin, yəni 187544,94 manatın müəsisiənin keçmiş illər üzrə (2011-2013-cü illər üzrə) zərəri olduğu və zərərin hesabata aid açıqlanmasında da həmin zərərin - təsisçinin vəsaiti hesabına çəkilmiş xərclərdən- abadlıq, təmir-tamamlama işləri, kommunal-enerji xidmətləri tərəfindən sənədləşdirmələrə aid rüsumlar, əmək haqqı, DSMF, su pulu, işıq pulu, və s. xidmətlər və onların ƏDV-sindən və s. ibarət olması barədə bildirilmişdir. Həmin araşdırmanın nəticəsi 04.12.2019-cu iyul tarixdə İnzibati şikayətin təmin edilməməsi haqqında **********359800№-li qərar qəbul edilmişdir. Qərarın əsassız olduğuna aid ən əhəmiyyətli dəlil isə ondan ibarətdir ki, müəssisəyə Vergi Orqanı 05.04.2011-ci ildə iyul 2008-ci il üçün təqdim edilmiş ƏDV bəyannaməsinə (3 il sonra, yəni vergi öhdəliyi üzrə hesablama aparma müddəti) X5 (KYB) ilə 1.108.700 manat məbləği yenidən hesablamış, o zaman Vergi Orqanının rəhbərliyi ilə görüşdən sonra, yəni, 21.04.2011 -ci ildə (16 gündən sonra) Vergilər İdarəsi özünün KYB ilə hesablamış olduğu məbləği ləgv edərək, KYBL (kameral yoxlama bəyənnaməsinin ləğvi) ilə 1.108.700,0 manat azalma vermiş və müəssisənin şəxsi hesab vərəqindən silmişdir. Bundan sonra həmin məbləğlə bağlı Vergi Orqanlarının müəssisəyə 8 il ərzində illərlə heç bir iddiası olmamışdır. Lakin müəssisə ƏDV qeydiyyatının ləğvindən sonra Vergilər İdarəsi tərəfindən 05.04.2011-ciil tarixdə müəssisəyə (2008-ci il üçün) 1.108.000,00 manat ƏDV tutulmalı dövriyyə hesablanmış və həmin məbləğ şikayət əsasında 21.04.2011-ci il tarixdə ləğv edilmiş həmin dövriyyə məbləğindən müəsissənin 2012-ci ildən sonrakı dövr üzrə (2012-2018-ci illər) cəmi ƏDV tutulmuş (359.878,45manatı) dövriyyəni çıxaraq təkrarən 728.487,58 manatı uyğunsuzluq məbləği kimi təqdim etmişdir. Haqqında şikayət olunan qərarla isə müəssisənin üzərinə qoyulmuş məlum vergi öhdəliyinin məbləği (33.047,99 manat) hesablanmışdır. Baxmayaraq ki, bu öhdəliyin hesablandığı və şikayət əsasında vaxtilə (26.04.2011 -ci ildə Vergi Orqanı tərəfindən) ləğv edilmiş dövriyyə məbləğinin (şəxsi vərəqəyə əsasən 1.108.700,00 manat, qərara görə 1.088.366,03 manat) bərpa olunması barəsində keçən 8 il müddətində Vergi İdarəsi tərəfindən vergi ödəyicisinə heç bir rəsmi məlumat, qərar təqdim edilməmiş və heç vaxt mübahisə mövzusu olmamışdır. Belə ki, bu halın doğruluğunu şəxsi hesab vərəqəsindəki 2011-2019-cu illərə aid rəsmi vergi məlumatları da birmənalı olaraq təsdiq edir. ŞHV-nin ƏDV qeydiyyatının ləğvi ərəfəsində, 2018-ci ilin oktyabr ayına aid ƏDV bəyannaməsinin dəqiqləşdirilməsi məqsədi ilə Vergi Orqanının dəiqiləşdirilmiş bəyannamə təqdim edilməsi 6 dəfə vergi ödəyicisindən tələb edilmiş, lakin ilk 6 dəqiqləşmiş ləğv bəyannaməsinin araşdırılmasının yekunu olaraq ŞHV-də (şəxsi vərəqəyə əsasən 1.108.700,00 manat, qərara görə 1.088.366,03 manat) məbləğini göstərməmişdir. Belə olan halda həmin məbləğ əsasa alınaraq vergi hesablana bilməz. Əgər vergi ödəyicisinin həmin dövr üzrə dövlət büdcəsinə 1.108.000,0 manat dövriyəyə görə vergi borcu yaranmışdırsa və ƏDV bəyannamələrində uyğunsuzluq məbləği mövcud olmuşdursa, nə üçün külli miqdar təşkil edən həmin məbləğin ödənilməsi illərlə tələb olunmamışdır? Cavab sadədədir, belə bir uydurma rəqəm Vergi İdarəsi tərəfindən 05.04.2011-ci il tarixdə ortaya atılmış və 21 gün sonra isə şikayət əsasında ləğv edilmiş, lakin vergi - baza məlumat sistemində “uyğunsuluq məbləği kimi” qəsdən saxlanmışdır. Bu fakta (dövriyyə məbləği kimi yuxarıda göstərilən məbləğin ləgv edilmiş, bərpa edilməmiş) istinad etməmənin özü bir daha təsdiq edir ki, həm Lokal Gəlirlər İdarəsinin Qərarı, həm də məsələyə tam aydınlıq gətirmək istəməyən Vergilər Nazirliyinin çıxardığı Qərarı vergi ödəyicisnin hüquqlarını pozmaqla çıxarılmışdır. Qərarların digər mübahisəli tərəfi isə ondan ibarətdir ki, Vergilər Nazirliyi şikayəti araşdırarkən 22.08.2019-cu il tarixli Qərarda göstərilən uyğunsuzluq məbləğini (728.487,58 manat) hec bir əsası olmadan vergi ödəyicisinə göndərilən - mal qalığına görə hesablanmış - məbləğ olması qənaətində qalmış, sonradan isə həmin hesablamanın düzgün olmadığını qət edərək həmin dövr üçün yenidən real vaxt rejimində kameral yoxlama keçirilməsi qərarına gəlmişdir. Buradan da aydın görünür ki, yuxarı instansiya olan Vergilər Nazirliyi öz qərarında vergi ödəyicisinin hüquqlarını kobud şəkildə pozaraq, haqqında şikayət olunan qərardakı uyğunsuzluq məbləğinin mövcud olmadığını bildiyindən ancaq Lokal Gəlirlər Baş İdarəsinin qərardan açıqlama verdiyi və faktiki mövcud olmayan mal qalığına istinad edərək həmin məbləği təsdiqləmişdir. Eyni zamanda vergi ödəyicisi kimi Lokal Gəlirlər Baş İdarəsi tərəfindən MTK-ya qarşı davamlı qərəzli mövqe tutulmasının bir sübutu kimi onu da göstərmək olar ki, ƏDV tutulmalı dövriyyənn illər üzrə (2013-2018-ci iilərdə), 6 ildə cəmi məbləğinin 359.878,45 manat olmasını, yəni göstərilən hər il üzrə 100.000 manatdan cox aşağı olması səbəbindən qüvvədə olan VM-nin 158.2. maddəsinə istinad edərək dəfələrlə hər il mütəmadi olaraq dəfələrlə müəssisənin ƏDV qeydiyyatının ləğv olunmasını müvafiq Ərizə ilə xahiş etsələr də, Vergilər İdarəsi müxtəlif bəhanələrlə məsələdən yayınmış (təşkilati hüquqi formanı dəyişdirmək və s.) və nəhayət 6 ildən sonra, yəni 28.12 2018-ci il tarixdə müəssisənin ƏDV qeydiyyatını ləğv etmişdir. Lakin bu 6 il müddətdə ancaq kommunal xidmətləri göstərən müəssisəyə Vergi İdarəsinin səlahiyyətli şəxslərinin hərəkətsizliyi nəticəsində 50.382.98 manat məbləğində maddi ziyan dəymişdir. (359878.45 *14% (18% ƏDV çıxılsın 4% sadələşmiş vergi= 14%=50382.98 manat). Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş 17.05.2021-ci il tarixli, **********429000 nömrəli etirazda göstərilmişdir ki, İddiaçı MTK tərəfindən təqdim olunmuş 2018-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsində ƏDV qeydiyyatında olduğu dövr ərzində təqdim edilmiş “Əlavə dəyər vergisinin bəyannamələr”i üzrə əldə edilmiş elektron vergi hesab-fakturalarına və yük-gömrük bəyannamələrinə əsasən bəyannamənin 308, 310, 311 və 316-cı sətrləri üzrə əvəzləşdirilən dövriyyə məbləğlərinin (ƏDV-siz) cəmi məbləği 1.088.366,03 manat təşkil etməsinə baxmayaraq, bəyannamələrin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətrlərinin “Dövriyyə məbləği (ƏDV-siz)” xanalarında cəmi 359.878,45 manat dövriyyə məbləği əks etdirilmişdir ki, nəticədə də ƏDV hesablanmalı minimum dövriyyədə 728.487,58 manat məbləğində fərqin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq vergi ödəyicisinə 15.07.2019-cu il tarixli **********778200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi 2018-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergisi üzrə təqdim etdiyi ləğvin dəqiqləşmişi bəyannaməsində 710,10 manat dövriyyə göstərərək, qeyd olunan uyğunsuzluq vergi ödəyicisi tərəfindən aradan qaldırılmamışdır. Bununla əlaqədar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində digər aktivlər sətri üzrə 187544,94 manat qalıq məbləği əsas götürülərək, 2018-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ləğvin dəqiqləşmiş bəyannaməsi üzrə 186.834,84 manat məbləğində dövriyyə əlavə dəyər vergisinə cəlb olunaraq, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması 33047,99 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 22.08.2020-ci il tarixli **********318500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddia ərizəsində qeyd edilir ki, vergi orqanı ilə yazışmaların nəticəsindən aydın olur ki, 22.08.2019-cu il tarixli qərarla hesablanmış 33.047,99 manat məbləğin ƏDV hesabat dövriyyəsində olan 728.487,58 manat məbləğində fərqə və 187.544,94 manat məbləğində mal qalığına heç bir aidiyyəti yoxdur. Bununla bağlı bildirilir ki, uyğunsuzluq məktubunda da qeyd edilidiyi kimi, müəssisənin ƏDV qeydiyyatında olduğu dövr ərzində təqdim edilmiş “Əlavə dəyər vergisinin bəyannamələr”i üzrə əldə edilmiş elektron vergi hesab-fakturalarına və yükgömrük bəyannamələrinə əsasən bəyannamənin 308, 310, 311 və 316-cı sətrləri üzrə əvəzləşdirilən dövriyyə məbləğlərinin (ƏDV-siz) cəmi məbləği 1.088.366,03 manat təşkil etməsinə baxmayaraq, bəyannamələrin 305-ci (əməliyyatlar üzrə cəmi) sətrlərinin “Dövriyyə məbləği (ƏDV-siz)” xanalarında cəmi 359.878,45 manat dövriyyə məbləği əks etdirilmişdir ki, nəticədə də ƏDV hesablanmalı minimum dövriyyədə 728.487.58 manat məbləğ olduğu müəyyən edilmişdir. Həmçinin 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrə əlavəsində digər aktivlər sətri üzrə 187.544,94 manat qalıq məbləği əsas götürülərək, 2018-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ləğvin dəqiqləşmiş bəyannaməsi üzrə 186.834,84 manat məbləğində dövriyyə əlavə dəyər vergisinə cəlb olunaraq, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması 33.047,99 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndələri məhkəmə iclasında verdikləri izahatlarında ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia mümkündür. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı MTK barədə 22.08.2019-cu il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********318500 saylı qərar qəbul edilmişdir. Bundan sonra, iddiaçı həmin qərarı mübahisələndirərək şikayət vermiş və Vergilər Nazirliyinin 04.12.2019-cu il tarixli qərarı ilə şikayətin təmin olunmaması qərara alınmışdır. Son olaraq iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmədən müvafiq olaraq məhkəməyə müraciət edərək 22.08.2019-cu il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********318500 saylı qərarın ləğv edilməsini tələb etmişdir. İddia tələbi mahiyyəti üzrə əsaslıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzad küçəsi olan İddiaçı MTK 10 yanvar 1997-ci il tarixdə qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. - Bakı şəhəri LGBİ-nin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 15 iyul 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, 12 iyul 2019-cu il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır: 1) ƏDV qeydiyyatında olduğu dövr ərzində təqdim etdiyi “Əlavə dəyər vergisinin bəyannamələr”i üzrə əldə edilmiş elektron vergi hesab-fakturalarına və yük-gömrük bəyannamələrinə əsasən bəyannamənin 308. 310. 311 və 316-cı sətirləri üzrə əvəzləşdirilən dövriyyə məbləğlərinin (ƏDV-siz) cəmi məbləği 1.088.366,03 manat təşkil etməsinə baxmayaraq, bəyannamələrin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin “Dövriyyə məbləği (ƏDV-siz)” xanalarında cəmi 359878,45 manat dövriyyə məbləği əks etdirilmişdir ki. nəticədə də ƏDV hesablanmalı minimum dövriyyəsində 728487,58 manat məbləğində fərq müəyyən edilmişdir. Bununla əlaqədar kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin təqdim olunması xahiş olunmuşdur. - İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması” barədə 22 avqust 2019-cu il tarixli, **********318500 nömrəli qərarından görünür ki, oktyabr 2018-ci ilin əlavə dəyər vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı, MTK tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə sonuncu tərəfindən hesablanmış vergi və ya sığorta haqqının 832,04 manat məbləğində göstərildiyi, vergi orqanı tərəfindən isə aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqının 33,880,03 manat məbləğində təşkil etdiyi müəyyən olunmuş, nəticədə vergi orqanı tərəfindən vergi ödəyicisinə 33.047,99 manat məbləğində əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Belə ki, MTK-nın ƏDV qeydiyyatında olduğu dövr ərzində təqdim etdiyi “Əlavə dəyər vergisinin bəyannamələr”i üzrə əldə edilmiş elektron vergi hesab fakturalarına və yük-gömrük bəyannamələrinə əsasən bəyannamənin 308,310, 311 və 316-cı sətirləri üzrə əvəzləşdirilən dövriyyə məbləğlərinin (ƏDV-siz) cəmi məbləği 1088366,03 manat təşkil etməsinə baxmayaraq. bəyannamələrin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin “Dövriyyə məbləği (ƏDV-siz)” xanalarında cəmi 359.878.45 manat dövriyyə məbləği əks etdirilmişdir ki, nəticədə də ƏDV hesablanmalı minimum dövriyyəsində 728.487,58 manat fərq müəyyən edilmişdir. - Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MTK-nın 28.08.2019-cu il tarixli müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən tərəfinizdən 16.10.2018-ci il tarixdə ƏDV qeydiyyatının ləğvi ərizəsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanının 27.12.2018-ci il tarixli **********209828 Q nömrəli əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv edilməsi barədə Qərarına əsasən 16.10.2018-ci il tarixdən ƏDV qeydiyyatı ləğv edilmişdir. İddiaçı MTK tərəfindən 15.05.2019-cu il tarixdə təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin digər aktivlər sətri üzrə hesabat dövrünün sonuna 187544,94 manat məbləğində mal qalığı qeyd edilmişdir. Lakin 12.07.2019-cu il tarixdə ƏDV üzrə təqdim edilmiş 2018-ci ilin oktyabr ayı üçün ləğvin dəqiqləşməsi bəyannaməsində qeyd olunan mal qalığı təqdim etmə kimi göstərilmədiyindən vergi orqanı tərəfindən kameral vergi yoxlammasına əsasən kənarlaşma məbləği aradan qaldırılmışdır. “İnzibati şikayətin təmin edilməməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin 04.12.2019-cu il tarixli, **********359800 saylı qərarı ilə İddiaçı MTK-nın şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri LGBİ-nin 22.08.2019-cu il tarixli **********318500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarının dəyişdirilmədən saxlanılması, Kooperativin real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə 2018-ci ilin oktyabr ayı ləğv ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə yenidən keçirilməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş 22.08.2019-cu il tarixli, **********318500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə qərarın ləğvini tələb edir. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərarı əsasında iddiaçıya ƏDV vergisi üzrə əlavə vergi məbləğləri hesablamışdır. İşin müəyyən olunan hallarından göründüyü kimi bu hissələrdə tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığı, həmçinin, kameral qaydada vergilərin hesablanmasına səbəb olan kənarlaşma məbləğin Kooperativin ƏDV məqsədləri üçün qeydiyyatının 16.10.2018-ci il tarixdən ləğv edilməsi nəticəsində sahibliyində qalan malların ƏDV-yə cəlb edilməməsi nəticəsində yaranmışdır. Məhkəmə hesablanmış ƏDV vergisinin əsaslı olub-olmamasını müəyyən etmək məqsədi ilə ilk növbədə yoxlanılan dövr ərzində vergi ödəyicisinin sahibliyində mal qalığının olubolmaması barədə araşdırma aparılmasını zəruri hesab edir. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarın həm prosessual cəhətdən, həmçinin də, mahiyyətcə əsaslı olub-olmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. Həmin Məcəllənin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Ümumiyyətlə, ƏDV qeydiyyatının ləğvi dedikdə, ƏDV-yə cəlb olunan əməliyyatları aparmağı dayandıran və ya vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği VM-də nəzərdə tutulan məbləğdən artıq olmayan vergi ödəyiciyisinin ərizəsi əsasında onun adının və barəsindəki məlumatların ƏDV-nin dövlət reyestrindən silinməsi nəzərdə tutulur. Əgər ləğvetmə vaxtına vergi ödəyicisinin sahibliyində mallar qalarsa, həmin mallar vergi tutulan əməliyyat zamanı təqdim edilən mallar kimi qiymətləndirilir. VM-nin müddəalarına görə malların təqdim edilməsi özlüyündə ƏDV üçün vergi tutma obyekti sayılır. Mal və malların təqdim edilməsi anlayışları VM öz təşəküllünü tapmışdır. Vergi Məcəlləsinin 13.2.8-ci maddəsində göstərilmişdir ki, mal dedikdə, hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su nəzərdə tutulur. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin Məcəllənin 13.2.10-cu maddəsinə əsasən, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Hazırki iddia üzrə mübahisə doğuran məsələ odur ki, ümumiyyətlə iddiaçı barəsində ƏDV hesablanarkən 15 may 2019-cu il tarixdə təqdim olnumuş “mənfəət vergisinin bəyannaməsi”nin 1 nömrəli əlavəsində digər aktivlər sətrində göstərilmiş 187.544,94 manatın mal qalığı kimi nəzərə alınmasından yaranır. Halbuki, iddiaçı bu halı təkzib edərək bildirir ki, 15.05.2019-cu il tarixdə təqdim olunmuş 2018-ci ilin mənfəət vergisinin 1 nömrəli əlavəsində digər aktivlərin ilin sonuna qalığı göstərilən məbləğ, yəni 187544,94 manat pul mal qalığı deyil, keçmiş illərin zərəriridir ki, bu da 2010-cu ildən 2018-ci ilə kimi yığılaraq qalmış (əmək haqqı, enerji, su pulu, torpaq icarəsi, zibil pulu və digər) xidmətlərdən yaranmışdır. Həmin zərərin nələrdən ibarət olduğu əvvəlki illərdə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergiorqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəyə tətbiqi zamanı müəyyən olundu ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 22.08.2019-cu il tarixli qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozularaq, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilməmişdir. Belə ki, mübahisələndirilən 22.08.2019-cu il tarixli qərarda bu qərarın qəbul edilməsinə əsas verən hallar konkret olaraq göstərilməsə də, cavabdeh tərəfin təqdim etdiyi sənədlər və verdiyi mülahizələr onu deməyə əsas verir ki, 22.08.2019-cu il tarixli qərar əslində vergi ödəyicisinin 15 may 2019-cu il tarixdə təqdim etdiyi “mənfəət vergisinin bəyannaməsi”nin 1 nömrəli əlavəsində digər aktivlər sətrində 187.544,94 manat dəyərində mal qalığının bəyan edilməsi ilə bağlı qəbul edilmişdir. Bundan sonra vergi ödəyicisi tərəfindən ƏDV üzrə təqdim edilmiş 2018-ci ilin oktyabr ayı üçün ləğvin dəqiqləşməsi barədə bəyannamə qanunvericilikdə nəzərdə tutulmuş 30 iş günü müddəti bitdikdən sonra, yəni 12 iyul 2019-cu il tarixdə təqdim olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 37.2-ci maddəsindən bir mənalı görünür ki, kameral vergi yoxlamasında nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra, təqdirdə, sonradan dəqiqləşmiş bəyannamə təqdim olunsa belə, kameral vergi yoxlamasının keçirilməsi qanunaziddir. Digər tərəfdən, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, vergi orqanı tərəfindən 22.08.2019-cu il tarixli qərarın qəbul edilmə əsası kimi mənfəət vergi bəyannaməsinə ilin sonuna 187.544,94 manat mal qalığının olduğu və həmin tarixdən sonra ümumilikdə 0 manat dövriyyə məbləğinin göstərildiyinin məlum olduğu qeyd edilsə də, cavabdeh inzibati orqan 22.08.2019-cu il tarixli qərarı qəbul edərkən onun qəbul edilməsi üçün əsas verən hallarla bağlı araşdırma apardığına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçıya kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən əlavə dəyər vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materialları əsasında iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 22.08.2019-cu il tarixli, **********318500 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 22.08.2019-cu il tarixli, **********318500 saylı qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-777/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-777/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver