Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-777/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininə qarşı “tikintiyə icazə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininə qarşı “tikintiyə icazə verilməsi” tələbinə ddair iddiası üzrə inzibati işə 22 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasında yerləşən 300 kv.m torpaq sahəsində qeyri-yaşayış obyektinin bərpasına və qeyri-yaşayış obyektinin eskiz layihəsinə uyğun tikilməsinə icazə verilməsi öhdəliyinin və tikinti işlərinin aparılması üçün xüsusi nişan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Əzizbəyov” (indiki Koroğlu) metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektinin mülkiyyətçisi olmuşdur və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin ticarət obyekti Azərbaycan Respublikası Prezidentinin 1255 saylı, 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005-2007-ci illər üçün Tədbirlər Planı”nın müddəalarının icrasını təmin etmək məqsədilə sökülmüşdür. Ona və digər mülkiyyətçilərə məxsus olmuş ticarət obyektinin bərpa olunması üçün Bakı şəhəri Nizami RİH-ə icazə verilməsi barədə Bakı ŞİH 20 fevral 2009-cu il tarixdə 77 nömrəli sərəncam vermişdir. Həmin sərəncam əsasında Bakı şəhəri Nizami RİH 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncam vermişdir. Sərəncam 1-ci bəndində Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m torpaq sahəsində ona və digər mülkiyyətçilərə ticarət obyektinin tikintisinə icazə verilməsi nəzərdə tutulmuşdur. Sonradan Bakı ŞİH-in 12 mart 2012-ci il tarixli, 113 nömrəli sərəncamı ilə həmin sərəncam ləğv edilmişdir. Onun tərəfindən tikiləcək ticarət obyektinin eskiz layihəsi hazırlanaraq Nizami Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Nizami Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixli C-28 saylı razılıq məktubu verilmişdir. Bakı ŞİH-nin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2009-cu il tarixli Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubundan görünür ki, iddiaçıya məxsus Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasında yerləşən 300 kv.m torpaq sahəsində ticarət obyektinə dair təqdim olunmuş memarlıq-planlaşdırılması həllinə baxılıb razılıq verilmişdir. Sonradan Nizami Rayon İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına qanunsuz müdaxilələr olmuşdur və bununla əlaqədar tikinti işlərinə başlamaq mümkün olmamışdır. Nizami RİH-in qanunsuz müdaxilələri davamlı olduğu üçün o və digər sahibkarlar 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Nizami RİH-ə qarşı onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi barədə qərarın verilməsini xahiş etmişdirlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/16 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-942/2017 saylı, 29 mart 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/16 saylı, xx.xx.2015-ci il tarixli qərarı ərizəçiyə aid hissədə ləğv edilmiş, yeni qərar qəbul edilərək, Nizami RİH-ə qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi qərara alınmışdır. Ali Məhkəmənin 2-1(102)-1376/2017 saylı, 29 avqust 2017-ci il tarixli qərarları ilə yekunda dəyişdirilmədən saxlamaqla qanuni qüvvəsini almışdır. Məhkəmə proseslərindən sonra 2023-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona məxsus torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişdir və xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. xx.xx.2023-cü ildə cavabdeh quruma müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixli imtina məktubu təqdim edilmişdir. Məktubda qeyd edilir ki, qeyd olunan ünvanda qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilən tarixdən sonra yol-nəqliyyat infrastrukturu yenidən qurulduğundan, tikinti obyektlərinin ərazilərdə yerləşdirilməsi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə müvafiq dəyişikliklər aparıldığından, habelə planlaşdırılan torpaq sahələri vətəndaşların ümumi istifadəsində olmaqla piyadaların gediş-gəliş və yaşıllıqların salınması üçün nəzərdə tutulan ərazilərdə yerləşdiyindən qaldırılan məsələlərin müsbət həlli məqsədəuyğun hesab olunmur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin hallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 77 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Əzizbəyov” metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamı ilə, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində ... iddiaçıya ticarət obyektinin tikintisinə icazə verilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakı Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq plan-ölçü verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-296/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2167/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-496/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2167/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrındən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 0.03 ha ölçüdə torpaq sahəsi üzərində istifadə hüququ **********76 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı qeyd edilən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikasinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30 dekabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda qeyriyaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən tarixdən sonra yol-nəqliyyat infrasrukturu yenidən qurulduğundan, tikinti obyektlərinin ərazilərdə yerləşdirilməsi ilə bağlı şəhərsalma ve tikintiyə dair normativ sənədlərdə müvafiq dəyişikliklər aparıldığından, habelə planlaşdırılan torpaq sahələri vətəndaşların ümumi istifadəsində olmaqla piyadaların gediş gəliş və yaşıllıqların salınması üçün nəzərdə tutulan ərazilərədə yerləşdiyindən, qaldırılan məsələnin müsbət həlli məqsədəuyğun hesab olunmur. Hazırkı iş üzrə iddiaçı cavabdehin qeyd edilən imtinasının əsassız hesab edilməklə, ona həmin ərazidə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.5-1. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəyin verilməsi ilə bağlı tələblər bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyasının tikinti layihəsinə şamil edilmir və tikintiyə icazə icraatı məqsədləri üçün həmin tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab edilir. 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Fərmanın 4.7-1-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10- cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, (....) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının tikmək istədiyi qeyri-yaşayış obyekti tikintiyə icazə tələb olunan tikili olmaqla tikintiyə icazə verən səlahiyyətli orqan qismində hazırkı halda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi çıxış edir. Qanunvericilikdə tikintiyə icazə tələb olunan icraat zamanı sifarişçinin tikintiyə icazə verən quruma yoxlama üçün təqdim edilməsi üçün tələb etdiyi sənədlər siyahısı sadalanmışdır. İddiaçı cavabdehin hazırkı iş üzrə tikintiyə icazə verilməsi ilə bağlı Məcəllənin 75.3-cü maddəsi ilə tələb edilən sənədlərdən- torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən istifadə hüququnu təsdiq edən sənədi və tikmək niyyətində olduğu obyektin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırımış layihəsini təqdim etmişdir. Cavabdeh tikintiyə icazə icraatının yekunu olaraq müraciətin təminindən imtina etmiş və imtinanı aşağıdakılarla əsaslandırmışdır: -1.planlaşdırılan torpaq sahəsi vətəndaşların ümumi istifadəsində olmaqla piyadaların gediş gəliş və yaşıllıqların salınması üçün nəzərdə tutulan ərazilərdə yerləşir. -2.qeyd olunan ünvanda qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən tarixdən sonra yol-nəqliyyat infrasrukturu yenidən qurulduğundan, tikinti obyektlərinin ərazilərdə yerləşdirilməsi ilə bağlı şəhərsalma ve tikintiyə dair normativ sənədlərdə müvafiq dəyişikliklər aparılmışdır. Məhkəmə ilk növbədə cavabdehin tikilməsi planlaşdırılan obyektin yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olması dəlili ilə bağlı aşağıdakıları qeyd edir. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamı ilə Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində ... iddiaçıya ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamında, həm də həmin sərəncamın icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti “başçısının 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamında sifarişçinin torpaq sahəsinin yerində qəbul etməsi və Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarış almalı olduqları təsbit olunmuşdur. Bunun nəticəsində iddiaçı cavabdeh Daşınmaz Əmlakı Kadasrtı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq plan-ölçü verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iş üzrə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın imtina əsaslarından biri də ondan ibarət olmuşdur ki, iddia edilən torpaq sahəsi abadlaşdırılmış parkın bir hissəsidir. Qeyd edilən işə baxan və iddianı təmin edərkən torpaq sahəsinin ümumi istifadədə olan ərazi olmasına dair dəlili ilə razılaşmayan kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki “...müvafiq icra hakimiyyətinin sərəncamının olması iddiaçının mübahisə predmeti olan 300 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır.” Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin ümumi istiifadədə olan ərazidə yerləşməsi, ərazinin yaşıllıq zonası olması ilə bağlı məsələyə artıq inzibati məhkəmə icraatnda qanuni qüvvəsini almış məhkəmə qərarı ilə qiymət verilmiş və nəticə etibarı ilə iddiaçının sözügedən torpaq sahəsinin ümumi istifadə və ya yaşılllıq ərazisində olması dəlili sübuta yetirilməmiş və belə bir dəlil iddiaçının həmin ərazidə yerləşən torpaq sahəsinə olan əşya hüququnun-istifadə hüququnun qeydiyyata alınmasını istisna etmədiyi, əksinə təqdim edilmiş sərəncam və tərtib edilmiş sənədlər əsasında həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasının yolverənliyi qənaətinə gəlinmişdir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı məhkəmə icraatında təqdim edilmiş fotoşəkillərdən sahənin hər hansı park və ya yaşılllıq ərazisi olmadığı, eləcə də yaşayış binalarına paralel və ya binalara xidmət edən ümumi istifadədə olan ərazi olmadığı müşahidə olunur. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, hazırkı halda layihələndiriləcək obyektin yerləşəcəyi torpaq sahəsi qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında istifadə hüququ ilə iddiaçının adına qeydiyyatdadır, torpağa dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi verilmişdir. Odur ki, hazırkı cavabdehin eyni -ümumi istifadə, yaşılllıq ərazisində yerləşmə ilə bağlı dəlili artıq məhkəmə müstəvisində hüquqi qiymət verildiyindən həmin dəlil iddiaçının torpaq sahəsi ilə bağlı digər niyyətinin-tikintiyə icazənin verilməsindən imtina edilməsinə əsas kimi qiymətləndirilməməlidir. Belə ki, əmlak hüququ olan torpağa istifadə hüququnun qeydiyyata alınması yalnız torpağın iddiaçının xeyrinə sənəd üzrə yüklülüyünü ifadə etmir, həm də onun həmin torpaq sahəsi üzərində əşya hüququ olan şəxs kimi qanunla nəzərdə tutulan imkanlardan faydalanmağa da hüquqi əsas verir. Nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsi ilə bağlı hazırkı tarixədək baxılmış çoxsaylı məhkəmə mübahisələrinin yekun məqsədi iddiaçıya məxsus olmuş və sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinin qarşılanması-yəni ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpası olmuşdur. Sonuncu dəfə də məhkəmə müstəvisində həmin torpaq sahəsinin təyinatı, yerləşməsi və iddiaçının torpaq sahəsi ilə bağlı hüqumüəyyənedici sənədlərinə hüquqi qiymət verilmiş və nəticə etibarı ilə iddiaçının istifadə hüquququnun sahibi kimi torpaqdan istifadə imkanının olduğu istisna edilməmişdir. Başqa sözlə, sözügedən torpaq sahəsində müvafiq hüquqi və faktiki hərəkətlərin icrasına icazə verilməməsi halı torpaq sahəsinin iddiaçının adına əmlak hüququ olaraq reyestrdə qeydiyyatda qalmasını əhəmiyyətsiz edir. Hazırkı halda iddiaçının qeydiyyata alınmış mübahisəli torpaqda qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsini bilavasitə istisna edən hüquqi əsas yoxdur və bu halda cavabdehin torpaqla bağlı reyestr qeydlərinə əhəmiyyət vermədən artıq hüquqi qiymət verilmiş dəlillə çıxış etməsi formal imtina kimi qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh tikintiyə icazədən imtinası zamanı istinad etdiyi qeyd olunan ünvanda qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən tarixdən sonra yol-nəqliyyat infrasrukturunun yenidən qurulduğu, tikinti obyektlərinin ərazilərdə yerləşdirilməsi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə müvafiq dəyişikliklər aparılması kimi dəlilləri əsaslandırılmamışdır . Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 11.1. Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: 11.1.1. layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; 11.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. 11.2. Müfəssəl planın tətbiqi dairəsindən və bu Məcəllənin 11.1-ci maddəsində nəzərdə tutulmuş mənada tikintilərin mövcud olduğu ərazinin hüdudlarından kənarda tikinti obyektinin inşasına yalnız onun müvafiq ərazidə infrastruktur və mühəndiskommunikasiya təminatının mümkün olduğu (mümkünlüyünün kifayət qədər əsaslandırıldığı) və həmin tikinti obyektinin aşağıdakı məqsədlər üçün nəzərdə tutulduğu hallarda yol verilir: 11.2.1. kənd və meşə təsərrüfatı ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün; 11.2.2. kənd təsərrüfatı müəssisəsinin işçilərinin istifadəsi üçün; 11.2.3. rabitə, elektrik enerjisi, qaz, su, istilik, kanalizasiya təchizatının və ya müvafiq ərazi ilə bağlılığı olan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün; 11.2.4. bərpa olunan enerji mənbələrinin istehsalı üçün. 11.3. Bu Məcəllənin 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, digər tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: 11.3.1. tikilməsi nəzərdə tutulan obyekt baş plana zidd olarsa; 11.3.2. tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olarsa; 11.3.3. tikilməsi nəzərdə tutulan obyekt infrastrukturun yaradılması, təhlükəsizliyin və ya sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb edərsə; 11.3.4. tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları, yaxud landşaftın təbii xüsusiyyətlərini pozarsa; 11.3.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaradarsa. 57.1. Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində) 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı torpaq sahəsində tikiləcək iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma həlli Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli məktubu ilə razılaşdırılmış, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2011-ci il tarixli YTNƏŞ 856 saylı rəyinə əsasən ticarət obyektinin layihə sənədləri yanğın təhlükəsizliyi ilə bağlı normativ aktların tələblərinə uyğun hesab edilmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi eskiz layihənin hansı şəhərsalma əsaslandırmasının tələb olunduğu, layihə və sənədlərinin, baş plan, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi hansı tələblərə uyğun olmadığını araşdırmamış, tikinti sənədlərinin siyahısında qanunla tələb olunan hansı sənədin təqdim edilməli olduğu halda iddiaçı tərəfindən verilmədiyini bildirməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur (maddə 5.1). İnzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər (maddə 5.1-1). Eyni Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun: 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Sadalanan normalardan görünür ki, qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçinin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Qeyd olunanları işin faktiki halları ilə müqayisə etdikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun, eləcə də Şəhərsalmma və Tikinti Məcəlləsinin yuxarıda sadalanan tələblərinə formal yanaşılmaqla lazımınca əməl olunmamışdır. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). Hazırkı iddia tələbi İPM-nin 73.3.3-cü maddəsinin təsir dairəsinə aiddir. Məhz bu baxımdan qiymətləndirmə apararaq məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh orqanın imtina məktubunda tikintiyə icazə verilməsindən imtina üçün gətirdiyi dəlillərin hüquqi əsası olmamaqla bu imtina iddiaçının hüquq və qanuni mənafeyini pozmuşdur. İddiaçının müraciəti ilə bağlı əlavə araşdırmanın aparılması zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyildir. Belə ki, inzibati məhkəmə nəzarətinin məqsədi inzibati orqanın yerinə inzibati icraat aparmaq deyil, əsaslandırılmış inzibati icraatın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Eyni zamanda məhkəmə qeyd edir ki, əgər inzibati orqan yuxarıda sadalanan Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından tikintiyə icazə verilməsi, tikiləcək obyektin layihəsinin şəhərsalma əsaslandırmasını yoxlanılmasını və ya yenidən razılaşdırılmasını tələb edirsə bu halda cavabdeh “İnzibati icraat” haqqında Qanunun 15, 19, 24-cü maddələrinə əsasən sənədlərin toplanılması və araşdırılması ilə bağlı iddiaçı tərəfə yardım etməklə yeni inzibati icraat aça, yeni icraat zamanı Qanunla tələb olunan layihə və əsaslandırmanı qəbul edərək yoxlama apara bilər. Beləliklə, məhkəmə hazırkı iş üzrə bu nəticəyə gəlir ki, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq, yeni inzibati icraat zamanı xx.xx.2023-cü il tarixli məktubda olan imtina dəlillərinə əsaslanmamaq, qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tikinti layihəsi və şəhərsalma əsaslandırmasına uyğun zəruri araşdırmalar həyata keçirməklə iddiaçının ərizəsi ilə bağlı müvafiq qərar qəbul etmək və bu zaman iddiaçının xeyrinə olan hüquqi mövqeni, yəni torpaq sahəsinin ümumi istifadədə olmamasını nəzərə almaq öhdəliyi qoyulmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı adına istifadə hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 0.03 ha ölçüdə torpaq sahəsində qeyri-yaşayış binasının tikintisi ilə bağlı müraciət üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı adına istifadə hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 0.03 ha ölçüdə torpaq sahəsində qeyri-yaşayış binasının tikintisi ilə bağlı müraciət üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-777/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-777/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver