Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7770/2025 22.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Maştağa Bələdiyyəsinə (üçüncü şəxs X9, X12 və Dövlət Neft Şirkəti) qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Maştağa Bələdiyyəsinə qarşı “maddi zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, bələdiyyənin qərarı əsasında ona Xanlar yaşayış massivində 1000 kv.m torpaq sahəsi ayrılmış, tərəfindən ödəniş edilmiş, ərazi daş hasara alınçış, dəmir darvaza qoyulmuşdur. İşıq sayğacı da quraşdırılmış, torpaq sahəsinin vergiləri də ödənilmiş, lakin həyat yoldaşının ağır xəstəliyi səbəbindən ev tikə bilməmişdir. X10 və Gültən Abışova adlı şəxslər tərəfindən torpaq sahəsində olan qıfıl sındırılmış, torpaq sahəsi zəbt edilmişdir. Məhkəməyə müraciət edilmiş, iddiası qiyabi qətnamə ilə təmin edilmiş, sonradan məhkəmə qətnaməsi ilə iddiası rədd edilmiş, ərazinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazisi olması, dövlət mülkiyyətində olması qərara alınmışdır. Cavabdehə dövlət mülkiyyətində olduğu halda ona aldadılaraq satılan torpaq sahəsinə görə ödənilən vəsaitin bu günki bazar qiymətinə uyğun kompensasiyanın ödənilməsi tələb edilmiş, lakin tələbi təmin edilməmişdir. Etirazda qeyd edilir ki, iddiaçıya 1000 kv.m torpaq sahəsi ayrılmış, əraziyə nəzarət etmədiklərindən digər şəxslər həmin yerdə yaşayı evi inşa etmişdir. Cavabdeh tərəfindən iddiaçıya birbaşa və ya hər hansı digər formada zərər vurulmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Qiyabi qətnamədən görünür ki, İddiaçı bələdiyyə qərarı əsasında ona ayrılmış torpaq sahəsinin geri qaytarılması barədə iddiası təmin edilmişdir. 27 noyabr 2023-cü il tarixli qətnamədən isə görünür ki, iddia tələbi rədd edilmişdir. Bələdiyyənin qərarında qeyd edilir ki, 1000 kv.m torpaq sahəsi Xanlar massivində iddiaçıya ayrılmışdır. Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı aktının və müqavilənin surətindən görünür ki, torpaq sahəsi iddiaçıya satılmışdır. Mütəxəssis rəyində qeyd edilir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi hüdudları daxilindədir. Qeyd olunmalıdır ki,Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi hazırkı halda sübuta yetmir. Məhkəmə bununla əlaqədar qeyd edilməsini zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə qərarı hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. İşin faktiki hallarından isə görünür ki, həmin qərar əsasında iddiaçı tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müraciət edilmiş, torpaq sahəsinin faktiki istifadədə olmaması, mülki işlərin onun ziyanına yekunlaşmasına, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasına istinadla torpaq sahəsinin bazar dəyərinə uyğun maddi zərərin ona ödənilməsi tələb edilmişdir. Məhkəmə, bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müraciət edilmədən, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olub-olmaması müəyyən edilmədən cavabdehin hər hansı ziyan vurmasından söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən qərarın və aidiyyəti digər sənədlərin tərtib edildiyi qəbul edilir və həmin sənədlər də arxivdə aşkar edilir ki, məhkəmə hesab edir ki, mövcud sənədlər əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin iddiaçıya, yoxsa faktiki torpaq sahəsinin istifadəçilərin adına qeydiyyatının aparılıb-aparılmamasına dair mübahisə həll edilmədən zərərin ödənilməsi istisna edilməlidir. Doğrudur, işin faktiki halları ilə də görünür ki, torpaq sahəsi başqa şəxslərin istifadəsindədir. Lakin, torpaq sahəsinin faktiki istifadəçisinin başqa olması, torpaq ayırma barədə sənədlərin, o cümlədən qərarın birmənalı etibarsızlığı anlamına gəlməməklə, iddiaçının etimad hüququnun qorunub-qorunmamasına münasibətdə əlavə araşdırmanın, hazırkı halda da isə mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə əlaqədar aparılmalı olan inzibati icraatla bağlı araşdırmanın predmetidir. Hazırkı halda Bakı şəhəri üzrə inzibati ərazi vahidində daşınmaz əmlaklarla bağlı mülkiyyət hüquqlarını dövlət qeydiyyatını aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddia olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatından imtinası və məhz həmin imtinaya dair məhkəmədə hər hansı inzibati mübahisə müəyyən edilmir. Nəzərə alınmalıdır ki, istər inzibati orqan tərəfindən aparılan inzibati icraat və ya bunun davamı kimi inzibati məhkəmə tərəfindən aparılan inzibati məhkəmə icraatı gedişində torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılması halı müəyyən edilə bilər ki, bu zaman torpaq sahəsinin faktiki istifadəçisi kim olması hər hansı əhəmiyyət daşımamaqda və mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı halda həmin şəxslərin faktiki istifadə halının xitamı istisna edilmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1695/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-1299/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-1621/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında, 2-1(102)-970/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il saylı qərarında da analoji mövqedən çıxış etmişdir. Bakı şəhəri üzrə bələdiyyə orqanının qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iş üzrə Ali Məhkəmənin 2- 1(102)-2117/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı, 2-1(102)- 2109/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-2108/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il saylı qərarında, 2-1(102)-950/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarında və digər aidiyyəti qərarlarında da analoji mövqedən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, 2-1(102)-2833/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda(o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- 1(102)-832/2024 nömrəli, X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2- 1(102)-426/2023 nömrəli, X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1299/2023 nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1861/2023 nömrəli və X8 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1494/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Eyni zamanda, 2-1(102)-2693/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi bələdiyyə üçün nəzərdə tutulmuş torpaqlara aid olmaması dəlili öz təsdiqini tapmamış, iş üzrə cavabdeh də mübahisəli torpaq sahəsinin bələdiyyəyə aid olmaması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə də, sözügedən torpaq sahəsi Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsi olmuş, bələdiyyə də ona aid olan torpaq sahəsini həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya satmışdır. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı, mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı da tərtib edilmişdir. Nəticədə həmin iş üzrə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmişdir. Analoji mövqe 2-1(102)-1016/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli Ali Məhkəmənin qərardadında da öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin 2-1(102)-1016/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli Qərardadı, 2-1(102)-2833/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadı, 2-1(102)-922/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı məhz Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi iddia edilən, bələdiyyə qərarları əsasında şəxslərə ayrılmış torpaq sahələrinə dair həmin qərarların etibarlılığının mövcud olması, etimad hüququnun qorunmalı olmasına istinadlarla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması olması ilə əlaqədardır. Göründüyü kimi torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəyə verilməsi dəlili də hər bir halda iddianın rədd edilməsinə əsas verməməklə, göstərilən qərarlardan, eləcə də mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və qeydin mübahisələndirilməsinə dair işlərdən görünür ki, mülkiyyət hüququnun tanınmalı olmasından birmənalı imtina üçün əsas deyildir və iddiaçı ilə eyni vəziyyətdə olub, Dövlət Neft Şirkətinə ayrıldığı və dövlət torpaq sahəsi deyilən ərazilərə bələdiyyə qərarı mövcuddur və etimad hüquqununun qorunmasına istinadı istisna edən hal olmadığı hallarda mülkiyyət hüququnun təminə əsas verir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə aidiyyəti üzrə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək və mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmasını tələb etmək hüququndan istifadə edə, bu mümkün olmadığı halda məhkəmə müraciət etmək hüququndan istifadə edə bilər ki, göstərilən icraat aparılmadan cavabdehin hərəkətlərinin qanuniliyi mübahisələndirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7770/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7770/2025
22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver