Məhkəmə qərarları › İş №2-1(112)-7773/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7773/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7773/2022 23.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Filialına (bundan sonra mətndə DSMF Maliyyə və Mühasibatlıq üzrə Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün aktiv VÖEN olduğuna görə yaranan 1607,67 manat artıqlamanın tutulmasının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) göstərilməklə, məhkəmədən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətin təyinatı üzrə” xx.xx.2022-ci il tarixli, 1703 №-li qərarın qismən, yəni 3-cü (tutulmanın müddəti xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək) və 4-cü (tutulmanın səbəbi: Aktiv VÖEN aşkarlandığı üçün) bəndlərinin və “qeyd” hissəsinin (xx.xx.2020-xx.xx.2021-ci il tarixədək yaşa görə ödənilmiş artıq vermənin müavinətdən tutulması) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci ildə Göyçay rayonunun Cəyirli kəndində doğulmuşdur, 67 yaşı var. “Sosial Müavinətlər haqqında” Qanunun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət hüququ, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaranır. O, 2019-cu ildən 2020-ci ilə qədər Nizami rayon Mənzil İstismar İdarəsində fəhlə vəzifəsində çalışmışdır. İşi ağır olduğundan əmək müqaviləsini ləğv etdirmişdir. Yaşa görə müavinət almaq üçün xx.xx.2020-ci il tarixdə DOST xidmətinə müraciət etmiş və ora sənədləri yoxlandıqdan sonra Beynəlxalq Banka şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb kartını götürməyə yönəldilmişdir. xx.xx.2021 -ci il tarixdə aktiv VÖEN yaranır hansı ki, bu VÖEN-i, 2007-ci ildə açdırmışdır və həmin il ondan istifadə etmədiyi üçün onu dayandırmışdır. xx.xx.2020-ci il tarixdə məlum olmuşdur ki, onun aktiv VÖEN-ni olduğuna görə onun yaşa görə müavinət hüququ ləğv olunur və o, bir il ərzində aldığı müavinətləri geri qaytarmalıdır. Onun, bu VÖEN-in aktiv olması barədə məlumatı 2021-ci il dekabrında olub və məlumatı olan kimi onu dayandırmışdır. Əgər onun yaşa görə müavinət hüququ olduqda, ona müavinət təyin olunan zaman onun aktiv VÖENni barədə ona məlumat verilsəydi o dərhal onu istifadə etmədiyi üçün onu ləğv edərdi. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya dair yazılı etirazı məhkəmə daxil olmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçının aktiv VÖEN-i olduğuna görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 1607,67 manat artıqalma yaranmışdır. Buna görə də təyin edilmiş müavinət xx.xx.2022-ci il tarixli qərarla dayandırılmışdır. Artıqalınmış vəsait xx.xx.2021-ci il tarixindən 31.01. 2022-ci il tarixədək olan dövr üçün 188,39 manat ödəniləcək məbləğ ilə əvəzləşdirilmiş, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 36 manat tutularaq bərpa edilmişdir. Eyni zamanda, 01.03. 2022-ci il tarixinə olan qalıq artıq ödəmə 1383, 28 manat təşkil edir. "Sosial müavintlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən yaşa görə müavinət sosial müavinətin bir növüdür. Yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə; yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; əlilliyə görə müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda; 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə; övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət - övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı təqdim edilmiş məlumatdan da aydın olduğu kimi, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2007-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırlması, xx.xx.2017-ci il tarixdən bərpa edilməsi, fəaliyyətinin xx.xx.2021-ci tarixdən xx.xx.2031-ci tarixədək dayandrılması barədə məlumat müəyyən edilmişdir. Yəni ki, iddiaçı yaşa görə müavinət aldığı zaman, eyni zamanda aktiv VÖEN-i də olmuşdur. Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarına əsasən VÖEN - Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Vergi-dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Deməli, İddiaçı yaşa görə müavinət aldığı dövrdə (xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək ) aktiv VÖEN-i olan şəxs, yəni vergitutma obyektinə malik olmaqla, həmin obyektdən vergi ödəməli olan şəxs olmuşdur. Məhz, bu əsasla da ona təyin edilmiş yaşa görə müavinət dayandırılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 1607,67 manat artıq ödəmə yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi-X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1955-ci ildə Göyçay rayonu, Cəyirli kəndində doğulmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubla məhkəməyə təqdim olunmuş DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətin təyinatı üzrə” xx.xx.2022-ci il tarixli 1703 №-li qərarın surətindən görünür ki, İddiaçı yaşa görə müavinət məbləği xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2016-cı ilədək isə 180 manat müəyyən olunmuşdur (bənd 2). Aktiv VÖEN aşkar olunduğu üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilədək yaşa görə ödənilmiş artıqvermənin müavinətdən tutulması qərara alınmışdır (bənd 3 və 4). DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 №li məktubu ilə İddiaçı ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli 1703 №-li qərarın surəti icra olunması üçün aidiyyatı üzrə DSMF Maliyyə və Mühasibatlıq üzrə Filialına göndərilmişdir. DSMF Maliyyə və Mühasibatlıq üzrə Filialı tərəfindən İddiaçı ünvanlanmış 17 mart 2022-ci il tarixli **********6 №li “Sosial müavinətdən tutulma barədə” məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanununun 7.0.2. maddəsinə əsasən yaşa görə müavinət hüququ, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaranır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından daxil olmuş 17 fevral 2022-ci il tarixli **********1 saylı məktuba əsasən onun (iş № 986699 Nizami rayonu) xx.xx.2020-ci il tarixindən xx.xx.2021 -ci il tarixinədək olan dövr üçün aktiv VÖEN olduğuna görə 1607,67 (bir min altı yüz yeddi manat 67qəpik) manat artıqalma yaranmışdır. Artıq alınmış vəsait xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün 188,39 (bir yüz səksən səkkiz manat 39 qəpik) manat ödəniləcək məbləğ ilə əvəzləşdirilmiş, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 36,00 (otuz altı) manat tutularaq, bərpa edilmişdir. xx.xx.2022ci il tarixinə olan qalıq artıqalma 1383,28 (bir min üç yüz səksən üç manat 28 qəpik) təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış aşağıdakı: - **********593900 №-li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixə olan uçot baza-məlumatlarına əsasən müraciətində qeyd edilən dövrlər üzrə tərəflərindən vergi orqanına bəyannamə təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. - **********807800 №-li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2021- ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergilərin, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Sosial sığorta haqqında” və “işsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası vergi orqanlarına həvalə edilmişdir. Vergi orqanlarının məlumat bazasında vergi ödəyiciləri tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə aparılmış ödənişlər barədə məlumatlar mövcuddur. Əvvəlki dövrlər üçün aparılmış ödənişlər barədə məlumat alınması üçün qeydiyyatda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər (rayon) idarəsinə (şöbəsinə) müraciət edilməsi tövsiyə olunmuşdur. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 3 dekabr 2019-cu il tarixli Qanuna əsasən 1 yanvar 2021-ci il tarixindən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılmışdır. - **********55300 №-li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2007-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2017-ci il tarixdən bərpa olması, fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2031 -ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın qərarının qismən artıq ödənilmiş müavinətin geri qaytarılması hissəsində ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, sosial müavinətlərin təyin edilməsi və yenidən hesablanması ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa müavinət təyin edərkən, buna dair hüququnun yaaranıb-yaranmamasını araşdırılmalıdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən; - 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 7.0.2 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İşin mübahisələndirilməyən hallarından da göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixində yaşa görə yaşa görə müavinət təyin edilmişdir. Sonradan İddiaçı adına aktiv VÖEN aşkar olunduğu üçün yaşa görə ödənilmiş artıqvermə müavinətindən tutulma barədə qərar qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən qanunverinilik normalarının tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı qanunla etimadının qorunması hüququna malik olduğundan, habelə ona artıq ödənişlərin olunması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığından, eyni zamanda ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı üçün hazırki halda cavabdehin mübahisələndirilən qərarı, iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul olunmuş “Sosial müavinətin təyinatı üzrə” xx.xx.2022-ci il tarixli, 1703 №-li qərarı qismən, yəni 3-cü (tutulmanın müddəti xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək) və 4-cü (tutulmanın səbəbi: Aktiv VÖEN aşkarlandığı üçün) bəndləri və “qeyd” (xx.xx.2020-xx.xx.2021-ci il tarixədək yaşa görə ödənilmiş artıq vermənin müavinətdən tutulması) hissəsində ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar