Məhkəmə qərarları › İş №2-1(112)-7775/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7775/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7775/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin verdiyi imtinanın ləğv edilməsi, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12.01,2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi məqsədi ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-36-3/2-Ə-120xx-xx/2024/12315 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, X8 iddiaçının babasıdır, yəni atasının atasıdır. X1 Ağdam rayonun Papravənd kəndinə doğulub, orada yaşayıb, halhazırdada orada qeydiyyatdadır. Babasıgilin ailəsi Ağdam rayonundan məcburi köçkün düşəndə babası da ailə üzvləri ilə birlikdə məcburi köçkün düşüb. Digər tərəfdən anasının atası X3 raynun Papravənd kəndinə doğulub, orada yaşayıb və erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçının atası və anası hər ikisi məcburi köçkündür. Yəni ki, cavabdeh məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsini zamanı ata və ananın məcburi köçkün statusunu olmasını nəzərə almır və tam əsassız olaraq imtina cavabı verir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, təqdim edilməməlidir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X4 rayonu işğal edilən zaman yetkinlik yaşına çatmamışdır. Bu səbəbdən, həmin şəxsin məcburi köçkün statusunun qanunauyğunluğunun yoxlanılması zamanı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.4.6-cı yarımbəndinə əsasən araşdırılma aparılmışdır. Müəyyən edilmişdi ki, X5 atası X8 1974-cü ildə Ağdam rayonundan hərbi qeydiyyatdan çıxaraq Bərdə rayonunda qeydiyyata düşmüşdür. DİN-nin MAPS şöbəsinin verdiyi məlumatda isə X8 xx.xx.2005-ci ilədək ünvan 1 ünvanında qeydiyyatda olmuş, həmin tarixdən sonra isə Ağdam rayonunun Papravənd kəndinə qeydiyyata düşmüşdür; X4 rayonu, Papravənd kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı X1 Ağdam rayonu işğal edildiyi zaman Bərdə şəhərində hərbi qeydiyyatda olduğundan və bu hal Komitə tərəfindən İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər araşdırılarkən müəyyən edildiyindən, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi (anası) iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, özü də, iddiaçının atası da məcburi köçkün statusuna və vəsiqəsinə malikdir, ailədə hər kəs vahid aylıq müavinəti alır. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının atasının iddiaçıya məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi ilə bağlı müraciəti “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına əsaslanaraq təmin edilməmişdir. -Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlara əsasən iddiaçının atası X11 xx.xx.1980-ci ildə Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. Yaşayış yeri Ağdam rayonunun Papravənd kəndi ünvanıdır. -Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AA seriyalı, 301467 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X11 məcburi köçkün statusuna malikdir. -ASAN 4 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası Qanuni nümayəndə xx.xx.1987-ci il tarixdə Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. Yaşayış yeri Ağdam rayonunun Papravənd kəndi ünvanıdır. -Ağdam RİH-in Papravənd kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007ci il tarixli, 309990 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Məmmədova (Əliyev) Aynur Taleh qızı arasında nikah bağlanmışdır. -ASAN 4 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 3i ünvanıdır. -Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AA seriyalı, 125573 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X7 məcburi köçkün statusuna malikdir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; -12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı hər iki valideyni 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün düşmüş, məcburi köçkün statusuna və vəsiqəsinə malikdirlər. İddiaçı hazırda ünvan 5 ünvanında ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, məcburi köçkün kimi iddiaçı və ailə üzvlərinə hazırda vahid aylıq müavinət ödənilir. Həmçinin iddiaçı tərəf hazırkı tələblə bağlı Komitəyə müraciət etsə də, sonuncu iddiaçının atasının qeydiyyatının işğal zamanı Ağdam rayonuna olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2002ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın: -1.2-ci bəndinə əsasən, işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir və Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. -Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (əlavə olunmuş 1 №-li formaya uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. -1.3. Məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər (pasport, doğum haqqında şəhadətnamə və s.) əsasında həyata keçirilir... -1.4. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən ərazisi işğal olunmuş rayon icra hakimiyyəti başçısı tam məsuliyyət daşıyırlar. -1.5. Dövlətqaçqınkom əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən hər ayın 20-dək məcburi köçkünlərin sayına dair rəsmi təsdiq edilmiş arayışa uyğun olaraq, tələb olunan aylıq müavinətin məbləğini müəyyənləşdirir və vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir. -1.6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yemək xərclərinin ayrılmasına dair təqdim olunmuş sifariş əsasında vəsaiti əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin xəzinə hesabına köçürür. -1.7. Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri 1-2 gün müddətində daxil olunmuş vəsaitin BUS Bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Dövlətqaçqınkoma rəsmi məlumat verir. -2.1. Məcburi köçkünlərə müavinət əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda BUS Bankın idarə və filiallarına (sonradan filial adlanacaq) 2 №-li forma əsasında (forma əlavə olunur) təsdiq olunmuş adlı siyahılar əsasında ödənilir. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün” statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Göründüyü kimi, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutulmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Cavabdehin imtina dəlilinə münasibətdə bir daha qeyd olunur ki, iş materiallarından da göründüyü kimi iddiaçının atası artıq məcburi köçkün kimi qeydiyyata alınmışdır və həm iddiaçıya, həm də valideynlərinə vahid aylıq müavinət ödənilir. Beləliklə, məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar