Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7779/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2 Co., LTD” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “haqsız rəqabətin yaranması haqqında qərarın qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı “X2 Co., LTD” Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı məhkəməyə müraciət edərək, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “goldenlaser” əmtəə nişanından qanunsuz istifadəyə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 3-cü abzasının və 9-cu maddəsinin ikinci və üçüncü abzasının tələblərinin pozulmasının dayandırılması və törədilmiş pozuntuya görə cavabdehə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsinə dair qərarın qəbul edilməsi ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, kosmetoloji və lazer epilyasiya avadanlıqlarının satışını həyata keçirən şirkət olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx") bazarda böyük nüfuza malikdir və 10 ildən artıqdır ki, kosmetoloji avadanlıqların və cihazların satışı üzrə bir çox xarici şirkətlərlə əməkdaşlıq etməkdədir. Əməkdaşlarından biri də “X2 Co., LTD” (bundan sonra “Şirkət”) adlı Çin şirkətidir. "xxxx"lə həmin Şirkət arasında 30 noyabr 2023cü il tarixində "xxxx" bağlanmışdır. Bu Müqavilə Şirkətin "xxxx"ə “2in1Diod laser hair removal +nd yag machine (Sunlight)” epilyasiya aparatının Azərbaycan ərazisində satışı üzrə şərtlərini müəyyən edir. Müqavilə ilə "xxxx" Azərbaycanda cihazın satışı üzrə müstəsna hüquqlar əldə etmişdir. Bu müstəsnalıq o deməkdir ki, heç bir distribyutor Azərbaycanda Şirkətin məhsullarını aktiv şəkildə satmaq hüququna malik deyil. Təəssüf ki, fəaliyyət göstərdikləri müddətdə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti” (Az Estetik) qanunsuz olaraq "xxxx"ə məxsus əmtəə nişanından istifadə etməyə başlamış, bu əmtəə nişanları altında çoxsaylı satışlar həyata keçirərək xeyli miqdarda gəlir etmiş və "xxxx"i nüfuzdan salmaq üçün hər cür yola baş vurmuşdur. "xxxx"in "xxxx"ə məxsus “CUATRO”, “WERTEX” və “DİOLASHeer ice” əmtəə nişanlarından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməsinin qarşısı alınmadığı üçün bu özbaşınalıq daha geniş miqyasda davam etdirilmişdir. Belə ki, "xxxx" ondan edilən bu qədər şikayətlərdən, xəbərdarlıqlardan öz dərsini almamış, dövlət orqanlarını qarşısına alaraq Şirkətin adına qeydiyyata alınmış “goldenlaser” nişanından istifadə edərək öz məhsullarının reklamlarını həyata keçirməkdədir. Yenə də sosial şəbəkələr üzərindən olan “goldenlaser” əmtəə nişanı adı altında reklamlar paylaşılır. İddia ərizəsinə əlavə edilən materialların mötəbərliyinə heç bir şübhə ola bilməz. Bu azmış kimi, Şirkətə məxsus dizaynda malları istehlakçılara təqdim etmişdir. Maraqlıdır ki, “goldenlaser” əmtəə nişanın Şirkətə aidliyi və dərhal qeyri-qanuni istifadənin dayandırılması barədə dəfələrlə "xxxx"ə xəbərdarlıq edilmişdir. Xəbərdarlıqlara məhəl qoymadığından hüquq çərçivəsində aidiyyəti orqanlara müraciət etdi ki, bəlkə bir nəticəsi olar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti (Xidmət) isə şikayətə cavab məktubunda tərəfindən təqdim edilən edən materialların olmadığını, Şirkətin istehsal etdiyi məhsulların satışının başqa şəxslər tərəfindən həyata keçirilməsinin qadağan olmadığını bildirmişdir. Xidmətin bu qərarı tamamilə əsassız və qanunsuzdur. "xxxx" Şirkətin təsərüfat fəaliyyətini təqlid edərək haqsız rəqabətə yol vermiş, Şirkətin beynəlxalq səviyyədə qazanılmış nüfuzundan öz xeyrinə istifadə etmişdir. Şirkətin təsərrüfat fəaliyyətinin təqlidi özünü iki formada göstərir:
1. Şirkətin əmtəə nişanının qanunsuz istifadə edilməsi. Azad bazar iqtisadiyyatı şəraitində hər bir sahibkar rəqabət prinsiplərinə uyğun olaraq öz məhsullarının satışını stimullaşdırmaqda və onları digər sahibkarların əmtəələrindən fərqləndirmək, brendini formalaşdırmaq üçün öz əmtəələrinə adlar, başqa sözlə, əmtəə nişanlarını müəyyənləşdirmək və məhsullarını bazara həmin adlarla təqdim etmək hüququna malikdir. Bu hüquq Şirkətin yerli və ya xarici olmasından asılı olmadan mövcuddur. Lakin materiallardan göründüyü kimi, "xxxx" bazarda əsassız üstünlük əldə etmək məqsədilə Şirkətin heç bir razılığı olmadığı halda onun qanuni sahibi olduğu “goldenlaser” əmtəə nişanından istifadə edir. Ərizəyə əlavə olunan materiallar "xxxx"in Şirkətin əmtəə nişanından hüquqazidd şəkildə istifadə etdiyinin faktiki sübutudur. Video-çarxlarda və fotoşəkillərdə olan reklam vasitələrində “goldenlaser”in yerləşdirilməsi əmtəə nişanından istifadənin formalarından biridir və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanununda (Qanun) nəzərdə tutulmuş “Əmtəə nişanlarından istifadə” anlayışı ilə ehtiva olunur. Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Hazırkı şəraitdə “goldenlaser” nişanından istifadə hüququ yalnız və yalnız Şirkətə məxsusdur. Çin dövlət orqanı tərəfindən verilmiş 17937117A nömrəli şəhadətnamə ilə əmtəə nişanı Şirkətin adına rəsmiləşdirilmişdir. Bu nişandan reklam və sair məqsədlərlə istifadə edilməsi səlahiyyəti heç kəsə, o cümlədən "xxxx"ə verilməmişdir. Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir. Bu Qanunun 25ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 2. Şirkətin cihazlarının formasının və xarici tərtibatının özbaşına təqlid edilməsi. "xxxx" Şirkətin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulu ilə eyni görünüşdə və dizaynda olan cihazların Azərbaycand satışını həyata keçirməkdədir. Halbuki bu cihazların xarici tərtibatının formasına dair Şirkət patent əldə etmişdir. Bu o deməkdir ki, heç bir kəs Şirkətin patentlə qorunan dizayn formalarından istifadə edə bilməz. Lakin "xxxx" Şirkətin məhsullarına oxşar cihazların kütləvi satışını həyata keçirməklə Şirkətə misli görülməmiş miqdarda ziyan vurmuşdur. "xxxx" vətəndaşları yönləndirən reklam üsullarından istifadə edir, haqsız, qeyri-dəqiq və gizli reklamlara yol verir. Əslində o, bununla istehlakçıların seçiminə qanunsuz müdaxilə edir, onları aldadır, çaşqınlıq hissi yaradır. “Haqsız rəqabət haqqında” Qanunun 3-cü maddəsində istehlakçıların çaşdırılması haqsız rəqabətin bir forması olaraq müəyyən edilmişdir. Əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, habelə əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətləridir (“Haqsız rəqabət haqqında” Qanun, maddə 9). Buna görə də hesab edir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmalı, sağlam rəqabət mühitinin təmin edilməsi üçün Şirkətə və "xxxx"ə qarşı "xxxx" və onun müştəriləri tərəfindən yol verilmiş qanunsuz hərəkətlər dayadırılmalıdır.
3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisi Kənan Zeynalovun (iddiaçının nümayəndəsi) “X4” MMC tərəfindən haqsız rəqbətə yol verməsi barədə müraciəti (daxilolma qeydiyyatı: xx.xx.2024, 3-21-1/1-1551/2024, xx.xx.2022-ci il) Dövlət Xidmətinə daxil olmuşdur. Müraciətdə bildirilir ki, iddiaçı "xxxx" MMC-nin əməkdaşlıq etdiyi şirkətlərdən biridir və eksklüzivlik müqaviləsi üzrə “X2 CO.,LTD” şirkətinə məxsus avadanlıqların Azərbaycanda satışını yalnız "xxxx" MMC vasitəsilə həyata keçirilməlidir. Lakin, “X4” MMC tərəfindən "xxxx" MMC-nin təqlid edilərək, “X2 CO.,LTD” şirkətinə məxsus avadanlıqların satışını həyata keçirmişdir. İddiaçının bu fikrinə münasibətdə bildirir ki, Xidmət tərəfindən müraciət araşdırıldığı zaman “Goldenlaser” əmtəə nişanının Azərbaycan Respublikasında qorunmasını sübut edən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Bununla əlaqədar bildirilir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə, eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. “X4” MMC istehlakçıları yönləndirən reklam üsullarından istifadə edir, haqsız, qeyri-dəqiq və gizli reklamlara yol verir Bununla da, istehlakçıların seçiminə qanunsuz müdaxilə edir, onları aldadır və çaşqınlıq hissi yaradır. İddiaçının bu fikrinə münasibətdə bildirilir ki, “X2 Co., LTD” şirkətinin Azərbaycan Respublikasında rəsmi distribütorunun yalnız "xxxx" MMC olması şirkətin istehsal etdiyi məhsulların satışının başqa şəxslər tərəfindən həyata keçirilməsini qadağan etmir. İstənilən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əməl etməklə ölkəyə mal idxalını sərbəst şəkildə həyata keçirə bilər. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasına əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətinin təqlididir və bu hərəkətlərə yol verilmir. Habelə həmin Qanunun 9-cu maddəsinin ikinci abzasına əsasən əmtəənin mənşəyi, hazırlanması üsulu, stifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətləridir və bu hərəkətlərə yol verilmir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehklak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0.3. yarımbəndinə əsasən Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra - təsərrüfat soyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri hazırlayır və həyata keçirir. Həmin Əsasnamənin 3.0.6-cı yarımbəndinə əsasən Dövlət Xidməti antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması, aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir
II. İddianın mümkünlüyü
6. İddia tələbi “X4” MMC tərəfindən “goldenlaser” əmtəə nişanından qanunsuz istifadəsinin dayandırılması və törədilmiş pozuntuya görə maliyyə sanksiyasının tətbiq edilməsidir.
7. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun:
3. Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir.
25. Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
8. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinin dördüncü abzasına əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətinin təqlididir və bu hərəkətlərə yol verilmir. 9-cu maddəsinin ikinci abzasına əsasən əmtəənin mənşəyi, hazırlanması üsulu, stifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətləridir və bu hərəkətlərə yol verilmir.
9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehklak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nin: 3.0.3 Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra - təsərrüfat s-oyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri hazırlayır və həyata keçirir. 3.0.6 Dövlət Xidməti antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması, aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür.
10. Məhkəmə tərəfindən müəyyən edildi ki, “Goldenlaser” əmtəə nişanının Azərbaycan Respublikasında qorunmasını təsdiq edən hər hansı sübüt təqdim edilməmişdir.
11. Eyni zamanda, “X2 Co., LTD” şirkətinin Azərbaycan Respublikasında rəsmi distribütorunun yalnız "xxxx" MMC olması şirkət tərəfindən istehsal edilən məhsulların satışının başqa fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilməsini qadağan etmir.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
13. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir
14. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva